Son illərin uğurlu diplomatik fəaliyyəti ölkəmizə dünya miqyasında olan inam və etimadı getdikcə artırıb. Dövlətimizin başçısı tərəfindən müəyyənləşdirilən siyasi strategiya Azərbaycanın bir sıra mühüm beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməsinə də rəvac vermişdir. Dünyanın ən nüfuzlu təşkilatlarının öz tədbirlərini məhz Azərbaycanda keçirməyə üstünlük vermələri də bu siayəsətin məntiqi nəticəsidir.
Təsadüfi deyildir ki, son illər ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdə Avropanın, Amerikanın, Asiyanın, ərəb ölkələrinin tanınmış ictimai-siyasi xadimləri, bəzi tədbirlərdə, hətta keçmiş dövlət rəhbərləri, Nobel mükafatı laureatları, dünyanın tanınmış siyasətçiləri, dövlət və hökumət rəhbərləri iştirak ediblər. Bu tədbirlər ölkəmizin xarici və daxili siyasətini, mədəniyyətimizi, sivilizasiyalar və dinlərarası dialoqu, humanitar forumları, multikultural dəyərləri əhatə edib. Eyni zamanda, həmin tədbirlərdə bəşəriyyəti, bütövlükdə, cəmiyyəti narahat edən müasir dövrün problemləri günün aktual mövzusu olub. Bütün bunlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin güclənməsinin və beynəlxalq proseslərdə fəal iştirakının təzahürüdür.
Neftin kəskin uçuzlaşması fonunda dünyanı bürüyən qlobal maliyyə böhranı şəraitində ölkəmizin inkişaf tempini saxlaması, insanların həyat səviyyəsinin yüksəldilməsi üçün həyata keçirilən tədbirlərin uğurlu nəticələri və digər sahələrdə qazanılan nailiyyətlər respublikamızın dünya birliyindəki reytinqinin yüksəlməsinə təkan vermişdir. Dövlət başçısının xarici ölkələrə çoxsaylı səfərləri, beynəlxalq tədbirlərdə iştirakı, milli maraqlarımızın, dövlətçiliyimizin qorunması istiqamətində həyata keçirdiyi tədbirlər dünya birliyində ölkəmizə olan inam və etimadı daha da artırmışdır. Respublikamızın rəhbəri dəfələrlə bildirmişdir ki, neftin qiyməti aşağı düşsə də, bütün sosial problemlər vaxtında icra edilir və bundan sonra da belə davam edəcək. Çünki bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və heç bir sosial proqram ixtisar olunmayacaq. Hətta böhranlı illərdə də Azərbaycan öz inkişafından qalmamışdır. Bütün bunlar, təbii ki, daxili və xarici siyasətimizin kifayət qədər uğurlu, düşünülmüş və çoxşaxəli olmasından, dövlət başçımızın xalqımızın maraqlarına layiqincə xidmət etməsindən xəbər verir.
Ölkəmizdə keçirilən tədbirlər, xüsusilə beynəlxlaq humanitar forumları, nüfuzlu idman yarışları—ilk Avropa Oyunları, dünyanın ən elitar və ən çətin yarışı olan “Formula-1” Qran-prisi Azərbaycanı regional və beynəlxalq aləmdə öz mövqeyi ilə seçilən ölkəyə çevrimişdir. Bu da respublikamızla əməkdaşlıq etmək istəyən dövlətlərin sayının getdikcə artmasına rəvac vermişdir. Son illərin hadisələri də təsdiqləyir ki, Azərbaycan hazırda dünyada çox böyük hörmətə malik, etibarlı tərəfdaş kimi tanınır. Bu da ölkəmizin nüfuzunu getdikcə artırır. Regional məsələlərin həllində də Azərbaycanın müstəsna rola malik olması artıq beynəlxalq birlikdə də etiraf olunur. Fakt üçün deyək ki, ABŞ-ın 50 ştatının qanunvericilərini özündə birləşdirən Amerika Qanunvericilik Mübadiləsi Şurasının qətnaməsində Azərbaycanın strateji əhəmiyyəti və sürətli inkişafı öz əksini tapmışdır. Qeyd olunmuşdur ki, Azərbaycan mühüm coğrafi-siyasi əhəmiyyətə malik ölkədir. ABŞ hökuməti rəsmi Bakı ilə strateji əməkdaşlıq münasibətlərini gücləndirməli və dərinləşdirməlidir. Həmçinin bildirilir ki, ABŞ Azərbaycan kimi müttəfiqlərini dəstəkləməlidir. Bu fakt ABŞ-ın ”World Politics Review" informasiya portalında da dərc olunmuş bir məqalədə öz əksini tapmışdır. Məqalədə bildirilir ki, rəsmi Vaşinqton Bakı ilə əlaqələrinə prioritet xarakter verməli və Azərbaycanla əməkdaşlığını gücləndirməlidir: “Azərbaycan həm Avropanı enerji resursları ilə təmin edir, həm də Orta Asiyanıı enerji resurslarının Avropaya çatdırılmasında mühüm rola malikdir”. Qeyd olunur ki, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi Azərbaycanın artan nüfuzunun nəticəsi idi. Azərbaycan enerji ehtiyatlarının ixracından əldə etdiyi gəlir hesabına ölkədə səmərəli iqtisadi islahatlar həyata keçirmiş və olduqca güclü ordu yaratmışdır. Azərbaycan Ordusu istənilən anda itirilmiş torpaqları geri qaytara bilər. ABŞ Azərbaycan ilə əlaqələrini möhkəmləndirmək üçün Dağlıq Qarabağ münaqişəsinin həllində rəsmi Bakıya kömək göstərməlidir.
