Böyük Britaniyada keçirilən referendumun nəticələrinə görə, ölkə Avropa Birliyini tərk etmək yolunu seçib. BBC məlumat verir ki, təqribən 46 milyon 499 min 537 nəfər səsvermə hüququ olan britaniyalıdan 30 milyonu, yəni seçicilərin 72 faizi referendumda iştirak edib. Onların 51,9 faizi Birləşmiş Krallığın Avropa Birliyindən ayrılmasına səs verib.
Seçkinin nəticələrini şərh edən Baş nazir Devid Kemeron isə oktyabrda vəzifədən gedəcəyini bəyan edib. Douninq Strit-dəki evi qarşısında çıxış edən Kemeron deyib ki, Britaniyanın Avropadakı gələcək rolunu müzakirə etmək üçün güclü və qətiyyətli liderə ehtiyacı var.
“6 ildir ki, bu ölkənin Baş naziri olduğumla qürur duyuram, lakin mən ölkəmizi növbəti mərhələyə sürəcək kapitan olmayacağam”. Britaniyanın Avropa İttifaqında qalması üçün apardığı kampaniyaya toxunan Kemeron deyib: “Mən bu kampaniyanı düzgün bildiyim yolla apardım. Düşünürəm ki, Britaniya Avropanın daxilində daha güclü və qüdrətlidir. Amma Britaniya xalqı öz seçimini etdi”.
Baş nazir yeni liderin Mühafizəkarlar Partiyasının oktyabr ayında keçiriləcək qurultayına qədər seçiləcəyini deyib: “Biz yeni Baş nazir seçməliyik. Mən öz kabinetimlə növbəti bir neçə ay ərzində işləməyə davam edəcəyəm”
D.Kemeron kraliçaya bu barədə məlumat verdiyini də əlavə edib.
Çıxış zamanı Kemeronun kədərləndiyi və səsinin titrədiyi hiss olunub.
Bu arada, Britaniya mətbuatı ölkənin Avropa İttifaqını tərk etməsini müxtəlif prizmalardan şərh edib. Məsələn, “The Telegraph” qəzeti yazır ki, referendumun nəticələri Birləşmiş Krallığın gələcəyi barədə ciddi suallar doğurur. Məqalədə deyilir ki, İngiltərə Brexiti dəstəklədiyi bir halda, Şotlandiya və Şimali İrlandiyada əksəriyyət ölkənin ittifaqda qalmasına səs verib. Bu da 2014-cü ildə Birləşmiş Krallıqdan ayrılmağa yaxın olan Şotlandiyanı ölkədən qopmağa yenidən həvəsləndirə bilər. Bu arada, Şotlandiya lideri Nikola Sturqeon bəyan edib ki, o Şotlandiyanın Aİ-də və birgə bazarda qalması üçün bütün mümkün addımları atmaq fikrindədir: “ Şotlandiya parlamenti bütün danışıqlarda iştirak etməlidir. Şotlandiya Aİ-də qalmağa səs verib. Bununla bağlı Şotlandiyada ikinci Müstəqillik referendumunun keçirilməsi mümkündür".
Ölkənin birliyi barədə sualların yarandığını “The Economist” dərgisi də yazır. Məqalədə deyilir ki, Britaniyanın addımı Avropadakı avroskeptikləri ruhlandıra bilər. Dərgi yazır ki, Britaniya funtunun son 30 ildə ən aşağı həddə çatması qarşıda necə çətinliklərin olduğunu göstərir.
Həqiqətən də, Britaniya Avropa İttifaqından çıxmağa səs verəndən sonra bu ölkənin valyutası funt-sterlinqin dəyəri dramatik şəkildə aşağı düşüb. Funtun qiyməti 1,3 dollara bərabər olub ki, bu da 10 faiz enişdir və 1985-ci ildən bəri ilk ən aşağı dəyərdir. Avroya nisbətdə funt-sterlinq 7 faiz aşağı düşüb və €1,2085-ə bərabər olub.
Neftin qiyməti də referendumun nəticələri açıqlanan kimi sürətlə aşağı düşüb. Brent xam neftinin qiyməti 5,2 faiz - 2,68 dollar düşərək bir barel üçün 48,24 dollara bərabər olub - bu, fevral ayından bəri ən böyük enişdir. ABŞ xam neftinin qiyməti isə 47,52 dollara düşüb - bu, 5,4 faiz eniş deməkdir.
Böyük Britaniya Avropa İttifaqından çıxmaq üçün səs verdikdən sonra dünya liderləri, siyasətçilər və təhlilçilər müxtəlif şərhlər verməkdədirlər.
Avropa Parlamentinin prezidenti Martin Şhulz: "Biz nəticəyə hörmət edirik. Britaniyanın öz yolu ilə gedəcəyi aydındır." – deyə münasibət bildirib. "İndi ciddi və məsuliyyətli hərəkət etmək vaxtıdır. Devid Kemeronun ölkəsi qarşısında öhdəlikləri var, bizim də Aİ-nin gələcəyi qarşısında. Görürsünüz ki, bazarlarda sterlinqin başına nə gəlir? Mən avro ilə eyni şeyin baş verməsini istəmirəm".
Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk: "Əsəbi reaksiyaların vaxtı deyil. Bu gün 27 liderin adından demək istəyirəm ki, biz birliyimizi 27 olaraq saxlamaq istəyirik. Britaniya rəsmi olaraq Aİ-ni tərk edənədək Britaniyada Aİ qanunları tətbiq ediləcək və mən demək istəyirəm ki, bura vəzifələr də aiddir.”
Cənab Tusk əlavə edib ki, Aİ-dən çıxmaq prosedurları razılaşmalara əsasən planlanıb: “Detalları danışmaq üçün gələn həftə Avropa Şurasına daxil olan 27 ölkə ilə qeyri-rəsmi görüş çağırmışam. Həmçinin təklif etmişəm ki, birliyimizin gələcəyi barədə ciddi düşünməyə başlayaq. Son illər birliyimizin tarixində ən çətin illər olub, amma mən bir həqiqəti bilirəm ki, məni öldürməyən məni güclü edir.”
Almaniya Kansleri Angela Merkel də həmkarlarını sakit və təmkinli olmağa çağırıb. Berlində etdiyi çıxışda Kansler deyib: “Avropa, onun xalqı və gözləntiləri müxtəlifdir. Aİ özünün vətəndaşlarına necə töhfə verdiyini hiss etdirməlidir. Çətinliklər o qədər böyükdür ki, ayrı-ayrı dövlətlərin onları təcrid edilmiş şəkildə həll etməyə çalışması asan başa gəlməz.Tarixə baxın və birlik və sülh ideyasını heç vaxt yaddan çıxartmayın”.
Angela Merkel əlavə edib ki, Almaniyanın Aİ üçün öz öhdəlikləri və xüsusi marağı var. O, Fransa, İtaliya və digər Avropa liderlərini gələn həftə Brexit barədə danışıqlara çağırıb.
Belçikanın Baş naziri Şarl Mişel isə deyib ki, Aİ üzvləri Avropanın yeni gələcəyini planlamaq və prioritetləri müəyyənləşdirmək üçün görüşməlidirlər.
Avstraliyanın Baş naziri Malkolm Ternbull: "Hüquqi baxımdan bunun Avstraliyaya birbaşa təsiri az olacaq, çünki Böyük Britaniyanın Aİ-ni tərk etməsi bir neçə ilə başa gələcək. Lakin artıq bazarlarda iri enmələrin şahidi oluruq və bu, qeyri-müəyyənlik bir müddət davam edəcək".
Birləşmiş Krallıq kimi nəhəngin Aİ-ni tərk etməsi nikbinliyi qoruyub saxlamağa çalışan bəyanatlarla yanaşı, bədbin proqnozların səslənməsinə də təkan verib. Polşanın xarici işlər naziri Vitold Vaşikovski: "Brexit Britaniya və Avropa üçün pis xəbərdir. Bu, Aİ məfhumunun dəyişikliyə ehtiyacının nişanəsidir." – deyib.
İrlandiya hökuməti də açıqlamasında bildirib ki, nəticələrin İrlandiya, Britaniya və Aİ üçün əhəmiyyətli təsirləri olacaq.
Almaniyanın xarici işlər naziri Frank-Valter Ştanmayer: “Britaniya və Avropa üçün kədərli gündür”, Almaniyanın Kansler müavini Siqmar Qabriel emosiyalarını daha gərgin bildirərək, “Lənətə gəlsin! Avropa üçün pis gündür”. – deyib.
Aİ siyasətçiləri Brexitin bütün təşkilatı zədələmə iqtidarında olan domino təsirindən narahatdırlar. Avstriyanın xarici işlər naziri Sebastian Kurts, "Digər ölkələrdə domino effekti istisna deyil" – proqnozunu verib.
Bir çox Avropa siyasətçilərinin bəyanatlarına baxılırsa, domino effektinin həqiqətən də real ola biləcəyi istisna deyil. Məsələn, Fransanın sağçı Milli Cəbhə Partiyasının lideri Marine Lö Pen: "Azadlığın qələbəsi! İllər boyu mənim istədiyim kimi, indi Fransada və digər Aİ ölkələrində eyni referendumu keçirməliyik.", həmin partiyadan siyasətçi Marion Maşall Lö Pen isə "Brexit-dən Frexit-ə: İndi ölkəmizə demokratiya idxal etməyin vaxtıdır. Fransızların seçmə hüququ olmalıdır." – deyə tvitter səhifəsində qeyd edib.
İtaliyanın immiqrasiyaya qarşı Şimali Liqasının lideri Mateo Salvini isə "Azad vətəndaşların cəsarətinə ura! Qəlb, beyin və qürur yalan, təhdid və şantaja qalib gəlir . ÇOX SAĞ OL, BK, indi bizim növbəmizdir" tvitini atıb.
Aida AYSA,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.