Azərbaycan bir əsrdə ikinci dəfə öz dövlət müstəqilliyinə nail olduqdan sonra ölkədə baş verən hadisələr heç də xoşbəxt gələcəkdən xəbər vermirdi. Müstəqilliyin ilk illərində respublikaya rəhbərlik edənlər hələ də artıq tarixin arxivinə düşmüş SSRİ-nin təsirindən ayrıla bilmir, ölkəni kommunist rejiminin təsiri altında saxlayır, Sovet qanunları ilə idarə edirdilər. Azərbaycanın müstəqilliyini gözü götürməyən həm ölkə daxilindəki, həm də xaricdəki bədxahlarımız respublikanı parçalamaq üçün min-bir oyundan çıxır, müxtəlif vəzifə sahiblərinin himayədarlıq etdikləri qeyri-qanuni silahlı birləşmələr çoxsaylı fitnə-fəsadlar, cinayətlər törədirdilər. Özbaşınalıq, xaos, anarxiya müstəqilliyimizi məhvə doğru sürükləyirdi. Bir tərəfdən də daxili didişmələr vəziyyəti daha da gərginləşdirirdi.
1992-1993-cü illər ölkəmizin müasir tarixinə hərc-mərclik, silahlı qarşıdurmalar, vətəndaş müharibəsi dövrü kimi daxil olub. O zaman tez-tez baş verən hakimiyyət dəyişikliyi, ölkəyə rəhbərlik edənlərin dövlət idarəçiliyindəki qeyri-peşəkarlığı, qorxaqlığı və səbatsızlığı üzündən xalqımız çox ağır günlər yaşamışdı. Silahlı yolla hakimiyyəti ələ almış AXC-Müsavat cütlüyü yaranmış təhlükəni aradan qaldırmaq əvəzinə, vəziyyəti daha da gərginləşdirdi. Çünki bu iqtidarda cəm olanlar ölkəni idarə etmək qabiliyyətində deyildilər. Ona görə də, daxildə cərəyan edən proseslər, getdikcə artan gərginlik və özbaşınalıq yaranmış böhranı daha da dərinləşdirirdi. Sosial problemlərin getdikcə dərinləşməsi, iqtisadiyyatdakı gerilik, qonşu dövlətlərlə münasibətlərin kəskinləşməsi, ictimai-siyasi sabitliyin mütəmadi olaraq pozulması xalqın əsəblərini tarıma çəkmişdi. Xalq yenicə qazanılmış dövlət müstəqilliyimizin itirilməsi təhlükəsinin bir addımlığında idi. Heç kim sabah nə baş verə biləcəyinə, ölkənin gələcək taleyinin necə olacağına təminat verə bilmirdi.
Azərbaycan vətəndaşları həm ölkəmizin müstəqilliyinin qorunub saxlanılması, həm də xaos və anarxiyanın, qeyri-qanuni silahlı birləşmələrin təhdidlərinin qarşısının alınması üçün real addımların atılacağına ümidlərini tamamilə itirmişdilər. Ölkəyə rəhbərlik edənlərin isə başları əllərinə düşmüş fürsətdən yararlanaraq, var-dövlət toplamağa qarışmışdı. Dövlət idarəçiliyində bir-birinin ardınca buraxılan kobud səhvlər, kadr siyasətinin yarıtmaz təşkili vəziyyəti daha da ağırlaşdırmışdı.
Hakimiyyət daxilində başlanan birincilik davası artıq silahlı qarşıdurma həddinə çatmışdı. AXC-Müsavat iqtidarının Milli Qəhrəman səviyyəsinə qaldırdığı, heç bir hərbi təhsili olmadan korpus komandiri təyin etdiyi Surət Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissə 23 il əvvəl iyunun 4-də hökumətə qarşı çıxdı. Hərbi hissənin tərksilah edilməsi ilə bağlı AXC-Müsavat iqtidarının həyata keçirdiyi əməliyyat çox uğursuz alındı. Hər iki tərəfdən insan tələfatı oldu. Bu hadisə Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı pik həddə çatdırdı və ölkədə vətəndaş müharibəsi təhlükəsi yarandı.
1993-cü ilin iyunun 4-də iqtidarın fərsizliyi ucbatından Gəncədə qardaş qanı töküldü və bu hadisə ölkədə vahimə yaratdı. Hadisələrin ertəsi günü – iyunun 5-də Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan Ali Məclisi bu məsələ ilə əlaqədar bəyanat verdi. Bəyanatda qəhrəman Cavad xanın nəvələri-gəncəlilərə müraciət edilərək, onların imperiya nökərlərinə layiqli cavab verəcəklərinə, müstəqilliyimizi və gənc Azərbaycan dövlətini qoruyub saxlayacaqlarına böyük inam ifadə olunurdu: “Əziz həmvətənlərimiz! Baş vermiş hadisə Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvanda da qəzəb və hiddətlə qarşılanmışdır. Biz bunu müstəqil dövlətçiliyimizə edilən qəsd, yenicə titrək addımlarını atan Azərbaycan dövlətinə arxadan vurulan zərbə hesab edirik. Azərbaycan Respublikasının bir hissəsinin düşmən tapdağında olduğu, dünyanın mütərəqqi dövlətlərinin Azərbaycana diqqətinin artdığı bir dövrdə cinayətkar ünsürlərin törətdiyi qardaş qırğınını təcavüzkar Ermənistanın dəyirmanına su tökmək kimi qiymətləndiririk... Belə bir ağır şəraitdə biz, Naxçıvan Muxtar Respublikasının xalq deputatları, seçicilərimizin fikirlərini ifadə edərək, Azərbaycan dövlətçiliyini qorumaq məqsədi ilə xalqı birliyə çağırırıq!”
