NATO-Rusiya yaxınlaşması Azərbaycanın da maraqlarına cavab verir
Ötən həftənin şənbə günü NATO-nun Lissabon şəhərində keçirilən zirvə sammitində tarixi hadisə baş verdi. Alyans qəbul etdiyi yeni strateji konsepsiyada bəyan etdi ki, NATO Rusiya Federasiyası üçün təhlükə daşımır və rəsmi Moskva ilə strateji tərəfdaşlıq münasibətləri qurmağa hazırdır. Ən əsası, sammitdə bir daha ərazi bütövlüyü prinsipinə üstünlük verildiyi açıqlandı və münaqişələrin sülh yolu ilə tənzimlənməsinə vurğu- landı. Alyansın son bəyanatını Azərbaycan diplomatiyasının qələbəsi, Serj Sarkisyan komandasınasa göndərilmiş ciddi mesaj kimi qiymətləndirmək olar.
Beləliklə, NATO yeni strateji konsepsiya qəbul etdi. Konsepsiyada qeyd edilir ki, NATO-nun məqsədi nüvə silahı olmayan dünyanın formalaşdırılmasına çalışmaqdır, lakin dünya hələlik belə bir mənzərəyə sahib deyil və buna görə də alyans fəaliyyətini davam etdirəcək. Adi silahlarla geniş miqyaslı müharibənin baş vermə ehtimalının az olduğu vurğulanan sənəddə başlıca təhlükələr kimi kütləvi qırğın silahlarının yayılması, terror, kiberhücum, enerji daşıyıcılarının daşınmasının pozulması göstərilir. İqlimin kəskin dəyişməsi və təbii fəlakətlər də təhlükələr sırasındadır. Alyans bu növ təhlükələrə qarşı da mübarizə aparacağını vurğuladı.
Bundan başqa, NATO xaricindəki regionlarda böhran və silahlı münaqişələr alyans üzvlərinə təhlükə törədə bilər, buna görə də, təşkilat qarşısı alınmayacağı təqdirdə, belə münaqişələri həll etmək məqsədilə qaynar bölgəyə müdaxilə etmək hüququnu özündə saxladığını bildirdi. Sənəddə həmçinin qeyd olunur ki, NATO-nun qapıları alyansa daxil olmaq istəyən demokratik ölkələrin üzünə açıqdır. Bildirilir ki, Vaşinqton müqaviləsinin 5-ci maddəsi hələ də qüvvədədir və avroatlantik həmrəylik güçünü saxlayacaq. Konsepsiyada Avropa ordusunun yaradılması ideyası alqışlansa da, təkrarçılığa yol verilməməsi də tövsiyə olunur. Ukrayna və Gürcüstan ilə bağlı 2008-ci ildə Buxarestdə qəbul olunmuş qərarın da qüvvədə olduğu vurğulanır. Yəni adı çəkilən ölkələrin alyansa qəbul olunmaları ideyası rəfə qaldırılmır.
Amma sammitin ən yadda qalan hadisəsi NATO-Rusiya arasında aparılan konstruktiv dialoqun baş tutması oldu. Daha dəqiq desək, NATO-nun yeni qəbul olunmuş konsepsiyasında rəsmən bəyan edildi ki, Şimali Atlantika bloku Rusiyaya təhlükə törətmir və NATO rəsmi Moskva ilə strateji tərəfdaşlıq münasibətlərinin yaradılmasında maraqlıdır. Bundan başqa, NATO rəhbərliyinin və Rusiya Prezidenti Dmitri Medvedevin imzaladığı "XXI əsrin ümumi təhditlərinin birgə icmalı" adlı vacib sənəddə göstərilmiş təhlükələrə münasibətdə baxışların tam üst-üstə düşdüyü də bildirilir. Həmin təhlükələrin siyahısına Əfqanıstan, dəniz quldurluğu, həyati vacib infrastrukturun müdafiə olunması, həmçinin kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması daxildir.
Bundan başqa, sammitdə Rusiya tərəfinin avropalılara maraqlı təklif irəli sürdüyü də məlum oldu. Söhbət raket əleyhinə müdafiənin sektoral sistemindən gedir. Rusiya mətbuatı yazır ki, rəsmi Moskva kənara istiqamətlənmiş raket əleyhinə müdafiə sisteminin və havadan müdafiə sisteminin elementlərini özündə birləşdirən vahid raket əleyhinə perimetr yaradılmasını təklif edir. Rusiyanın təklifini qısaca belə izah etmək olar: rəsmi Moskva Rusiya ərazisindən keçən və Avropaya uçan istənilən raket qəlibini vurmağa hazırdır. Yəni rəsmi Moskva Rusiyanın qərb hissəsində yerləşən ölkələri müdafiə etməyə hazır olduğunu bildirir. Amma bunun üçün Avropa da Rusiyaya tuşlanmış istənilən raket qəlibini vurmağa hazır olduğunu açıqlamalıdı. Rusiya tərəfi düşünür ki, belə qarşılıqlı əməkdaşlıq Rusiya və NATO raketlərinin dövlət sərhədləri çərçivəsindən kənarda və daxilində kəsişə bilər. Belə bir təklifin aktuallığı onunla izah olunur ki, hələlik nə NATO, nə də Rusiya raket əleyhinə müdafiə sistemləri üzərində nəzarəti bölüşməyə hazırdır. Amma radar sistemlərinin, sensorların və raketlərin kənar məkana istiqamətlənməsi qarşılıqlı inamı artırar. Şimal qonşumuzun mətbuat orqanları yazır ki, NATO Rusiya tərəfinin yeni təklifini müzakirə etməyə hazırdır. Xəbər verilir ki, artıq dekabr ayında tərəflər yeni təklifin detallarını ətraflı müzakirə etməyə başlayacaqlar.
Beləliklə, NATO ilə Rusiya 2008-ci ildə Gürcüstanda baş vermiş hadisələr üzündən "dondurulmuş" münasibətlərini yenidən dinamik müstəviyə çıxarmağa hazır olduqlarını göstərdilər. Tərəflər yaranmış imkandan maksimum faydalanmağı düşünürlər. ABŞ Prezidenti Barak Obamanın Portuqaliyada dediyi sözlər belə düşünməyə əsas verir: "İki illik fasilədən sonra mənim dostum və tərəfdaşım Prezident Medvedev NATO-Rusiya sammitində iştirak etdi. Biz Rusiya və ABŞ münasibətlərini yenidən yüksəltməyə nail olduq, indi isə Rusiya və NATO münasibətlərini yenidən yüksəltdik". Rusiya lideri də sammitin nəticələrindən razı qaldığını gizlətmədi: "Soyuq və iddialar dövrü başa çatdı. Biz gələcəyə nikbinliklə baxırıq və bütün istiqamətlərdə münasibətlərimizi inkişaf etdirməyə çalışırıq. Ümid edirəm, yanaşmalarımızın bütün mövqelərdə yaxınlaşması davam edəcək".
Lissabon sammitinin NATO-Rusiya münasibətlərini keyfiyyətcə yeni müstəviyə çıxaracağını qarşıdakı ildə öyrənə biləcəyik. Amma istənilən halda NATO-Rusiya yaxınlaşması beynəlxalq təhlükəsizliyin möhkəmlənməsi, o cümlədən Cənubi Qafqaz regionunda cərəyan edən proseslərə müsbət təsir göstərməsi baxımından əhəmiyyətli hadisədir. Onun regionda siyasi və iqtisadi inkişaf proseslərinə müsbət təsirini göstərən Azərbaycan üçün də önəmi böyükdür. Ən əsası, NATO-Rusiya yaxınlaşmasının fonunda Lissabon sammitində bir daha ərazi bütövlüyü prinsipinin önəmliyi önə çıxarıldı. NATO-nun zivə toplaşında qəbul edilmiş bəyannamənin 35-ci maddəsində qeyd olundu ki, Avratlantik məkanda sülhün bərqərar olunması məqsədimiz naminə, Cənubi Qafqazda və Moldova Respublikasında uzadılmış regional münaqişələrin təkidlə davam etməsi alyans üçün ciddi narahatlıq doğuran məsələ olaraq qalır. Münaqişə tərəflərini problemi sülh yolu ilə tənzimləməyə çağıran NATO üzvləri regional təhlükəsizliyə və sabitliyə xələl gətirən addımlardan çəkinməyi də tövsiyə edirlər. "Biz Azərbaycan, Gürcüstan, Ermənistan və Moldovanın ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə dəstəyimizə sadiq qalırıq",-vurğulanan bəyannamədə daha sonra qeyd olunur ki, alyans regional münaqişələrin ərazi bütövlüyü, müstəqillik və suverenlik prinsipləri nəzərə alınmaqla sülh yolu ilə həll edilməsi naminə göstərilən səyləri dəstəkləməkdə davam edəcək.
Göründüyü kimi, dünyanın ən böyük və ən güclü hərbi təşkilatı bir daha Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini açıqladı. Qeyd etmək vacibdir ki, bəyannamədə ərazi bütövlüyü məsələsinin salınması Ermənistan tərəfinin böyük narazılığına səbəb olmuşdu. Hətta ermənilərin başçısı Serj Sarkisyan sammitə qatılmaqdan imtina etdi. Xatırladaq ki, ermənilər NATO-nun qəbul etdiyi sənədlərdə ərazi bütövlüyü məsələsinin salınmaması üçün alyansa təsir göstərməyə çalışırlar. Hətta bu ilin may ayında Brüsselə səfər edən Ermənistan prezidenti Serj Sarkisyan NATO rəhbəri Anders Foq Rasmussenlə görüş zamanı alyansın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməməyi açıq şəklidə tələb etmişdi. Amma ermənilərin bütün səylərinə baxmayaraq, NATO Lissabon sammitində bir daha bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bunu Azərbaycan diplomatiyasının qələbəsi, ermənilərinsə açı məğlubiyyəti kimi qiymətləndirmək olar. Qeyd etmək yerinə düşərdi ki, NATO-nun 1994, 2006, 2008 və 2009-cu illərdə keçirilmiş sammitlərində də ölkəmizin ərazi bütövlüyünün dəstəkləndiyi elan edilmişdi.
{nl}
Səbuhi MƏMMƏDOV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.