Bu illər ərzində dünyada mövqelərimiz möhkəmlənmiş, Azərbaycan beynəlxalq münasibətlər sistemində öz layiqli yeri olan, rəyinə hörmətlə yanaşılan ölkə kimi böyük nüfuz qazanmışdır. Bizdə keçirilən çoxsaylı beynəlxalq tədbirlər əyani şəkildə təsdiq edir ki, ölkəmiz artıq regionun siyasi, iqtisadi və mədəni mərkəzi kimi qəbul edilir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycanın dünya birliyinin dəyərli və etibarlı üzvünə çevrilməsi dövlət başçısı tərəfindən aparılan düzgün müəyyənləşdirilmiş siyasi strategiyanın məntiqi nəticəsidir. Son illər beynəlxalq aləmdə yaşanan ağır böhranlardan ölkəmizin nisbətən itkisiz çıxması, bütün bunlara rəğmən əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, əmək haqlarının, pensiyaların, sosial müavinətlərin artırılması, insan hüquq və azadlıqlarının qorunması istiqamətində qətiyyətli addımların atılması, bir-birinin ardınca əfv sərəncamlarının imzalanması, amnistiya aktının təsdiqlənməsi və digər demokratik proseslərin inkişafına önəm verilməsi Azərbaycanı dünya miqyasında böyük hörmətə malik ölkə kimi tanıdır.
Beynəlxalq təşkilatların və dünya banklarının bu yaxınlarda ölkəmiz haqqında verdiyi rəsmi açıqlamalarda da bir daha qeyd olunur ki, Azərbaycanda inkişaf sürətlə davam edir.
Xəbər verildiyi kimi, bu il iyunun əvvəllərində Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasında işgüzar səfərdə olmuş, bu ölkənin Federal Kansleri Angela Merkel, Almaniyanın siyasi və biznes elitasına daxil olan mühüm şəxslərlə görüşlər keçirmiş, Azərbaycan-Almaniya İqtisadi Forumunda iştirak etmişdir. Görüşlərdə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu bir daha qeyd edilmiş və “Cənub” Qaz Dəhlizinin bu baxımdan regional əməkdaşlığa , eyni zamanda, Azərbaycan-Avropa İttifaqı iqtisadi əməkdaşlığının genişləndirilməsinə töhfə verdiyi bildirilmişdir. Almaniyanın hazırda Avropanın ən güclü dövlətlərindən biri olmasını və ATƏT-ə sədrlik etməsini nəzərə alsaq, bu ölkənin dövlət rəsmilərinin və siyasi elitasının respublikamız haqqında yüksək qənaətdə olmaları qürurverici haldır. Dünyada gedən iqtisadi böhran və neftin qiymətinin düşməsi fonunda Azərbaycanda həyata keçirilən iqtisadi islahatların, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması istiqamətində görülən işlərin yüksək dəyərləndirilməsi, özü də bu fikirlərin Almaniya kimi inkişaf etmiş güclü bir dövlətin rəsmiləri tərəfindən səsləndirilməsi respublikamızın dünya birliyində artan reytinqinin göstəricisidir.
Almaniyada keçirilən görüşlərdə dövlətimizin başçısı bildirmişdir ki, bir neçə il bundan əvvəl BMT-nin üzvü olan 155 ölkə Azərbaycanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçdi. Bu, bizim etdiklərimizə verilən beynəlxalq dəstək və qiymətləndirmədir: “Son 10-12 ildə əsasən neft hasilatının artması hesabına,–lakin təkcə buna görə yox,–iqtisadiyyatımız sürətlə inkişaf etdi. 2004-cü ildən bəri Azərbaycanda iqtisadiyyat 300 faiz artıb. Biz yoxsulluq və işsizlik səviyyəsini əhəmiyyətli dərəcədə azaltmağa nail olmuşuq. Hazırda hər iki göstərici 5 faizə yaxındır. Neft satışından əldə olunan gəlirləri qeyri-neft sektoruna yatırmağa başladığımızdan iqtisadiyyatımızın rəqabətliliyi artıb. Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti indeksinə görə dünyada 40-cı yerdədir”. Bütün bunlar ölkəmizə olan marağı artırmış və respublikamızın Qərb üçün əlverişli tərəfdaş olması fikrini reallığa çevirmişdir.
Bu günlərdə Berlində keçirilən Azərbaycan-Almaniya İqtisadi Forumunda Şərqi Avropa İqtisadi Əlaqələr Komitəsi İdarə Heyətinin üzvü Manfred Qrunkenin səsləndirdiyi fikirlər də dünyanın ən güclü dövlətlərinin ölkəmizə olan inam və etibarını bir daha əks etdirmişdir. Son illərin maliyyə çətinliklərinin bütün Şərqi Avropa ölkələrinə təsir etdiyini bildirən diplomat buna baxmayaraq, Azərbaycanın çıxdığı islahatlar yolunu və investisiya mühitini yaxşılaşdıracağına davam edəcəyinə əminliyini ifadə etmişdir. Eyni zamanda, Azərbaycan iqtisadiyyatının bu ölkənin qonşuları və dünya bazarı ilə yaxından əlaqəli olduğu bildirilmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan Almaniyanın Cənubi Qafqazdakı ən vacib ticarət tərəfdaşıdır. Ötən il Almaniya və Cənubi Qafqaz ölkələri arasındakı ticarətin 80 faizdən çoxu məhz Azərbaycanın payına düşürdü. Keçən il mal dövriyyəsi, ümumilikdə 2,9 milyard avro təşkil edirdi.
Dünyanı qlobal maliyyə böhranı bürüdüyü bir zamanda Azərbaycanın dinamik inkişafının davam etməsi təkcə Almaniyanın siyasi elitası tərəfindən deyil, Qərbin aparıcı dövlətləri tətəfindən də yüksək dəyərləndirilir. Azərbaycan Prezidentinin Almaniyaya səfəri ərəfəsində Bakıda keçirilən XXIII Beynəlxalq Xəzər Neft və Qaz sərgisinə ABŞ Prezidenti Barak Obama, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeronun dövlətimizin başçısına ünvanladıqları təbrik məktublarında da bunun şahidi olduq. Məsələn, ABŞ Prezidenti qlobal enerji təchizatında Azərbaycanın olduqca mühüm rol oynadığını qeyd edib və Bakının regional səviyyədə təchizatın şaxələndirilməsi, bazardakı rəqabəti, eləcə də enerji təhlükəsizliyini artırmaq kimi ümumi məqsədlərin həyata keçirilməsində etibarlı tərəfdaş olduğunu bildirib. Barak Obama ABŞ-ın Azərbaycanın sadiq tərəfdaşı kimi qaldığını bildirib. Bununla yanaşı, son illər Azərbaycanın həyata keçirdiyi islahatların, yaşayış standartlarının yaxşılaşdırılması məqsədilə atdığı davamlı addımların da bu ölkə tərəfindən dəstəkləndiyi təbrik məktubunda öz əksini tapıb.
Ümumiyyətlə, son illər Azərbaycanda həyata keçirilən islahatlar, iqtisadi inkişaf və digər sahələrdə qazanılan nailiyyətlər ABŞ-ın ictimai-siyasi xadimləri tərəfindən yüksək qiymətləndirilir. Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekuta iki ölkə arasındakı əməkdaşlığın perspektivlərini yüksək qiymətləndirərək demişdir ki, sabit və firavan Azərbaycan istər terrorçuluğa qarşı mübarizə, istər mövcud ticarət və iqtisadiyyat dəhlizlərinin inkişafı, eyni zamanda, yeni dəhlizlərin yaradılması, istərsə də qlobal enerji mənbələrinin və dəhlizlərinin sabitliyinin qorunması istiqamətində bölgədə və dünyada önəmli rol oynayır. Amerikalı diplomat qeyd etmişdir ki, qeyri-müəyyən bir zamanda sürətli dəyişikliklər dövrünü yaşayan bölgədə yerləşən və sabitliyi ilə seçilən Azərbaycanın rolu həmişəki kimi önəmlidir. Sabitliyin və firavanlığın gücləndirilməsi ABŞ-ın Azərbaycanla olan münasibətlərinin vacib aspektlərindən biridir.
Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtonda keçirilən IV Nüvə Sammitində iştirakı, görüşləri, ölkəmizin inkişafı ilə əlaqədar verdiyi məlumatlar və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində sərgilədiyi sülməramlı mövqeyi göstərdi ki, dünyanın ən qüdrətli dövlətinin rəhbərləri dövlətimizin başçısının siyasi kursuna inanır, onun həyata keçirdiyi layihələrin səmərəliliyini qəbul edirlər. Bundan sonra Azərbaycan Prezidentinin fəaliyyətinin bütün aspektləri ilə bağlı olan siyasi, iqtisadi, energetika və təhlükəsizlik sahələrindəki uğurlar, həmçinin, respublikamızın geosiyasi rolu ABŞ rəsmiləri tərəfindən daha yüksək qiymətləndirir. Dövlətimizin başçısı artıq qitələri birləşdirən bir sıra enerji və logistik layihələrin təşəbbüskarı kimi tanınır. Bu fəaliyyətin birbaşa nəticəsidir ki, artıq enerji sahəsində effektiv əməkdaşlığı təmin edəcək “tərəfdaş ölkələr komandası” formalaşıb.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeronun da Azərbaycan Prezidentinə ünvanlıdığı məktub da Qərbin aparıcı dövlətlərinin ölkəmizə üstünlük verdiyini təsdiqləyir. ABŞ kimi Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı da ölkəmizin beynəlxalq aləmdəki rolunu yüksək qiymətləndirir, Azərbaycanın enerji resurslarının Avropa və dünya iqtisadiyyatında, eləcə də, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirir. O, həmçinin “Cənub” Qaz Dəhlizinin Avropa İttifaqının qaz bazarının şaxələndirilməsində və enerji təhlükəsizliyinin gücləndirilməsində möhüm rolunu diqqətə çatdırıb. Kemeron bu layihənin inkişaf etdirilməsində Azərbaycan tərəfinin səylərini yüksək qiymətləndirib.
Qərbin digər aparıcı ölkəsi olan Fransanın Azərbaycanla əlaqələrinin inkişaf etdirilməsi, son illər iki ölkə arasında əməkdaşlığın yüksək səviyyədə olması, əlaqələrin getdikcə genişləndirilməsi göz önündədir.
Göründüyü kimi, Qərbin əsas dövlətləri ölkəmizin həyata keçirdiyi iri infrastruktur layihələrini dəstəkləyir, ölkəmizin beynəlxalq enerji təhlükəsizliyndəki rolunu, habelə, bütün sahələr üzrə inkişafı yüksək dəyərləndirirlər. Qazanılan uğurlarda dövlətimizin başçısının ardıcıl və məqsədyönlü siyasəti xüsusi qeyd edilir. Respublikamızın rəhbərinin sərmayə mühitinin təkmilləşdirilməsi, xalqımızın yaşayış səviyyəsinin getdikcə yüksəldilməsi, demokratik proseslərin inkişafına xüsusi önəm verməsi istiqamətində həyata keçirdiyi islahatlar dünya birliyində də etiraf olunur. Artıq Azərbaycan böyük beynəlxalq tədbirləri nümunəvi təşkil etmək, onların yeni standartlarını müəyyənləşdirmək bacarığını bütün dünyaya təqdim edir. Dünyada tanınmış “The Business Year” şirkətinin Azərbaycan Prezidenti İlham Əliyevi 2015-ci ildə “Dünyada ilin adamı” seçməsi də məhz bu uğurların bariz nümunəsi olmuşdur. 2011- ci ildən Azərbaycanla əməkdaşlıq edən “The Business Year” ötən il Azərbaycanda bütün sahələr üzrə həyata keçirilən işləri diqqətlə izləmiş və dünya azərbaycanlılarının qürur duyduğu qərarı qəbul etmişdir.
Ölkəmizdəki davamlı inkişafın Qərbin ən güclü dövlətləri tərəfindən etiraf olunması Azərbaycana dünya birliyində inam və etibarı daha da artırmış və bu da respublikamızla əməkdaşlıq etmək istəyən dövlətlərin sayının artmasına zəmin yaratmışdır. Axı, Qərbin ən güclü və inkişaf etmiş dövlətlərinin ölkəmizi özünə tərəfdaş seçməsi heç də təsadüf ola bilməz. Hələ ki, postsovet dövlətləri arasında Qərbin aparıcı dövlətləri ən yaxşı tərəfdaş kimi Azərbaycanı seçir.
Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada və Sankt-Peterburqda keçirilən görüşlərinin nəticələrini də Qərbin ölkəmizə verdiyi dəstəyin uğurlu sonluğu kimi dəyərləndirmək olar.
Qeyd edək ki, rəsmi Bakı ilk dəfə prezidentlərin Sankt-Peterburq görüşündə Dağlıq Qarabağ probleminin həllində tərəflərin razılığa gəldiyi məqamları açıqlayıb. Bu barədə Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov danışıb. Onun sözlərinə görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı razılıq əldə olunub: “Bu görüş zamanı münaqişənin mərhələli həllinə üstünlük verildi. Yəni bundan sonra münaqişənin həllində mərhələli şəkildə irəliyə getmək lazımdır. Əvvəlcə Azərbaycanın 5 rayonunun azad olunması, ondan sonra 2 rayonun azad olunması və dəhlizin müəyyən edilməsi. Daha sonra Dağlıq Qarabağın statusunun müəyyən edilməsi. Bu istiqamətdə tərəflər prinsip etibari ilə razılığa gəldilər”.
Göründüyü kimi, artıq ölkəmizin mövqeyi dünya birliyində də dəstəklənir. Bütün bunlar həm ölkə daxilindəki bədxahların, həm də onlara havadarlıq edən xaricdəki antiazərbaycan qüvvələrin və ermənipərəst dairələrin Azərbaycan iqtidarının “Qərblə münasibətlərindəki problemlər haqda” səsləndirdikləri fikirlərin cəfəngiyyat olduğunu bir daha təsdiqləyir.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.