“BREXIT”: Avropa İttifaqına növbəti sınaq testi

Avropa İttifaqının ilkin təməlinin qoyulduğu dövrdən 60 ildən çox vaxt keçir. Bu müddətdə Avropa həm özünə, həm də dünyaya bir sıra dəyərlər qazandırmağı bacarmışdır. Dünyanın ən böyük siyasi, iqtisadi bloku kimi Avropa İttifaqının regional və qlobal müstəvidə dövlətlərarası münasibətlər sisteminə göstərmiş olduğu pozitiv təsir və qloballaşan dünyanın əməkdaşlıq və inteqrasiya ruhuna köklənməsində oynadığı rol danılmazdır.

 İkinci Dünya müharibəsinin doğurduğu acıları və siyasi ambisiyalar bir yana dursun, konstruktiv əməkdaşlığa əsaslanan birliyin təməlinin qoyulması dünyanın siyasi tarixində unikal hadisə idi. Avropa İttifaqına aparan yolda düşünülən və tədricən realizə edilən inteqrasiya və birgəyaşayış modelləri qısa zaman ərzində ümumdünya inteqrasiyasının ən uğurlu presedenti kimi görünmüşdü.

Lakin hazırda bu birlik daxilində baş qaldıran çoxsaylı problemlər Avropa İttifaqının qlobal miqyasda ideal nümunə obrazına xələl gətirməkdədir. Etiraf etməliyik ki, dünya ictimaiyyətinin və mediasının diqqət mərkəzindəki əsas problemlərin sırasında Avropa İttifaqı ilə üzv dövlətlər arasında yaranan fikir ayrılıqları və dezinteqrasiya meyilləri öz yerini möhkəmləndirməkdədir.

Altmış il bundan öncə Avropanın görkəmli siyasi xadimləri ilə Avropa İttifaqına üzv dövlətlərin hazırkı siyasi liderlərini müqayisə etdikdə, bu məkanın öz ilkin dəyərlərindən nə qədər uzaqlaşdığının şahidi oluruq. Avropa inteqrasiya hərəkatının arxitektorları adlandırılan Jan Monet, Robert Şuman, Konrad Adenauer kimi şəxsiyyətlər avropaçılıq ideyasının həyata keçirilməsinə nə qədər çalışırdılarsa, Avropa siyasi elitasının bu gün öndə gedən təmsilçiləri yanlış siyasi mövqeləri ilə, sanki, bir o qədər bu ideyanın nüfuzdan düşməsinə rəvac verirlər.

Avropa İttifaqı ilə üzv dövlətlər arasındakı qarşılıqlı münasibətlərdə formalaşmış etimadsızlığın dərinləşdiyini göstərən ilk ciddi hadisə 2005-ci ildə Avropa Konstitusiyası layihəsini alman və holland seçicilərin rədd etməsi olmuşdu. Avropa İttifaqını təsis edən sənədləşmələri bir araya gətirən, ittifaqa daha geniş səlahiyyətlər verilməsini nəzərdə tutan bu konstitusiya layihəsini 18 üzv dövlət təsdiq etsə də, Almaniya və Hollandiya kimi önəmli ölkələrdə bu akta dəstək verilmədi. Beləliklə, dünya siyasi tarixində fenomenal hadisə sayıla biləcək region dövlətlərinin vahid konstitusiyasının qəbul edilməsi baş tutmadı.

 Avropa İttifaqında daha dərin inteqrasiya proseslərinə ağır zərbə vuran bu hadisə bütün üzv dövlətlərin milli və Avropa maraqları arasındakı xətti aradan qaldırmağa hazır olmadığını göstərdi. Bəlkə də, 11 il bundan qabaqkı həmin tarixi şəraitdə Avropa vahid konstitusiya çətiri altında yaşamağa qərar verərək birliyin daha mütərəqqi fazasına adlasaydı, bu gün üzv dövlətlər üzləşdikləri siyasi, iqtisadi, maliyyə çətinliklərinin həllində mənəvi və hüquqi məsuliyyəti daha ciddi hiss edər, əslində, Avropa maraqlarının elə milli maraqlar olduğunu dərk edərdilər.

