Əli ƏHMƏDOV: Terrorla türk xalqının iradəsini sındırmaq mümkün deyil

İyulun 1-də Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov İstanbulun Atatürk Hava Limanında törədilmiş və çoxsaylı insanın ölümünə səbəb olmuş terror aktı ilə əlaqədar Türkiyənin Azərbaycandakı səfirliyində olub, Türkiyə xalqına başsağlığı verib.

Yeni Azərbaycan Partiyasının adından səfirlikdə terror qurbanlarının xatirəsinə əklil qoyulub.

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqunla görüşən Əli Əhmədov bu qanlı terror hadisəsinin bütün Azərbaycan xalqı kimi, Yeni Azərbaycan Partiyasının çoxminli üzvləri tərəfindən də kəskin pislənildiyini bildirib. Əli Əhmədov qeyd edib ki, Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, xalqımız Türkiyə ilə hər zaman bir yerdədir, bu gün də türk xalqının acısını böyük kədər hissi ilə bölüşür.

Səfir İsmayıl Alper Coşqun bu ağır günlərdə göstərdiyi dəstəyə görə Azərbaycan xalqına təşəkkürünü bildirib. “Türkiyədə törədilmiş terror aktlarından sonra bizimlə həmrəylik nümayiş etdirən Azərbaycan

Prezidentinə və xalqına minnətdarıq”, - deyən səfir qeyd edib ki, hər dəfə Azərbaycan dövləti və xalqı Türkiyə ilə həmrəyliyini ən güclü şəkildə nümayiş etdirib. “Prezident İlham Əliyevdən aldığımız başsağlığı məktubu, eyni zamanda, qardaş Azərbaycan xalqının göstərdiyi dəstək Türkiyə üçün güc mənbəyidir” - deyə diplomat vurğulayıb.

Sonra Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov terror aktı ilə əlaqədar Türkiyənin ölkəmizdəki səfirliyində açılmış xatirə kitabına ürək sözlərini yazıb.

Jurnalistlərə müsahibəsində Əli Əhmədov qeyd edib ki, Atatürk Hava Limanında törədilmiş qanlı terror aktı bütün Azərbaycan xalqını sarsıdıb. Hər bir Azərbaycan vətəndaşının bu hadisə ilə əlaqədar böyük kədər və hüzn içərisində olduğunu deyən YAP sədrinin müavini qeyd edib ki, dinc insanların qətlə yetirilməsi böyük bir günahdır.

“Bu cür qanlı terror hadisələrini törədənlər dərk etməlidirlər ki, terrorla günahsız insanları qətlə yetirməklə türk xalqının iradəsini sındırmaq, Türkiyə dövlətini haqq yolundan döndərmək mümkün deyil. Bu ağır günlərdə həmişə olduğu kimi, Azərbaycan dövləti və xalqı qardaş Türkiyə ilə bir yerdədir. Hər bir vətəndaşımız Türkiyənin acısını öz acısı kimi qarşılayır. Bizim qarşımızda duran vəzifə ondan ibarət olmalıdır ki, bütün dünya səylərini, gücünü birləşdirib terrora qarşı mübarizə aparmalıdır. Birgə mübarizə ilə terrorun qarşısını almaq, terrorçuların öz məqsədlərinə çatmalarına mane olmaq mümkündür. Bu gün dünyada İstanbulda törədilən bu terror hadisəsinə böyük diqqət ayrılması, hadisənin lənətlənməsi, terrora qarşı mübarizə ilə bağlı səylərin birləşdirilməsi çağırışları ondan xəbər verir ki, bəşəriyyət bütün gücünü birləşdirib terrorun kökünü birdəfəlik kəsməlidir”, - deyə Əli Əhmədov vurğulayıb.

YAP icra katibinin müavinləri - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov və YAP Nəsimi rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı ziyarətdə iştirak ediblər.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında