Azərbaycan diasporu böyük yol keçmiş, güclənmişdir

 

 

 

 

 

 


 

Diaspor təşkilatlarının təşkilatlanma, formalaşma prosesi daha da geniş vüsət almışdır. Əgər o vaxt dünyada 200-dən bir qədər çox diaspor təşkilatımız var idisə, hazırda onların sayı 462-dir. Azərbaycan diaspor təşkilatları həm kəmiyyət, həm keyfiyyət baxımından böyük yol keçmiş, güclənmiş, bu gün dünya miqyasında azərbaycanlılar və onların təmsil etdikləri təşkilatlar önəmli rol oynayırlar.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 


 

Dünya Azərbaycanlılarının IV Qurultayı öz işini başa çatdırmışdır. Lakin tədbir iştirakçıları hələ də bu qurultayın bəxş etdiyi xoş ovqatdan ayrıla bilmir, təəssüratlarını bölüşür, diaspor fəaliyyətinin yeni hədəflərini müzakirə edir və gələcək inkşafla bağlı qarşıda daha mühüm vəzifələrin olduğunu bildirirlər. Qurultay nümayəndələrinin Prezident İlham Əliyevə ünvanladıqları müraciət də bunu təsdiqləyir.

Qurultayın təşkilinə göstərdiyi diqqət və dəstəyə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirən nümayəndələr onun Azərbaycan diasporunun tarixində yeni bir mərhələnin əsasını qoyacağına, milli birlik və həmrəyliyin daha da möhkəmləndirilməsinə öz töhfəsini verəcəyinə əminliklərini ifadə etmişlər. Qeyd edək ki, Prezident İlham Əliyev dünya azərbaycanlılarının sıx əməkdaşlığı, birgə fəaliyyəti, diaspor təşkilatlarının əlaqələrinin daha da möhkəmləndirilməsini daim diqqət mərkəzində saxlamışdır. Dövlət başçısının son on ildə bununla bağlı 17 sərəncam imzalaması dünya azərbaycanlılarının bir araya gəlməsi istiqamətində yorulmaz fəaliyyətinin bariz nümunəsidir.

Azərbaycanın regionda lider dövlətə çevrilməsi, həmçinin, beynəlxalq təşkilatların öz tədbirlərini məhz Azərbaycanda keçirməyə üstünlük verməsi dünyanın müxtəlif yerlərindən gəlmiş həmvətənlərimizdə qürur hissi yaratmışdır. Daim əmin-amanlığın, sabitliyin, sülhün tərəfdarı olması Azərbaycanın beynəlxalq aləmdə reytinqinin getdikcə artmasında mühüm əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayan qonaqlar, bu tədbirin də yüksək səviyyədə keçirilməsinin respublikamızın beynəlxalq aləmdə artan nüfuzundan xəbər verdiyini bildirmişlər.

Həmvətənlərimiz dövlətimizin başçısını bir daha əmin etmişlər ki, Azərbaycanın haqq səsinin bütün dünyaya çatdırılması, milli-mədəni irsimizin yaşadılması və təbliği, həmçinin doğma Vətənin milli maraqlarının təmin olunması naminə dünya azərbaycanlılarının daha mütəşəkkil qaydada təşkilatlanması istiqamətində bundan sonra da bütün imkan və bacarıqlarını səfərbər edəcəklər.

IV Qurultay dünya azərbaycanlılarının birlik və həmrəylik bayramı kimi yadda qalmışdır. Hər dəfə keçirilən qurultayda iştirak edən nümayəndələrin, dövlətlərin, diaspor təşkilatlarının sayının artması da bunu təsdiqləyir. Qeyd edək ki, bu qurultayda 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq iştirak etmişdir. Qonaqlar arasında xarici ölkələrin Azərbaycana dost münasibəti ilə yadda qalmış tanınmış ictimai-siyasi xadimləri, elm adamları və bir neçə ölkənin yüksək vəzifəli şəxsləri, parlament üzvləri də var idi. Qurultay qarşıya qoyulmuş vəzifələri – Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasını, təbliğat işində müasir metodların və informasiya texnologiyalarının tətbiqini, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətində mövcud olan problemlər və onların həlli yollarını uğurla yerinə yetirmişdir.

Qurultayın diqqətçəkən məqamlarından biri də nümayəndələrin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin hökumət rəhbərlərinə və parlamentlərinə müraciəti olmuşdur. Müraciətdə 28 ildir davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də həll edilməməsindən dərin narahatlığını bildirən qurultay nümayəndələri qeyd ediblər ki, Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan silahlı qüvvələri tərəfindən qoşunların təmas xəttində törədilən hərbi təxribatlar nəticəsində günahsız mülki şəxslər həlak olur, yaşayış məskənləri, təhsil ocaqları, ictimai binalar dağıdılır, münaqişə zonasında yerləşən tarixi abidələr, habelə ərazinin flora və faunası vəhşicəsinə məhv edilir. Bununla yanaşı, qurultay nümayəndələri Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, münaqişənin sülh yolu ilə nizamlanması üçün dünya ictimaiyyətini, beynəlxalq təşkilatları, xarici ölkələrin hökumət rəhbərlərini və parlamentlərini Ermənistan rəhbərliyinə təzyiq göstərməyə çağırıb.

Təbii ki, bütün bunlarda dövlətimizin başçısının qurultaydakı geniş məzmunlu nitqi böyük rol oynamışdır. Prezident İlham Əliyevin tarixi nitqi diaspor üzvlərinin gələcək fəaliyyəti üçün proqram xarakterli olmuşdur. Respublikamızın rəhbəri bildirmişdir ki, hazırda da bütün dünya ölkələrində yaşayan azərbaycanlılar Azərbaycan dövlətinə öz dayaqları kimi baxmalıdırlar. Mövcud mürəkkəb şəraitdə həmvətənlərimiz Azərbaycan dövləti və xalqının beynəlxalq aləmdə mənafeyinin qorunmasında, nüfuzunun daha da artmasında öz fəaliyyətini getdikcə artırmalı, erməni yalanlarının qarşısının alınmasında fədakarlıq göstərməlidir. Dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılar həmin ölkələrin mətbuatı, dövlət qurumları və digər strukturları ilə sıx əməkdaşlıq yaratmalı, dövlətimizi, xalqımızı dünya miqyasında müdafiə etməlidirlər: “Azərbaycan həqiqətləri haqqında, əlbəttə ki, dünya ictimaiyyətinə geniş informasiya verilməlidir. Biz dövlət olaraq bunu etməyə çalışırıq. Ancaq diaspor təşkilatlarından da çox şey asılıdır. Xüsusilə biz bunu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı informasiya təminatında görürük. Müstəqilliyimizin ilk illərində zəif olmağımızdan istifadə edən erməni diasporu uzun illərdir ki, dünyada bizə qarşı çox çirkin kampaniya aparır. Bu kampaniyanın tərkib hissəsi o idi ki, Azərbaycanı qaralasınlar, Azərbaycanı antidemokratik, Ermənistanı isə yazıq, “blokada” şəraitində olan ölkə kimi təqdim etsinlər, Dağlıq Qarabağın tarixi ilə bağlı yalan, uydurma məlumatları sızdırsınlar və onlar buna müəyyən dərəcədə nail ola biliblər”.

Ölkə rəhbəri qeyd etmişdir ki, bu gün ermənilər müxtəlif ölkələrdə Azərbaycana qarşı eyni üsulla çirkin kampaniya aparırlar: “Biz isə həqiqətləri çatdırmalıyıq. Çatdırmalıyıq ki, birincisi, Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb. Ermənilər Dağlıq Qarabağa Şərqi Anadoludan və İrandan XIX əsrin əvvəllərində köçürülmüşdür. Nəyə görə köçürülmüşdür? Biz hamımız bunu yaxşı bilirik. Hətta 1978-ci ildə Dağlıq Qarabağda ermənilərin Dağlıq Qarabağa köçürülməsinin 150 illik yubileyini təsvir edən abidə də ucaldılmışdır. Müharibə zamanı ermənilər özləri o abidəni dağıtdılar ki, bu, tarixdən silinsin”.

