“Qurtuluş” azadlıq erasının başlanğıcı oldu

Milli Qurtuluş Günü münasibətilə qəzetimizə verdiyi müsahibədə bu fikri xüsusi vurğu ilə səsləndirən Xalq şairi Fikrət Qoca ümummilli lider Heydər Əliyevin Qurtuluş konsepsiyasının əhəmiyyətini yüksək dəyərləndirdi.

Xatırladaq ki, çağdaş poeziyamızın  görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Fikrət Qoca 23 il əvvəlin böhranlı iyununda ümummilli lider Heydər Əliyevin müstəqil dövlətin idarəçiliyinə qayıdışını dəstəkləyən ayıq-sayıq düşüncəli ziyalılarımızdan biri olmuşdur. Qırmızı imperiyanın 70 illik əsarətindən qurtulub asudə nəfəs almağa macal tapmamış müxtəlif güc mərkəzlərinin ftinə-fəsadları qarşısında aciz qalmış Azərbaycanın taleyini poetik dillə “yağışdan çıxıb yağmura düşməyə” bənzədən şair o zaman bu mövzuda təsirli bir poema da yazmışdı. Həyəcan və narahatlıqları ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də xalqın istək və etimadı ilə ölkənin idarəçilik sükanı arxasına keçməsi ilə ötüşən Xalq şairi o günləri illər keçəndən sonra belə xatırlayır:

– Yaxşı deyiblər ki, ciddi tarixi hadisənin mahiyyəti də uca zirvələrin ümumi mənzərəsi kimi ondan uzaqlaşdıqca daha aydın görünür. 1993-cü ilin yayında Azərbaycanda vətəndaş qarşıdurmasının, separatçı qəsdlərin, suverenliyi itirmək təhlükəsinin sovuşdurulması miqyas və mürəkkəbliyinə görə dağlar qədər böyük və ağır bir tarixi hadisə olduğuna

görə onun önəmini, çəkisini də zaman-zaman daha dərindən və əhatəli dəyərləndiririk.

Ümummilli lider Heydər Əliyevin siyasi Olimpə Qayıdışını xalqımız, haqlı olaraq, “qurtuluş” adlandırmışdır. Bu, heç də təsadüfi olmayıb, tarixən təkrarlanan ümummilli təhlükənin mahiyyətindən və budəfəki uğurlu aqibətindən doğan səmimi bir dəyərləndirmədir. Çünki 1918-ci ilin 28 mayında əldə olunmuş dövlət müstəqilliyimizi yalnız 23 ay yaşatmaq mümkün olmuşdu. O vaxt qaniçən imperiyaların oyunlarından, faciəli hadisələrin gizlinlərindən məharətlə baş açan Heydər Əliyev kimi milli siyasətçi və dövlət xadimi hələ yetişmədiyindən Azərbaycan Xalq Cümhuriyyətini yeni rus işğalından qorumaq da mümkün olmamışdı.

Tarixçi və politoloqlar düzgün qeyd edirlər ki, ulu Yaradan Heydər Əliyevi öz vətənini sovet imperiyası daxilində gələcəyin müstəqilliyinə hazırlamaq üçün yaratmış və bir gün qazanılacaq suverenliyi xilas etməkdən ötrü qoruyub saxlamışdı. Doğrudan da, tarixin ən böyük, əzəmətli və qüdrətli azərbaycanlısı olan Heydər Əliyevin bütün varlığı ilahi bir missiya ilə Azərbaycanı əzəli haqlarına qovuşmağa layiq, sivil ölkə kimi dünyada tanıtmağa, itirilmiş dövlətçiliyinin bərpası məramına tabe edilmişdi. Ulu öndər bu sirli gedişin gizli məntiqi ilə, müstəsna bir dahiyanəliklə bir gün sovet imperiyasının süqut edəcəyini qabaqcadan duymuş, məmləkətini bütün vasitələrlə həmin dönüşə hazırlamışdı.

Bu nəhəng şəxsiyyətin nələrə qadir olduğunu bizdən də yaxşı dərk edən düşmən dairələr isə imperiyanın dağılması prosesində xalqımızı yeni əsarət boyunduruğuna salmaq üçün onun həqiqi liderini imperiya mərkəzində təkləyib, dünya siyasətinin müəyyən edilməsində qazandığı mötəbər mövqedən uzaqlaşdırdılar. Lakin daxili dönüklər və xarici düşmənlər müstəsna zəka və iradə sahibi olan soydaşımızı vətəndən uzaqda ev dustağına çevirsələr də, onun iradəsini sındıra, özünü məhv edə bilmədilər. İllər keçəndən sonra aydın görürük ki, şeytan xislətli siyasətçilər, sadəcə olaraq, Tanrının iradəsinə qarşı axıradək gedə bilmədilər. Yaradanın hökmü ilə xalqımız ağır sınaq günlərində öz ümummilli liderinə sahib çıxdı. İlahi bir hökmün qüdrətilə Heydər Əliyev kənarlaşdırıldığı tarixi prosesdə ona ayrılmış müstəsna rolu davam etdirməyə qaytarıldı. Bu böyük Qayıdış, eyni zamanda, böyük bir Qurtuluşun təbii-tarixi başlanğıcı oldu.

Xalq şairi söhbətinin davamında dedi:

– Qurtuluş iki əsrə yaxın davam etmiş çar və sovet Rusiyasından asılılığın sonu, milli azadlıq erasının, böyük bir gələcəyin başlanğıcı oldu. Lakin qurtuluş, sadəcə, keçmişdən üz döndərib bugünü qazanmaq, gələcəyə yön almaq da deyil. Qurtuluş, hər şeydən əvvəl, qazanılmış azadlığın möhkəm daxili və xarici təminatlarının yaradılması anlamına gəlir. Ümummilli lider təkcə müstəqilliyi itirilməkdən qorumağı bacaran yeganə soydaşımız olmayıb, həm də onu yaşatmağın, möhkəmləndirməyin, daimiləşdirməyin, gələcəyə salamat çatdırmağın yollarını bilən nadir dövlət adamı idi. Ötən 23 ilin başlıca siyasi yekunu bax, budur.

Heydər Əliyevin Qurtuluş adı almış konsepsiyasının birinci hissəsi dövlət müstəqilliyini ilkin təhlükələrdən qorumaq və möhkəmləndirmək idisə, bundan da məsuliyyətli və önəmli ikinci hissəsi idarəçilik sükanını özündən sonra kimə etibar etməsi idi. Ulu öndər bu tarixi missiyanı da misilsiz bir dahiyanəliklə, alternativi olmayan bir üsulla gerçəkləşdirdi. Ümummilli lider Heydər Əliyevin bioloji ömrünün təbii davamı olan İlham Əliyevi həm də ictimai-siyasi varlığının davamçısı kimi hazırlayıb canından əziz bildiyi Azərbaycanın gələcək taleyini ona etibar etməsi ölkəmizdə və dünyada siyasi varislik məsələsinin ən mükəmməl həlli nümunələrindən biri kimi qəbul olundu.

Xalq şairi sonda bildirdi:

– Ulu öndərin davamlı bir proses olan Qurtuluş konsepsiyası Azərbaycanın müstəqilliyinin siyasi, iqtisadi və sosial təminatlarının daim möhkəmləndirilməsini, bununla yanaşı, gerçək suverenlik yolundakı bir sıra aysberqlərdən və sualtı qayalardan maneəsiz və xəta-bəlasız yan keçilməsini nəzərdə tutur. Ümummilli lider Heydər Əliyevin strateji yolunu inamla və sədaqətlə davam etdirən Prezident İlham Əliyevin ötən 13 ildə gerçəkləşdirdiyi möhtəşəm layihələr, seçdiyi hədəflər, qazandığı uğurlar onu dünyada çevik və mükəmməl siyasətçi, ölkəsini doğru yolla irəli aparan, xalqının problemlərinə son qoyan və istəklərinə ardıcıl çatan yeni tipli lider olaraq şöhrətləndirmişdir.

Milli Qurtuluş Günü təntənələri də təkcə ümummilli lider Heydər Əliyevin xalqımızı fəlakətdən, dövlət müstəqilliyimizi itirilməkdən xilas etməsindən doğan məmnunluq, şükranlıq duyğularımızı ifadə etmir, həm də  hər birimizə gələcək taleyimizə necə məsul olmaq yollarını xatırladır, soydaşlarımızı güclü və ayıq-sayıq olmağa səsləyir. 

Bu yaxınlarda Respublika Günü şənliklərində mənim son yaradıcılığımın müstəqil ölkəmizin nüfuzlu Dövlət mükafatına layiq görülməsi ömrümün ahıllıq çağında mənə yüksək əhval gətirdi, suverenliyimizdən doğan iftixar duyğuları yaşatdı. Buna görə dövlət müstəqilliyimizin xilaskarı və memarı Heydər Əliyevin ölməz ruhu qarşısında özümü borclu sayır, onun ideya və əməllərini yüksək məharətlə davam etdirən Prezident İlham Əliyevə müstəsna liderlik fəaliyyətində uğurlar diləyirəm.

Milli Qurtuluş Günü münasibətilə səmimi xalq təşəbbüsündən yaranmış bu bayramın müəllifi olan müstəqil Azərbaycanın övladlarını ürəkdən təbrik edir, ölkəmizə problemsiz, ağrı-acısız gələcək arzulayıram.

Söhbəti yazdı:
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında