Cənubi Qafqaz regionu o qədər böyük olmasa da, burada bir neçə dövlətin ərazisi var. Nəticədə, region dövlətlərindən birində baş verən hər hansı bir fəlakət bu və ya digər dərəcədə regionun digər dövlətlərindən də yan keçmədən öz təsirini göstərir.
“Metsamor”un isə köhnə olması, müasir AES-lərdən geridə qalmasını nəzərə alsaq, Ermənistanın 37 yaşlı reaktorunun regionu hansı miqyasda və böyüklükdə təhlükə ilə üz-üzə qoyduğu təkcə Azərbaycanı deyil, beynəlxalq aləmi də düşündürməlidir. Avropa Şurasının Parlament Assambleyası qəbul etdiyi sənədlərdə dəfələrlə bu AES-in aktiv seysmik zonada yerləşdiyini və bütün Qafqaz regionu üçün potensial təhlükə mənbəyi olduğunu narahatçılıqla ifadə etməsinə baxmayaraq, “Metsamor” hələ də fəaliyyət göstərməkdədir. Azərbaycan və Türkiyə dövlətləri dəfələrlə Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) müraciət edərək AES-in region üçün real təhlükə mənbəyi olduğunu bildiriblər. Lakin Ermənistan rəhbərliyi heç bir müraciəti nəzərə almamaqda davam edir. “Metsamor” AES-in istismarı təkcə Azərbaycanın deyil, bütün region dövlətlərinin (eləcə də Türkiyə, Gürcüstan, İran, Rusiya və s.) ekoloji təhlükəsizliyinə ciddi təhdiddir. Bununla yanaşı, qeyd edilməlidir ki, bu stansiya Avropa məkanı üçün də ekoloji təhlükə mənbəyidir. Təəssüf ki, Ermənistan tərəfi bir çox məsələlərdə olduğu kimi, bu məsələdə də qeyri-konstruktiv mövqe nümayiş etdirir. Hətta bütün təzyiq və narazılıqlara baxmayaraq, Ermənistan hökuməti uzun müddət AES-in yeni blokunun tikintisi ilə bağlı məsələni işıqlandırmışdır. Belə ki, 1980-ci ildən etibarən istifadəyə verilən “Metsamor” “Armenia 2" reaktoru olsa da, hökumət 2018-ci ildə yeni bir reaktoru ”Armenia 3"-ü reallaşdırmağı qərara almışdır.
2013-cü ildə Ermənistan hakimiyyəti böyük pafosla yeni 1060 MVt gücündə energetik reaktor tikmək haqqında qərar verdi. Layihə-smeta işləri aparıldıqdan sonra məlum oldu ki, bu iş onlara 5 milyard dollara başa gələcək. Bundan sonra “üzlü” hökumət nümayəndələri müxtəlif dövlətlərə əl açdılar. Yalnız Rusiya bu məbləğin 20-25 faizi məbləğində kredit verməyə razılaşdı. İllik büdcəsi təkcə Azərbaycanın hərbi büdcəsi miqdarında olan Ermənistan qalan məbləği tapmadığından bu arzusunu uzaq gələcəyə - 2026-cı ilə yönəltdi. 2014-cü il 27 mart tarixində “Metsamor” AES-in yeni blokunun tikintisinin təxirə salınması ilə bağlı qanun layihəsi Ermənistan parlamentində qəbul olundu. Bu, Ermənistanın zəif dövlət büdcəsinin qəbulu idi. Qanun layihəsində AES-in köhnə blokunun 2016-cı ilə kimi işlədilməsi əks olunmuşdur. Ermənistanın energetika naziri Armen Movsisyan buna baxmayaraq, AES-in yeni blokunun tikintisi ideyasının təxirə salınmasını qlobal maliyyə böhranı ilə əlaqələndirərək, fəaliyyətlərini davam etdirəcəklərini bildirmişdi. Erməni şərhçi Naira Ayrumyan isə bu məsələni Rusiyanın layihədən imtina etməsi ilə əlaqələndirmişdi: “AES tikintisi üçün sərmayə olmayacaq. Niyə olmayacağını anlamaq çətin deyil. Rusiya pul verməyə hazırlaşmır, G7-nin isə erməni layihələrini maliyyələşdirməyə həvəsi yoxdur. Ermənistan da Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların altına düşəcək, burada onsuz da cüzi olan sərmayələr yoxa çıxacaq”. Həmçinin şərhçi “əgər AES-in yeni bloku tikilməzsə, köhnə blok 2016-2017-ci illərdə bağlanacaq. Ermənistan təkcə ucuz enerjidən məhrum olmayacaq, o, həm də nüvə dövləti statusunu itirəcək”- deyə vurğulayaraq, erməni hakim dairələrinin bu “mötəbər” statusdan məhrum olmaq istəmədiklərini də çatdırmışdı.
Tarixçi və siyasi şərhçi Oleq Kuznetsov “Metsamor”la bağlı bu yaxınlarda verdiyi açıqlamasında: “Ola bilsin, əsaslı təmir və yenidənqurma işləri ”Metsamor" AES-in bu enerji blokunun gücünün istismar müddətini daha bir neçə il və hətta on il uzatmağa imkan verəcək, amma Ermənistan Respublikasının öz energetika təsərrüfatına münasibətini təhlil etsək, yenidənqurma imkanları haqqında söhbət artıq bir o qədər də aktual olmaya bilər" — deyə bildirmişdi.
“Fukusima” qəzasından sonra Avstriya, Yunanıstan, İrlandiya, Latviya, Lixtenşteyn, Lüksemburq, Malta və Portuqaliya nüvə enerjisinə qarşı ortaq bir bildiriş imzaladı. Hələ “Fukusima” faciəsindən əvvəl, İspaniya, Almaniya və İsveç nüvə enerjisindən tamamilə imtina etməyi qərara almışdı. İtaliya da “Çernobıl” faciəsindən sonra stansiyaları bağlamış və 2011-ci ildə keçirilən referendumda yeni stansiyanın tikilişinə ölkə əhalisinin 90 faizi “xeyr” demişdi. Danimarka 1970-ci illərdən etibarən nüvə stansiyaları qurmamaq qərarını verib. İsveçrə elektrik ehtiyacının 38 faizini qarşılayan 5 reaktoru 2034-cü ilə qədər bağlamaq qərarı vermiş, 3 layihəni rədd etmişdi. Belçika isə elektrik ehtiyacının demək olar ki, yarısını qarşılayan 7 stansiyanı 2025-ci ilə qədər bağlamaq qərarı verib. Almaniya da 17 nüvə reaktorunun 8-ni 1980-ci ildən əvvəl bağlamış, qalanlarını isə 2022-ci ilə qədər bağlamaq qərarı vermişdir. Avstriya isə bir nüvə stansiyası qurmuş, lakin xalq razı olmadığı üçün heç istifadəyə belə verməmişdir. Əgər 20 il əvvəl dünyada istehsal olunan enerjinin 17 faizi nüvədən əldə edilirdisə, bu göstərici günümüzdə təqribən 11 faiz civarındadır. 2030-cu ildə isə 5 faizə qədər düşəcəyi ehtimal edilir.
Göründüyü kimi, nüvə təhlükəsini dərk edən Qərb dövlətləri baş verən qəza və fəlakətlərdən nəticə çıxararaq, ölkələrində nüvə enerjisini maksimum surətdə azaltmışlar. Lakin Ermənistan indiyədək ümumilikdə 5 böyük və 150-dən artıq kiçik qəza yaşanmış, köhnə texnologiya üzərində qurulmuş, hər an partlamağa hazır olan “saatlı bomba” adını almış “Metsamor”un istifadəsində israrlıdır ... Çünki maddi maraq insan təhlükəsizliyindən, ekoloji sağlamlıqdan daha üstündür. Bu gün “Metsamor” AES Ermənistanın elektrik enerjisi ehtiyatının 40 faizini təmin etməklə qalmayıb, həm də Ermənistanın İran və Gürcüstana elektrik enerjisi ixracında mənbə rolunu oynayır.
Bizi hansı fəlakət gözləyir?
“Metsamor”da baş verəcək hər hansı bir qəzanın gətirəcəyi fəlakəti təsəvvür etmək üçün elə yaxın keçmişə müraciət etmək kifayətdir. Çernobıl qəzası 7000-ə yaxın insanın ölümü, 25000 insanın güclü radiasiya nəticəsində ömürlük şikəst olması, on minlərlə insanın sonsuz qalması ilə nəticələndi. Bu faciədən sonra Çernobılda doğulan uşaqların 90 faizində əlillik yaranır. Hadisədən 28 il keçməsinə baxmayaraq , radiasiyanın fəsadları hələ də Avropada tüğyan etməkdədir. Qəzanın aradan qaldırılmasının ilk iki ilində 650 min insan xilasetmə işlərinə cəlb edilir. Rəsmi məlumatlara görə, onların 15 mini, qeyri-rəsmi məlumatlara görə isə 95-100 mini bir neçə ildən sonra dünyasını dəyişir. Fəlakət bölgəsində və ona qonşu ərazilərdə təxminən 6-8 milyon insan da şüalanmaya məruz qalıb.
Araşdırmalar nəticəsində, radiasiyaya məruz qalanların gizli şəkildə xəstəlik keçirdikləri və bunun nəticələrinin təqribən 5-30 il sonra ortaya çıxdığı sübut olunmuşdur.Bədnam qonşularımız hələ ki, AES-də nüvə tullantısı probleminin həllini gizli saxlayırlar. Bunun bir neçə həll yolu var: Birincisi, bu tullantlar işğal olunmuş ərazilərimizdə yerləşdirilir, bununla da ümumi radioaktiv fon gücləndirilir. İkincisi, tullantılar Araz və Kür çaylarına axıdılmaqla Azərbaycan ərazisinə keçirilir. Həmçinin işğal altında olan Azərbaycan ərazisi nüvə materiallarının qeyri-qanuni dövriyyəsində tranzit marşrutu kimi istifadə olunur.
Bu məsələ 2014-cü il 25 mart tarixində keçirilən III Nüvə Təhlükəsizliyi Sammitində Prezident İlham Əliyevin diqqət mərkəzində saxladığı əsas mövzulardan biri olmuşdur. Ermənistanın təxminən 40 il əvvəl tikilmiş və köhnəlmiş, yüksək seysmik zonada yerləşən Atom Elektrik Stansiyasının yaratdığı təhlükə Prezidentin çıxışında xüsusi vurğulanmışdır.
Ümumilikdə, “Metsamor” AES-in region üçün təhdidlərini artıran əsas amilləri aşağıdakı şəkildə xarakterizə etmək mümkündür:
- “Metsamor” AES-i yalnız 8 bal gücündə zəlzələyə hesablanaraq inşa edilməsinə baxmayaraq, 9 və yuxarı bal gücündə zəlzələ riski olan ərazidə yerləşir;
- Stansiyanın təhlükəsizlik standartları köhnə və etibarsızdır – bu, artıq beynəlxalq və regional təşkilatlar tərəfindən stansiyanın fəaliyyəti ilə bağlı qəbul olunmuş yekdil tezisdir. “Metsamor” üzərində qoruma qalxanı olmayan, qatı bazalt üzərinə inşa edilmiş köhnə bir stansiyadır. Dizayn ömrü isə 30 ildir;
- AES modern reaktorlarda nəzərdə tutulan təməl qəzaların nəticələrini əngəlləyəcək şəkildə hazırlanmamışdır.
- Yanğından qorunma tədbirləri olduqca zəifdir.
- Təhlükəsizlik analizi hesabatları mövcud deyildir.
- AES-in istismar müddətinin 2001-ci ildə bitməsinə baxmayaraq, hələ də istifadədədir.
SSRİ dövründə inşa edilən nüvə stansiyalarında VVER, PBMK, EGP və BN olmaqla, 4 model reaktor istifadə edilirdi. Təxminən 40 illik bir təcrübə nəticəsində VVER reaktorlarının çox etibarsız olduğu təsdiqlənmişdir. Ermənistandakı AES VVER modeli ilə işlədilməkdədir. SSRİ-də inşa edilən nüvə stansiyalarında ən çox qəza VVER reaktoru ilə işləyən stansiyalarda olmuşdur. Belə ki, bu model reaktorlarda Qərb ölkələrindəki nüvə stansiyalarında mütləq şəkildə olan radioaktiv maddə sızıntısının qarşısını ala biləcək polad qübbə yoxdur. Ayrıca, stansiyanın modern təhlükəsizlik və texniki təminatının olmaması, reaktorun soyudulması üçün istifadə olunan suyun yetərsizliyi və soyutma sisteminin köhnəlmiş olan birinci nəsil layihə ilə inşa edilməsi bölgənin ekoloji vəziyyəti üçün də ciddi təhlükələr meydana gətirir.
Bu gün regionumuz üçün təhlükə mənbəyi rolunu oynayan “Metsamor” AES-də baş verə biləcək hər hansı bir fəlakət heç də Çernobıldan geri qalmayacaqdır. “Metsamor” AES Azərbaycan və Gürcüstan sərhədlərindən 120 kilometr İran sərhədindən 60 kilometr, Türkiyə sərhədindən 16 kilometr aralıda yerləşir. Qəza olacağı təqdirdə radioaktiv tullantıların və digər fəsadların Rusiya, Orta Asiya, Xəzər və Qara dəniz ölkələrinin əhalisini böyük təhlükə ilə üz-üzə qoyacağı şübhəsizdir. Ermənistanın region üçün faciə rolunu oynayan həmin Atom Elektrik Stansiyasının fəaliyyətini dayandırmaması beynəlxalq öhdəliklərin yerinə yetirilməməsidir. Ona görə də dünya birliyi bu təhlükənin mahiyyətini aydın şəkildə dərk etməli və lazımi tədbirlər həyata keçirməlidir. Azərbaycan daim problemin aktuallığı ilə bağlı həyəcan təbili çalsa da, müəyyən siyasi maraqlar naminə hələ də obyektiv, vahid reaksiya qəti şəkildə bildirilməmişdir.