Bir çox siyasi araşdırma mərkəzləri Avropa İttifaqında baş verən hazırkı mərkəzdənqaçma meyillərini təbii hesab edərək, bu prosesləri dəyişkən siyasi, iqtisadi situasiyadan doğan müvəqqəti tərəddüdlər kimi qələmə verirlər. Lakin bu proseslərin hərtərəfli təhlili hazırda Avropa İttifaqını bürüyən çoxsaylı problemlərin keçici xarakter daşıdığını düşünməyə optimist əsaslar vermir.

İnteqrasiya amili, müttəfiqliyin bütün imkanlarından yararlanma, insanların, məhsul və texnologiyaların, kapitalın azad hərəkəti, konstruktiv dialoq Avropa İttifaqının qayəsində dayanan prinsiplərdir. Hazırkı durum isə Avropa İttifaqının bu prinsiplərdən getdikcə uzaqlaşdığını daha aydın şəkildə göstərir. Bu prinsiplərdən uzaqlaşma isə Avropa İttifaqının dayaqlarının sarsılması deməkdir. Üzv dövlətlər arasındakı münasibətlərdə konstruktivizm deyil, siyasi şantaj və ittihamlar leksikonu daha qabarıq şəkildə özünü göstərir.

Başqa sözlə, bu gün Avropa İttifaqı dirijoru olmayan ərköyün xoru xatırladır. İngiltərə, Almaniya, Fransa kimi üzv dövlətlərin nümunəsində ittifaq daxilində insanların azad hərəkətini məhdudlaşdırmağa yönəlmiş siyasi planlar daha çox müzakirə olunur. Kapitalın bərabər paylaşımına deyil, onun aparıcı üzv dövlətlərdə təmərküzləşməsinə edilən cəhdlər açıq şəkildə özünü büruzə verir. Bir sözlə, Avropa İttifaqında mövcud olan hazırkı siyasi, iqtisadi mənzərə bir çox neqativ çalarlarına görə onun təməl prinsiplərinə və birgəlik ruhuna tamamilə ziddir.

Avropa İttifaqının üzləşdiyi dərin kritik vəziyyətin həllini dalana dirəyən əsas səbəblərdən biri də böhran və onun təklif olunan həlli yolları arasında qeyri-mütənasibliyin olmasıdır. Belə ki, Avropa İttifaqının müvafiq təsisatları tərəfindən və üzv dövlətlərin təşəbbüsü ilə böhrandan çıxış üçün hazırlanan planların iqtisadi əsaslandırılmasından və səmərəsindən daha çox, onların siyasi məzmunu önə çıxır. Əsl səbəb isə çox sadədir: irəli sürülən maliyyə-iqtisadi paketləri əksər hallarda Avropa İttifaqının aparıcı dövlətlərinin siyasi maraqları nəzərə alınmaqla hazırlanır və siyasi təzyiq yolu ilə digər üzv dövlətlərə qəbul etdirilir.

 Elə Yunanıstanda keçirilmiş son referendum Avropanın aparıcı dövlətləri və Avropa İttifaqının institutları ilə maliyyə böhranından əziyyət çəkən üzv dövlətlər arasında etimadsızlığın, fikir ayrılıqlarının nə qədər dərin olduğunu bir daha sübut etdi. Bu həm də Avropa İttifaqının üzləşdiyi hazırkı problemlərin üzv dövlətlər arasında manipulyasiya və şantaj subyektinə çevrildiyinin göstəricisidir. Üzv dövlətlərin vətəndaşları isə bu prosesdə heç də həlledici söz sahibi kimi çıxış etmirlər, əksinə, bir sıra siyasi dairələr onlardan öz maraqları üçün istifadə edirlər.

Son zamanlar Avropa İttifaqı institutları ilə üzv dövlətlərin birgə görüşlərində hər hansı ciddi məsələ ilə bağlı konsensusun əldə olunduğunu söyləmək mümkünsüzdür. Belə olan halda tərəflər vəziyyətdən ən asan çıxış yolunu günahkar axtarmaqda görürlər. Xüsusilə, üzv dövlətlərin hakim elitası siyasi nüfuzlarını qoruyub saxlamaq, növbəti seçkilərdə uğursuzluğa düçar olmamaq üçün Avropa İttifaqının qurumlarını öz ölkələrinin vətəndaşlarına bütün siyasi və iqtisadi gərginliklərin əsas baiskarı kimi qələmə verirlər.

2010-cu ildə hakimiyyətə gəlmək ərəfəsində Böyük Britaniyadakı o zamankı durumdan narazı olan elektoratın səsini qazanmaq xatirinə seçiləcəyi təqdirdə Avropa İttifaqı ilə müqaviləyə yenidən baxılacağına söz vermiş və hətta ölkəsinin birlikdən çıxacağı ehtimalını səsləndirmiş Devid Kemeron Baş nazir vəzifəsinə gəldikdən sonra, doğrudan da, ittifaq strukturlarını dalana dirəyərək, digər üzv dövlətlərdən daha yüksək status əldə etməyə nail oldu. Bununla belə, Avropa İttifaqı təsisatlarına təzyiqlər bu gün də davam etməkdədir.

 Bir neçə il öncə gündəmə gətirilmiş və bu gün Böyük Britaniyada səsverməyə çıxarılan, şərti olaraq “Brexit” adlandırılan referendum da Avropa İttifaqı daxilində daha çox imtiyazlar əldə etməyə yönəlmiş bir əməliyyatdır. Bir zaman ölkədəki böhranın məhz ittifaqa üzvlükdən irəli gəldiyini şüar edərək hakimiyyətə gəlmiş Muhafizəkarlar Partiyası seçiciləri Aİ tərkibində qalmağa çağırırdı. Əlbəttə, britaniyalıların Aİ tərkibində qalmağın əleyhinə səs verəcəyi əvvəlcədən də aydın sezilməkdə idi. Lakin bu cür manipulyasiyalar ittifaqa üzv olan digər dövlətləri də tərəddüd etməyə və bu birliyin gələcəyinə şübhə ilə yanaşmağa sövq edir.

Avropa İttifaqında mövcud problemləri dərinləşdirən və onların həll yollarını müəyyən etməyə maneə yaradan digər səbəb üzv dövlətlərin qarşılıqlı olaraq səsləndirdikləri ittihamların rasional əsaslara söykənməməsi, yürüdülən yanlış siyasi-iqtisadi-fiskal xəttin inadkarcasına etiraf edilməməsidir. 1999-cu ildə avrozona yaradıldıqdan sonra vahid valyuta ittifaqına qoşulan üzv dövlətlərdə cərəyan edən tərəddüdlü proseslər, əslində, hər şeyin yaxşıya doğru getmədiyinin xəbərçisi idi.

 Dünyanın ən böyük ticarət blokunun həm də vahid valyuta blokuna çevrilməsi Avropa İttifaqının Almaniya, Fransa kimi aparıcı dövlətlərində yaranmış tarixi imkandan öz maraqları üçün istifadə etmək həvəsini ikiqat artırdı. Beləliklə, həmin dövlətlərin iqtisadiyyatda sabitliyi qorumağa imkan verən maliyyə rıçaqları və rəqabətqabiliyyətli ixrac potensialı olduğuna görə avronun verdiyi imtiyazlardan məharətlə istifadə etməyi bacardılar.

Yeni yaranan situasiya rəqabət və iqtisadi inkişaf baxımından geridə qalan İspaniya, Yunanıstan kimi üzv dövlətləri öz iqtisadiyyatını stimullaşdırmaq və iqtisadi inkişaf templərini qoruyub saxlamaq üçün qeyri-ənənəvi və riskli yollara əl atmağa vadar etdi. Bu dövlətlər borclanma siyasətini alternativsiz yol kimi görməyə başladılar. Artıq beynəlxalq kredit təşkilatları vahid valyuta məkanını yaratmağa nail olmuş Avropa İttifaqını etibarlı siyasi-iqtisadi blok kimi qəbul edirdi. Bu baxımdan, sözügedən dövlətlərə kredit tranşları tərəddüdsüz şəkildə ayrılmağa başlandı.

 Məhz bu amil üzv dövlətlərdə müəyyən zaman kəsimində aldadıcı iqtisadi inkişaf bumu yaratdı. Məsələn, bu gün böhrandan ən çox əziyyət çəkən Yunanıstan 1998— 2007-ci illərdə iqtisadi inkişaf tempinə görə Avropada ikinci dövlət idi. Lakin regional və qlobal miqyasda baş verən siyasi və iqtisadi hadisələrə həssas olan bu dövlətlərin iqtisadiyyatlarının acınacaqlı durumu tez bir zamanda üzə çıxdı: borclanma və real ödəmə qabiliyyəti arasındakı uyğunsuzluq iqtisadiyyatda kəskin geriləməyə və kütləvi işsizliyə gətirib çıxardı. Böhranın təsəvvür olunmaz miqyasda iqtisadiyyatın bütün sahələrinə yayılmasında ayrılmış maliyyə vəsaitlərinin təyinatına uyğun olaraq xərclənməməsi, korrupsiyanın geniş yayılması az rol oynamadı.  Göründüyü kimi, bu gün qarşılıqlı ittihamlar cəbhəsində müxtəlif cinahlarda yer alan üzv dövlətlərin elə özləri Avropanı bürüyən böhranın əsl səbəbkarlarıdır. Hazırkı reallıq ondan ibarətdir ki, dünyanın inkişaf etmiş dövlətlərinin birliyi statusunda Avropa İttifaqı beynəlxalq siyasətdə əsas söz sahibi kimi görünmür. Əksinə, proseslərə təsir imkanları ilə ittifaqa üzv olan bəzi aparıcı dövlətlərin beynəlxalq siyasi sistemdə tutduqları yer daha qabarıq şəkildə özünü göstərir. Paradoksal görünən odur ki, Avropa İttifaqında birləşən dövlətlərin yalnız bir neçəsinin onun özündən daha güclü təsir imkanları var və Almaniya, Fransa, Böyük Britaniya kimi aparıcı dövlətlər öz təsir imkanlarını getdikcə daha çox ittifaq fövqünə çıxarmağa çalışır.

 Bu proses - bir universal təsisat olaraq Avropa İttifaqının regional və qlobal səviyyədə təsir rıçaqlarının zəifləməsi onun BMT kimi formal bir quruma çevrilməsi təhlükəsini artırır. Halbuki, Avropa İttifaqının təsis sənədlərində bu qurumun təkcə iqtisadi-ticari blok kimi deyil, həm də siyasi blok olaraq beynəlxalq siyasətdə aparıcı güc mərkəzlərindən birinə çevrilməsi əsas hədəflərdən olaraq müəyyən edilmişdir.

 Məsələn, Avropa İttifaqının əsasını qoymuş Maastrix müqaviləsində (1 noyabr 1993-cü il) üzv dövlətlərin Ümumi Xarici və Təhlükəsizlik Siyasətinin (Common Foreign and Security Policy) koordinatları müəyyənləşdirilərək, regional və qlobal məsələlərdə üzv dövlətlərin vahid siyasi mövqe formalaşdırmaq öhdəliyi qeyd edilmişdi. Eyni zamanda, müqavilədə vahid xarici siyasət strategiyasının, onun institusional əsaslarının və realizə mexanizmlərinin formalaşdırılması üçün üzv dövlətlərin öhdəlikləri öz əksini tapmışdı.

 Avropa İttifaqının çətin sınaqlarla üzləşmədiyi ilkin mərhələlərdə üzv dövlətlər vahid xarici, təhlükəsizlik siyasəti mövzusunda diskussiyalara həvəs göstərir, bu siyasətin ümumi çərçivəsinin və prinsiplərinin müəyyənləşdirilməsində maraqlı görünürdülər. Hətta rəsmi səviyyədə NATO-ya paralel olaraq, Avropa İttifaqının xüsusi hərbi qüvvələrinin yaradılması təklifləri də səslənirdi. Lakin qısa zaman ərzində üzv dövlətlərin ümumavropa çətiri altında siyasi maraqlarını uzlaşdırma cəhdləri uğursuzluğa düçar oldu.

Milli maraqların haçalanması, bu maraqlarla ümumavropa maraqları arasında uyğunsuzluq yaratdı. Bu isə, öz növbəsində üzv dövlətlərin vahid xarici siyasətini formalaşdırmaq səlahiyyətinə malik olan dövlətüstü ittifaq təsisatının yaranmasını əngəllədi. İstər Əfqanıstanda Talibana qarşı NATO qüvvələrinin hərbi əməliyyatlarında, İraqın işğalında, istərsə də coğrafi baxımdan Avropa məkanında yerləşən Ukraynada baş verən məlum hadisələrdə Avropa İttifaqına üzv olan dövlətlərin vahid siyasi mövqe ortaya qoya bilməməsi göz qabağındadır.

Məşhur “Avromaydan” hərəkatının gedişində ABŞ və Aİ-nin yüksək səviyyəli məmurları Kreşşatik tribunasına çıxaraq Ukraynanı təkidlə Avropa ailəsinə dəvət edirdilər. Bu çağırışlara səmimiyyətlə inanan Ukrayna xalqı torpaqlarının bir hissəsinin ilhaq olunmasına dözərək, birmənalı şəkildə Avropaya inteqrasiya yolunu seçdi. Lakin assosiativ üzvlüyün referenduma çıxarıldığı elə ilk ölkədə –  Hollandiyada avropalılar Ukraynaya “Yox!” dedilər.

 ABŞ-nın və Aİ-nin, guya, “xoş məramla” Yaxın Şərqə gətirdiyi “Ərəb baharı” təkcə Suriyada yarım milyondan çox dinc vətəndaşın həlak olmasına səbəb olub. “Ərəb baharı” həmin ölkələrdə baş verən xaosdan qaçıb qurtulmağa çalışan milyonlarla insanı öz ölkəsindən didərgin saldı. Ölümdən qaçıb “demokratik prinsiplərin və insan haqlarının ən yüksək səviyyədə qorunduğu” Avropa ölkələrinə pənah gətirən ərəblər, əfqanlar, afrikalılar burada özlərinə qarşı sərgilənən qeyri-insani münasibətlərdən bir daha sarsıldılar.

Bütün bunlar Avropa Ittifaqının elan etdiyi ali dəyərlərlə güclü təzad mənzərəsi yaradır. Təbii ki, bu kimi amillər və onların doğurduğu riskli proseslər Avropa İttifaqını regional və qlobal miqyasda etibarlı tərəfdaş, konstruktiv əməkdaşlıq vəd edən, siyasi prinsip və məramlarına sadiq təsisat olmasına əsaslı şübhələr yaradır. Bu isə öz növbəsində Avropa İttifaqının beynəlxalq imicini zədələyir, Avropaya inteqrasiya yolunu seçmiş dövlətlər üçün cəlbediciliyini itirir. Artıq ittifaqa üzv dövlətlər, eyni zamanda, ona qonşu ölkələr Avropa yönlü strateji seçimlərinin nə dərəcədə doğru və perspektivli olub-olmamasını götür-qoy edirlər.

Avropa İttifaqına münasibətin gözlənilməz dərəcədə mənfiyə doğru yönlənməsi dəyişən dünya münasibətlərində yeni tendensiyanın yaranması deməkdir. Bu proses qlobal siyasətdə Avropa İttifaqını önəmli güc amili olmaq imkanından məhrum etməklə yanaşı, Avropanın geopolitik mənzərəsinin heç kimin ssenariləşdirmədiyi formada yenidən şəkillənməsi ehtimallarını da gücləndirir. Amma hadisələrin bu cür inkişafı nə Avropanın, nə də bütövlükdə, dünya siyasi sisteminin maraqlarına uyğundur.

Avropa anlamalıdır ki, mal və xidmətlərin, insanların azad hərəkət etmədiyi Avropada nə Almaniyanın, nə Fransanın, nə də Böyük Britaniyanın davamlı iqtisadi inkişafa nail olmasından söhbət gedə bilməz. Belə olan halda, bir sıra üzv dövlətlərin Avropa İttifaqının üzləşdiyi problemlərə indeferent, bəzi hallarda isə destruktiv münasibəti həmin dövlətlərin oturduqları budağı kəsməsinə bənzəyir.

 Bu sadə həqiqət dərk edildiyi təqdirdə Avropa İttifaqı və üzv dövlətlər arasında münasibətlər daha sabit və davamlı olacaq, yüksələn xətt üzrə inkişaf edərək bütün üzv dövlətlərin və eləcə də dünyanın maraqlarına cavab verəcək. Latınlar demişkən, restitutio in integrum - orijinal mövqelərin təzələnməsi və Avropa Birliyinin qorunub saxlanması bütün tərəflərə faydalıdır. 

P.S.Belə bir məqamda iyunun 23-də Böyük Britaniyada keçirilən referendumun iştirakçılarının yarısından çoxu Avropa İttifaqına “yox” dedi.

Cavanşir FEYZİYEV,
Milli Məclisin deputatı,
fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında