Azərbaycan Prezidenti cənab İlham Əliyev 27 aprel 2016-cı il tarixli sərəncamı ilə açıq hökumət prinsiplərinin tətbiqinin genişləndirilməsi, korrupsiyanın qarşısının alınması üzrə yeni mexanizmlərin tətbiqi, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin və ictimai nəzarətin gücləndirilməsi, sahibkarların hüquqlarının müdafiəsi, "Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı" və "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı" çərçivəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi məqsədi ilə "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nı təsdiq edib.
Xatırladaq ki, adıçəkilən milli fəaliyyət planında Azərbaycanda dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi, ictimaiyyətin iştirakının genişləndirilməsi, yeni texnologiyaların tətbiqi mühüm vəzifələr kimi qarşıya qoyulub. Bütün bunlar isə təsadüfi deyil. Belə ki, son illər ərzində Azərbaycan Respublikası düzgün idarəçiliyin təşviqi üzrə bir sıra beynəlxalq təşəbbüslərə, eləcə də şəffaflığın artırılması, habelə açıq hökumətin təşviqi ilə bağlı fəaliyyətin təkmilləşdirilməsi, bu sahədə beynəlxalq təcrübə mübadiləsi və beynəlxalq səylərə öz töhfəsini vermək üçün 2011-ci ildə Açıq Hökumət Tərəfdaşlığına qoşulub. Bundan əvvəl isə açıq hökumətin təşviqi prinsipinə uyğun olaraq, 2007-2011-ci illər ərzində dövlət orqanlarının fəaliyyətinin müasir standartlara uyğun təkmilləşdirilməsi məqsədi ilə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanı reallaşdırıb.
Yeri gəlmişkən, burada bir məqamı da xüsusi xatırlatmaq istərdik. Azərbaycanda dövlət orqanlarının fəaliyyətində şəffaflığın və açıq hökumət prinsiplərinin tətbiqi yeni məsələ deyil. Son illərdə bu istiqamətdə bir sıra mühüm tədbirlər həyata keçirilib. Bu sırada informasiya azadlığının təmin edilməsi sahəsində görülən işlər mühüm yer tutur. Belə ki, 2005-ci ildə "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Həmin qanunun icrasına nəzarət isə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) həvalə olunub. Bundan başqa, "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" çərçivəsində informasiya əldə edilməsinin asanlaşdırılması üçün praktiki işlər gerçəkləşdirilib. Dövlət orqanları tərəfindən informasiyanın proaktiv formada ictimaiyyətə təqdim edilməsi ilə bağlı tədbirlər müəyyənləşdirilib.
Yuxarıda qeyd edilənlərlə yanaşı, respublikamızda ötən illərdə açıq hökumətin təşviqi ilə bağlı elektron xidmətlərin təşkili məsələsi də diqqət mərkəzində saxlanılıb. 2010-cu ildə Azərbaycanda ikinci "Elektron Azərbaycan" Dövlət Proqramının qəbul edilməsi məhz bunun bariz ifadəsidir. Onu da qeyd edək ki, 2011-ci il mayın 23-də "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Prezidenti fərman imzalayıb. Həmin sənədə əsasən, dövlət orqanları tərəfindən uyğun fəaliyyət istiqamətlərində elektron xidmətlər təşkil edilib. Elektron xidmətlərin "bir pəncərə" prinsipi əsasında təşkilinin reallaşdırılması məqsədi ilə www.e-gov.az vahid elektron hökumət portalı yaradılıb.
"Bir pəncərə" prinsipindən söz düşmüşkən, deyə bilərik ki, artıq 2008-ci ildən etibarən sahibkarlıq subyektlərinin qeydiyyatı məhz bu prinsipə uyğun həyata keçirilir. Bunun nəticəsində kommersiya hüquqi şəxslərin qeydiyyat (biznesə başlama) prosedurlarının sayı 13-dən 3-dək, müddəti isə 53 gündən 3 günədək, təqdim edilməli olan sənədlərin sayı 5 dəfədən çox azaldılıb. Biznesə başlama sahəsində islahatlara görə Azərbaycan Respublikası Dünya Bankının "Doing Business" hesabatında ən islahatçı dövlət kimi göstərilib.
Onu da diqqətə çatdırmaq istərdik ki, 2011-ci il iyunun 1-dən etibarən fiziki şəxslərin, 2012-ci ilin fevral ayından isə hüquqi şəxslərin elektron qaydada qeydiyyatına başlanılıb. Həmçinin 2008-ci ildən dövlət sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında, 2009-cu ildən miqrasiya proseslərinin idarə olunmasında, 2011-ci ildən idxal edilən nəqliyyat vasitələrinin rəsmiləşdirilməsində "bir pəncərə" prinsipi uğurla tətbiq edilir.
