Azərbaycan müstəqillik qazandıqdan bir müddət sonra ölkədə aparılan uğurlu islahatlar, beynəlxalq aləmdə əməkdaşlığın yüksək səviyyədə qurulması ölkəmizə olan marağı xeyli artırdı. Bir-birinin ardınca keçirilən demokratik seçkilər, beynəlxalq konvensiyalara qoşulma, əvvəllər qəbul olunmuş qanunlara əlavə və dəyişikliklər edilərək beynəlxalq standartlara uyğunlaşdırılma, ölkəmizin demokratik prinsiplərin inkişafına xüsusi önəm yetirməsindən xəbər verirdi. Bundan sonra Azərbaycanla hərtərəfli əməkdaşlığa meyl göstərən dövlətlərin sayı daha da çoxaldı. 2001-ci il sentyabrın 11-də ABŞ-da törədilən dəhşətli terror aktlarından sonra beynəlxalq terrorizmə qarşı mübarizədə həmrəyliyini ilk nümayiş etdirən ölkələrdən biri də məhz Azərbaycan oldu.
Beynəlxalq terrorizmə qarşı mübarizədə öz hava məkanını ABŞ-a açıq elan edən Azərbaycan sonradan bu həmrəyliyini Əfqanıstanda, Kosovoda və İraqda aparılan əməliyyatlar zamanı da göstərdi. Çünki ölkəmiz terrorun acınacaqlı dəhşətli nəticələri ilə qarşılaşmışdı. Torpaqlarımızın 20 faizini işğal edən, bir milyondan artıq soydaşımızı öz ata-baba torpaqlarından didərgin salan Ermənistan silahlı qüvvələri və erməni terror təşkilatları günahsız insanları vəhşicəsinə qətlə yetirmiş, yaşayış evlərini, şəhər və kəndləri viran qoymuşlar. Minlərlə insan bu terror aktlarının qurbanı olmuş və ömürlük şikəst vəziyyətinə düşmüşlər. ABŞ Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizədə fəallığını yüksək qiymətləndirir, ikitərəfli əməkdaşlığı getdikcə daha da genişləndirirdi. Bu əməkdaşlıq uzun müddət idi ki, davam edirdi. Son vaxtlar isə ABŞ-ın regional siyasətində uzun illər demokratik dövlət kimi özünü göstərən bir ölkəyə xas olmayan dəyişikliklər baş verir. Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürən Minsk qrupunun həmsədr dövlətlərindən biri olan ABŞ-ın xarici siyasətindəki ayrı-seçkilik Azərbaycanda haqlı narazılıqlar yaradır. Onu da qeyd edək ki, Vaşinqtonun xarici siyasətində baş vermiş bu ayrı-seçkilik Birləşmiş Ştatlarda demokrat administrasiyasının hakimiyyətə gəlişindən sonra qabarıq nəzərə çarpır.
Ümumiyyətlə, demokratiya və insan haqları mövzusu ABŞ-ın xarici siyasətində təzyiq rıçaqına çevrilir. Hansı ölkə ABŞ-ın xarici siyasətinin maraqlarına uyğunlaşmırsa, dərhal demokratiya və insan haqları "pozulur" iddiası ilə təzyiq başlanır. Bu dövlətin xarici siyasətindəki son dəyişikliklərdən belə qənaətə gəlmək olar ki, Azərbaycanın ərazisinin Ermənistanın işğalında qalması ABŞ-ı elə də çox düşündürmür. Belə olmasaydı, uzun illər Minsk qrupunun həmsədri kimi bu məsələdə öz qətiyyətli mövqeyini bildirər, Ermənistanın işğalçı olmasını açıq şəkildə bir dəfə də olsa, bəyan edərdi. Demək, iki yüz illik demokratiya tarixi olan ABŞ münaqişənin nizamlanmasında, Azərbaycana yanaşmada ikili standartlar nümayiş etdirir. Biz dəfələrlə şahidi olmuşduq ki, ABŞ administrasiyası Azərbaycanın regional layihələrin reallaşdırılmasındakı rolunu, bölgədəki geosiyasi əhəmiyyətini, digər sahələrdəki fəaliyyətini xüsusi vurğulayıb. Hətta iki ölkə arasında əməkdaşlığın getdikcə inkişaf etdiyi bildirilib. Ancaq bütün bunlara baxmayaraq, ABŞ üzərinə götürdüyü vasitəçilik missiyasında tərəfkeşliyini davam etdirir. Belə ki, heç zaman Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində birmənalı şəkildə Azərbaycanın mövqeyindən çıxış etməyib.
ABŞ-ın işğalçı dövlətə - Ermənistana tərəfkeşlik etməsi təəccüb doğurur. Axı, bir vaxtlar bu dövlətin özü beynəlxalq terrorizmə qarşı bütün ölkələri birgə mübarizəyə səsləyirdi. Məgər bu dövlətin rəhbərliyi Ermənistanın törətdiyi terror aktlarından xəbərsizdirmi? Torpaqlarının 20 faizinin işğal olunduğu Azərbaycanla bu torpaqları işğal etmiş Ermənistana bərabər yanaşmaq nə hüquqi, nə də mənəvi baxımdan yolveriləndir. Üstəlik, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağa ABŞ-ın maliyyə yardımı göstərməsi ikili standartların bariz nümunəsidir. Əgər ABŞ administrasiyası bunu demokratiya və insan haqlarının qorunması naminə edirsə, bəs Ermənistan silahlı qüvvələrinin öz dədə-baba torpaqlarından didərgin saldığı bir miylondan artıq azərbaycanlının pozulmuş hüquqlarını, uzun illərdir ki, blokada şəraitində saxlanılan Naxçıvan əhalisinin hüquqlarının qorunmasını nə əcəb yada salmır? Demək, ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri kimi bitərəflik və neytrallıq nümayiş etdirməsi barəsində dedikləri gözdən pərdə asmaqdan başqa bir şey deyil. Çünki bu neytrallıq və bitərəflik açıq şəkildə, birmənalı olaraq ermənilərin lehinə pozulur. Bu proses getdikcə özünü daha qabarıq formada büruzə verir.
ABŞ Prezidenti Barak Obamanın münaqişə tərəfindən yalnız biri, özü də beynəlxalq qurumların da işğalçı tərəf kimi tanıdığı Ermənistanın rəhbərliyi ilə görüşməsi, münaqişənin digər tərəfini - işğala məruz qalan ölkənin rəhbərliyini danışıqlar prosesindən kənarda saxlaması müəyyən şübhələrin yaranmasına əsas verir. Üstəlik, danışıqların mahiyyəti haqda nə rəsmi Bakıya, nə də digər həmsədrlərə məlumat verilməməsi Birləşmiş Ştatların neytral və obyektiv vasitəçiliyinə şübhə ilə yanaşmağa əsas verir. Çünki bu vaxta qədər ATƏT-in Minsk qrupuna həmsədrlik edən heç bir dövlət başçısı münaqişə tərəflərinin yalnız biri ilə fərdi müzakirələr və məsləhətləşmələr aparmayıb. Digər həmsədr dövlətlərdən həm Rusiya, həm də Fransa prezidentləri bu danışıqlar prosesini bu vaxta qədər həmişə paralel aparıb. Bu görüşlər bəzən üçtərəfli qaydada aparılıb. Üstəlik bu görüşlər barədə digər həmsədr dövlətlərdə də tam təfərrüatı ilə məlumatın olması üçün danışıqlar prosesində Minsk qrupunun digər həmsədr ölkələrinin təmsilçiləri də iştirak ediblər. Barak Obama administrasiyası isə bütün dünyada qəbul olunmuş vasitəçilik prinsipini kobudcasına pozmaqdadır. Bu da Ermənistanın münaqişənin nizamlanmasında qeyri-konstruktivlik nümayiş etdirməsinin dolayısı ilə müdafiəsi deməkdir.
Qeyd edək ki, ABŞ-ın və digər həmsədrlərin təklif etdikləri Madrid prinsipinin yenilənmiş variantını Azərbaycan tərəfi qəbul etsə də, Ermənistan tərəfi ağalarına arxayın olaraq bu təklifi hələ də qəbul etməyib. ATƏT-in Minsk qrupunun həmsədrləri isə Ermənistanın onlara qarşı hörmətsizliyinə və saymamazlığına nəyinsə xatirinə hələ də dözürlər.
Son vaxtlar baş vermiş hadisələr bir daha təsdiqləyir ki, ABŞ administrasiyasının bütün səyləri və imkanları Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, regionda sülh və sabitliyin bərpasına deyil, yalnız bir istiqamətə - ağır iqtisadi böhran içində çabalayan, aclıq və səfalətdən əziyyət çəkən, məhvə doğru gedən Ermənistanın xilasına yönəlib. Məlum olduğu kimi, 2008-ci ilin avqustunda Gürücüstanla Rusiya arasında baş verən münaqişədən sonra Ermənistanla Rusiyanın əlaqələri kəsildi. Bu da Yerevanda onsuz da ağır olan sosial vəziyyəti daha da gərginləşdirdi. Əhalinin sosial vəziyyəti getdikcə pisləşdi. Çünki Ermənistan digər ölkələrin yardımı və ianəsi hesabına yaşayan ölkədir. Qlobal iqtisadi böhran isə Ermənistanı iflic vəziyyətinə saldı. Bu, qonşu dövlətlərin torpağına göz dikən Ermənistana ibrət dərsi olmalı idi. İşğalçı dövləti layiq olduğu durumdan xilas etmək üçün Vaşinqton hərəkətə keçdi. Qeyd edək ki, erməni lobbisinin bu məsələdə təsiri böyük rol oynadı. Bu da Barak Obamanın prezident seçkilərində erməni lobbisi qarşısında öhdəliklərinin nəticəsi idi. Bu öhdəlikəri yerinə yetirmək naminə ABŞ yenə də xarici siyasətində təzyiq rıçaqı kimi demokratiya və insan haqları amilinə əl atdı. ABŞ Ermənistanla sərhədlərin açılması üçün Türkiyəyə, bu prosesin Dağlıq Qarabağ münaqişəsi ilə əlaqələndirilməməsi üçün isə Azərbaycana təzyiqlərə başladı və bu gün də bu əməlini davam etdirir. ABŞ-ın Türkiyəyə Ermənistanla sərhədlərini açmasında təzyiq göstərməsini bu günlərdə ölkəmizdə səfərdə olan NATO Parlament Assambleyasının nümayəndə heyətinin üzvləri də təsdiqləyiblər. Bu gün B.Obama administrasiyası erməni lobbisi qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmək naminə, regiondakı ən güclü hərbi-siyasi müttəfiqi olan Türkiyə və strateji tərəfdaşı hesab etdiyi Azərbaycanla münasibətləri təəssüf ki, korlamağa da razıdır.
Artıq ABŞ-da əhalinin böyük əksəriyyətinin Barak Obama hökumətindən narazı olduğu barədə məlumatlar yayılmaqdadır. Bunu Amerikada keçirilən son sosioloji sorğunun nəticələri də təsdiqləyir. "Associated Press" agentliyinin məlumatına görə, rəyi soruşulanların 80 faizi Obama hökumətinin milli problemləri həll edəcəyinə artıq inanmır. Rəyi soruşulanların cəmi 20 faizi Dövlət Departamentinin siyasətinə inandığını bildirib. Respondentlərin 50 faizdən çoxu isə öz həyatında Ağ evin yürütdüyü hazırkı siyasətin mənfi təsirini artıq hiss etdiyini bildirib.
Göründüyü kimi, Obama administrasiyasının ikili standartları, işğalçı ölkəyə tərəfkeşlik etməsi öz ölkəsində də onun demokratikliyinə və obyektivliyinə şübhələr yaradıb və buna görə də ölkə vətəndaşlarının Prezidentə olan inamları azalıb.
ABŞ-ın regional xarici siyasətindəki ayrı-seçkilik onun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində də neytral və obyektiv vasitəçi olduğuna şübhə doğurur.{nl}
Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.