“FORMULA-1” Avropa Qran-prisi dünya mediasının diqqət mərkəzindədir

Bakıda keçirilən Formula-1 Avropa Qran-prisi dünya mediasının diqqət mərkəzindədir. AZƏRTAC xəbər verir ki, Fransanın “Kanal+” və “Kanal+sport” televiziyaları bütün mərhələləri canlı yayımlayır. Yarış barədə digər saytlarda da operativ məlumatlar yerləşdirilir.

Bu ölkənin “TF1” televiziyasının saytı yazır ki, Bakı trası gözəl memarlıq abidələri ilə əhatə olunub. Trasın köhnə məhəllələrdə yerləşən hissəsi Monakonu xatırladır. Yol texniki baxımdan bütün tələblərə cavab verir və burada “Formula-1” tarixində ilk dəfə olaraq sürət saatda 350 kilometrə çatacaq.

Fransanın www.lequipe.fr saytında həm Bakı Qran-prisi, həm də Azərbaycan barədə ətraflı məlumat verilib. Saytın Bakıya ezam olunan əməkdaşlarının xəbərində qeyd edilir ki, Azərbaycan Qafqazda Avropa ilə Asiyanın qovşağında yerləşir. Bu ölkə rəsmi olaraq, Avropaya aiddir və UEFA-nın üzvüdür. Azərbaycan idman vasitəsilə də özünü təbliğ etmək istəyir. Bakı çalışır ki, onu təkcə neftinə görə tanımasınlar. Azərbaycan 2015-ci ilin iyununda birinci Avropa Oyunlarını qəbul edib və indi ilk dəfə olaraq “Formula-1” Avropa Qran-prisini keçirir. Uzunluğu 6 kilometr olan Bakı treki paytaxtın mərkəzini əhatə edir və 20 döngədən ibarətdir.

Diqqətə çatdırılıb məşhur alman memarı Herman Tilkenin hazırladığı trek layihəsi Azərbaycan paytaxtının “İçərişəhər” adlanan hissəsində əyri döngələrdən və Xəzərin sahilində 2 kilometrlik düz prospektdən ibarətdir. Sahil boyunca hissədə maksimum sürət saatda 350 kilometrə çatıb. Saytda, həmçinin pilotların Azərbaycan barədə xoş təəssüratlarına da geniş yer verilib.

“Nextgen-auto” saytı isə “Formula-1 – Azərbaycan: maraqlı faktlar” mövzusunda yazıda Bakıdakı yarış barədə ətraflı məlumat verib. Sayt yazır ki, Azərbaycan ta qədimdən “Odlar Yurdu” adlandırılır. Ölkənin ən qədim mağarası olan Azıxda 500-700 min il bundan əvvələ aid ocaq izləri və bəşər tarixinin ilk tikililərindən biri aşkarlanıb.

Yazıda vurğulanıb ki, Azərbaycanın paytaxtı Bakı dünyada dəniz səviyyəsindən 28 metr aşağıda yerləşən ən böyük şəhərdir. Ölkə 2011-ci ildə “Eurovision” mahnı müsabiqəsinin qalibi olub.

Lüksemburqun “Lesentiel” saytında yerləşdirilən “Pilotlar Azərbaycanı kəşf edir” sərlövhəli məqalədə bildirilir ki, Azərbaycan tarixində ilk dəfə “Formula-1” yarışına ev sahibliyi edir. Komandalar Bakıya xeyli ləvazimat gətirib. Təkcə “Renault” şirkəti 30 ton avadanlıq və 70 nəfərlik texniki heyətlə gəlib. Yazıda “Mercedes” komandasının nümayəndəsinin trekin çox maraqlı olması ilə bağlı fikirləri də diqqətə çatdırılıb. Həmin mütəxəssis qeyd edib ki, Bakı treki həm mühərriklər, həm də əyləc sistemləri üçün əsl sınaqdır. Sahil boyu 2 kilometrlik hissə ötmə əməliyyatı üçün əlverişli zolaqdır.

Qeyd edək ki, müxtəlif xəbər portallarının Bakıdan hazırladıqları materialları Fransa, Belçika, İsveçrə və Lüksemburqun digər tanınmış saytları da yayımlayıblar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında