Bu il 25 illiyini qeyd edəcəyimiz müstəqillik onu göstərir ki, biz öz dəyərlərimiz, baxışımız, ənənələrimiz və güclü, müstəqil, suveren dövlət yaratmaqla bağlı planlarımıza əsasən yaşaya bilirik. Bu illər transformasiya – siyasi və iqtisadi transformasiya illəri oldu.
İlham ƏLiYEV
Azərbaycan Respublikasının Prezidenti
Tale 1993-cü ildə Azərbaycanı növbəti dəfə çətin sınaqlarla üz-üzə qoyanda tarixə 15 İyun Milli Qurtuluş Günü kimi daxil olmuş zəruri hadisə baş verməsəydi, ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı gerçəkləşməsəydi indi biz müstəqil, qüdrətli, hər zaman tərəqqi edən, yeniləşən və demokratikləşən Azərbaycan dövlətindən danışa bilməzdik. Bu mənada, əminliklə demək olar ki, həmin dövrdə Azərbaycanın bir dövlət olaraq mövcudluğunun qorunub saxlanılması, xalqın bir çox böyük fəlakətlərdən qurtulması məhz 1993-cü ilin 15 iyun tarixindən başlayır.
Ulu öndər Heydər Əliyev 1993-cü ildən dövlət quruculuğu istiqamətində başladığı islahatları ictimai rəyə əsaslanmaqla həyata keçirmiş, ölkənin böhranlı vəziyyətdən çıxarılması prosesində hər bir vətəndaşın iştirakını vacib saymış, cəmiyyətin intellektual təbəqəsi ilə sıx ünsiyyətə böyük üstünlük vermişdir. Ümummilli liderin 1993-cü il sentyabrın 21-də AMEA-da alimlərlə, 22-də isə gənclərlə keçirdiyi görüşləri bu mənada xüsusi xatırlatmaq lazımdır. Həmin tədbirdə dərin məzmunlu nitq söyləyən ümummilli lider Heydər Əliyev Azərbaycanın üzləşdiyi ağır vəziyyətin səbəblərini təhlil etmiş, vəziyyətdən çıxış yollarını göstərmiş, cəmiyyətin bütün təbəqələrini, o cümlədən intellektual potensialın daşıyıcısı olan alimləri milli problemlərin həllində fəal iştiraka çağırmışdır.
Müasir fəlsəfi düşüncəmizin və tariximizin görkəmli tədqiqatçısı, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev “Güclü Azərbaycan dövləti qloballaşma şəraitində milli ideyanın təcəssümü kimi” əsərində yazır: “Azərbaycan dövlətinin inkişaf məntiqi göstərir ki, Azərbaycan 1993-cü ilin ortalarından etibarən ardıcıl surətdə güclü dövlət prinsiplərini gerçəkləşdirmək yolu ilə gedir. İqtidarda olan qrupların neoliberal demokratiya ideyalarına aludə olduqları və bu ideyaları fəal surətdə sosial praktikaya tətbiq etdikləri bəzi postsovet dövlətlərindən fərqli olaraq, Prezident Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələrək və böyük dövlət xadimi bəsirəti və uzaqgörənliyi nümayiş etdirərək güclü Azərbaycan dövləti konsepsiyasını irəli sürdü və onu ardıcıl surətdə praktikada reallaşdırmağa başladı. Sonrakı illərdə dövlətimizin bütün fəaliyyəti bu kursun düzgün olduğunu təsdiqlədi.
Güclü dövlət quruculuğu yeni hökumət idarələrinin yaradılmasından və mövcud olanların möhkəmləndirilməsindən ibarətdir. Heydər Əliyev məhz bu yolla gedirdi. O bilirdi ki, güclü dövlət yaratmadan ölkəni ümumi xaosdan çıxarmaq və onun ərazi bütövlüyünü bərpa etmək mümkün deyil".
Xaos və anarxiyadan dayanıqlı inkişafa doğru
Əminliklə demək olar ki, XX əsr Azərbaycan tarixinin fenomen şəxsiyyəti olan Heydər Əliyev qlobal dünya nizamı fonunda tamamilə fərqli - xalqın milli dövlətçilik təfəkkürü ilə uzlaşan milli inkişaf strategiyasını irəli sürərək uğurla həyata keçirmişdir. Böyük strateq mərkəzi planlaşdırma və bölgü prinsiplərinin hakim olduğu ictimai-iqtisadi formasiyadan azad bazar iqtisadiyyatına optimal keçid modelini müdrikliklə irəli sürmüş, onun mərhələlərlə həyata keçirilməsinə çalışmışdır. Heydər Əliyev milli gəliri yüksəltmədən, ümumi daxili məhsulun artımına, vətəndaşların yaşayış tərzində əsaslı dəyişikliklərə nail olmadan, əlverişli biznes mühiti yaratmadan vətəndaş cəmiyyəti və hüquqi dövlət ideyasının mümkünsüzlüyünü bildirmişdir.
Azərbaycanın 25 illik müstəqillik yolunun ən mühüm göstəricilərindən biri də xalqın təbii sərvətləri üzərində yiyəlik hüququ qazanması və davamlı inkişafı naminə məqsədyönlü şəkildə istifadə etməsidir. 1994-cü ilin 20 sentyabrında Bakıda dünyanın 11 transmilli neft şirkətinin iştirakı ilə çağdaş tariximizə “Əsrin müqaviləsi” adı ilə düşmüş qlobal neft müqaviləsinin təntənəli imzalanma mərasimi keçirilmişdir. Bununla da Azərbaycan MDB məkanında Qərbin iri neft şirkətləri ilə iri miqyaslı saziş imzalayan ilk dövlət olmuş, Xəzər dənizində beynəlxalq əməkdaşlığın bünövrəsini qoymuşdur. Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının birgə mənimsənilməsini nəzərdə tutan bu sazişin ərsəyə gəlməsi təkcə respublikamız üçün deyil, Qərbin bir sıra aparıcı dövlətləri, habelə Cənubi Qafqaz və Orta Asiya regionu üçün strateji əhəmiyyətə malik olmuşdur.
Milli-mənəvi dəyərlərə sədaqət nümunəsi
Ölkənin ağır sosial-iqtisadi, siyasi problemlərinin həlli ilə məşğul olan ulu öndər Heydər Əliyev elmin, təhsilin problemlərini də diqqət mərkəzində saxlamış, bu sahələrdə yeni dövrün tələblərinə cavab verən islahatların aparılmasını təmin etmişdir. Elm, mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin sosial müdafiəsinin təşkili istiqamətində atılan addımlar, dövlət büdcəsində baş verən artımlar hesabına bu sahələrə yönələn vəsaitlərin çoxalması ölkədə tədricən elmi-intellektual intibah mərhələsinin əsasını qoymuşdur.
Ulu öndər Heydər Əliyev milli problemlərin həlli baxımından xalqın mənəvi-ideoloji birliyinə, vətəndaş həmrəyliyinə nail olmağı, onun konkret milli ideya və ideologiya ətrafında birləşməsini də vacib saymışdır. Ulu öndər milli ideologiyanı konkret dövr üçün gündəlikdə olan milli ideyanın həyata keçirilməsi vasitəsi kimi dəyərləndirmiş, onun səfərbəredici rolunu daim önə çəkmişdir. Heydər Əliyevin Vətən və xalq qarşısında böyük xidmətlərindən biri də milli dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından çox əhəmiyyətli olan azərbaycançılıq ideyasını irəli sürməsi, onu milli diasporun təşkilatlanması üçün ideoloji təmələ çevirməsidir.
Azərbaycançılıq ideoloji konstruksiya kimi mühüm funksional keyfiyyətlərlə zəngindir. Onun mahiyyəti ölkəni mənəvi və fiziki cəhətdən zəiflədilmək cəhdlərindən qorumaqdan, Azərbaycanı unitar, hüquqi və demokratik dövlət kimi möhkəmləndirməkdən, inkişaf etdirməkdən ibarətdir. Bu ideologiyanın pozitiv xarakteri həm də bütün dünyaya səpələnmiş azərbaycanlıları vahid ideallar naminə səfərbər etmək qüdrəti ilə müəyyən olunur.
Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onların arasında birliyin və həmrəyliyin təmin olunması ilə bağlı məsələlərin birgə müzakirəsi məqsədilə 2001-ci il noyabrın 9-10-da Bakıda tarixi bir toplantı — Dünya Azərbaycanlılarının I Qurultayı keçirilmişdir. Ümummilli lider Heydər Əliyevin I qurultaydakı dərin məzmunlu nitqində böyük həyəcanla söylədiyi “Mən həmişə fəxr etmişəm ki, mən azərbaycanlıyam” sözləri bu günlərdə IV qurultayı keçirilmiş dünya azərbaycanlıları üçün milli qürur simvoluna çevrilmişdir.
Modernləşmə strategiyasının banisi
Ümummilli lider Heydər Əliyevin milli dövlətçilik qarşısında mühüm xidmətlərindən biri də modernləşmə yönümündə demokratik və huquqi islahatların həyata keçirilməsidir. Bütün səylərini səfərbər edərək dövlət müstəqilliyini, sadəcə, şərti müstəqillik aktı və bəyanat səviyyəsindən çıxaran böyük strateq Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti ideyasının təkamül yolu ilə reallaşdırılması istiqamətində ardıcıl islahatlar həyata keçirmişdir.
Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də Milli Məclisin sədri seçilməsi ilə ölkədə sivil parlamentarizm ənənəsinin qoyulduğunu, cəmiyyətin hüquq sisteminin əsasını təşkil edən qanunların müasirləşməsi prosesinin geniş vüsət aldığını da xüsusi vurğulamaq lazımdır. Ümummilli lider kifayət qədər mürəkkəb və ziddiyyətli bir dövrdə parlamentə rəhbərlik etməsinə baxmayaraq, qanunverici orqanın məqsədyönlü fəaliyyətini təmin etmiş, bir sıra qanunların qəbuluna nail olmuşdur. Məhz bu mərhələdən parlamentin cəmiyyətidəki rolu artmış, hüquqi dövlət quruculuğu prosesindəki rolu güclənmişdir.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanan, dünyada mövcud olan ən mütərəqqi hüquq normalarını özündə əks etdirən müstəqil Azərbaycanın ilk konstitusiyasının 1995-ci ilin 12 noyabrında ümumxalq referendumu ilə qəbul olunması respublikamızın gələcək inkişaf prioritetlərini müəyyənləşdirmiş, iqtisadi, siyasi və hüquqi islahatların bazisinə çevrilmişdir. Əsas qanunda xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olması, dövlətin demokratik, hüquqi və dünyəviliyi, idarəçiliyin hakimiyyət bölgüsü əsasında təşkil olunmasının təməl prinsipləri təsbit olunmuş, insan hüquq və azadlıqlarının təmini ali məqsəd kimi önə çəkilmişdir.
Ulu öndər Heydər Əliyev demokratik dövlət quruculuğuna xidmət edən mütərəqqi hüquqi-siyasi-hüquqi islahatları davam etdirməklə yanaşı, həm də milli maraqlara xidmət edən çevik xarici siyasət xətti yürütmüş, ölkənin milli maraq və mənafelərini daim uca tutmuşdur. Bunun nəticəsidir ki, son 20 ildə Azərbaycanda milli mənafelərə əsaslanmaqla həyata keçirilmiş xarici siyasət kursunun prioritet istiqaməti müstəqil və güclü dövlət ideyasının praktik şəkildə reallaşdırılmasına yönəlmişdir. Respublikamız beynəlxalq normalara istinad edərək sivil dünyanın hüquqi-siyasi atmosferini müəyyənləşdirən aparıcı dövlətlər və beynəlxalq təşkilatlarla münasibətlərini yüksək dinamizmlə inkişaf etdirmək xəttinə üstünlük vermişdir.
Konseptual inkişaf xəttinin uğurlu davamı
2003-cü ilin 31 oktyabrında səlahiyyətlərinin icrasına başlamış dövlət başçısı İlham Əliyev ötən 13 ildə Heydər Əliyev siyasi kursunu uğurla davam etdirməklə yanaşı, ulu öndərin xaos və anarxiyadan qurtardığı respublikamızın “Güclü dövlət - müstəqil siyasət” konsepti əsasında inkişafını təmin etmişdir. Ötən 13 il ərzindəki fəaliyyəti dövlət başçısının verdiyi bütün vədlərin əməli fəaliyyətə və praqmatizmə söykəndiyini, respublikanın gerçək potensialı ilə uzlaşdığını tamamilə təsdiqləmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin əzmkarlıqla davam etdirdiyi çoxşaxəli islahatlar kursu respublika iqtisadiyyatında böyük uğurlara zəmin yaratmış, hər bir vətəndaşın həyatında nəzərəçarpacaq irəliləyişlərə səbəb olmuşdur.
Əgər 1993 — 2003-cü illərdə dövlət müstəqilliyinin daxili və xarici təhdidlərdən qorunub saxlanılması, iqtisadiyyatın dirçəldilməsi, ölkəmizin beynəlxalq arenada tanıdılması praktiki məqsədlər idisə, son 13 ildə obyektiv həyat reallıqları yeni hədəflər müəyyənləşdirmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, “Azərbaycanın bugünkü reallıqları bir daha müstəqilliyimizin üstünlüklərini göstərir. Tarixdə Azərbaycan heç vaxt bu qədər güclü olmamışdır. Bunun başlıca səbəbi müstəqil olmağımızdır. Müstəqillik ən böyük sərvətdir. Hər bir vətəndaş müstəqilliyi qorumalıdır, öz işi ilə müstəqilliyimizə töhfə verməlidir. Elə etməliyik ki, bundan sonra Azərbaycan daim inkişaf yolu ilə getsin”.
Son 13 ildə inkişaf dinamikasına görə Azərbaycanla müqayisə oluna biləcək çox az ölkəni misal göstərmək olar. Bu müddət dünya siyasətinə təsir göstərən möhtəşəm layihələrin reallaşdırılması ilə səciyyəvidir. Ümummilli liderin yeni neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin, Bakı-Tbilisi Ərzurum qaz kəmərinin istifadəyə verilməsi, “Ümid”, “Abşeron” kimi perspektivli yataqlar kəşf olunması, Şərqlə Qərbi qovuşduracaq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisi, TANAP, TAP layihələrinin gündəmə gəlməsi bu baxımdan xüsusi qeyd olunmalıdır.
Qlobal böhranın mənfi təsirləri dəf edilir
Qlobal səviyyədə cərəyan edən mürəkkəb siyasi, iqtisadi proseslərin mənfi təsirlərinə, bir çox ölkələrin ciddi iqtisadi, maliyyə və sosial problemlərlə üzləşməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı bu il də dayanıqlılığını qoruyub saxlayır. Prezident İlham Əliyevin hələ 2016-cı ilin əvvəlində açıqladığı anti-böhran paketi Azərbaycanın yaranmış yeni iqtisadi və siyasi şəraitə uyğun olaraq, neftdən asılı olmayan, ixracyönümlü, dayanıqlı inkişaf strategiyası seçdiyini göstərir. Dövlətimizin başçısı hesab edir ki, hazırkı dövrdə bir tərəfdən yaranmış vəziyyətin ölkəyə mənfi təsirinin qarşısını almaq üçün çevik tədbirlər həyata keçirilməli, digər tərəfdən də prioritet sahə hesab olunan qeyri-neft sektorunun daha sürətli inkişafını təmin etmək üçün əlavə təsirli mexanizmlər işə salınmalıdır.
Azərbaycan Prezidentinin son 13 ildə imzaladığı bir sıra dövlət proqramları, ilk növbədə, regionların tarazlı və davamlı inkişafını, qeyri-neft sektorunun möhkəmləndirilməsini, iqtisadiyyatın neftdən asılılıq dərəcəsinin azaldılmasını, infrastrukturun yeniləşdirilməsini təmin edən kompleks proqram sənədləri olmaqla yanaşı, bölgələrdə özəl sektorun inkişafına təkan verimişdir. 2004—2008, 2009—2013 və 2014—2018-ci illəri əhatə edən regional inkişaf proqramları bu baxımdan xüsusi əhəmiyyət kəsb etməklə, regionlarda intibah mərhələsinin əsasını qoymuş, sahibkarlığın yüksəlişinə zəmin yaratmışdır.
Nazirlər Kabinetinin 2016-cı ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclası respublikamızın böhranın mənfi təsirlərindən sığortalanmaq istiqamətində həyata keçirdiyi tədbirlərin real nəticələr verdiyini göstərir. Bu mərhələnin ən nəzərəçarpacaq göstəricilərindən biri ölkə iqtisadiyyatının postneft mərhələsinə uyğunlaşması, qeyri-neft sektorunda 5 faizədək artımın əldə olunmasıdır. Hökumətin həyata keçirdiyi bəzi səmərəli tədbirlər - Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması, valyuta rejiminin tənzimlənməsi, bankların konsolidasiyası, manatla əmanətlərin stimullaşdırılması və digər tədbirlər böhran ajiotajının aradan qalxmasına, əhalinin manata olan etimadının tədricən bərpa olunmasına imkan yaradır.
Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə köməkçisi vəzifəsinin təyin olunması və bununla əlaqədar xidmətin yaradılması möhtərəm Prezidentimizin iqtisadi islahatların aparılmasına necə mühüm əhəmiyyət verdiyinin əyani göstəricisidir. Qısa müddət ərzində xidmətin gördüyü səmərəli işlər, habelə ölkə iqtisadiyyatının gələcək inkişaf hədəflərinin düzgün müəyyənləşdirilməsi üçün hazırlanmış “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” adlı konsepitual əhəmiyyətli sənədin bu günlərdə təsdiq edilməsi xüsusi vurğulanmalıdır.
Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı il iyunun 7-də Berlində Azərbaycan — Almaniya İqtisadi Forumunun açılışında demişdir: “Biz yoxsulluq və işsizlik səviyyəsini əhəmiyyətli dərəcədə azaltmağa nail olmuşuq. Hazırda hər iki göstərici 5 faizə yaxındır. Neft satışından əldə olunan gəlirləri qeyri-neft sektoruna yatırmağa başladığımızdan iqtisadiyyatımızın rəqabətliliyi artıb. Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti indeksinə görə dünyada 40-cı yerdədir. Hazırda bəzi Avropa ölkələri enerji balanslarındakı neftin, təxminən, 30 faizini Azərbaycandan alırlar. Biz hər dörd istiqamətdə təbii qaz ixrac edirik. Hazırda biz tərəfdaşlarımızla birlikdə “Cənub Qaz Dəhlizi” layihəsini həyata keçiririk. 2020-ci ilədək Azərbaycan qazı ilk dəfə olaraq Avropa bazarlarına çıxarılacaq".
“Güclü dövlət - intellektual cəmiyyət”
Ölkə başçısı son illərdəki çıxışlarında ölkədə sistem islahatlarının aparılması zərurətini xüsusi önə çəkmişdir. Söhbət siyasi və hüquqi liberallaşmaya, vətəndaş cəmiyyəti təsisatlarının inkişafına xidmət edən islahatların sürətləndirilməsi zərurətindən gedir. Şübhəsiz, iqtisadi cəhətdən inkişaf etməmiş hansısa dövlətdə demokratikləşməyə və vətəndaş cəmiyyəti quruculuğuna yönələn cəhdlər uğursuzluqla nəticələnir. Cünki tətbiqinə cəhd göstərilən mütərəqqi yeniliklər vətəndaşların real yaşayış səviyyəsi, həyat tərzi ilə uzlaşmır. Məhz bu reallıqdan çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ötən 13 ildə hər iki təmayülə vəhdət şəklində yanaşaraq ölkənin uzunmüddətli inkişafını məhz demokratik və iqtisadi islahatların paralel şəkildə davam etdirilməsində görür.
Milli ideyanın millətin inkişafına, dövlətin tərəqqisinə tam dolğun xidmət etməsi üçün o, cəmiyyəti innovasiyalı modernləşməyə istiqamətləndirməlidir. İlham Əliyev ötən 13 ildə milli ənənələri qorumaqla, Avropa təhsil məkanına inteqrasiya prosesinin sürətləndirilməsi, inkişaf etmiş dövlətlərin bu sahədəki qabaqcıl təcrübəsinin mənimsənilərək yayılması, ümümtəhsil məktəblərində, ali təhsil müəssisələrində kompüter və informasiya texnologiyalarının geniş tətbiqi məqsədinə xidmət edən komplekst tədbirlər həyata keçirmişdir. Azərbaycan Prezidentinin elmin inkişafına xüsusi diqqətlə yanaşması həm də respublikamızın sürətli iqtisadi inkişaf yolunda olması, geniş maliyyə imkanları qazanması ilə şərtlənir. Belə mühüm mərhələdə mövcud uğurların qorunub saxlanılması üçün idarəçilikdə yüksək elmi-intellektual səviyyənin təmin edilməsi son dərəcə vacibdir.
Akademik Ramiz Mehdiyev “Güclü Azərbaycan dövləti qloballaşma şəraitində milli ideyanın təcəssümü kimi” əsərində haqlı olaraq yazır: “Azərbaycanda hakimiyyət özünün ”güclü dövlət" ideyasını həyata keçirir, çünki öz xalqının nadir ənənələrinə əsaslanır. Məsələ bundadır ki, dövlətin güclü və planlaşdırıcı rolu olmasa Azərbaycanda həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi layihələrin reallaşmasının üstündən xətt çəkilə bilər. Güclü dövlət gələcək nəslə və “insan kapitalı”na investisiya yatırmadan müvəffəqiyyətli ola bilməz. Azərbaycanda güclü dövlətin uğurları təhsilə, səhiyyəyə, idmana və digər sosial proqramlara düşünülmüş şəkildə sərmayə yatırılması ilə bağlıdır".
Ötən 13 ildə Avratlantik məkana inteqrasiya kursu seçməklə dinamik inkişaf yoluna qədəm qoymuş Azərbaycanda təhsilin müasirləşdirilməsi və problemlərinin mərhələli həlli, inkişaf etmiş dövlətlərin bu sahədəki zəngin təcrübəsinin dərindən mənimsənilməsi, universitetlərdə tədris prosesinin maddi-texniki bazasının yaxşılaşdırılması, kompüter və informasiya texnologiyalarının geniş tətbiqi, yeni korpusların inşası kimi fundamental problemlərin həlli xüsusi diqqət mərkəzindədir.
İnsan amili daim öndədir
Müasir dövrdə hər bir dövlətin tərəqqisi “insan meyarı”, yəni həyat keyfiyyətinin, şəxsiyyətin dövlət tərəfindən təmin olunan vəziyyətinin önə çəkilməsi ilə ölçülür. Bu mənada, əminliklə demək olar ki, tarixin heç bir mərhələsində Azərbaycan cəmiyyəti son illərdəki kimi sürətli dəyişikliklərə uğramamış, insan amili belə aktual, öncül məsələ kimi gündəmə çıxmamışdır. Dövlət başçısının əməli siyasətə söykənən iqtisadi siyasətinin əsas qayəsində məhz insan amili dayanmış, İlham Əliyev xalq qarşısında verdiyi bütün vədlərə sadiq qalmaqla hər bir azərbaycanlının layiqli prezidenti olduğunu təsdiqləymişdir.
Azərbaycan Prezidenti son 13 ildə əfvetmə institutunun çevik və işlək mexanizmlər əsasında fəaliyyətini də uğurla təmin etmişdir. Dövlət başçısı bu və digər səbəblərdən cinayət əməlinə yol vermiş insanların da taleyinə biganə qalmamışdır. Amnistiya qərarlarının qəbulu ilə bağlı ölkədə formalaşmış müsbət ənənənin ulu öndərin adını daşıyan Heydər Əliyev Fondu tərəfindən geniş miqyasda davam etdirilməsi də Azərbaycanda humanist dəyərlərin ictimai şüurda möhkəmlənməsinə xidmət edir. Cəmiyyətdə insanpərvərlik və humanizm ideyalarının möhkəmlənməsinə böyük təhfələr verən Azərbaycanını birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə son 10 ildə 4 amnistiya aktının qəbulu faktı da xüsusi vurğulanmalıdır.
Sonda vurğulamaq istərdik ki, ölkəmizi anarxiya və xaosdan tərəqqi yoluna çıxarmış ulu öndər Heydər Əliyevin irəli sürdüyü milli ideya ötən 23 ildə inkişaf prosesində lokomotiv rolunu oynamışdır. Müstəqil Azərbaycan qarşısında duran ümummilli məqsədləri dəqiq müəyyən edərək onların gerçəkləşdirilməsi istiqamətində ardıcıl, sistemli fəaliyyət göstərən ölkə kimi dünyanın yeni iqtisadi fenomeninə çevrilmişdir.
Ümumi şəkildə ifadə etsək, bu gün ölkədə həyata keçirilən siyasətin başlıca məqsədi modernləşmə mərhələsini də sürətlə başa vuraraq Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsinə yüksəltmək, demokratik idealların cəmiyyətdə tam möhkəmlənməsinə nail olmaq, yeni düşüncəli vətəndaş yetişdirməkdir. Yeni dövrün milli ideallarına çevrilən bu məqsədlərin Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşacağı isə qətiyyən şübhə doğurmur.
Mönsüm ALIŞOV,
pedaqoji elmlər doktoru,
professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.