O günlərdə Gəncədə aramsız mitinqlər keçirilirdi. Bu mitinqlərdə şəhər əhalisi ölkəni vətəndaş müharibəsinə sürükləyən respublika rəhbərliyinin istefasını və Gəncə hadisələrinə siyasi qiymət verilməsini qətiyyətlə tələb edirdi.
Bakı isə hələ də gözləmə mövqeyində idi. İqtidar çaşqınlıq içərisində idi. Hadisələri düzgün qiymətləndirmək əvəzinə, əksinə, səriştəsizlik, siyasi səbatsızlıqları ucbatından özlərini itirmiş yuxarı dairələrdə qədim Gəncə əhalisinin köçürülməsi, şəhərin bombardman edilməsi barədə sərsəm fikirlər səslənirdi. AXC-nin aqressiv bəyanatı və hakimiyyətə rəhbərlik edənlərin məntiqsiz çıxışları hamını sarsıtdı. Belə düşünülməmiş avantürist hərəkətlərin məntiqi nəticəsi kimi Gəncə əhalisi hamılıqla ayağa qalxdı. Surət Hüseynovun tabeçiliyindəki silahlı birləşmələr Gəncəbasar bölgəsində yerli hakimiyyət strukturlarını devirərək, Bakıya doğru hərəkət etməyə başladı. Respublika əhalisi, eləcə də ölkə rəhbərliyi vəziyyətdən çıxış yolu kimi Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etdi. İyunun 9-da Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev Prezident Əbülfəz Elçibəyin dəvəti ilə Bakıya gəldi. Həmin gün Milli Məclis Gəncədəki qiyamda iştirak etmiş şəxslərə amnistiya verilməsi və Gəncə olaylarının araşdırılması üçün deputat-istintaq komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Dövlətçiliyimizin müqəddəratının həll olunduğu belə bir məqamda Heydər Əliyevin AXC-Müsavat iqtidarının və xalqın təkidli xahişini nəzərə alaraq, Bakıya gəlişi respublika əhalisində böyük ümidlər yaratdı. İyunun 13-də Heydər Əliyev vəziyyətlə yerində tanış olmaq üçün Gəncə şəhərinə getdi. Hər şeyi yerli-yataqlı öyrənəndən sonra Milli Məclisin növbəti iclasında Gəncə hadisələri barədə öz qəti sözünü dedi.
İyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Həmin gün parlamentin tarixi iclasında Heydər Əliyev çıxış etdi: “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni öz üzərimə götürərək, öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq, əlimdən gələni edəcəyəm. Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün əsas vəzifələrdən biri hesab edirəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır”.
Ulu öndər ömrünün bundan sonrakı hissəsini, harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyini bəyan etmişdir: “Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, mənim fikrimcə, Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək.”
Heydər Əliyevin respublikanın Ali Sovetinə sədr seçilməsi ölkənin gələcək taleyinin etibarlı əllərdə olmasından xəbər verirdi. Bu, müstəqillik tariximizdə çox mühüm bir hadisə oldu.
Ulu öndər Ali Sovetin sədri kimi ilk gündən aşkarlıq prinsipinə üstünlük verdi. Milli Məclisin iclasları, mətbuat konfransları, respublika əhəmiyyətli müşavirələr birbaşa televiziya ekranlarında yayımlandı. Ölkədəki gərgin situasiya, mürəkkəb vəziyyət olduğu kimi xalqa çatdırıldı. Respublikada yaranmış gərginliyin aradan qaldırılması üçün ciddi tədbirlər görülməyə başlandı.
Ölkədə sabitliyin bərqərar olması üçün gərgin iş aparıldığı bir vaxtda Prezident Əbülfəz Elçibəy müəmmalı şəkildə Bakını tərk etdi. İyunun 18-də Heydər Əliyev respublikada yaranmış vəziyyətlə əlaqədar—ölkə Prezidentinin səssiz-səmirsiz yoxa çıxması ilə bağlı xalqa müraciət etdi. O, hamını təmkinli olmağa, milli birliyə, vətəndaş həmrəyliyinə çağırdı. Milli Məclisdə keçən müzakirələrdə Əbülfəz Elçibəyə ünvanlanan müraciətlər bir nəticə vermədi. Parlamentin 24 iyun tarixli iclasında Milli Məclis Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul etdi. Bu, artıq bütün hadisələrin dövlətin nəzarəti altına götürülməsi, xalqın iradəsinə tabe edilməsi demək idi. Bu qərar təkcə xalqımız və ölkəmizin dostları tərəfindən deyil, eləcə də dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildi.
Milli Məclisin 1993-cü il 24 iyun tarixli iclasında Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul etməsi müstəqillik tariximizdə yeni siyasi eranın başlanğıcı oldu.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.