Azərbaycan-Ermənistan qoşunları arasında cəbhədə baş verən aprel döyüşlərindən sonra tərəflərin razılığa gələrək danışıqları davam etdirəcəyi sual doğururdu. Əgər Ermənistan buna qədər danışıqlarda qeyri-konstruktiv mövqeyini davam etdirirdisə, aprel ayının əvvəllərində təmas xətti boyu ermənilərin törətdikləri təxribatların qarşısının qətiyyətlə alınması və işğal altında olan ərazilərin kiçik bir qisminin geri qaytarılmasından sonra hərbi xunta beynəlxalq birliyi və o cümlədən, Azərbaycanı danışıqlara son qoyacağı ilə hədələməyə başladı. Bundan əlavə, düşmən ölkə növbəti dəfə Dağlıq Qarabağda yaradılan qondarma rejimin "müstəqilliyi"ni tanıyacağını, eləcə də nüvə silahı əldə edəcəklərini bildirərək vəziyyətini daha da qəlizləşdirdi. Nəticədə, vasitəçi dövlətlərin qəzəbinə tuş gələn Ermənistan mayın 16-da Vyanada danışıqlar masasına oturduldu. Bu, işğalçı ölkə rəhbəri Serj Sarkisyanın zəif iradəli olması ilə bərabər siyasi səbatsızlığının da göstəricisi sayıla bilər.
Sarkisyandan fərqli olaraq dünya siyasi arenasında xüsusi nüfuza malik Prezident İlham Əliyevin dəfələrlə danışıqlar xatirinə danışıqlar masasına əyləşməyəcəyini bəyan etdiyini nəzərə alsaq, ölkə başçısının Vyana danışıqlarına razılıq verməsi görüşün gündəmində olan mövzuların münaqişənin həllində müsbət irəliləyişlərə yol açacağına işarə edirdi. Gözlənildiyi kimi, Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşü bir sıra pozitiv məqamlarla yadda qaldı. Əvvəlki görüşlərdən fərqli olaraq, bu dəfə danışıqlarda ABŞ dövlət katibi Con Kerri, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov, Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Desir, ATƏT-in Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik, İqor Popov və Pyer Endryu, eləcə də ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik iştirak etdilər. Bu, aprel döyüşlərindən sonra vasitəçilərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində aktivləşdiklərini, məsələyə daha ciddi yanaşdıqlarını göstərir.
ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin rəsmi nümayəndə heyətlərinin iştirakı ilə aparılan danışıqlarda Ermənistanın ciddi səylərinə və müqavimətinə baxmayaraq, Azərbaycan Ordusunun 2-5 aprel tarixlərində 2000 hektardan çox ərazini işğaldan azad etməsi beynəlxalq birlik tərəfindən qəbul olundu. Artıq Ermənistan və ATƏT-in Minsk Qrupuna üzv dövlətlər anladılar ki, mövcud status-kvonun zaman limiti bitib, danışıqları uzatmaqla Azərbaycan dövlətini işğal faktı ilə barışmağa məcbur etmək mümkün olmayacaq.
İyunun 20-də isə Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Vyana danışıqlarında razılaşdırıldığı kimi, Ermənistan və Azərbaycan prezidentlərinin növbəti görüşü keçirilib. Rəsmi Bakı görüşün nəticələrini müsbət qiymətləndirir. Bildirilir ki, münaqişənin tənzimlənməsində Azərbaycanın uzun illərdir davamlı şəkildə irəli sürdüyü mərhələli həll variantına üstünlük verilib. Mərhələli həll variantı atəşkəsin tam təmin olunmasını, işğal altında olan torpaqların Azərbaycana qaytarılmasını, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasını və gələcəkdə Dağlıq Qarabağın statusu ilə bağlı referendum keçirilməsini nəzərdə tutur.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Sahib Alıyev bildirib ki, Sankt-Peterburq danışıqlarının nəticəsi olaraq problemin həllində əhəmiyyətli irəliləyiş baş verməyib: "Ancaq prezidentlərin birgə bəyanatının özü, orada görüşlərin bu formatda davam etdiriləcəyinin anons olunması, xarici işlər naziri Elmar Məmmədyarovun danışıqların konsrtuktiv keçdiyini vurğulaması, onun substantiv xarakter daşıması yaxın gələcəkdə belə bir irəliləyişin mümkünlüyünü və ortalıqda hansısa planın varlığını göstərir".
Deputat qeyd edib ki, cəbhədə beynəlxalq müşahidəçilərin sayının artırılmasına razılıq verilməsi isə o deməkdir ki, erməni tərəfin aprel döyüşlərində itirdikləri torpaqları geri qaytaracaqları haqqında səsləndirdikləri gurultulu vədlərin üstündən artıq möhkəm bir xətt çəkilib: "Bunun mümkünsüzlüyü onlara başa salınıb. Müşahidəçilərin sayının artırılması, eyni zamanda, həm də o deməkdir ki, Azərbaycan apreldə yaşananlarla üzləşməmələri, məsələnin sülh yolu ilə çözümü üçün ermənilərə qısa müddətli bir şans verir. Torpaqların azad edilməsi yönündə bundan sonra da əhəmiyyətli addımlar atılmadığı təqdirdə, erməni havadarlarının deməyə daha sözləri qalmayacaq. Deməyə söz qalmayanda ordu nə etməli olduğunu bilir".
Yeni Azərbaycan Partiyasının siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə qeyd edib ki, Sankt-Peterburqda baş tutan görüşü əvvəlkilərdən fərqləndirən cəhət orada həmsədr dövlətlərdən birinin prezidentinin iştirak etməsi olub: "Buna qədər görüşlərdə bir dəfə ABŞ, bir dəfə də Fransanın prezidenti iştirak edib. Lakin görüşdə Rusiya prezidentinin iştirakı danışıqlara yeni siyasi güc verirdi. Hesab edirəm ki, artıq danışıqlarda iştirak etməklə Rusiya məsuliyyətin bir hissəsini öz üzərinə götürmüş olub".
Deputat bildirib ki, görüşün əsas nəticələrindən biri bundan sonrakı görüşlərdə Rusiya Prezidentinin iştirak etməsi ilə bağlı razılığa gəlinməsidir: "Bu razılıq Ermənistanın danışıqlarda əldə edilən nəticələrdən bundan sonrakı görüşlərdə imtina etməməsinə imkan verəcək. Azərbaycan görüşdən əvvəl Ermənistan ordusunun işğal edilmiş torpaqlardan çıxarılması məsələsini əsas prinsip olduğunu bildirdi. Görüşdən sonra Azərbaycanın xarici işlər nazirinin görüşün uğurlu keçməsi ilə bağlı bəyanatı onu göstərir ki, ölkəmizin əsas tələbi yenə də gündəmdədir və danışıqlar bundan kənara çıxa bilməz".
A.Mirzəzadə vurğulayıb ki, danışıqların davam etdirilməsi və bu danışıqların bir neçə formatda olması, eləcə də xarici işlər nazirlərinin görüşünün təşkil edilməsi ilə bağlı əldə olunan razılıqlar bu görüşün əsas siyasi nəticələri hesab edilə bilər: "Ümumiyyətlə, aprel hadisələrindən sonra Dağlıq Qarabağla bağlı məsələdə yeni səhifə açıldı. Artıq Ermənistan bütün sahələrdə, o cümlədən də ordumuzun güclü olduğunu bəyan edir. Düşmən ölkə Moskvaya və digər paytaxtlara daha aciz vəziyyətə düşməmək üçün yalvarmağa başlayıb. Ölkəmizin ərazi bütövlüyü məsələsi artıq bütün dünya tərəfindən ciddi şəkildə qəbul edilir. Sankt-Peterburq görüşünün olması bir daha Azərbaycanın ancaq nəticə olacaqsa görüşlərə gedəcəyi barəsindəki bəyanatlarını təsdiq etdi. Yox, əgər Ermənistan əvvəlki kimi danışıqları pozmaq mövqeyində qalacaqsa, əlbəttə ki Azərbaycan özünün sonrakı addımlarını ciddi şəkildə düşünməli olacaq".
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu isə bildirib ki, Putin əvvəlki görüşlərdən fərqli olaraq bu danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində daha dinamik mövqe nümayiş etdirib: "Rusiya Prezidenti Sarkisyana başa salıb ki, münaqişəni uzatmaq mümkün deyil. Yəni, Dağlıq Qarabağ münqişəsi tənzimlənməlidir. Proses Putinin planı üzrə həllini tapmalıdır. Birincisi ətraf yeddi rayon Azərbaycana qaytarılır, ikincisi Azərbaycan Ermənistana kommunikasiya xətti açır, üçüncüsü qaçqınlar doğma yurdlarına qaytarılır, dördüncüsündə isə Dağlıq Qarabağın azərbaycanlı və erməni əhalisi statusu müəyyənləşdirmək üçün dialoqa başlayırlar".
Politoloq qeyd edib ki, mərhələli həll planı üzrə Dağlıq Qarabağ münaqişəsi tənzimlənməlidir: "Sankt-Peterburq görüşündə bu məsələ razılaşdırılıb. Sarkisyan buna razılığını verib. İndi Ermənistan prezidenti müəyyən bir dövr fasilə götürüb. Yaxın vaxtlarda biz görəcəyik ki, o razılığa necə əməl edəcək".
Görüşü ümumilikdə müsbət qiymətləndirən M.Əhmədoğlu vurğulayıb ki, Rusiya Prezidenti Putinin qətiyyətini gördükdən sonra Kremlin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindəki roluna inamı daha da artıb.
Sarkisyanın Dağlıq Qarabağa səfər etməsi haqqında yayılan məlumatlara münasibət bildirən mərkəz sədri qeyd edib ki, Ermənistan prezidentinin atdığı hər addımı əldə olunan razılığı pozma cəhdi kimi qəbul etməməliyik: "Çünki Sarkisyanın işğalı davam etdirməyə gücü yoxdur".
Azərbaycan Sankt-Peterburq görüşünün detallarını açıqladıqdan sonra Ermənistan tərəfi mərhələli həll variantına üstünlük verildiyini inkar etsə də, artıq işğalçı ölkənin ayrı-ayrı dairələrində bu, öz təsdiqini tapır. Bu mənada, Qarabağ üzrə erməni ekspert Tatul Alopyanın rəhbərlik elədiyi ANİ Tədqiqat Mərkəzi Neva sahillərində baş tutan danışıqlarda prezidentlərin mərhələli həll varinatı üzərində razılaşdığını bildirib.
Heç şübhəsiz ki, aprel ayında Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində müşahidə olunan gərginlik və Azərbaycan Ordusunun mühüm uğuru Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bu vəziyyətin yaranmasını şərtləndirib. Yeni reallıq Azərbaycan Prezidentinin münaqişənin beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həlli istiqamətində həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir.
Cəbhədə baş verən son döyüşlərdə Ermənistan ordusunun yaşayış məntəqələrini, mülki əhalini hədəfə alması, xəstəxanaları, məktəbləri, əkin sahələrini bombardman etməsi, eləcə də dinc sakinlərə qarşı beynəlxalq konvensiyalarla qadağan edilmiş silahlardan, o cümlədən, kimyəvi silahdan istifadə etməsi bilavasitə işğalçı ölkənin gücünü deyil, acizliyini göstərməklə bərabər, onların əleyhinə işləyən addımlar oldu. Çünki bu faktlar vaxtında təsbit edilərək dəfələrlə beynəlxalq ictimaiyyətin, ATƏT üzvü olan dövlətlərin nəzərinə çatdırıldı.
Ümumilikdə, Dağlıq Qarabağ ətrafında baş verən hadisələri işıqlandırmaq üçün bölgəyə səfər edən xarici media mənsublarının gözü ilə bütün dünya ictimaiyyəti şahidi oldu ki, Ermənistanın təxribatlarına qarşı Azərbaycan düşmənin hərbi obyektlərini hədəfə almaqla cavab verir. Son aprel hadisələri zamanı da ordumuzun qarşısına qoyulmuş tələblərdən biri də Dağlıq Qarabağda yaşayan mülki əhalinin hədəfə alınmaması ilə bağlı idi.
Ona görə də ekspertlərin gəldikləri qənaət belədir ki, Vyana və Sankt-Peterburq danışıqları aprelin əvvəllərində Azərbaycan ordusunun zəfərinin diplomatiya sahəsində davamı kimi dəyərləndirilməlidir. Əldə edilmiş hərbi və diplomatik üstünlük Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyini gücləndirir və münaqişənin beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həlli üçün ciddi zəmin yaradır.
Nəriman HƏSƏNOV
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.