Milli parlamentimizin tarixi professor Şirməmməd Hüseynovun tərtib etdiyi “Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər (noyabr 1918 - aprel 1920)” kitabında
Gözlər var ki, dünənə qədər əsir və qul olan bir milləti bu gün azad və sərbəst görmək istəmir...
Qəlblər var ki, bir əsrdən artıq məhkum qalan bir millətin bu gün hakim deyil, yalnız müstəqil və azad olmasını qəbul etmək istəmir...
O ki qaldı bizə – biz bu cürə hərəkətlərdən mütəəssir olmamalıyıq, biz öz işimizdə olmalıyıq, milli parlamanımızı, milli şuramızı açaq, Allahdan mədəd, bizdən hərəkət deyib, kəmali-ciddiyyət ilə işə başlayaq. Artıq-əskik sözlərə qulaq asmayaq.
Bu sətirlər “Azərbaycan” qəzetinin 1918-ci il 5 dekabr tarixli nömrəsində Üzeyir Hacıbəylinin dərc etdirdiyi “Azərbaycan parlamanı” məqaləsindən götürülüb. Dekabrın 7-də isə parlamentin açılışı münasibətilə çoxsaylı təbrik məktublarını dərc edən, qanunverici orqanın fəaliyyətini mütəmadi işıqlandıran bu qəzet illər keçdikdən sonra Cümhuriyyətin fəaliyyət göstərdiyi mürəkkəb ictimai-siyasi mühiti tam mənası ilə anlamaq üçün əvəzedilməz mənbə oldu. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin müvafiq sərəncamları ilə Cümhuriyyətin mənbəşünaslığı sahəsində fundamental işlər həyata keçirilib, kitablar nəşr edilib.
Azərbaycan mətbuatının və Cümhuriyyət dövrünün görkəmli tədqiqatçısı, tarixçi alim, professor Şirməmməd Hüseynovun tərtib etdiyi “Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər (noyabr 1918 - aprel 1920)” adlı nəşr milli parlamentimizin tarixinə işıq salan fərqli və qiymətli mənbədir. Tədqiqatçı alim tarixi mənbələri ərəb qrafikasından latın qrafikasına çevirərək, habelə bu gün dilimizdə işlənməyən ərəb-fars sözlərinin lüğətini tərtib edərək müasir oxucunun sənədlərlə tanış olması baxımından böyük iş görüb.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər (noyabr 1918 - aprel 1920)” kitabının ilk iki cildi “Qanun” nəşriyyatı tərəfindən nəfis tərtibatla çap olunub. Hər iki cildin “Ön söz” müəllifi professor Şirməmməd Hüseynov, transliterasiya redaktorları professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğludur (Mirzəyev).
Tarixdə təkcə gözəçarpan hadisələrin deyil, həm də ilk baxışda diqqəti cəlb etməyən bir sıra məqamların açılmasında mətbuatın mühüm rolunu yaxşı bilən professor Şirməmməd Hüseynov milli parlamentimizin fəaliyyətinin öyrənilməsində mötəbər mənbə kimi “Azərbaycan” qəzetini əsas götürüb. Görkəmli alim Cümhuriyyətin qarşıdan gələn 100 illik yubileyinə həsr olunan nəşrin “Ön söz”ündə yazır: “Cümhuriyyət tarixinin ən mötəbər salnaməsi “Azərbaycan” qəzetidir. Bu möhtəşəm dövrün 443 gününün tarixi zamanın kollektiv yaddaşı olan bu qəzetin 443 nömrəsinin səhifələrində həkk olunmuşdur. Ceyhun və Üzeyir Hacıbəyli qardaşlarının, M.Ə.Rəsulzadə başda olmaqla onların məslək və əqidə arkadaşlarının mötəbər tribunası olan 1918-ci il sentyabrın 15-dən nəşrə başlayan “Azərbaycan” gündəlik siyasi, ictimai, ədəbi, iqtisadi türk qəzetəsi idi. “Azərbaycan” qəzeti haqqında az yazılmayıb... Lakin görüləsi işlər də çoxdur. Bu, xüsusilə, Azərbaycan Məclisi-Məbusanı - parlament həyatı ilə əlaqədar hesabatlar və şərhlərə aiddir”.
Köhnə nüsxələrin oxunma çətinliyini, qəzetin kitabxana və arxivlərdə tam külliyyatının olmamasını nəzərə alsaq, professor Şirməmməd Hüseynovun gördüyü işin əhəmiyyətini xüsusi qeyd etmək yerinə düşər.
Kitab Cümhuriyyət parlamentinin çoxşaxəli və gərgin fəaliyyəti, müxtəlif siyasi qüvvələri təmsil edən fraksiyaların marağı, parlament komissiyalarının, deputatların işi, hökumət başçıları və nazirlərlə parlament arasında münasibət barədə dolğun təsəvvür yaradır.
Toplunun I cildində parlamentin 19 iclasının hesabatı, qanunverici orqanın fəaliyyətinə dair şərhlər yer alıb. Bu cild “Azərbaycan” qəzetinin parlament açılmazdan əvvəl dövrün ictimai-siyasi mühitini xarakterizə edən yazıları ilə başlayır. Beləliklə, oxucuda Azərbaycan Milli Şurasının tarixi, parlamentə üzvlərin seçilməsi ilə bağlı çətinliklər barədə ümumi fikir yaranır. Məsələn, “Azərbaycan Parlamanı ətrafında” sərlövhəli məqaləni (“Azərbaycan” qəzeti, 5 dekabr 1918-ci il) oxuyanda aydın olur ki, parlamentə azərbaycanlılarla yanaşı, polyak S.A.Sansoviç, gürcü Q.İ.Tsıxanqaya, yəhudi M.A.Quxman və başqa millətlərin nümayəndələri də seçilib. Nəşrdə fraksiyaların məktubları, Qarabağ məsələsinə dair materiallar, eləcə də Üzeyir Hacıbəylinin “Təəssürat” adlı silsilə məqalələri, “İstiqlal və istiqbal ümidi”, “Cəmaət köməkliyi”, “Yeni böhran”, “Düz yol”, “Siyasi imtahan”, Fərhad Ağazadənin “Hökumətdən sonra parlaman əngəlləri” və digər yazılar dərc edilib. Bu yazıların hər biri dövrün ictimai-siyasi mühitini əks etdirmək baxımından səciyyəvidir. Habelə parlamentin məxaric smetası, yerlərdə məmurların məvacibi və digər maliyyə məsələləri, kütləvi amnistiya layihəsi, bir sıra mallara tətbiq edilən vergi barədə qanun layihələrinin müzakirəsinə dair materiallar parlamentin son dərəcə mürəkkəb dövrdə çoxşaxəli fəaliyyətindən xəbər verir.
Kitabda istər müəllif məqalələrinin, istərsə də parlamentdə söylənilən nitqlərin dil və üslub xüsusiyyətləri olduğu kimi saxlanılıb, hər yazının sonunda isə mətndəki ərəb-fars mənşəli sözlərin lüğəti verilib.
Nəşrin II cildinə qəzetin 1919-cu il aprelin 18-dən oktyabrın 30-dək buraxılan nömrələrində (160-309) parlamentin hesabatları və vacib şərhlər daxil edilib. Onların sırasında Ü.Hacıbəyli “Dördgöz olmalıyıq”, “Dağıstana imdad”, “Zaqafqaziya konfransına dair”, Ömər Faiq Nemanzadənin “Böhtanlarla böyük işlər görülür”, Xəlil İbrahimin “Yetər artıq”, Əbdülrəhim Ağakişizadənin “Vətən gənclərinə bir kaç söz” və digər məqalələr yer alıb.
Bu cilddə, həmçinin tarix elmləri doktoru, professor Solmaz Rüstəmovanın kitabla bağlı fikirləri verilib.
Professor Şirməmməd Hüseynov Azərbaycan Xalq Cümhuriyyəti yaradıcılarının gördüyü misilsiz işləri yada salaraq yazır: “Bizim borcumuz onları şükranla anlamaq, bu müqəddəs əmanəti dövrün və zamanın tələbləri səviyyəsinə yüksəldərək sonrakı nəsillərə sağ və salamat verməkdən ibarətdir. Tarixin tələb etdiyi bu məsuliyyət hissi bizim nəslə də aiddir”.
Fikrimizcə, “Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər (noyabr 1918 – aprel 1920)” toplusu həm geniş oxucu kütləsinin, həm də tədqiqatçıların tariximizin mühüm dövrünü öyrənməsi üçün faydalı mənbədir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.