Azərbaycanın təşvişə hər mənada haqqı vardır. Aprel-may ayı ərzində erməni hərbi birləşmələrinin mövqelərimizə zərbələr endirərkən qadağan olunmuş kimyəvi silahdan, xüsusilə ağ fosfor bombalarından istifadə etməsi düşmənin təcavüzkar və terrorçu simasını bir daha ortaya qoyur. Bütün dünyanın gözü qarşısında bəşəriyyət üçün təhlükəli, qadağan olunmuş hərbi vasitələrdən istifadə Ermənistanın beynəlxalq hüquqa məhəl qoymamasıdır. İşğalçı ölkə təkcə təmas xəttində insidentlər zamanı kimyəvi silahdan istifadə etməyə yox, eyni zamanda “Metsamor”un nüvə tullantıları vasitəsilə “çirkli bomba” hazırlamağa da maraq göstərir. Hətta Ermənistan hərbi rəhbərliyində təmsil olunan bəzi generallar mətbuata verdiyi açıqlamalarda Azərbaycanı radioaktiv tullantılardan hazırlanan “çirkli silah”la təhdid edib. Ermənistanın keçmiş baş naziri və fəaliyyətdə olan parlament üzvü Qrant Baqratyan kimi, general-mayor Arkadi Ter-Tadevosyan da dəfələrlə Azərbaycan əleyhinə hərbi əməliyyatlarda radioaktiv silahdan istifadə etmək niyyətlərini bildiriblər.
Maraqlıdır ki, illərdir İranın nüvə enerjisindən istifadəsinə qarşı Qərb uzunmüddətli təzyiqlər göstərir, sanksiyalar tətbiq edir, lakin Azərbaycanın regiondakı “Metsamor” təhlükəsi ilə bağlı çağırışları, dəfələrlə beynəlxalq qurumlara müraciətləri cavabsız qalır...
“Stop Metsamor!”
Ermənilərin nüvə qaçaqmalçılığı ilə məşğul olması, radioaktiv materialları ölkədən çıxararaq satmaq cəhdlərinə dair çoxsaylı faktlar mövcuddur. Belə materialların İŞİD və Əl-Qaidə kimi terror qruplaşmalarının əlinə düşəcəyi təqdirdə nəyin baş verəcəyini təsəvvür etmək heç də çətin deyil. Beynəlxalq sülh və təhlükəsizlik üçün çox ciddi təhdidlər yaradan nüvə terrorçuluğu qlobal bəşəri xarakter daşıyır. Ermənistanda AES-in mövcudluğu nüvə materialları qaçaqmalçılığı ilə məşğul olan transmilli cinayətkar qrupların regiona diqqətini artırır, onların Azərbaycanın işğal altındakı ərazilərində sərbəst fəaliyyəti üçün əlverişli şərait yaradır.
Bütün bu təhdidlərin qarşısının alınmasını və regionun təhlükədən qorunmasını təmin etmək məqsədilə “Stop Metsamor!” kampaniyasına başlanılıb. Bu məqsədlə bir qrup bloqer change.org saytında Metsamor AES-in bağlanmasını tələb edən “Stop Metsamor!” petisiyası üzrə imza toplanmasına start verilib. “Stop Metsamor!” petisiyasının imzalanması kampaniyası Cənubi Qafqaz regionunda ekoloji təhlükəsizliyin səviyyəsinin yüksəldilməsinə yönəldilib. Nəzərə almaq lazımdır ki, buna biganə münasibət böyük bir faciənin başlanğıcı ola bilər. Bu faciəni önləmək üçün yeganə seçim yalnız birgə mübarizədir. Bu mübarizənin vacibliyi Prezident İlham Əliyevin 23 may 2016-cı ildə İstanbulda Dünya Humanitar Sammitindəki çıxışında xüsusi vurğulanmışdır. Prezident İlham Əliyev bütün region üçün təhlükə mənbəyi olan “Metsamor” Atom Elektrik Stansiyasına, Ermənistanın radioaktiv tullantılardan qanunsuz istifadəsinə toxunmuşdur. Dövlət başçısı bildirmişdir ki, Ermənistanın sabiq baş naziri, parlament üzvü və digər rəsmiləri bu ilin aprelində Ermənistanın “çirkli bomba” adlandırılan nüvə silahına malik olduğunu bəyan ediblər. Bu bəyanat müvafiq beynəlxalq təşkilatlar tərəfindən ciddi şəkildə araşdırılmalı, Ermənistanın nüvə təhdidi və şantajına son qoyulmalıdır. Bu çıxış yalnız Azərbaycan üçün deyil, region və bütövlükdə, dünyamızın ekoloji təhlükəsizliyi üçün çox önəmli bir mesajdır.
Nailə MƏMMƏDOVA,
“Azerbaijan Realities”
analitik layihə qrupunun üzvü
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.