Bu qurultayda diaspor təşkilatlarının quruculuq işlərinə də xüsusi diqqət yetirilmişdir. Diqqətə çatdırılmışdır ki, müxtəlif ölkələrdə bir sıra diaspor təşkilatlarımızın bir- bir ilə rəqabəti bəzən problemlər yaradır. Bu isə diaspor qurumlarının öz işlərini günün tələbləri səviyyəsində qura bilməməsindən irəli gəlir. Digər ciddi məqamlardan biri də müxtəlif ölkələrdəki səfirliklərimizlə diaspor təşkilatlarının birgə işləməməsi məsələsi oldu. Bunun aradan qaldırılması barədə öz tövsiyələrini verən ölkə başçısı dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizin Azərbaycanla bağlı olması, ana dili, ədəbiyyatı, mədəniyyəti və tarixini yaxşı bilməsinin zəruri olduğunu bildirmişdir: “Çox yaxşı olardı ən azı ildə bir dəfə hər bir azərbaycanlı ölkəmizə gəlsin. Azərbaycan haqqında təsəvvürləri mükəmməl olsun”.

IV Qurultayın yekun iclasında Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirmişdir ki, dünya azərbaycanlıları yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal və nümunəvi olmalı, həmçinin bu ölkələrin cəmiyyətlərinə inteqrasiya etməlidirlər. O, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların birliyi məsələsinin çox önəmli olduğunu vurğulamış, bunun azərbaycançılıq ideyasının qorunması, möhkəmləndirilməsi və inkişafı baxımından vacibliyini diqqətə çatdırmışdır: “Dünya azərbaycanlılarının birliyi ona görə vacibdir ki, onlarda azərbaycançılıq hissləri, Vətənlə bağlılıq möhkəmlənsin, ana dilimiz, mədəniyyətimiz, multikultural, tolerant ənənələrimiz daha da inkişaf etdirilsin, həmçinin yaşadıqları ölkələrin cəmiyyətlərində onların vasitəsilə bu ideyalar təlqin olunsun. Azərbaycan Prezidentinin qarşıya qoyduğu digər vəzifələrdən biri də budur ki, artıq müasir dünyanın çağırışlarına müvafiq şəkildə fəaliyyət göstərmək, informasiya məkanına çıxmaq lazımdır. Dünya azərbaycanlıları arasında virtual informasiya əlaqələrinin yaradılması dövlətimizin başçısının Azərbaycan diasporu qarşısında qoyduğu ən önəmli vəzifədir. Bu əlaqələr təkcə dünya azərbaycanlılarının bir-biri ilə ünsiyyətinə deyil, istədiyimiz informasiyanın dünya informasiya məkanına, qlobal virtual məkana çıxarılması vəzifələrinin icrasına xidmət etməlidir”.

Qurultayın “Müasir dövrdə informasiya müharibəsi – müdafiədən hücuma: şərtlər, siyasi reallıqlar və yeni fəaliyyət mexanizmləri”, “Keçmişin təcrübəsi və müasir düşüncə —Azərbaycan diaspor hərəkatında gənclər: yeni baxış və yeni strategiya”, “Lobbi quruculuğu: dəyişən geosiyasi reallıqlar yeni qlobal iqtisadi tendensiyalar kontekstində”, “Cəmiyyətə inteqrasiya və siyasi həyatda iştirak” mövzularında keçirilən panel iclaslarında diqqətə çatdırılmışdır ki, bu qurultay dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların ölkəmiz naminə daha fəal iş görmək, bu istiqamətdə səyləri birləşdirmək, əlaqələri daha da möhkəmləndirmək üçün əlverişli imkan yaratmışdır. Bir daha qeyd olunmuşdur ki, dövlətimizin başçısının qurultaydakı nitqi Azərbaycançılıq ideyası naminə birləşmək baxımından diaspor üzvlərinin qarşısına yeni vəzifələr qoymuşdur.

Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının yeni tərkibi təsdiq olunmuş və qurultay iştirakçıları növbəti dəfə Prezident İlham Əliyevi yekdilliklə Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının sədri seçmişlər.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında