“Formula-1” Azərbaycanı dünyaya daha yaxından tanıdacaq

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

“Formula-1” dünya miqyasında üç ən əsas idman yarışının sırasındadır. Birinci yerdə, əlbəttə ki, Yay Olimpiya Oyunlarıdır. İkinci yerdə futbol üzrə dünya çempionatıdır. Üçüncü yerdə “Formula-1” yarışıdır. Bu yarışın Azərbaycanda keçirilməsi, əlbəttə ki, tarixi hadisədir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


 

Azərbaycanda son illər keçirilən beynəlxalq tədbirlər ölkəmiz barədə təəssüratları dəyişir, respublikamızın imicinə müsbət təsir göstərir. Ötən 13 ildə bir-birini əvəzləyən idman yarışlarının - bədii gimnastika, taekvando, güləş, boks, karate və olimpiya idman növlərinə daxil olan digər turnirlərin məhz Azərbaycanda keçirilməsi, hər bir sahədə olduğu kimi, idmanda da ölkəmizə böyük nüfuz qazandırır.

Keçən il Bakıda tarixdə ilk dəfə keçirilən I Avropa Oyunları bunun bariz ifadəsi kimi hələ uzun illər yaddaşlarda yaşayacaq. Xatırladaq ki, sözügedən Avropa Oyunları sıradan bir idman turniri deyildi. Bu, Olimpiya Oyunlarına bərabər tutulan və qitənin bütün ölkələrinin iştirak etdiyi, minlərlə idmançının mübarizə apardığı bir yarışma idi. Etiraf edək ki, bu cür idman tədbirlərinə ev sahibliyi etmək isə hər dövlətə nəsib olmur. Lakin belə mötəbər yarışların son illərdə  respublikamızda reallaşması ilk növbədə əldə edilən sosial-iqtisadi uğurların məntiqi nəticəsidir. Başqa sözlə, Azərbaycanın mötəbər tədbirlərə ev sahibliyi etməsi ölkəmizin dinamik inkişafı, ictimai-siyasi sabitliyin hökm sürməsi, respublikamızın idman ölkəsi kimi dünyada böyük nüfuz qazanması ilə sıx bağlıdır.

Azərbaycanın bu il, eyni zamanda, Şahmat Olimpiadasının, gələn il IV İslam Həmrəyliyi Oyunlarının və futbol üzrə AÇ-2020-nin final mərhələsinin 4 oyununun Bakıda keçirilməsi hüququnu əldə etməsi dünya idman ictimaiyyətinin ölkəmizə marağının artmasından irəli gəlir.

Ölkəmizin son illərdə idman sahəsində mühüm qələbələr qazanması əsasən, bu sahə ilə bağlı dövlət siyasətinin uğurla gerçəkləşdirilməsi ilə əlaqədardır. Bunu belə bir faktdan da görə bilərik: respublikamızda indiyədək 40-dan artıq yeni Olimpiya idman kompleksi və digər idman qurğuları istifadəyə verilib. Bununla yanaşı, idmanın əhali arasında geniş təbliğ olunması, sahənin maddi-texniki bazasının möhkəmləndirilməsinin daim diqqət mərkəzində saxlanılması da ölkəmizin mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana, dünyanın idman mərkəzlərindən birinə çevrilməsinə müsbət təsir göstərib. Bütün bunlar isə təbii ki, Azərbaycanın  mötəbər idman yarışlarına ev sahibliyi etməsinə şərait yaradıb. Digər tərəfdən, bu, Azərbaycanın sosial-iqtisadi yüksəlişinin, inkişafının, regionların tərəqqisi ilə bağlı düşünülən və əsaslandırılan proqramların uğurla icrasının  məntiqi nəticəsidir.

Azərbaycan vətəndaşlarının sosial rifahı yüksəlib, sabaha inamı güclənib. İşğal altındakı torpaqlarımızın azad edilməsinə ümid daha da artıb. Bunu mötəbər idman yarışlarını izləməyə gələn əcnəbi qonaqlar da görürlər. Turistlər respublikamızla tanış olarkən bir daha Azərbaycanın bölgələrinin, hətta düşmənlə üz-üzə dayanan cəbhəyanı rayonların inkişafını, o yerlərin sakinlərinin qətiyyətini, respublikamızın sülhsevər və dinamik inkişaf edən ölkə olduğunu müşahidə edirlər. Odur ki, müxtəlif idman yarışları Azərbaycanın dünya tərəfindən yaxından tanınması və ölkəmizin dəyərlərinin təbliği üçün mühüm addım kimi qiymətləndirilməlidir. Bu baxımdan “Formula-1"in iştirakçılarının və qonaqların təəssüratları da diqqət çəkir.

Pilot Serxio Peres: ”... Bəxtimiz gətirib ki, bütün dünyanı gəzib-dolaşmaq imkanımız var. Mən çox şadam ki, Bakıya gəlmişik. Buranın arxitekturası çox gözəldir. Qədim şəhər inanılmaz görünür. Çox xoşuma gəldi.

...Tras mükəmməldir, eyni zamanda, çox mürəkkəbdir. Mən heç vaxt Makaoda çıxış etməmişəm, amma Bakı trası Makao trasına çox oxşayır. Zənnimcə, bu tras təqvimdə ən yaxşılar sırasına daxil olacaq...".

İndoneziyalı sürücü Rio Xaryanto: “Bakıda hər şey əladır. Şəhərin gözəlliyinə heyranam: qədim və yeni tikililərin uyğunluğu Qran-pri üçün gözəl fon yaradır. Bura mənim çox xoşuma gəldi. İnanıram ki, tamaşaçılar da zövq alacaqlar...”.

Alman sürücü, 2015-ci ildə keçirilən “Deutsche Tourenwagen Masters” seriyasının çempionu Paskal Verlyayn: “Bakı çox gözəl şəhərdir. Həmişə yenilənir, yeni binalar tikilir. Lakin burada elə bir qədim yer var ki, ora çox gözəl qorunur. Bu İçərişəhərdir. Mən ümid edirəm ki, İçərişəhər qorunmaqda davam edəcək. Çünki bu yer şəhərin qədimliyindən, Bakının zəngin tarixindən xəbər verir...”.

Belçikalı yürüşçü, Gənclər Akademiyasının müdavimi və “McLaren F1" komandasının test-pilotu Stoffel Vandorn: “Bakı trası çox maraqlıdır. Bu tras nisbətən yüksək sürət üçün nəzərdə tutulur. Trasın düz xətt şəklində uzun hissəsi Montsadakı trasla müqayisə edilə bilər, lakin bu konfiqurasiyaya Monako ilə müqayisə oluna biləcək texniki cəhətdən çox mürəkkəb ləng sahələr də daxildir...".

Burada diqqətçəkən məqam həm də odur ki, Azərbaycanın idman ölkəsi kimi dünyada tanınması və bu sahədə əldə etdiyi qələbələr  beynəlxalq idman ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir. Beynəlxalq Olimpiya Komitəsi (BOK) və Avropa Olimpiya Komitəsi (AOK) kimi nüfuzlu təşkilatlar Azərbaycanla əlaqələrinin güclənməsinə xüsusi önəm verirlər.

Bu gün isə Azərbaycan “Formula-1" Avropa Qran-pri yarışlarının Bakı mərhələsinə evsahibliyi edir. Respublika azarkeşləri “Formula-1”in Bakı mərhələsində 11 komanda və 13  ölkədən dünyanın ən məşhur pilotlarının birincilik uğrunda mübarizəsini maraqla, həyəcanla izləyirlər. Xatırladaq ki, bu möhtəşəm yarışda dünya çempionu adını qazanan 5 pilot iştirak edir.

“Formula-1" əvvəlki yarışlardan bir sıra cəhətləri ilə seçilir. Belə ki, əvvəlki qaydalara görə, 18 dəqiqə davam edən birinci və 15 dəqiqəlik ikinci seansların nəticələrinə əsasən, ən pis nəticə göstərən 6 pilot mübarizədən kənarlaşdırılırdı. Bununla yanaşı, 10 pilot 12 dəqiqəlik üçüncü seansdakı göstəricilərə görə yarışa start verirdi. Hazırda isə seansın sonunda yox, 90 saniyədən bir ən yavaş pilotun mübarizəsi dayandırılır. Burada məqsəd tamaşaçılar arasında “Formula-1”-i daha da həyəcanla izləməkdir.

Qeyd edək ki, “Formula-1" yarışı  regionda ilk dəfə Azərbaycanda keçirilir. Ölkəmizə bəslənən ümidləri doğrultmaq üçün bu yarışa xüsusi hazırlıq işləri görülüb. 20 döngədən ibarət və uzunluğu 6 kilometr olan marşrut boyu infrastruktur nəzərdə tutulan cədvəl əsasında qurulub. Bundan başqa, yarışı işıqlandırmaq, beynəlxalq ictimaiyyətə çatdırmaq üçün respublikamıza gələn media nümayəndələri, komanda heyətləri və yarışa bileti olan xarici azarkeşlərə  vizaların verilməsi qaydaları sadələşdirilib, onların  Avropa Qran-pri yarışını izləmələri, istirahət etmələri üçün hər cür şərait yaradılıb.

Prezident İlham Əliyev “Formula-1" yarışlarının Bakıda keçirilməsinin əhəmiyyətindən və bu istiqamətdə görülən işlərdən danışarkən yarışın tamaşaçı auditoriyası baxımından Yay Olimpiya Oyunları ilə eyni səviyyədə tutulduğunu qeyd edərək tədbirin ölkəmizə olan marağı daha da artıracağına əminliyini bildirib: ”Formula-1" yarışları bizim bölgədə ilk dəfə olaraq keçiriləcək. Bizim şərtimiz ondan ibarət idi ki, bu yarışma mütləq şəhər küçələrində keçirilməlidir. Çünki birincisi, bu yarışın təşkili üçün yeni stadionun tikintisinə biz gərək böyük vəsait xərcləyəydik. Buna lüzum yoxdur. Digər tərəfdən, xüsusi tikilmiş yerlərdə keçirilən yarışlar bir-birini təkrarlayır, bir-birinə oxşayır. Televiziyada bu yarışları seyr edərkən heç bilmirsən ki, bu yarış harada keçirilir. Bizim üstünlüyümüz ondan ibarət olacaq ki, bu, gözəl, qədim və müasir şəhərimizin küçələrində keçiriləcək. Bu günə qədər cəmi iki yerdə - Monakoda və Sinqapurda bu yarışlar şəhər küçələrində keçirilib... Əminəm ki, biz bu gözəl yarışı da ən yüksək səviyyədə keçirəcəyik".

Beləliklə, “Formula-1" yarışlarının Bakıda reallaşması irimiqyaslı idman tədbirlərinin keçirilməsində Azərbaycanın malik olduğu potensial imkanları növbəti dəfə nümayiş etdirir  və ölkəmizin beynəlxalq idman aləmində nüfuzunu daha da artırır.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında