Bu yarışın auditoriyası dünyada yarım milyard insandır. Yarım milyard insan görəcək ki, dünyada belə bir gözəl ölkə, gözəl memarlıq abidələri olan, səliqəli, müasir bir şəhər var – Bakı şəhəri.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan daha bir mötəbər idman yarışını yüksək səviyyədə başa çatdırdı. Dünyanın ən nüfuzlu idman yarışlarından biri olan “Formula-1" Avropa Qran-prisinin həyəcanlı anlarını yaşadıq. Dünyanın diqqəti yenə də Azərbaycana yönəlmişdi. Ölkəmizdə ilk dəfə keçirilən bu yarış tamaşaçılar üçün əsl idman bayramına çevrilmişdi. Böyük maraqla izlənilən yarış başa çatsa da, hələ də bu çətin idman növünün xoş təəssüratlarından ayrılmaq mümkün deyil. Yarışı izləməyə gəlmiş xarici turistlər də bunu təsdiqləyirlər. Onların əksəriyyəti hələ də Bakıdan ayrıla bilmədiklərini etiraf edir.
Belə mötəbər, bahalı və elitar idman yarışının keçirilməsinin Azərbaycana həvalə olunması heç də təsadüfi deyil. Bu, ölkəmizin qazandığı uğurların dünya birliyi tərəfindən tanınmasının məntiqi nəticəsi idi. Ölkəmizdə bərqərar olan sabitlik, iqtisadi tərəqqi, sosial potensial, getdikcə artan reytinq, hamı üçün zəruri olan təhlükəsizlik “Formula-1” Avropa Qran-prisinin Azərbaycanda keçirilməsinə zəmin yaratdı. Artıq dünya birliyinə də məlumdur ki, Azərbaycanda sarsılmaz ”Prezident-xalq" birliyi, multikultural ənənələr, tolerantlıq və zəngin mədəniyyətlə yaradılan infrastruktur mövcuddur. Bütün bunlar respublikamızı ideal məkana çevirən səbəblərdəndir. Bundan əlavə, bir il əvvəl ilk Avropa Oyunlarını möhtəşəm keçirərək, idman tarixinə yeni bir səhifə yazan Azərbaycanın “Formula-1" Avropa Qran-prisinə yüksək səviyyədə ev sahibliyi edəcəyi beynəlxalq aləmdə böyük inam yaratmışdı.
Ölkəmizin beynəlxalq aləmdə reytinqinin sürətlə artması, təbii ki, antiazərbaycan qüvvələrin və ermənipərəst dairələrin, həmçinin onların əllərində alətə çevrilmiş adını müxalifət qoyan “sapı özümüzdən olan baltaların” kürkünə birə salıb. Neçə illərdir şahidi oluruq ki, hər dəfə Azərbaycanda beynəxalq əhəmiyyətli mötəbər tədbirlər keçiriləndə həmin antiazərbaycan dairələr min-bir fitnə-fəsadla tədbirin keçirilməsinə mane olmağa çalışırlar. Lakin arzuları elə ürəklərindəcə qalır. Diqqətinizə çatdırmaq istərdik ki, ölkəmizdə prezident və parlament seçkiləri, “Eurovision” mahnı müsabiqəsi, ilk Avropa Oyunları, Humanitar forumlar, habelə digər əhəmiyyətli tədbirlər keçirilən ərəfədə erməni lobbisinin təsiri altında olan bəzi beynəlxalq təşkilatlar Azərbaycana qarşı qarayaxma kampaniyasına başlayır, ölkəmiz barədə həqiqətdən uzaq, ədalətsiz, yalan və iftira ilə dolu hesabatlar hazırlayır, bunula da beynəlxalq aləmdə mənfi rəy formalaşdırmağa çalışırlar. Qərəzli və böhtançıların əsas bəhanələri isə guya Azərbaycanda insan hüquq və azadlıqlarının pozulması, jurnalistlərin, hüquq müdafiəçilərinin təqib olunması, azad sözə, müstəqil mətbuata süni əngəllər törədilməsi olur. Belə ünsürlərin əsas məqsədi Azərbaycanı öz müstəqil siyasi xəttindən döndərmək, ölkəmizlə hədə dilində danışaraq, bizi nəyəsə məcbur etməkdir. Lakin bütün bu cəhdlər son anda iflasa uğrayır.
Göründüyü kimi, heç bir kənar qüvvə və yad təsir Azərbaycanı, onun Prezidentini öz yolundan, mövqeyindən, milli və dövlətçilik maraqlarına söykənən xarici siyasət kursundan döndərə bilməz. Zaman-zaman şahidi olmuşuq ki, Azərbaycan bu barədə qətiyyətli mövqeyini həmişə ortaya qoyub.
“Formula-1" kimi çətin, şərəfli və bahalı Avropa Qran-prisinin ölkəmizdə keçirilməsi xəbəri bu dəfə də bəzi qərəzli beynəlxalq təşkilatların övqatını əməlli-başlı korladı. Axı, Azərbaycanın dünya birliyndə reytinqinin bu səviyyədə yüksəlməsini həzm edə bilmirlər. Ona görə də bu yarışın başlanması ərəfəsində yenə də öz təxribat maşınlarını işə salaraq, yalan və iftiralar yağdırmağa başladılar. Bu dəfə də tutarlı fakt tapa bilmədiklərindən köhnə “bayatıya” – insan hüquq və azadlıqlarının qorunmasına əl atdılar.
Özlərini beynəlxalq aləmdə insan hüquq və azadlıqlarının müdafiəçisi kimi göstərən, əslində, bütün fəaliyyətləri insan haqlarının pozulması ilə müşahidə olunan “Amnesty İnternational”, “Transparency İnternational”, “Human Rights Watch”, “Freedom House” təşkilatlarının erməni lobbisinin və bəzi dövlətlərin əlində alət olduğu sirr deyil. Qərbin və Avropanın bəzi iri dövlətləri bu cür qərəzli və muzdlu təşkilatlardan bir sıra müstəqil ölkələrə təzyiq vasitəsi kimi istifadə edir, insan hüquqları adı altında öz çirkin maraqlarının təmin edilməsini, həmin ölkələri təsir altına salmaq, ondan nələrisə qopartmaq üçün yararlanırlar. Belə oyuncaq təşkilatlar əsl hüququ pozulanlarla bağlı susur, qərəzli bəyanatlarla inkişaf etmiş gənc müstəqil dövlətləri təhdid edirlər. Məsələn, bu təşkilatlar Ermənistanın deportasiyasına məruz qalmış, hüquqları kobud şəkildə pozulmuş bir milyondan artıq azərbaycanlının taleyi ilə maraqlanmır, Şərq ölkələrində törədilmiş müharibələrdə qətlə yetirilmiş minlərlə insan haqqında danışmırlar. Ancaq Azərbaycan haqqında böhtan və yalanlar uydurmaqdan isə usanmırlar.
“Formula-1" Avropa Qran-prisi başlanan ərəfədə “Human Rights Watch” və “Freedom House” təşkilatlarının bu yarışa gələnlərə müraciətləri, idman yarışını siyasiləşdirmək cəhdləri və yarışın baş tutmaması üçün min bir oyundan çıxmaları idman həvəskarında ikrah hissi yaratmışdı. Böyük Britaniyadan yarışı izləməyə gəlmiş Steve və Sal Jarvislərlə söhbət zamanı onlar hər iki beynəlxalq təşkilatı belə müraciələrinə görə qınadı və bildirdilər ki, idman yarışlarını siyasiləşdirmək paxıllıqdan irəli gəlir. Onlar yarışın yüksək səviyyədə keçdiyini bildirdilər və insan hqalarının pozulmasının bu yarışa heç bir aidiyyətinin olmadığını dedilər. Belə iradları digər turistlər də bildirdilər.
“Formula 1” Avropa Qran-pri yarışları öncəsində ”Freedom House" təşkilatı yarışlarda iştirak etməkdən ötrü Bakıya səfər edənləri hökumətin siyasətinə diqqət yetirməyə çağırıb: “Biz Bakıya gedən jurnalistləri, korporativ sponsorları yarışların parıltısı arxasında 80-dən çox siyasi fəal, insan haqları müdafiəçisi və müxbirlərin əsassız həbsi daxil olmaqla, hökumətin repressiv siyasətinə diqqət yetirməyə çağırırıq”.
“Human Rights Watch” təşkilatı da öz qərəzini böhtan və iftiraları ilə ortaya qoymuşdur. Bu təşkilatlar sıralarını genişləndirmək üçün Hüquqlar Uğrunda İdman Koalisiyası adlı bir təşkilatı da tapıb öz səviyyələrinə endiriblər. Azərbaycanda siyasi məhbusların olduğunu, guya jurnalistlərin, hüquq müdafiəçilərinin həbs olunmalarını əsas gətirərək müxtəlif bəyanatlar yayırlar. Ancaq, nədənsə, həmin ərəfədə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə parlamentdə qəbul olunmuş “Amnistiya aktı haqqında” Qanundan danışmırlar. Axı həmin humanist sənəd 10 min nəfərə şamil olunacaq, o cümlədən 3500 nəfər azadlıqdan məhrumetmə cəzasından azad ediləcəkdi.
Gözlənildiyi kimi, amnistiya aktı “Formula-1" yarışının başlanmasından iki gün əvvəl-iyunun 15-dən tətbiq olundu. Ümumilikdə, bu günə qədər Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təqdim olunan amnistiya aktları əsasında 40 min nəfərdən çox şəxs azadlığa qovuşub, cəzaları aradan qaldırılıb. Qeyd edək ki, indiki amnistiya aktına qədər Azərbaycanda bu yöndə 10 qərar qəbul olunub. 7 amnistiya aktı ümummilli lider Heydər Əliyevin prezidentliyi dövründə qəbul edilib.
Bütövlükdə isə, ölkəmizdə qəbul olunmuş amnistiya aktları 110 min insanı əhatə edir. Bununla yanaşı, həm ulu öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev tərəfindən milli və dövlət bayramları ərəfəsində 61 əfv sərəncamı imzalanıb. Bu humanist aksiya nəticəsində on minlərlə məhkum olunmuş insan cəzalarının çəkilməyən hissəsindən azad edilərək, ailələrinə qovuşub. Görünür, erməni lobbisinin çirkli pulları “Human Rights Watch” və “Freedom House” təşkilatlarının rəhbərlərinin gözlərini necə tutubsa, dünyanın heç bir ölkəsində olmayan belə bir humanist addımı bu vaxta qədər görməyiblər. Təbii ki, belə xeyirxahlığı görməmək siyasi korluqdur.
Hazırda dünyanın nüfuzlu beynəlxalq təşkilatları Azərbaycanda insan hüquq və azadlıqlarının yüksək səviyyədə müdafiəsindən razılıq edirlər. Elə “Formula-1" yarışlarının sahibi Berni Ekklstoun da bu fikirdədir. O, Azərbaycanda səfərdə olarkən ölkəmizin ev sahibliyi etdiyi bu yarışla bağlı görülən hazırlıq işlərini yüksək qiymətləndirmiş və xarici jurnalistlərin Azərbaycanda insan haqlarının vəziyyəti barədə sualı cavablandırarkən demişdir ki, mən bu məsələ ilə bağlı heç bir problemlə rastlaşmamışam: “Azərbaycanda insan haqları ilə bağlı situasiya? Mənim vicdanım yüz faiz təmizdir".
“Formula-1" rəhbəri Bakı Qran-prisinin təşkilatçılarının siyasətini dəstəklədiyini deyib: “Nə vaxt məndən soruşanda ki, insan haqları nədir, biz baxmalıyıq ki, o, nə vaxt və harada tətbiq olunur. Kimsə bilir ki, insan haqları doğrudan da nədir? Dünyada bir çox insan aclıq çəkir, onların nədənsə şikayətlənməyə haqları var".
“Formula-1" rəhbəri deyib ki, yarışların Bakıda keçirilməsinə dair qərar verəndə çoxları onu dəli hesab edirdi. Ancaq, indi göründüyü kimi, Bakının qədim hissəsi ilə müasir hissəsini birləşdirən əla tras yaradılıb. Belə görünür ki, hər şey yaxşı alınıb.
“Formula-1" rəhbəri Berni Ekklstounun cavabı qərəzli beynəlxalq təşkilatlara tutarlı zərbə olub. Bu cavabdan sonra “Human Rights Watch" təşkilatının rəhbəri özünü anormal adam kimi aparıb. Ona elə gəlirmiş ki, “Formula-1”-in rəhbərini də öz səviyyələrinə endirə biləçək. Ancaq bu dəfə də yalanları “ayaq tuta bilmədi”.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.