Rusiyanın və ATƏT-in Minsk qrupunun digər həmsədrlərinin bəyan etdiyi kimi, status-kvo qəbuledilməzdir. Biz bu bəyanatı tamamilə dəstəkləyirik. Lakin status-kvonun dəyişməsi üçün 20 ildən artıq müddətdə Azərbaycanın işğal altında olan ərazisinin işğaldan azad edilməsi başlanmalıdır.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Sank-Peterburq, 20 iyun 2016-cı il
Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya işgüzar səfəri artıq başa çatmışdır. Səfər çərçivəsində Sankt-Peterburq şəhərində Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Qarabağ sammiti keçirilib. Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə həmin gün onunla Azərbaycan və Ermənistan prezidentləri arasında əvvəlcə ikitərəfli, sonra isə üçtərəfli formatda müzakirələr aparılıb. Üç ölkə prezidentinin görüşünün yekunlarına dair birgə bəyanat qəbul edilib. Prezidentlər Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müntəzəm əlaqələrin mühüm əhəmiyyət daşıdığını qeyd edərək, ATƏT-in Minsk qrupunun işini tamamlayacaq bu formatda görüşləri davam etdirmək barədə razılığa gəliblər. Dövlət başçıları münaqişənin nizamlanmasında inkişafa şərait yaratmağa imkan verən bir sıra məsələlərdə qarşılıqlı anlaşmanın əldə olunduğunu ifadə ediblər.
Xarici işlər naziri Elmar Məmmədyarov Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə keçirilmiş Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün nəticələrini müsbət qiymətləndirib. Onun qənaətinə görə, görüş konstruktiv şəkildə keçirilib. Azərbaycan tərəfi görüşün nəticələrini müsbət qiymətləndirir: “İnanırıq ki, görüş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesində tezliklə irəliləyişə nail olmaq imkanı yaradacaq”. Politoloqların fikrincə, Sankt-Peterburq görüşü “barışa, yoxsa savaşa davam?” dilemmasına aydınlıq gətirməlidir. Görüşün nəticəsi də təsdiqlədi ki, artıq Ermənistan tərəfi savaşı davam etdirmək iqtidarında deyil. Məhz buna görə də Rusiyanın şimal paytaxtında Qarabağa dair keçirilən budəfəki, sayca 5-ci olan görüş əhəmiyyətinə görə əvvəlkilərdən xeyli dərəcədə fərqlənirdi. Bu da münaqişə ətrafında aprel döyüşlərinin yekunundan qaynaqlanan kritik durumla, daha doğrusu, Azərbaycanın xeyrinə dəyişmiş yeni status-kvo ilə bağlı idi.
Göründüyü kimi, uzun fasilədən sonra, nəhayət ki, Dağlıq Qarabağ danışıqları üzrə ölkə prezidentlərinin danışıqları davam etdirilir. Bir ay əvvəl Vyana görüşü, ardınca isə Sankt-Peterburqda baş tutan görüş. Ekspertlər də sonuncu görüşlərin əvvəlkilərindən xeyli fərqləndiyini bildirirlər. Bunu bu ilin aprel döyüşlərindən sonra regionda yaranmış yeni situasiya ilə əlaqələndirirlər. Bütün hallarda Vyana görüşü bizim üçün böyük əhəmiyyət kəsb edirdi. Çünki bu, cəbhə bölgəsində Azərbaycan Ordusunun aprel uğurundan, daha dəqiq desək, Ermənistan silahlı qüvvələrinə verdiyi layiqli “dərsdən” sonra prezidentlərin vasitəçilərin iştirakı ilə ilk görüşü idi. Apreldəki “dördgünlük müharibə” beynəlxalq aləmə göstərdiki, Azərbaycan nəticəsiz danışıqlardan təngə gəlib və işğal altındakı ərazilıərini azad etmək əzmindədir. Təbii ki, Vyana görüşü bu əhval-ruhiyyənin daşıyıcısına çevrilməli idi, çevrildi də. Bu vaxta qədər Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar keçirilən görüşlərə zorla gələn və müxtəlif bəhanələrlə görüşü yarımçıq tərk edən Ermənistan prezidenti Serj Sarkisyan artıq Vyanada və Sankt-Peterburqda keçirilən görüşlərdə özünü münaqişənin sülh yolu ilə nizamlanmasının tərəfdarı kimi aparır. Görünür aprel “qulaqburmasından” ibrət dərsi götürüb.
Dövlətimizin başçısı İlham Əliyev Sankt-Peterburq görüşündən cəmi iki gün əvvəl Qafqaz Müsəlmanları İdarəsindəki iftar süfrəsindəki çıxışı zamanı da bu məsələyə münasibət bildirmişdir: “Aprel döyüşləri Ermənistan rəhbərliyinə yaxşı dərs, vasitəçilərə, dünya ictimaiyyətinə isə siqnal oldu. Əgər kimsə fikirləşir ki, biz növbəti 20 il də mənasız danışıqlar aparacağıq, səhv edir. Biz mənasız danışıqlar aparmaq fikrində deyilik. İmitasiya naminə danışıqlar da aparmayacağıq”.
Ümumiyyətlə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması hər zaman dövlətimizin xarici siyasətinin prioritetini təşkil edib. Azərbaycan üçün xarici siyasətin düzgün müəyyənləşdirilməsi ölkənin müstəqilliyinin qorunub saxlanmasında və möhkəmləndirilməsində başlıca amillərdən biri olaraq qalır. Kifayət qədər mürəkkəb, eyni zamanda, strateji əhəmiyyətli bölgədə yerləşən respublikamızın xarici siyasət kursu müəyyənləşdirilərkən, bir tərəfdən, öz milli maraqlarını və bölgənin aparıcı dövləti statusunu qoruyub saxlamaq, digər tərəfdən, bölgədə maraqları olan bütün dövlətlərlə, habelə qonşularla bərabərhüquqlu tərəfdaşlıq münasibətlərini saxlamaq kriteriyalarından çıxış edir. Bunlarla yanaşı, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tezliklə bərpa edilməsi, təhlükəsizliyinin, siyasi müstəqilliyinin təmin olunması, suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş təhlükələrin və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinin aradan qaldırılması da prioritet istiqamətlərdəndir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində beynəlxalq təşkilatların səyləri ilə yanaşı, 1999-cu ilin aprelindən başlayaraq, yeni formada addımlar atılmışdır. Bu, Azərbaycan və Ermənistan prezidentlərinin birbaşa dialoqunun aparılması olmuşdur. Həmin vaxtdan bu günə qədər iki respublikanın prezidentləri Moskvada, Vaşinqtonda, Cenevrədə, Yaltada, İstanbulda, Davosda, Nyu-Yorkda, Minskdə, Parisdə, Ki-Uestdə, Soçidə, Kişinyovda, Praqada, Strasburqda, Varşavada, Astanada, Kazanda, Rambuyedə, Buxarestdə, Sankt-Peterburqda, Surixdə, Münhendə və habelə, iki respublikanın sərhədi –Sədərəkdə 51 görüş keçirmişlər. Bu da münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlarda ölkəmizin, ilk növbədə sülh variantına üstünlük verdiyinə sübutdur.
Təkcə son yeddi ildə Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan prezidenti Serj Sarkisyanla müxtəlif ölkələrdə 15 görüş keçirmişdir. Lakin Ermənistan tərəfi bütün görüşlərdə qeyri-konstruktivlik nümayiş etdirmiş, status-kvonun saxlanılmasına çalışmış, bununla da münaqişənin nizamlanmasına bilərəkdən mane olmuşdur. Ancaq bu il mayın 16-da Avstriyanın paytaxtı Vyanada ABŞ-ın dövlət katibi Con Kerri, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Dezir, ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşikin də iştirak etdikləri Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən görüşdən sonra işğalçı ölkənin rəhbəri, demək olar ki, konstruktivliyə meyillidir. Artıq başqa yol da qalmayıb. Bunu Ermənistanın xarici işlər nazirinin müavini Savarş Koçaryan da etiraf etmişdi: “Davamlı atəşkəs rejimi əldə olunmayana, qarşılıqlı inamın möhkəmləndirilməsinə dair tədbirlər görülməyənə qədər danışıqlarda inkişafın olacağı çətin və demək olar ki, mümkün deyil. Ona görə də mən prezidentlərin növbəti görüşünü bu kontekstdə nəzərdən keçirmək istəyərdim. Artıq ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikdən onun komanda və imkanlarının genişləndirilməsinə dair müəyyən təkliflər tərəflərə təqdim olunub”.
Hər dəfə təkliflərdən boyun qaçıran Ermənistan tərəfi artıq növbəti təkliflər üzərində düşünür. Sonuncu görüşün konstruktiv şəkildə keçirilməsi də Ermənistan tərəfinin “aprel dərs”indən ehtiyatlanmasından xəbər verir. Artıq Ermənistan tərəfinə bəllidir ki, onların cəbhəboyu ərazilərdə törətdikləri təxribatlara Azərbaycan tərəfindən qat-qat artıq cavab gələcək. Milli Ordumuzun gücü qarşısında çox gücsüz olduqlarını hiss edən Serj Sarkisyan danışıqlar masasına qayıtmaqdan savayı yol görmədi. Ermənistan prezidenti Vyanadan geri dönərkən təyyarədə jurnalistlərə verdiyi müsahibədə də məğlubiyyətlərini dolayısı yolla etiraf etdi. Əslində, milli Ordumuz Azərbaycan ərazilərini işğaldan azad etmişdi. Ermənistan prezidenti isə həmin ərazilərin, guya Ermənistana məxsus olduğunu dilə gətirərək, 800 hektar ərazinin itirildiyini bildirmişdi. Əslində isə işğaldan azad olunan ərazimiz 2 min hektardan da artıq idi. Üstəlik, döyüş üçün əhəmiyyət kəsb edən bir neçə yüksəklik. Söz yox ki, Sarkisyan həmin əraziləri əhəmiyyətsiz ərazilər kimi göstərməyə çalışmışdır. O zaman sual olunur ki, əgər belə əhəmiyyətsiz ərazilərdirsə, bəs nədən 20 ildən artıq idi ki, işğal altında saxlamışdınız? Təbii ki, bütün bunlar Ermənistanın məğlubiyyətini ört-basdır etmək cəhdindən başqa bir şey deyildi. Həm də Serj Sarkisyan Azərbaycan xalqının işğalçıya qarşı dözüm limitinin artıq bitdiyini açıb-ağartmaq istəmirdi.
Artıq hərbi məğlubiyyətlərin siyasi nəticələri Ermənistanda özünü göstərməkdədir. İşğalçı dövlətin rəhbərliyi yaxşı başa düşür ki, gec-tez status-kvo dəyişməlidir. Azərbaycan bunun üçün bütün mümkün vasitələrdən, eyni zamanda, hərbi yoldan istifadə etməsi hüququnu da özündə saxlayır.
Əksər siyasi şərhçilərə görə, Sankt-Peterburq sammiti Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında bir sıra məsələlərə aydınlıq gətirəcək. Bu görüşlə bağlı proqnoz və təxminlər də ümidverici idi. Azərbaycanın həm rəsmi, həm də ictimai səviyyədə Rusiya və onun liderindən, bütövlükdə ATƏT -in Minsk qrupundan konkret gözləntisi bu idi ki, artıq çoxdan “dondurulmuş münaqişə” olmaqdan çıxan problemin həllinə bu dəfə reallıqdan yanaşılacaqdır.
Görüşün nəticəsi barədə məlumatlarda deyilir ki, Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xəttində vəziyyətin normallaşdırılmasına sadiq olduqlarını bildiriblər və ATƏT müşahidəçilərin sayının artırılması barədə razılığa gəliblər. Bu barədə məlumat verən Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib: “Bundan başqa, biz danışıqlar prosesinin aktivləşdirilməsi üzrə konkret addımları qeyd etdik. Prezidentlər Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyətin normallaşdırılmasına sadiqliyin qeyd olunduğu, münaqişə zonasında işləyən ATƏT müşahidəçilərinin artırılmasını və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində davamlı irəliləyiş üçün şəraitin yaradılmasına sadiqliyi nəzərdə tutan üçtərəfli bəyanatı razılaşdırdılar”.
ATƏT-in Minsk qrupunun həmsədrləri də qəbul edirlər ki, mövcud status-kvonun davam etdirilməsi mümkün deyil və münaqişənin həlli ilə bağlı mümkün qədər tez ciddi tədbirlərin həyata keçirilməsinə başlanmalıdır.
Münaqişənin tənzimlənməsində Azərbaycanın uzun illərdir davamlı şəkildə irəli sürdüyü mərhələli həll variantı əsas prinsip kimi götürürlüb. Mərhələli həll variantı atəşkəsin tam təmin olunmasını, işğal altında olan torpaqların Azərbaycana qaytarılmasını, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasını və gələcəkdə Dağlıq Qarabağın statusu ilə bağlı referendum keçirilməsini nəzərdə tutur.
Azərbaycan Prezidenti İlham Əliyev isə mövqeyini bir daha qəti olaraq, Qarabağ məsələsində status-kvonun artıq qəbuledilməz olduğunu və erməni işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildirib: “Ümid var ki, Qarabağ danışıqlarına konstruktiv dinamika vermək mümkün olacaq”.
Yeni reallıq Azərbaycan Prezidentinin münaqişənin beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həlli istiqamətində həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.