beynəlxalq tələblər səviyyəsində qurulmuşdur
İkinci dünya müharibəsinin ağır nəticələri daha mükəmməl müdafiə mexanizmlərinin işlənib hazırlanması üzərində dünyanın mütərəqqi qüvvələrini ciddi düşünməyə vadar etdi. Bununla da XX əsrin ortalarından insan hüquqlarının beynəlxalq səviyyədə inkişafı və təşviqi mərhələsi başlandı.
1948-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Ümumdünya İnsan Hüquqları Bəyannaməsini, sonrakı dövrlərdə “Mülki və Siyasi hüquqlar haqqında” və “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” 1966-cı il tarixli beynəlxalq paktları qəbul edildi. 1976-cı ildə “Mülki və siyasi hüquqlar haqqında” pakta dair birinci fakültativ protokol, 1989-cu ildə isə paktın ölüm cəzasının ləğvinə yönəlmiş ikinci fakültativ protokolu qəbul oludu. Bu fundamental sənədlər İnsan Hüquqları haqqında Beynəlxalq Bill adlanaraq bu sahədə beynəlxalq standartların əsasını təşkil etməkdədir.
İnsan hüquq və azadlıqlarının qorunması mükəmməl qanunvericiliyə əsaslanır
Azərbaycanda 1995-ci ildə ümummilli lider Heydər Əliyevin müəllifi olduğu müstəqil dövlətimizin ilk demokratik Konstitusiyası yaradıldı. Bu konstitusiyanın qəbulu insan hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən siyasi sistemin formalaşdırılması üçün zəmin yaratdı. 2002 və 2009-cu illərdə referendum yolu ilə Konstitusiyaya bir sıra mühüm əlavə və dəyişikliklərin edilməsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının daha səmərəli qorunmasına, layiqli həyat səviyyəsinin təmin edilməsinə, demokratiyanın genişlənməsinə əlvertişli şərait yaratdı.
Dövlətimizin ali məqsədinə nail olunmasında, müvafiq hüquqi mexanizmlərin yaradılmasında, o cümlədən mükəmməl qanunvericilik bazasının formalaşdırılmasında Azərbaycan Respublikası Prezidentinin 1998-ci il fevralın 22-də imzaladığı “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərmanı xüsusi əhəmiyyətə malikdir. Həmin dövrdə ulu öndərin təsdiq etdiyi “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” bu sahədə ilk fundamental sənəddir. Təsadüfi deyil ki, belə bir dövlət proqramının qəbul olunduğu gün – iyunun 18-i ölkə başçısının 2007-ci il tarixli sərəncamına əsasən, Azərbaycanda İnsan Hüquqları Günü elan edilmişdir.
Azərbaycan Respublikası 25 yanvar 2001-ci il tarixdə Avropa Şurasına daxil olmaqla özünün qanunvericiliyi və onun tətbiqi təcrübəsini Avropa standartlarına uyğunlaşdırmaq barədə öhdəlik götürmüşdür. Dövlətin Avropa Şurasının üzvü olması və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasını tanımasından ilkin olaraq Azərbaycan vətəndaşı faydalanmaqdadır. Vətəndaşlar İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə çıxış əldə etmiş, məhkəmə və hüquq-mühafizə orqanlarının fəaliyyətinə tələbkarlıq daha da yüksəlmişdir. Məhkəmə-hüquq sistemində ardıcıl olaraq həyata keçirilən islahatlar insan hüquqlarının təmini, ədalət mühakiməsinin müasir standartlara uyğunlaşdırılması - məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunması və səmərəliliyinin artırılmasına təkan vermişdir.
Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsini dəyərləndirən ulu öndər Heydər Əliyev Avropa Şurası Parlament Assambleyasının sessiyasındakı nitqində demişdi: “Biz fərqləri ziddiyyətə çevirməməli, əksinə, bu fərqlər içərisində bizi birləşdirən cəhətləri axtarıb tapmalı və onlara söykənməliyik. Biz müxtəlif xalqlar olsaq da, bir dildə – vahid Avropa dilində, azadlıq, demokratiya və qanun dilində danışırıq. Bizim gücümüz bundadır”.
Məhz bu yanaşmaya müvafiq olaraq, Azərbaycanda həyata keçirilən islahatlar hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə yönələn daxili vasitələrin (xüsusilə də, məhkəmə-hüquq vasitələrinin) beynəlxalq standartlara uyğunlaşdırılmasına xidmət edir. Bütün bunlar isə insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsini təmin edən hüquqi vasitələrin daha səmərəli fəaliyyətini tələb edir, insan hüquqlarının müdafiəsi məsuliyyətini milli hakimiyyət orqanlarının, xüsusilə də, məhkəmə orqanlarının üzərinə qoyur.
Vətəndaşların hüquq və azadlıqlarının real təminatı
Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlətin qurulub bərqərar olmasını təmin etmiş ümummilli lider Heydər Əliyev insan hüquqlarını “insanları və cəmiyyətləri birləşdirən, onları insaniləşdirən ən əsas meyar, hamının anladığı və anlamalı olduğu əvəzsiz nailiyyət, insan hüquqlarına hörməti, onun qorunmasını müasir dünyaya qovuşmağın əsas yolu” kimi qiymətləndirərək bəyan edirdi ki, Azərbaycan dövləti insan hüquqlarının qorunmasını özünün əsas vəzifəsi hesab edir və bu prinsiplə yaşayacaq, işləyəcəkdir. İnsan hüquqlarının qorunmasının dövlətin vəzifəsi olması ideyası Azərbaycan Respublikasının Konstitusiyasında da ifadəsini tapmışdır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq əsas qanunda təsbit olunmuşdur ki, insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
Demokratik, hüquqi dövlətin qanunun aliliyi, insan hüquqları və sosial ədalət kimi fundamental əsaslarının möhkəmləndirilməsi ölkə Prezidenti İlham Əliyevin də daim diqqət mərkəzində olmuşdur. Prezidentin 27 dekabr 2011-ci ildə təsdiq etdiyi “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” bu istiqamətdə tarixi hadisə sayıla bilər. Milli Fəaliyyət Proqramının təsdiq edilməsi insan hüquqları sahəsində tədbirlərin davamlılığının təmin olunması məqsədini daşıyır, eyni zamanda, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hədəflərinə yönəlmişdir.
Yeni çağırışların və cəmiyyətimizin inkişafından irəli gələn tələbatların nəzərə alınması baxımından Milli Fəaliyyət Proqramı ölkəmizin siyasi sahədə milli maraqlarından biri olan insan hüquqlarının təmin olunması üzrə görülən ardıcıl tədbirlərin genişləndirilməsində, hüquq-müdafiə mexanizmlərinin təkmilləşdirilməsində, əhalinin müxtəlif qruplarının, o cümlədən ən kövrək nümayəndələrinin hüquqlarının qorunmasının gücləndirilməsində yeni mərhələnin başlanğıcı olmuşdur.
Milli Fəaliyyət Proqramında əhalinin müxtəlif, o cümlədən həssas qruplarına aid olan şəxslərin – qaçqın və məcburi köçkünlər, məhkumlar, hərbi qulluqçular, qadınlar, uşaqlar, ahıllar, əlillər və başqalarının hüquqlarının təmin edilməsində fəaliyyət istiqamətləri müəyyən olunur. Bu baxımdan yoxsulluğun azaldılması, məşğulluğun təmin olunması, qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi və digər sahələrdə qəbul olunmuş müvafiq dövlət proqramlarının icrasına Milli Fəaliyyət Proqramı kontekstindən yanaşılır.
Milli Fəaliyyət Proqramında insan hüquqları sahəsində tədris, elmi-analitik və maarifləndirmə işlərinin həyata keçirilməsinə xüsusi diqqət yetirilir. Əhalinin hüquq biliklərinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsinin vacibliyini ortaya qoyur. Beynəlxalq elmi-tədqiqat və tədris müəssisələri ilə əməkdaşlığın təkmilləşdirilməsini, beynəlxalq sənədlərin, xüsusilə də İnsan Hüquqlarına dair Avropa Konvensiyasının, İşgəncələr Əleyhinə Konvensiyanın dövlət qulluqçuları, hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən öyrənilməsini tələb edir.
Proqrama uyğun olaraq, dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi, korrupsiya ilə mübarizənin gücləndirilməsi və bu sahədə islahatların həyata keçirilməsi, əhaliyə elektron xidmətlərin göstərilməsinin təşkil edilməsi, hakimlərin və hakimliyə namizədlərin, hüquq- mühafizə orqanları əməkdaşlarının və vəkillərin tədris prosesində insan hüquqları sahəsində beynəlxalq konvensiyalarla bağlı mövzuların geniş istifadə olunması, məhkəmə qərarlarının vaxtında və dəqiq icra edilməsi üçün icra işinin səmərəliliyinin yüksəldilməsi, habelə vəkillik institutunun gücləndirilməsi üzrə tədbirlərin davam etdirilməsi məsələləri mühüm istiqamətlər sırasındadır.
Söz azadlığı, sosial və siyasi fəallığın artırılması
Demokratiya şəraitində fikir azadlığı öz-özlüyündə əhəmiyyətli olmaqla yanaşı, digər hüquqların müdafiəsində də mühüm əhəmiyyət kəsb edir. Müstəqil və qərəzsiz məhkəmə tərəfindən müdafiə olunan fikri ifadə etmək azadlığına təminat verilmədən azad dövlət və demokratiya mövcud ola bilməz. Fikir azadlığı demokratik cəmiyyətin mühüm əsaslarından birini təşkil etməklə onun tərəqqisi və inkişafının ən zəruri şərtidir. Azərbaycanda demokratik cəmiyyət quruculuğu yolunda əldə olunan nailiyyətlərin xarakterik göstəricisi kimi mətbuat azadlığı çıxış edir. Ölkədə mövcud olan belə mətbuat bolluğu cəmiyyətimizdə demokratik mühitin, söz və mətbuat azadlığı üçün yaradılmış əlverişli bəhrəsidir.
Ölkədə KİV-in təsis edilməsi, onların vətəndaşlarının tam, doğru-dürüst və operativ informasiya almaq hüququnun həyata keçirilməsinə yönələn fəaliyyətin təşkilatı, hüquqi və iqtisadi əsasları 7 dekabr 1999-cu il tarixdə qəbul olunmuş “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Təsadüfi deyil ki, bu gün respublikamızda 650-yə yaxın müxtəlif kütləvi informasiya vasitələri fəaliyyət göstərir ki, onlardan da 372 qəzet, 113 jurnal, 25 informasiya agentliyi, 10 teleradio şirkəti qeydiyyatdan keçmişdir. Ulu öndər mətbuatın cəmiyyətdə rolunu yüksək qiymətləndirərək göstərmişdir: “Azərbaycanda çoxşaxəli mətbuat və informasiya sistemi yaradılmışdır. Yüzlərlə kütləvi informasiya vasitələri – teleradio şirkətləri, informasiya agentlikləri, qəzet və jurnallar azad surətdə fəaliyyət göstərir. Onların müstəqil qurulması, sərbəst fəaliyyəti və inkişafı üçün bütün zəruri tədbirlər görülür”.
Demokratiyanın və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və məlumat azadlığının başlıca daşıyıcıları kimi kütləvi informasiya vasitələrinin sərbəst və azad inkişafı, onların cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsinə yönələn dövlət siyasətinin həyata keçirilməsində ümummilli lider Heydər Əliyevin “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” 6 avqust 1998-ci il tarixli fərmanı ən mühüm addımlardan biri hesab edilir. Bu fərman ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu dövründə söz, fikir və mətbuat azadlığının təmin olunması, kütləvi informasiya vasitələrinin inkişafı, cəmiyyətin həyatında onların səmərəli rolunun artırılması sahəsində geniş Dövlət Proqramının əsas istiqamətlərini müəyyən etmişdir.
Fərmandan irəli gələn vəzifələr kontekstində həyata keçirilən tədbirlər sırasında KİV-in maddi-texniki vəziyyətini yaxşılaşdırmaq məqsədilə bütün mətbuat və informasiya vasitələrinin 1998-ci ilin sonundan əlavə dəyər vergisindən azad edilməsi olmuşdur. Yalnız əlavə dəyər vergisi üzrə kütləvi informasiya vasitələrinə verilən illik güzəştlərin məbləği
7 milyard manat təşkil edir. KİV-ə şamil olunan illik güzəştlərin məbləği və onların öhdəlikləri vergilərin məbləğindən iki dəfədən də artıqdır.
Bu gün ölkəmizdə çap olunan qəzet və jurnalların böyük əksəriyyəti müxalifət yönümlüdür. Lakin burada belə bir cəhət də vurğulanmalıdır ki, yaradılmış bu şəraitdən sui-istifadə hallarına da rast gəlinir. Təəssüf ki, ayrı-ayrı qəzet və saytlarda qərəzli, reallıqdan uzaq, böhtan və təhqir xarakterli materialların çap edilməsi söz və fikir azadlığından sui-istifadə cəhdləri kimi də dəyərləndirilə bilər.
Müasir Azərbaycanda insan hüquqlarının müdafiəsi və təmin edilməsi sahəsində həyata keçirilən dövlət siyasəti sayəsində söz və mətbuat azadlığı bərqərar olmuşdur. Bu sahədə müəyyən olunmuş siyasi xətt ardıcıl həyata keçirilir, yaradılmış möhkəm hüquqi və demokratik dəyərlərin bərqərar olması vətəndaş hüquq və azadlıqlarının gerçək təminatına çevrilmişdir. Bu hüquqi baza ölkədə kütləvi informasiya vasitələrində dövlət senzurasının qadağan olunması prinsipini təsbit edən Azərbaycan Respublikasının Konstitusiyasına söykənir.
Namiq ƏHMƏDOV,
“Xalq qəzeti”
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.