Burada belə bir məqamı da xatırlatmaq yerinə düşər: Dövlət orqanları tərəfindən əhaliyə bütün xidmətlərin vahid məkandan, daha keyfiyyətli və rahat həyata keçirilməsi məqsədi ilə 2012-ci ilin iyul ayında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi təsis edilib və hazırda bu qurumun nəzdində "ASAN" xidmət mərkəzləri səmərəli fəaliyyət göstərir.
Azərbaycanda açıq hökumətin təşviqindən danışarkən, Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) tətbiqinə də toxunmaq lazımdır. Bakıda Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünə (MHŞT) qoşulan və təşəbbüsün icrası üzrə xüsusi hökumət komissiyası yaradılıb. Təşəbbüsün tətbiqi mexanizmi hökumət komissiyası, mədən hasilatı ilə məşğul olan yerli və xarici şirkətlər və Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə qeyri-hökumət təşkilatlarının Koalisiyası tərəfindən müəyyənləşdirilib və 2004-cü ildə sözügedən təşəbbüsün həyata keçirilməsinə dair Qarşılıqlı Anlaşma Memorandumu imzalanıb. Azərbaycan 2007-ci ildə Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə namizəd statusunu alan, 2009-cu ildə isə həmin qurumun tamhüquqlu üzvü statusunu əldə edən ilk ölkə olub. Təşəbbüsün icrası üzrə qazanılan uğurlara görə 2007-ci ildə Azərbaycan Respublikasının Dövlət Neft Fondu "Dövlət qulluğunda şəffaflığın, cavabdehliyin və məsuliyyətin artırılması" üzrə BMT-nin "Dövlət qulluğu mükafatı" ilə təltif olunub. Bununla yanaşı, Azərbaycan 2009-cu ildə "Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü mükafatı"na layiq görülüb.
Son illər ərzində açıq hökumətin təşviqi prinsiplərindən biri olan vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığa və bu sahədə ictimaiyyətin iştirakının təmin edilməsinə də xüsusi önəm verilib. Məsələn, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası yanında fəaliyyət göstərən işçi qruplarda qeyri-hökumət təşkilatlarının üzvlüyü təmin olunub. 2005-ci ildə Korrupsiyaya qarşı mübarizə aparan qeyri-hökumət təşkilatlarının məlumat və informasiya şəbəkəsi təsis edilib. Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya şəbəkəyə üzv olub. Şəbəkə korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması ilə əlaqədar bütün qanunvericilik layihələri üzrə ictimai dinləmələr keçirib. 2004-cü ildən Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün icrası məqsədi ilə Qeyri-Hökumət Təşkilatlarının Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası yaradılıb.
Bütün yuxarıda sadalananlarla yanaşı, onu da qeyd edək ki, açıq hökumətin təşviqi istiqamətində bundan sonra da bir sıra mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-cı il tarixli Sərəncamında ətraflı bəhs edilir. Sərəncamda açıq hökumət prinsiplərinin tətbiqinin genişləndirilməsi, korrupsiyanın qarşısının alınması üzrə yeni mexanizmlərin tətbiqi, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin və ictimai nəzarətin gücləndirilməsi, sahibkarların hüquqlarının müdafiəsi ilə bağlı tədbirlərin həyata keçirilməsinə mühüm önəm verilir. Adıçəkilən sənəddə mərkəzi və yerli icra hakimiyyəti orqanlarına fəaliyyət planında nəzərdə tutulan tədbirlərin icrası barədə hər il dekabrın 30-dək Nazirlər Kabinetinə və Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyaya illik hesabatları təqdim etmək tapşırılıb. Eyni zamanda, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına fəaliyyət planının icrası üzrə illik iş planlarını təsdiq edib Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyaya bu barədə elektron qaydada məlumat vermələri qərara alınıb.
Sərəncamda Hesablama Palatasına, Baş Prokurorluğa, Ombudsmana, Məhkəmə-Hüquq Şurasına, məhkəmələrə, yerli özünüidarəetmə orqanlarına fəaliyyət planında nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək tapşırılıb. Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya isə fəaliyyət planının icrasının dəyərləndirilməsi prosesinə vətəndaş cəmiyyəti institutlarının cəlb edilməsi üçün tədbirlər görməsi tövsiyə edilib.
Vaqif BAYRAMOV,
"Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.