“Nüvə oyunu” ...
Özünün təsir gücü və əhatə dairəsinə görə XX əsrin ən dəhşətli faciələrindən biri hesab olunan Çernobıl fəlakəti istər şahidləri, istərsə də hadisə barəsində eşitmiş hər bir kəsi hələ də həyəcanlandırır, düşündürür. Çernobıl faciəsi zamanı partlayış zolağındakı reaktora daxil olan ilk jurnalistlərdən biri - Vladimir Qubarev yazırdı: “Çernobıl bir müharibədi. XX əsrin müharibəsi. Daha əvvəlkilərdən fərqli bir müharibə; insanların öldüyü və ölməyə davam etdiyi bir müharibə”. Faciədən 30 il keçməsinə baxmayaraq, fəsadları hələ də sovuşmayıb, yaddaşlardan silinməyib. 2011-ci il 11 mart tarixində Yaponiyada baş vermiş şiddətli zəlzələ isə böyük fəlakətlərə yol açmaqla bərabər, nüvə təhlükəsizliyi məsələsini yenidən aktuallaşdırdı.
Çernobıldan sonra dünya ikinci böyük nüvə fəlakəti ilə üzləşdi. Zəlzələ nəticəsində Yaponiyadakı “Fukusima-1” Atom Elektrik Stansiyasında baş verən sızma belə stansiyaların təhlükəsizliyinin nə dərəcədə təmin olunması problemini bir daha ortaya qoydu. Hadisənin şahidlərindən olan yapon jurnalist Toshiya Morita fəlakətlə bağlı həyəcan təbili çalaraq belə demişdi: “Baş nazir bizə 3 yalan söylədi: Fukusima nüvə qəzasının nəzarət altında olduğu; radiasiya sızıntısının tamamilə qarşısının alındığı və Fukusima nüvə qəzası ilə bağlı nə bu gün, nə də sabah sağlamlıq təhlükəsinin olmadığı” ... Təkcə qəza nəticəsində reaktorlarda ərimiş radioaktiv yanacağın təmizlənməsi 40 il davam etməlidir...
Digər enerji növlərinə nisbətdə atom enerjisinin xeyli ucuz başa gəlməsi ilk vaxtlar bəzi dövlətlərin xüsusi marağına səbəb olmuşdu. Lakin son dövrlər baş verən hadisələr: iqtisadi baxımdan uğursuzluq yaşanması, radioaktiv tullantıların zərərsizləşdirilməsinin nəticəsizliyi, bir çox ölkənin başına bəlalar açan, milyonlarla insanın həyatını təhlükə altına alan nüvə qəzaları, atom stansiyalarının günümüzdə tək enerji məqsədi ilə deyil, hərbi hədə vasitəsi kimi istifadəsi, alternativ enerji mənbələrinin yaranması və s. atom enerjisinin o qədər də sərfəli olmadığını göstərdi. Təəssüf ki, iqtisadi və siyasi maraqlar çox vaxt insan həyatını qabaqlayır.
Regionun üzərində təhlükə
Ermənicə adı Oktembryan olan və yerləşdiyi bölgənin adı ilə tanınan “Metsamor” Atom Elektrik Stansiyası bu gün dünyada ən köhnə nüvə texnologiyası ilə inşa edilmişdir. Bu da onu dünyanın ən təhlükəli stansiyalardan biri edir. Ermənistanın paytaxtı İrəvandan təxminən 40 kilometr qərbdə Metsamor şəhərində yerləşən bu stansiyanın tikintisinə Sovet İttifaqı dövründə – 1973-cü ildə başlanılmış, 1979-cu ildə isə istismara verilmişdir. Erməni yazıçısı Tiqranyan Sovetlər dönəmində Qafqazdakı zəngin neft və qaz qaynaqlarına rəğmən Ermənistanda niyə neft və ya təbii qaz boru xətlərinin çəkilməsi yerinə bölgə üçün son dərəcə təhlükə yaradan nüvə stansiyasının yaradılması səbəbinin bugünə qədər anlaşılmadığını bildirmişdi.
7 dekabr 1988-ci ildə baş vermiş və 25 min insanın ölümü ilə nəticələnmiş Spitak zəlzələsinin episentri Metsamor stansiyasından 75 kilometr aralıda idi. Zəlzələdən sonra böyük zərər görən stansiya bu vəziyyətdə ikən 3 ay yenə işlədilmiş, yerli əhalinin təzyiqlərindən və Sovet İttifaqının təhlükəsizlik sarıdan narahatlığa görə bağlanmışdır. Lakin Ermənistanın enerji ehtiyacının 40 faizini öz üzərinə götürən stansiyanın bağlanması enerji böhranına səbəb olmuşdu. Bu isə təbii qaynaqlar baxımından da kasıb olan ölkədə sosial-iqtisadi çöküşə gətirib çıxarmışdı. Bu böhrandan çıxmaq üçün beynəlxalq tənqidlərə baxmayaraq, “Metsamor”u yenidən açmağa qərar verən Ermənistan hökuməti 1994-cü ilin martında Rusiya ilə AES-in işə salıması üçün lazım olan maddi-texniki dəstəyi özündə ifadə edən bir anlaşma imzaladı. Və 1995-ci ildən etibarən bu “saatlı bomba” yenidən işə düşdü ... Bununla da “Metsamor” dünyada ilk dəfə olaraq bağlandıqdan sonra yenidən istifadəyə verilən AES olma “özəlliy”ini də daşıdı. Stansiyanın birinci bloku zəlzələ nəticəsində əsaslı zərər görmüş, təmir işlərinə baxmayaraq, işlək vəziyyətdə olmadığından bağlanmışdır. Lakin birinci blokun içindəki uranın “aqibəti” – nəzarətsiz buraxılması da bölgə üçün ayrıca bir təhlükə mənbəyidir. Stansiyanın keçmiş baş direktoru Suren Azatyan müsahibələrindən birində hələ də “Metsamor”dan radioaktiv maddələrin sızmasına əmin olmadığını bildirmişdi. 1995-ci ildə Avropa və ABŞ tərəfindən “Metsamor” stansiyasının təhlükəsizlik standartlarının artırılmasına milyonlarla dollar pul xərclənib. Bununla belə, Avropa Birliyi bu stansiyanı köhnə və etibarsız olaraq qiymətləndirmişdir.
Stansiyanın mütləq bağlanmasını vurğulayan AB bu məqsədlə 100 milyon avro verməyə hazır olduğunu bildirmişdi. AB bu məbləği stansiyanın bağlanması müqabilində Ermənistanın üzləşəcəyi zərərin ödənilməsi və alternativ enerji qaynaqlarının yaradılması üçün verməyi planlaşdırmışdı. Həmçinin ABŞ Enerji Nazirliyi Ermənistana 18 milyon dollar, AB 11 milyon dollar maliyyə dəstəyi etmişdir. Fransa nüvə tullantılarının depolanması üçün 40 milyon dollar, İngiltərə isə təhlükəsizlik tədbirləri üçün 80 milyon funt-sterlinq ayırmışdı. Bütün bu yardımlar Ermənistanın stansiyanı bağlaması öhdəliyini tezliklə yerinə yetirməsi üçün edilirdi.
Ancaq Ermənistan hökuməti bu miqdarı yetərsiz görmüş və fantastik bir məbləğ – 1 milyard avro tələb etmişdir. Ermənistanın o vaxtki Baş naziri Andranik Margaryan AB tərəfindən təklif olunan 100 milyon avronun “Metsamor”un bağlanmasına və onun yerinə qurulacaq alternativ enerji qaynaqlarının yaradılmasına yetməyəcəyini ifadə etmişdi. Heç bir əsası olmayan və ödənilməsi mümkünsüz olan bu məbləğ AB rəhbərliyi tərəfindən qəbul edilməmişdir. Buna cavab olaraq Ermənistan da “Metsamor”u bağlamayacağını elan etmişdi.
1999-cu ildə Brüsseldə Ermənistan hökuməti ilə AB arasında “Metsamor”un 2004-cü ilə qədər bağlanması ilə əlaqədar razılıq imzalanmışdı. Həmçinin Ermənistan 25 yanvar 2001-ci il tarixində də Avropa Şurasına üzv olarkən, 2004-cü ilə qədər “Metsamor”u bağlamağı öhdəsinə götürmüşdü. Lakin bu öhdəliyə rəğmən Ermənistan hökuməti bu sahədə fəaliyyətə başlamış, ölkədə yaşanan elektrik sıxıntısını bəhanə edərək, stansiyanın elektrik istehsal gücünü daha da artırmışdı.
Ermənistanın Liberal Partiyasının lideri Ovanes Ovanesyan 2000-ci ildə AB parlamentariləri ilə İrəvan görüşündə Avropa Şurasına stansiyanın bağlanması ilə bağlı söz vermələrinə baxmayaraq, bunu etmək məcburiyyətində olmadıqlarını bildirmişdi. O, “bəzi şərtlər daxilində” stansiyanın bağlanması mümkünlüyünü bəyan etmişdi. Belə ki, Ovenasyana görə “əvvəlcə, AB Ermənistan ilə İran arasında çəkilişi davam edən təbii qaz boru xəttinə kömək etməlidir. Sonra, Azərbaycan və Türkiyə Ermənistana tətbiq etdikləri embarqoya son qoyaraq sərhədləri açmalıdır”. Göründüyü kimi, Ermənistan “Metsamor”dan bir şantaj ünsürü olaraq istifadə edir və stansiya ilə heç bir əlaqəsi olmayan şərtlər irəli sürür.
Bir müddət Avropa Birliyinin təmsilçisi, İngiltərənin Ermənistandakı səfiri olmuş Timothy Marschall Jones “Metsamor” təhlükəsi ilə bağlı etdiyi açıqlamasında “Baş verəcək güclü bir zəlzələdə “Metsamor” AES param-parça olacaq və meydana gələcək nüvənin təsirindən bütün canlılar yox olacaq. Ermənistan verdiyi sözləri tutmalı və stansiyanı bağlamalıdır”, – demişdi. İtaliyanın Ermənistandakı səfiri Paulo Adrea Trabalza da baş verəcək bir zəlzələdə bölgədə kimsənin xilas olmayacağını bildirmişdi. ABŞ səfiri John Ordway də stansiyanın təhlükəsizlik standartlarını qarşılamadığını və tezliklə bağlanılmasının tərəfdarı olduğunu ifadə edərək, eyni zamanda, stansiyadakı təhlükəsizliyi artırma müddətinə də dəstək verdiyini söyləmişdi.
2004-cü ilin fevralında Avropa Parlamenti tərəfindən yayımlanan Cənubi Qafqaz barədə raportunda stansiyanın bağlanılmasının vacibliyi açıq şəkildə vurğulanmışdır. Raportda Bolqarıstandakı Kozludou ilə birlikdə Avropanın ən təhlükəli iki stansiyasından biri olaraq elan edilən “Metsamor”un AB standartlarından çox aşağı olduğu vurğulanmışdır. Ermənistan parlamentinin enerji komissiyasının üzvü Robert Hazaryan “Bu stansiya Avropa standartlarına uyğun deyil, Çernobıl Avropadakı atom stansiyalarının daha güvənli olduğunu isbat etdi” fikrini dilə gətirmişdi. Hətta Ermənistanın enerji naziri, stansiyanın əsla Qərb standartları səviyyəsinə gətirilməyəcəyini etiraf etmişdi.
2011-ci il Yaponiya zəlzələsi AES-lərin heç birinin təhlükəsizliyinin mütləq şəkildə təmin olunmadığını sübut etdi. Həmçinin zəlzələ Beynəlxalq Atom Enerjisi Agentliyi və digər qurumların məsələ ilə bağlı həssaslığını gücləndirdi. “Metsamor”un region üçün təhlükəsini artıran bir amil də məhz onun davamsızlığı ilə bağlıdır. Belə ki, Yaponiyadakı belə stansiyalar Sovet İttifaqında tikilənlərə nisbətdə zəlzələyə daha davamlı olmasına baxmayaraq baş vermiş zəlzələnin fəlakətləri “Metsamor” AES-in region üçün təhdidini təkzibedilməz edir. Ermənistan rəsmiləri isə israrla bildirirlər ki, indi Yaponiyanın üzləşdiyi atom böhranından Ermənistan sığortalıdır. Onların iddialarına görə, “Metsamor” stansiyasının reaktorları 8 bal gücündə zəlzələyə davamlıdır. Ermənistanın Nüvə Təhlükəsizliyi üzrə Dövlət Komitəsinin rəhbəri Ashot Martirosyan iddia edir ki, “Metsamor” stansiyasının soyutma sistemi Yaponiyanın “Fukusima-1” stansiyasının sistemindən daha etibarlıdır. Bu yolla da bütün təzyiq və iradlara baxmayaraq, stansiyanın “təhlükəsizliyini” qarantı altına almaq istəyən Ermənistan hökuməti hər vəchlə özünü doğru çıxartmağa çalışır.
Beynəlxalq standartlara əsasən, 5 və ondan yuxarı şiddətdəki zəlzələlərin başvermə ehtimalı olan bölgələrdə atom stansiyasının inşasına icazə verilməməlidir. Ermənistandakı AES isə SSRİ dövründə heç bir önləm alınmadan 9 bal gücündəki zəlzələ yaşana biləcək bir bölgədə salınmışdır. Sovet elm adamları stansiyanın belə bir təhlükəli ərazidə tikilməsinin əleyhinə olsalar da, Sovet bürokratiyası bu çağırışlara məhəl qoymadı. “Metsamor” inşa ediləndə onun 8 bal zəlzələyə davamlı olması bildirilmişdi. Həmişəki kimi, quru pafoslarla beynəlxalq aləmin gözünə pərdə asmağa çalışan erməni mənbələri guya onun, hətta 9,5 bal zəlzələyə tab gətirə biləcəyini qeyd edirlər. Bu bəyanat insanda ikrah hissi doğurur. Yaponiya, ABŞ kimi elm və texnikanın sürətlə inkişaf etdiyi dövlətlərdə belə 9 bala davam gətirən hansısa bina inşa olunmayıb. Lakin yalan və elmsizliyin yüksək inkişaf etdiyi Ermənistan bu “bina”dan xəbərdardır. Erməni hakim dairələri nəinki region əhalisinin, hətta öz vətəndaşlarının belə həyatını nəzərə almır.
Lakin yalnız dünya ekspertlərinin deyil, Ermənistanın aparıcı ekspertlərinin də stansiyanın vəziyyəti ilə bağlı verdikləri proqnozlar heç də ürəkaçan deyildir. Erməni ekoloji təşkilat fəalları hesab edirlər ki, “Metsamor” olduqca təhlükəlidir. Ermənistanda “Yaşıl birlik” adlı qeyri-hökumət təşkilatının rəhbəri Hakob Sanasaryan stansiyadan gələn təhlükəni belə izah edir: “Stansiyanın çevrəsində 5 tektonik çat var. Onlardan biri stansiyadan 34 kilometr, o biri 16 kilometr, daha biri isə 500 metr məsafədədir. Bunu bilə-bilə iddia edirlər ki, həmin stansiyanın heç bir təhlükəsi yoxdur”.
Britaniyadakı nüvə fizikası üzrə mütəxəssis Frank Barnaby isə hesab edir ki, “Metsamor” stansiyasının dizaynı və yaşı onun zəlzələyə davamlı olmasına şübhələr yaradır. Stansiyanın, bütövlükdə region üçün təhdid olması 2011-ci ildə dünyaca məşhur “National Geographic” jurnalının “Erməni atom stansiyası dünyada ən təhlükəlidir?” (“Is Armenia’s Nuclear Plant the World’s Most Dangerous?”) başlıqlı məqaləsində qeyd olunmuşdur. Avstriya Tətbiqi Ekologiya İnstitutunun əməkdaşı Antonio Venis jurnala açıqlamasında bildirmişdir ki, son illər stansiyada həyata keçirilən təhlükəsizlik tədbirlərinə baxmayaraq, təhlükəsizliyin ümumi səviyyəsi heç də əhəmiyyətli dərəcədə yaxşılaşmayıb.
(ardı var)
Nailə MƏMMƏDOVA,
“Azerbaijan Realities”
analitik layihə qrupunun üzvü
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.