Hakimiyyət, müxalifət və rəngli inqilablar

Ziddiyyətli diada – hakimiyyət və müxalifət münasibətləri son illərin ən çox polemika doğuran məsələlərindəndir.  Hakimiyyət və müxalifət münasibətləri mürəkkəbdir, çoxsahəlidir və siyasi hadisələrin fonunda daim dəyişir. Onların münasibətlərinin mahiyyətinə, məqsəd və vəzifələrinə dəyişən transformasiyalar ciddi təsir göstərir.

Konstitusiya hüququnda dövlət ölkə miqyasında ictimaiyyətin təşkili məsələlərini həll etmək üçün suveren səlahiyyətlərə sahib olan, onun xarici aləmlə münasibətlərini müəyyənləşdirən hakimiyyət strukturudur. Siyasi hakimiyyət cəmiyyətin etdiyi siyasi seçimdir. Demokratik adlandırılan siyasi hakimiyyət daha çox siyasi müxalifətlə və bütövlükdə, cəmiyyətlə dialoqu nəzərdə tutur. Ona görə də hazırda demokratiyanın üstün keyfiyyətlərindən ən əsası hakimiyyətin kommunikasiyadan, yəni ictimai münasibətlərdən  doğmasıdır.

Hakimiyyət kimi müxalifətin özünün də hüquqi, etik və siyasi əsasları, fəaliyyət dairəsi var. Hakimiyyət və müxalifət münasibətlərində, diadanın hər iki iştirakçısı sosiumun həyatının pisləşməsinə gətirib çıxaran fəaliyyətlərinin destruktiv nəticələrinə görə cəmiyyət qarşısında eyni dərəcədə siyasi, mənəvi və hüquqi məsuliyyət daşıyırlar. Ona görə heç də hər müxalifət cəmiyyət üçün faydalı sayıla bilməz. Qarşısına xalqın dövlət və mədəniyyət kodunu dağıtmaq məqsədi qoyan müxalifət destruktiv müxalifətdir və son illər bu tip müxalifətdən hakimiyyətlərə şantaj vasitəsi kimi istifadə olunur.

Siyasi müxalifətin leqal siyasi qüvvə kimi institutlaşdırıldığı və qanunvericilik aktlarında xüsusi təsbit olunan  müəyyən hüquqlara sahib olduğu demokratik ölkələrin çoxunda destruktiv münaqişəlilik artıq aradan qaldırılır və hakimiyyətlə müxalifətin tam diskursu üçün şərait yaradılır. Onların işi mövcud siyasi kursun ekspertizasına və onun inkişafı üçün cəmiyyətə layihə və proqramların təklif olunması ilə bağlı gündəlik peşəkar siyasi fəaliyyətə çevrilir. Hakimiyyətlə müxalifətin belə münasibətlərində dövlət daha çox udur. Elitaların əvəzlənməsi ağrısız keçir, xalq siyasi müxalifət vasitəsilə siyasi hakimiyyəti tənqid edir, nəzarətdə saxlayır, məhdudlaşdırır və təkmilləşdirir. Beləliklə, müxalifətin institutlaşdırılması milli həmrəyliyin əldə olunmasının və siyasi sistemin sabitliyinin şərtlərindən birinə çevrilir.

Hakimiyyətin müxalifət institutu ilə barışdırıcı və anlaşma konsepsiyası, razılaşdırma prosedurları, danışıqlar və ikitərəfli siyasi kommunikasiyaların leqallaşdırılması nəticəsində yeni münasibətlər sistemi formalaşır. Belə olan halda müxalifət cəmiyyətin baza dəyərlərini bölüşür və öz funksiyalarını -hakimiyyətin siyasi, iqtisadi və sosial kursunu keyfiyyətli, qərəzsiz siyasi tənqid etmək, özünün layihə və alternativlərinə görə cavabdehlik  vəzifələrini vicdanla yerinə yetirmək nöqteyi nəzərindən bütün baş verənlərə görə hakimiyyətlə məsuliyyəti bölüşür. Əlbəttə, belə müxalifəti konstruktiv müxalifət adlandırmaq olar.

Bu gün dünya dəyişir və silahlı çevrilişlər texnologiyasının yerinə daha incə, inqilabçı hərəkat adı ilə ustalıqla maskalanan rəngli inqilab texnologiyaları gəlir və onlar demək olar ki, nə demokratiyanın tam bərqərar olduğu dövlətələr tərəfindən, nə də Şərq tipli ənənəvi dövlət quruluşunu saxlayan ölkələr tərəfindən ciddi müqavimətə rast gəlirlər.

İndiki şəraitdə hakimiyyət və müxalifət münasibətlərinin təhlili də ona görə aktual əhəmiyyət kəsb edir ki, XX əsrin sonundan  başlayaraq müxalifətin başçılıq etdiyi “məxməri”, “narıncı”  inqilablar, “qızılgül inqilabları”, “ərəb baharı” nın dalğası Avropadan tutmuş keçmiş sovet respublikalarına ,Yaxın Şərqə, hətta Asiya ölkələrinə gedib çatır və hələ də bitmək bilmir. Təbii ki, bu inqilablar özü ilə heç də həmişə “vəd etdiyi” xoş günlər və rifah gətirmir. Məsələn, rəngli inqlablar ssenarisinin Ukraynada təkrarlanmasının hansı nəticələrə gətirib çıxardığı bu gün də gözümüzün qarşısındadır. Ona görə də bu, ciddi narahatlıq doğurmaya bilməz. Çünki Ukrayna hələ bu ssenarinin son dayanacağı deyil, sadəcə dünyanın nəhəng siyasi aktorlarının siyasi oyunlarında strateji əhəmiyyət daşıyan bir plasdarmadır.

Rəngli inqilablar dövlət çevrilişlərini həyata keçirmək və süni şəkildə yaradılmış qeyri-sabit siyasi şəraitdə ölkəni kənardan idarə etmək üçün bir texnologiyadır. Bu zaman hakimiyyətə təziyq üçün gənclərin etiraz hərəkatını təziyq alətinə çevirib siyasi şantaj formasından istifadə edilir. İstənilən rəngli inqilabın məqsədi dövlət çevrilişini həyata keçirmək, yəni zor gücünə hakimiyyəti zəbt etmək və əldə saxlamaqdır. Bu, birmənalıdır.

Rəngli inqilablar yalnız kənardan həqiqi inqilabi hərəkatı xatırladır. Obyektiv tarixi proseslərin inkişafından irəli gələn həqiqi inqilablardan fərqli olaraq rəngli inqilablar drammaturji cəhətdən yaxşı səhnələşdirilmiş teatra bənzəyir. Qərb,  bu səhnə əsərinin müəllifi və qurluşçu rejissoru olduğunu nə qədər gizlətməyə, bunun öz ölkəsini idarə etmək hüququnu özünə qaytarmaq istəyən xalqın iradəsi olduğunu  təqdim etməyə çalışsa da, “siyasi  obrazların” arxasında onların kölgələri görünməkdədir.

Rəngli inqilablara diqqətin artmasının əsas səbəblərdən biri ondan ibarətdir ki, son 5-6 ildə siyasi rejimlərin sabit olduğu bütöv bir sıra ölkələrdə, uzun illər xarici və daxili düşmənlərə qarşı uğurla müqavimət göstərən siyasi rejimlərin tam və ya qismən demontajı ilə nəticələnən dövlət çevrilişləri baş vermişdir. Bu dövlətlər-Misir, Tunis, Liviya, İraq və Suriya uzun illər idi ki, radikal islamizmin cövlan etməsinə imkan vermirdilər.  “Demokratiya, insan hüquqlarının çarçıları” rəngli inqilablar adlı bu qorxulu əjdahanı zəncirdən buraxmaqla bütün bir regionu qanlı müharibə meydanına çevirdilər və onun əks-sədası son vaxtlar Avropadan gəlməyə başlayıb. Xəstə təxəyyüllü insanların cihad adı ilə hava limanlarını, stadionları, restoranları partladaraq bu bəlaların dairəsini genişləndirirlər.

