Mən əminəm ki, Azərbaycan-Almaniya münasibətlərinin inkişafı bölgədə sülh və sabitliyin möhkəmlənməsinə xidmət edəcək. Təbii ki, Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi müzakirələrimizin əsas məqamlarından biri idi. Bu münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində tezliklə həll olunmasına və BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına ehtiyac var.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Almaniya Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinə nail olmaq üçün Minsk qrupunun həmsədr ölkələri qismində Rusiya, ABŞ və Fransa hökumətlərinə dəstək göstərmək üçün öz əlaqələrindən maksimum şəkildə istifadə edəcək.
Angela MERKEL
Almaniya Federativ Respublikasının
Federal Kansleri
Azərbaycanın dünya birliyindəki reytinqinin getdikcə yüksəlməsi və ölkəmizin nüfuzlu beynəlxalq qurumların tədbirlərinin keçirildiyi məkana çevrilməsi dövlətimizin başçısının müəyyənləşdirdiyi siyasi strategiyanın bariz nümunəsidir. Son illər qazanılan uğurlar da Azərbaycanın daxili və xarici siyasət kursunun region dövlətləri üçün nümunə olmasından xəbər verir. Ölkəmiz bütün sahələr üzrə davamlı inkişaf yolundadır, beynəlxalq aləmdə onun nüfuzu durmadan artır. Xarici siyasətin prioritet istiqamətlərində əldə edilən uğurlar, ümumiyyətlə, daha dinamik diplomatik fəaliyyət göstərməyə imkan verir.
Dünyanı qlobal və maliyyə böhranı bürüdüyü bir vaxtda respublikamızda bütün sahələr üzrə davamlı inkişafın diqqəti cəlb etməsi beynəlxalq aləmdə bizə olan inam və etimadı daha da artırır. Xarici siyasətin prioritet istiqamətlərində əldə edilən nailiyyətlər, diplomatik fəaliyyətin dinamik uğurlarının göstəricisidir.
Son illər sürətlə dəyişən geosiyasi mühitdə xarici siyasətin prioritetlərini mütəmadi olaraq nəzərdən keçirmək qarşıya qoyulan zəruri məsələlərdəndir. Çünki belə bir şəraitdə çevik adaptasiya qabiliyyətinə malik diplomatiya milli maraqları təmin etmək işində mühüm rol oynayır. Təbii ki, dövlətimizin başçısı tərəfindən müəyyənləşdirilmiş uğurlu xarici siyasət tez-tez dəyişən geosiyasi mühitdə ölkəmizin nüfuzunu daha da artırır. Bu da respublikamızla əməkdaşlıq etmək istəyən dövlətlərin sayının çoxalmasına müsbət təsir göstərir. Hazırda Azərbaycanın daxili və xarici siyasət kursu region dövlətləri üçün nümunədir.
Prezident İlham Əliyevin xarici ölkələrə rəsmi, dövlət və işgüzar səfərləri, həmçinin inkişaf etmiş ölkələrin dövlət və hökumət başçılarının Azərbaycana səfərləri xarici siyasət kursunun prioritetlərinin uğurlarından xəbər veririr. Təkcə bu ilin birinci rübündə dövlətimizin başçısı bir çox xarici ölkələrdə olmuş, Vətənimizə isə 10 xarici dövlət və hökumət başçısı səfərə gəlmişdir. Bütün bunlar Azərbaycanın fəal xarici siyasət yürütməsinin məntiqi nəticəsidir. Bu səfərlər çərçivəsində aparılan danışıqlar və imzalanan sənədlər ölkələr arasındakı əlaqələrin daha da möhkəmləndirilməsində hər iki tərəf üçün yeni imkanlar açır, xalqımızın taleyüklü problemi olan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, dövlətlərin ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı əhəmiyyətli rol oynayır.
Azərbaycan Prezidentinin bugünlərdə Almaniyaya işgüzar səfəri çərçivəsində Berlində Azərbaycan-Almaniya İqtisadi Forumunun keçirilməsi, bir sıra yüksək rütbəli rəsmi şəxslərlə, iri şirkətlərin rəhbərləri, həmçinin siyasi xadimlərlə keçirdiyi görüşlərdə ikitərəfli əlaqələrin, iqtisadi əməkdaşlığın daha da möhkəmləndirilməsi gündəliyə gətirilmişdir. Bundan başqa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparılmışdır. Söhbət zamanı Münxen Təhlükəsizlik Konfransının sədri Volfqanq Fredrik İşinger Azərbaycanın dünyada təhlükəsizliyin təmin olunması işinə verdiyi töhfəni yüksək qiymətləndirmişdir.
Dövlətimizin başçısının keçirdiyi görüşlərdə bu il aprelin əvvəlində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində və qoşunların təmas xəttində törətdiyi təxribat, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ətrafında da geniş fikir mübadiləsi aparılmışdır.
Almaniya hazırda Avropanın ən güclü və aparıcı dövlətidir. Məlumdur ki, 2016-cı ildə Almaniya ATƏT-ə sədrlik edir. Bu səfər həm də ona görə diqqət mərkəzindədir ki, iki ay əvvəl rəsmi Berlin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar 8 bəndlik təklif paketini təqdim edib. Hələlik bu təkliflərin məğzi açıqlanmasa da, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer bu sənədin münaqişənin həllində böyük əhəmiyyət daşıyacağını bildirmişdir.
Almaniya Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu qeyd-şərtsiz tanıyan Avropa dövlətlərindən biridir. Bir qədər əvvəl Almaniya Bundestaqının Ermənistanın Dağlıq Qarabağ və digər işğal ərazilərindən çıxmasını tələb edən sənədin qəbul etdiyini yada salsaq, həmçinin bu ölkənin xarici işlər nazirinin Ermənistanı işğala son qoymağa çağıran bəyanat səsləndirməsini xatırlatsaq, deyə bilərik ki, dövlətimizin başçısının bu səfəri münaqişənin həllində Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edirdi. Bu ilin fevralında 52-ci Münxen Təhlükəsizlik Konfransının tədbirlərində iştirak edən Prezident İlham Əliyev Almaniyaya səfəri zamanı Kansler Angela Merkellə görüşmüş və həmin görüşdə də A. Merkel Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini ifadə edən fikir səsləndirmişdir. Almaniya ATƏT-ə sədrlik etməklə yanaşı, həm də Minsk qrupunun 11 üzvündən biridir. Ona görə də ölkə Prezidentinin bu səfəri sırf siyasi dialoq və münasibətlər baxımından böyük əhəmiyyət kəsb edirdi.
Azərbaycan Prezidentinin Almaniyanın Federal Kansleri Angela Merkellə görüşü diqqət mərkəzində olmuşdur. A.Merkel dövlətimizin başçısının səfərlərini və müxtəlif tədbirlərdə keçirdiyi görüşlərin ikitərəfli münasibətlərin möhkəmləndirilməsində böyük rol oynadığını bildirmişdir. O, Azərbaycanın son illərdəki inkişafını yüksək qiymətləndirmiş və dünyada gedən iqtisadi böhran zəminində, habelə neftin qiymətinin kəskin ucuzlaşdığı bir dönəmdə Azərbaycanın bu böhranın aradan qaldırılması istiqamətində həyata keçirdiyi islahatları, əhalinin həyat səviyyəsinin yüksəldilməsi ilə əlaqədar atdığı qətiyyətli addımları yüksək qiymətləndirmişdir. Merkel “Azərbaycan hökuməti tərəfindən bir neçə əfv qərarı qəbul edilib və biz bu addımı alqışlayırıq” – fikrini səsləndirməklə insan hüquq və azadlıqlarının qorunması istiqamətində ölkəmizdə qəbul olunan qanunvericilik aktlarını və bu sahədə həyata keçirilən tədbirləri alqışlamışdır.
Prezident İlham Əliyevin Angela Merkellə görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması yolları əsas məsələlərdən olmuşdur. A.Merkel Almaniyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə öz töhfəsini verəcəyini bildirmişdir. O, münaqişənin nizamlanması istiqamətində ATƏT-in Minsk qrupuna dəstək göstərmək üçün öz əlaqələrindən maksimum istifadə edəcəyini vurğulamışdır.
Bu il aprelin əvvəlində cəbhə xəttindəki vəziyyət Prezident İlham Əliyevin Angela Merkellə görüşündə diqqət mərkəzində olub. Ölkəmizin başçısı bəyan edib ki, biz öz ərazilərimizin bir hissəsini azad edə bildik. Bu, Ermənistan rəhbərliyinin unutmamalı olduğu dərsdir. Dövlətimizin başçısı həmçinin diqqətə çatdırıb ki, etnik təmizləmə törədən, beynəlxalq hüququ pozan, ərazi işğal edən Ermənistana qarşı sanksiya tətbiq olunmayıb: “Biz münaqişənin tez bir zamanda sülh yolu ilə həllini istəyirik. Təmas xəttində baş verən son hadisələr göstərdi ki, atəşkəs kövrəkdir və dayanıqlı deyil. Ermənilər təmas xəttində təxribatlar törətdi, biz də özümüzü, dinc vətəndaşlarımızı müdafiə etməliydik. Həmin vaxt ermənilər tərəfindən 8 mülki vətəndaş öldürüldü. Biz öz ərazilərimizin bir hissəsini azad edə bildik”.
Prezident İlham Əliyev vurğulayıb ki, Kanslerlə bugünkü görüş həm ikitərəfli, həm də regional məsələləri müzakirə etmək üçün gözəl imkan yaradıb: “Mən əminəm ki, Azərbaycan - Almaniya münasibətlərinin inkişafı bölgədə sülh və sabitliyin möhkəmlənməsinə xidmət edəcək. Təbii ki, Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi müzakirələrimizin əsas məqamlarından biri idi. Bu münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində tezliklə həll olunmasına və BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına ehtiyac var”.
Gözlənildiyi kimi, Angela Merkellə danışıqlarda, eyni zamanda, Almaniyanın bir neçə gün əvvəl qondarma erməni soyqırımını tanıması məsələsi də diqqətdən kənarda qalmayıb. Respublikamızın rəhbəri bir neçə gün əvvəl qondarma erməni soyqırımını tanıyan Almaniyada ermənilərin törətdiyi Xocalı soyqırımından danışıb. Dünyanın 10 ölkəsinin bu soyqırımını tanıdığını xatırladıb.
Azərbaycan Prezidentinin bu səfəri iqtisadi kontekstdən də yüksək dəyərləndirilir. Bunun əsas səbəblərindən biri Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsindəki roludursa, digər səbəb iki dövlət arasında enerji sahəsində əlaqələrin getdikcə genişlənməsidir. Bu əlaqələr, həmçinin, Avropa İttifaqı kontekstində də genişlənir. Bu baxımdan TAP, TANAP və “Cənub” qaz dəhlizi layihəsi Almaniyanın da mənafeyinə uyğundur. Respublikamızın rəhbəri Asiya ilə Avropanı birləşdirəcək nəqliyyat layihəsinin bu baxımdan xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan-Almaniya İqtisadi Forumunun açılışında da iştirak edib.
Almaniya Federativ Respublikasının vitse-kansleri, iqtisadiyyat və enerji naziri Ziqmar Qabriel Azərbaycan Prezidentini salamlayaraq, bu forumun keçirilməsindən məmnun olduğunu bildirib. O, bir neçə gündən sonra Bakıda baş tutacaq “Formula-1” yarışlarının uğurla keçiriləcəyinə əminliyini ifadə edib. Ziqmar Qabriel “Cənub” qaz dəhlizi” layihəsinin əhəmiyyətinə toxunaraq, onu Xəzərin karbohidrogen ehtiyatlarını Avropaya çatdıracaq yeni layihə kimi xarakterizə edib. Vitse-kansler ölkəmizin yüksək nailiyyətlər əldə etdiyini vurğulayaraq, iqtisadi inkişafına görə Azərbaycanın bir neçə il dalbadal dünyada birinci olduğunu diqqətə çatdırıb.
Görüşdə həmçinin Azərbaycanın demokratik prinsiplərə, insan hüquq və azadlıqlarının qorunmasına sadiqliyi də diqqətə çatdırılıb. Ölkəmizdə bütün azadlıqların təmin olunması, müxtəlif dinlərə mənsub olan insanların dostluq, qardaşlıq şəraitində yaşadıqları, sərbəst şəkildə fəaliyyət göstərdikləri də qeyd edilib.
Hazırda Almaniya ilə Azərbaycan arasında güclü əlaqələrin, fəal dialoqun və münasib tərəfdaşlığın olduğu göz önündədir. Azərbaycan Prezidentinin bu səfəri və keçirdiyi görüşlər, habelə, aparılan danışıqlar ikitərəfli əlaqələrə daha güclü dəstək verəcək.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.