Göründüyü kimi, dünyanın ən güclü və inkişaf etmiş dövləti olan ABŞ-ın rəsmi dairələri, bir sıra qeyri-hökumət təşkilatları, həmçinin aparıcı informasiya portalları Azərbaycanın qazandığı uğurları yüksək qiymətləndirir və ABŞ-Azərbaycan əlaqələrinin daha da möhkəmləndirilməsinin önəmli olduğunu bildirirlər. Artıq Azərbaycan Ordusunun regionda ən güclü ordu olması beynəlxalq birliyə də məlumdur. Ölkə başçısı bu fikirləri bu il iyunun 25-də hərbçilərlə görüşündə də səsləndirmişdir: “Ordu quruculuğu prosesi təkcə maddi-texniki təminatla məhdudlaşmır. Döyüş qabiliyyəti, əsgər-zabit heyətinin mənəvi-psixoloji durumu mühüm yer tutur. Mən tam əminliklə deyə bilərəm ki, bu baxımdan Azərbaycan Ordusu güclü ordular sırasındadır.
Prezident İlham Əliyev bildirmişdir ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və aprel döyüşləri bunu bir daha sübut etdi. Bütün dünyaya sübut etdi ki, bu gün Azərbaycanla hesablaşmaq lazımdır: “Azərbaycan nəinki iqtisadi və sənaye gücünə malikdir, biz hərbi sahədə də artıq böyük nailiyyətlərə çata bilmişik. Bu proses daim aparılacaqdır, döyüş qabiliyyəti daim təkmilləşməlidir və Azərbaycan qarşıda duran bütün vəzifələri bundan sonra da uğurla icra edəcəkdir”.
Azərbaycanda hərbi sənaye kompleksinin sürətlə inkişafı artıq beynəlxalq birlikdə də etiraf olunur. Hazırda ölkəmizdə 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir. Bu, Milli Ordumuzun ehtiyacını ödəyir, həm də bu sahədə artıq xarici bazarlara da çıxmışıq.
Ölkəmizin nüfuzlu təşkilatlarla uğurlu əməkdaşlığı Azərbaycanın beynəlxalq müstəvidə reytinqini daha da artırmışdır. Üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda fəal iştirak etməklə, milli maraqlarımız və mövqeyimiz yüksək səviyyədə müdafiə olunmuş, bu təşkilatların fəaliyyətinə dəyərli töhfələrimizi vermişik. Məhz bunun nəticəsidir ki, dövlətimizin başçısı ən nüfuzlu tədbirlərə dəvət olunur, görüşlər keçirir, ikitərəfli əməkdaşlıq sahəsində əlaqələri daha da genişləndirir. Bu il aprelin 1-də Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda keçirilmiş IV Nüvə Təhlükəsizliyi Sammitinə respublikamızın rəhbərinin şəxsən ABŞ Prezidenti Barak Obama tərəfindən dəvət olunması ölkəmizin beynəlxalq nüfuzunun artmasını təsdiqləyən faktlardandır. Bu dəvət dostluq, tərəfdaşlıq və Azərbaycanın regionda oynadığı rolun təzahürü kimi xüsusi əhəmiyyət kəsb etmişdir. Nüvə Təhlükəsizliyi Sammiti XXI əsrdə beynəlxalq birlik üçün ciddi təhlükə yaradan nüvə terrorçuluğunun qarşısını almağa həsr olunan yüksək səviyyəli zirvə görüşüdür. Əllidən çox ölkənin dövlət və hökumət başçılarının, müxtəlif beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdikləri sammitdə nüvə təhlükəsizliyinin əsas məsələləri, o cümlədən dünyada təhlükəli nüvə materiallarının sayının azaldılması, radioaktiv mənbələrin təhlükəsizliyinin, bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi və digər məsələlər müzakirə olunub.
Azərbaycan Prezidentinin Amerikada keçirdiyi görüşlər və sammitdəki çıxışı böyük maraqla qarşılanmışdır. Dövlət katibi Con Kerri ilə görüşü xüsusi qeyd etmək istərdik. Çünki həmin görüşdə C. Kerri ölkəmizin sülhməramlı əməliyyatlara verdiyi töhfəsinə, Əfqanıstandakı səylərinə görə, Azərbaycana çox minnətdar olduqlarını vurğulamışdır. Azərbaycanın Avropanın enerji təminatınadakı rolunu və enerji mənbələrinin şaxələndirilməsinə göstərdiyi cəhdi yüksək qiymətləndirən dövlət katibi terrorizmlə mübarizədə də ölkəmizin fəaliyyətini xüsusi qeyd etmişdir. C.Kerri ABŞ-ın Dağlıq Qarabağ probleminin, nəhayət, öz həllini tapmasını görmək istədiyini də diqqətə çatdırmışdır.
Artıq dünya birliyinə də məlumdur ki, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllində Ermənistan rəhbərliyi həmişə qeyri-konstruktivlik nümayiş etdirmiş və müxtəlif yollarla danışıqlar masasından qaçmışdır. Ancaq Azərbaycan Prezidentinin ABŞ-da keçirdiyi yüksək səviyyəli görüşlər, bu ölkənin dövlət katibinin , “Bu münaqişənin həlli üçün danışıqlar aparılmalı və məsələ öz həllini tapmalıdır”—deməsi və bundan bir neçə gün sonra baş vermiş aprel döyüşlərində Azərbaycan Ordusunun öz qüdrətini düşmənə göstərməsi Ermənistan prezidenti Serj Sarkisyan üçün ciddi mesaj oldu. Artıq ona məlum oldu ki, işğalçılıq siyasətini davam etdirmək gücündə deyil. Çünki Minsk qrupuna həmsədrlik edən ölkələrin rəhbərləri, xarici işlər nazirləri, digər nümayəndələr də artıq birmənalı şəkildə deyirlər ki, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Status-kvonun dəyişdirilməsi işğala son qoyulması deməkdir. Ona görə də bu bu ilin may ayında ABŞ, Rusiya və Fransanın təşəbbüsü ilə Dağlıq Qarabağda zorakılığa son qoymaq və sülh danışıqlarını həyata keçirmək məqsədilə təşkil edilən Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşü böyük maraq doğururdu. Artıq Ermənistan prezidenti əvvəlki görüşlərdə olduğu kimi, qeyri-konsrtuktivlik nümayiş etdirə bilmədi. Bundan bir ay sonra Rusiyanın Sankt-Peterburq şəhərində baş tutan növbəti görüşdə Ermənistan prezidenti dərk etdi ki, bundan sonrakı dövrdə danışıqlar prosesini uzatmaq, mövcud status-kvonu qoruyub saxlamaq mümkün olmayacaq.
Bu günlərdə Fransa Milli Assambleyasının xarici məsələlər üzrə komitəsinin iclasında ermənipərəst deputatların Fransa ilə Azərbaycan arasında ikitərəfli siyasi, iqtisadi və diplomatik münasibətlərə dair xüsusi araşdırma komitəsinin yaradılması təklifinin yolverilməz olduğunun bildirilməsi və bu barədə qətnamə layihəsinin rədd edilməsi Azərbaycanın dünya birliyndə artan reytinqinin nəticəsidir. Erməni lobbisinin çox güclü olduğu Fransada ermənipərəst deputatların irəli sürdükləri təklifin rədd edilməsi ilə bağlı Milli Assambleyanın qərarı böyük əhəmiyyət kəsb edir. Milli Assambleyanın xarici əlaqələr komitəsi Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının azad edilməsi ilə bağlı ölkəmizin ədalətli mövqeyini əks etdirmək məqsədi ilə “Dağlıq Qarabağ məlumat missiyası” yaratmağı qərara alıb. Qərara ermənipərəst Fransua Roşbluandan başqa bütün deputatlar səs veriblər.
Azərbaycanın həm ikitərəfli, həm də çoxtərəfli formatda uğurlu xarici siyasət aparması, ilk növbədə, qonşu ölkələrlə qarşılıqlı, çox sıx təmasların qurulması və sülhməramlı missiyası dünya birliyində respublikamıza olan inam və etimadı getdikcə artırır.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.