Bu inqilabların demək olar ki, böyük əksəriyyəti birmənalı olaraq özünü demokratiya tərəfdarları sayan Qərb dövlətləri  tərəfindən yönəldilir. Bu qənaətdə olan təkcə hazırda fəlakət içində olan şərqlilər deyil. Qərbin nüfuzlu politoloqları, jurnalistləri və siyasi analitikləri özləri bu bəlanın köklərini daha çox araşdırıb dünya ictimaiyyətinin diqqətinə çatdırırlar. Bu günlərdə Amerikanın  tanınmış jurnalisti və publisisti Ueyn Madsen nəşrlərin birində Qərbin birbaşa dəstəyi və iştirakı ilə dövlət  çevrilişlərinin baş verdiyi ölkələri göstərərək yazır: Gürcüstanda “gızılgül inqilabı” , Ukraynada “narıncı inqilab” və “Avromaydan”, Livanda “ sidrlər inqilabı”, Fələstində “”zeytun inqilabı”, Qırğızıstanda “zambağ inqilabı”, Yuqoslaviyada, Küveytdə, Liviyada, Misirdə, İraqda, Suriyada, Birmada, Tibetdə, İranda və başqa ölkələrdə.” Daha sonra  planlaşdırılan və baş tutmayan inqilabları sıralayır: Monqolustan, Özbəkistan, Ekvador, Boliviya, Belarus və hətta Rusiya. Bütün bu rəngli inqilabların konsepsiyasında  BMT-nin təşəbbüsü olan “Müdafiə etmək vəzifəsi” (R2P) ilə bağlı “hərbi müdaxilə”nin reallaşması mexanizmi durur.

Baş verən hadisələrin səbəblərini və köklərini araşdırarkən aydın olur ki, demokratiyanın və qlobal informasiya şəbəkələrinin inkişafı sorğusuz-sualsız milli dövlətlərin sərhədlərini asanca dəf etməklə, hakimiyyətlə müxalifətin fəaliyyətinə beynəlxalq qüvvələrin təsirini əlçatan etmiş, digər tərəfdən ayrı-ayrı dövlətlərin hegemonluq cəhdlərinə qarşı dünya antisistem hərəkatının formalaşması üçün əsaslar yaratmışdır.

Demokratiyanın hələ də zəif inkişaf etdiyi ölkələrin əksəriyyətində müxalifət qüvvələri siyasi kursunu milli ideologiyaya uyğun qura bilmədiyindən situasiya nəzarətdən çıxır. Hakim komanda ilə bir araya gəlməyi arzulamır, hakimiyyətə gəlməyin yolunu yalnız “böyük dostların yardımında” görür. Elə bu düşüncə ilə də Qərbin tələsinə düşür və “imkanlı” dövlətlər tərəfindən ələ alınır, dövlətə xəyanət ruhunda davranmağa üstünlük verirlər. Belə cəhdlərin işartıları bizim ölkədə də az olmayıb və yaxşı ki, dövlətin qəti tədbirləri sayəsində vaxtında qarşısı alınıb.

Baxın, neçə illərdir, hətta ümummilli liderimiz Heydər Əliyevin prezidentliyi dönəmində belə, siyasi hakimiyyət Azərbaycanda demokratik prinsiplərin bütün atributlarının inkişaf etdirilməsi, ölkənin modernləşdirilməsinin daha da uğurla həyata keçirilməsi üçün alternativ ideyalar yaratmaq məqsədilə, məramı siyasi hakimiyyəti məhdudlaşdırmaq olan siyasi müxalifətin səmərəli fəaliyyəti üçün normal şərait yaratmaq, onlarla konstruktiv əlaqələr qurmaq təklifi ilə çıxış edir. Amma müxalifət düşərgəsində ciddi fikir ayrılıqları olduğundan bütün bu cəhdlər qarşı tərəfdən birmənalı qarşılanmır və bu günə qədər siyasi hakimiyyətin təklifi reallaşmır. 

Radikal müxalif cəbhədə olan siyasilər hələ də anlamaq istəmirlər ki, Prezident İlham Əliyevin və onun komandasının hakimiyyətdə olması sosial sifarişdir və cəmiyyətin böyük əksəriyyəti tərəfindən dəstəklənir. Bu birbaşa bütün siyasi sistemin konsolidasiyası və inteqrasiyası ilə bağlıdır. Xalqın mütləq çoxluğunun bu qərarını daim təftiş etmək və buna qarşı çıxmaq nə dərəcədə siyasi əxlaqa sığır, demək çətindir.

Bütün bunlar onu göstərir ki,  Azərbaycanda müxalifət institutu  yetkin deyil və tam formalaşmamışdır. Onların əksəriyyəti ayrı-ayrı “liderlərin” necə olur-olsun hakimiyyətə yiyələnmək  ambisiyaları əsasında fəaliyyət göstərir və bu da  onları siyasi səhnədə çox təsirsiz bir qüvvəyə çevirir. Müxalifətin ümumi zəifliyinin səbəbləri bununla bitmir  və onlardan biri də, dediyimiz kimi, konstruktiv fəaliyyət göstərmək üçün onun daxili resurslarının olmamasıdır. Ona görə də bugünkü müxalifətin fəaliyyət formulu ölkənin ümumi inkişaf səviyyəsinə uyğun olaraq bu inkişafın təməlində duran siyasi hakimiyyətlə konstruktiv əməkdaşlığa deyil, hakimiyyəti və onun qazandığı uğurları qara rəngə boyamaqla mövcud daxili siyasi sabitliyi pozmağa yönəlir.

Onlar hakimiyyətə gəlməyin yolunu dinc və sivil yolda, demokratik seçkilərdə yox, yalnız üsyanda, inqilabda görürlər. Anlamırlar ki, həmin o inqilablar  hansı rəngdə olmasına baxmayaraq, Yaxın Şərqdə milyonlarla insanın səfil həyat sürməsinə, dağıntılara, aclıq və səfalətə gətirib çıxarmış,  siyasətin  rənginə belə bulaşmayan minlərlə dinc sakini amansız müharibənin qurbanına çevirmişdir.

Əslində, müxalifətin ən böyük problemi həm də ondadır ki, o bugünkü hakimiyyətə qarşı güclü bir sosial-iqtisadi proqramla çıxış edə, belə bir proqramı  hazırlaya bilmir. Digər tərəfdən, son iki onillikdə  müşahidələr göstərir ki, indiyə qədər müxalifət partiyaları arasında birləşmək mövzusu və şüarı altında aparılan bütün müzakirələr partiyaların parçalanması ilə nəticələnib. Bu da onların istər parlament seçkilərində, istərsə də prezident seçkilərində iflasına gətirib çıxarmışdır. Onlar isə əksinə, özlərinin  məğlubiyyətlərini ölkədə,  guya, “demokratik seçkilərin keçirilməməsi” kimi populist çıxışları ilə pərdələməyə çalışırlar. Xarici analitiklərdən biri yazır ki, Azərbaycanda müxalifət qüvvələri üçün normal daxili siyasi ab-hava olsa da, onlar seçkilərdə hələ də bir uğur əldə edə bilməmişlər. “Seçkiqabağı kampaniyada mütəşəkkilliyin olmaması, fəaliyyət strategiyasında ciddi səhvlər və özünə güvənmələr, həmrəyliyin və birliyin olmaması müxalifət nümayəndələrinə nəinki yetərli, heç müzakirə mövzusu ola biləcək səs toplamağa belə imkan verməmişdir. Hakim partiya isə daha  monolit və həmrəy, qələbəyə daha motivasiyalıdır və məqsədlərinə də nail olur”.

Müxalifət rəhbərlərinin əksəriyyəti Azərbaycan Xalq Cəbhəsinin köynəyindən çıxmış insanlardır. Onlardan bir çoxu təkcə hakimiyyətə deyil, həm də özlərinin keçmiş həmkarlarına -müxalifət partiyaları olan “Müsavat”dan və Azərbaycan Xalq Cəbhəsi Partiyasından olanlara qarşı rəqib kimi çıxış edirlər. Vəziyyəti gərginləşdirən amillərdən biri də qatı radikal müxalifətçilərin belə, bu günə qədər ümumi bir fəaliyyət platforması işləyib hazırlaya bilməməsi,  əksinə, bir-birilərini hakimiyyətlə əlaqələrdə günahlandıraraq daim münaqişədə olmalarıdır.

Əcəba, belə olan halda onlar necə hakimiyyətə gəlməyi düşünürlər və hakimiyyətə gələcəkləri təqdirdə, ölkəni necə idarə edə, xalqın həmrəyliyinə necə nail ola biləcəklər?!

Şəmsəddin ƏLİYEV,
hüquqşünas


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında