Prezident İlham Əliyev diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirir

 

 

 

 

 

 

 

 

 

Mən hesab edirəm ki, diaspor təşkilatlarımız fəaliyyət göstərdikləri ölkələrdə bütün Azərbaycan icmasını birləşdirməlidir. İdeal variant ondan ibarət ola bilər ki, hər bir azərbaycanlı diaspor təşkilatlarına üzv olsun, onların tədbirlərində iştirak etsin, öz dəstəyini versin, öz köməyini göstərsin və eyni zamanda, diaspor təşkilatları tərəfindən də lazım olanda kömək görsün. Bunu etmək üçün bu təşkilatlar daha da güclü olmalıdır. Mən hesab edirəm ki, ən vacib amillərdən biri diaspor təşkilatlarının birliyidir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 


 

Xaricdə yaşayan soydaşlarla əməkdaşlığın formalaşdırılmasında  yaxından iştirak etmək  və diaspor təşkilatlarının fəaliyyətini dəstəkləmək  xalqların və dövlətlərin tarixində  mühüm yönlərdən biri olub. XX əsrin sonlarında öz dövlət müstəqilliyini bərpa etmiş Azərbaycanda da bu tarixi ənənə böyük yaradıcılıq və məsuliyyətlə davam etdirilib. Müstəqilliyin bərpasından  ötən dövr ərzində milli dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə etmiş, özünün hüquqi-siyasi, sosial-iqtisadi dayaqlarını möhkəmləndirmiş, iqtisadi potensialına, demokratik inkişaf səviyyəsinə, beynəlxalq aləmdə tutduğu mövqeyə görə regionun şəksiz lider dövlətinə çevrilmiş Azərbaycanda  cəmiyyət və xalq həyatının bu sahəsi daha çox diqqət mərkəzində saxlanılıb.

Xaricdəki diaspor təşkilatlarımızın fəaliyyətinin əlaqələndirilməsinin ən qısa yolunu dünya azərbaycanlılarının qurultayının çağırılmasında görən ulu öndər Heydər Əliyevin  bu istiqamətdə həyata keçirdiyi tədbirlər qonşu xalqlar və dövlətlər tərəfindən, sözün həqiqi mənasında, böyük qısqanclıqla qarşılanırdı. Üstəlik,  hamı görürdü ki, Azərbaycanın hər bir uğuru, dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, bütün həmvətənlərimizin  qəlblərində böyük qürur və iftixar hissi doğurur. Bu isə xaricdə yaşayan soydaşlarımızı gənc müstəqil Azərbaycan dövlətinə daha sıx tellərlə bağlayırdı.  Dünya Azərbaycanlılarının 2011-ci il  iyulun 5-də Bakıda keçirilmiş III Qurultayında iştirak etmək üçün paytaxta gələn qonaqlar da bunu etiraf edirdilər.

Xatırladaq ki, Dünya Azərbaycanlılarının I qurultayı 2001-ci il noyabrın 9–10-da ümummilli lider Heydər Əliyevin sərəncamı ilə keçirilmişdir.  Həmin  qurultay xaricdəki soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşərək təşkilatlanması baxımından tarixi əhəmiyyət kəsb etmiş, milli diaspor hərəkatının inkişafında yeni mərhələnin başlanğıcını qoymuşdur.  Ən başlıcası isə, həmin qurultayda ulu öndərin böyük iftixarla söylədiyi “həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlamı dillər əzbəri olmuşdur.

Ulu öndərin həmin addımını davam etdirən tədbirlər sonralar daha sıx şəkildə reallaşdırılırdı. Məsələn, məhz ümummilli liderimizin  2002-ci il 5 iyul tarixli fərmanı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması, cəmi beş aydan sonra  – dekabrın 27-də “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının təşkilatlanması prosesini daha da  sürətləndirirdi.

2003-cü ilin payızından sonra  ümummilli liderimizin bütün ideya və əməllərinə sədaqət nümayiş etdirən  Prezident İlham Əliyev də   bu  istiqamətdəki siyasəti uğurla davam etdirməyə başladı.

Azərbaycan həqiqətlərini daha geniş coğrafiyada dünya ictimaiyyətinə çatdırmaq, diaspor quruculuğu işinin təkmilləşdirilməsi üçün qarşıda duran vəzifələri müzakirə etmək məqsədi ilə 2006-cı  il martın 16-da Bakıda Dünya Azərbaycanlılarının II qurultayı keçirildi. Bu mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım oldu.

Bir az da əvvələ qayıdaraq xatırladaq ki, İlham Əliyev hələ Azərbaycan Milli Məclisinin AŞPA-dakı daimi nümayəndə heyətinin  rəhbəri  olduğu illərdə həmin qurumdakı Azərbaycan və Türkiyə deputatlarının eyni mərama xidmət edən qrup şəklində birləşdirilməsinə nail olmuş və bununla da, beynəlxalq aləmdəki Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyətinin təmin edilməsi üçün mühüm addım atılmışdı. Onun ölkəmizə rəhbərlik etdiyi ilk beş ildə atılan mühüm addımlardan biri də məhz bu istiqamətdə olmuşdur. Belə ki,  cənab İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə 2007-ci il martın 9-da Bakıda keçirilən Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I Forumu   türkdilli xalqların həyatında mühüm hadisəyə çevrilmiş, Azərbaycan Prezidentinin türk dünyasının  əməli – iş birliyinə verdiyi önəmin  misilsiz nümunəsi kimi yaddaşlara yazılmışdır.

Politoloq  və tarixçilər dönə-dönə qeyd edirlər  ki, Prezident İlham Əliyevin siyasi idarəçiliyinin ən önəmli xətlərindən biri də onun  əsas siyasi kursa sədaqət nümayiş etdirmək şərtilə,  dərin və hərtərəfli islahatlar həyata  keçirməsidir. Məhz həmin islahatlardan birinin nəticəsi olaraq  2008-ci il noyabrın 19-da Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında fərman imzalanmışdır.  Sonra isə  Bakıda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının toplantısında Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası qəbul edilmişdir. 

SSRİ-nin çökməsindən sonra məcburən Azərbaycana sırınmış Dağlıq Qarabağ münaqişəsinin həll edilməmiş qaldığı, ərazilərimizin 20 faizinin düşmən tapdağında olduğu, bütün bunların fonunda beynəlxalq aləmdəki riyakar siyasətçilərin sərgilədiyi ikili siyasətlə mübarizə apardığımız illərdə bizim yeganə yolumuz birliyimiz və həmrəyliyimiz idi. İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyasının ərsəyə gətirilməsi ilə məhz həmin birliyə nail olmaq istəyirdi və oldu da.

Məhz həmin addımların nəticəsi idi ki,  dövlətimiz öz  diaspor siyasəti ilə xaricdəki həmvətənlərimizin daha mütəşəkkil formada təşkilatlanması prosesini təmin etdi və  bu prinsiplərin  yeni mərhələsinə qədəm qoydu. Bu gün  soydaşlarımız yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, zəngin mədəni irsimizin təbliği, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında da qətiyyət nümayiş etdirirlər.

Maraqlı və xüsusilə qeyd edilməli faktlardan biri də odur ki, dövlətimizin və dövlət başçımızın bu istiqamətdə həyata keçirdiyi tədbirləri qeyri-hökumət təşkilatları da davam etdirirlər. Məsələn, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı  özünün çoxşaxəli fəaliyyəti ilə  bu istiqamətdə əsl nümunə nümayiş etdirir. Qurumun sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla  xanım Əliyevanın təşəbbüsü ilə reallaşan layihələr, həyata keçirilən tədbirlər Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında mühüm rol oynayır.

Belə addımlar Avropa ölkələrində də atılır. 2010-cu ilin noyabrında Almaniyanın Frankfurt şəhərində Dünya Azərbaycanlı Gənclərinin I Konqresi keçirilmişdir. Prezident İlham Əliyevin təsdiq etdiyi Azərbaycan gəncliyi Dövlət Proqramına uyğun olaraq, Diasporla İş üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyinin keçirdiyi bu tədbirdə 25 ölkədən azərbaycanlı gənclər, 41 diaspor təşkilatının rəhbərləri iştirak etmişlər. Həm dövlət rəsmilərinin, həm də müstəqil ekspertlərin fikrincə, həmin konqres xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin diaspor quruculuq işinə cəlb olunması, onların ictimai-siyasi fəallığının artırılması yönündə daha bir mühüm addım olmuşdur.

Bu gün Azərbaycan paytaxtında öz işinə başlayan Dünya Azərbaycanlılarının IV qurultayının çağırılması da həmin məqsədlərə xidmət edir. Ötən qurultayın iştirakçıları barədə məlumat verərkən qeyd etmişdik ki,  ali orqanımızın  işində dünyanın 42 ölkəsindən seçilmiş  579  nümayəndə, habelə dünyanın 30 ölkəsindən 211 nəfər qonaq  iştirak edir. Qurultayda Azərbaycan Respublikası 677 nümayəndə və 405 nəfər qonaqla təmsil olunurdu. Bu qurultayda neçə ölkədən nümayəndə və qonağın iştirak etdiyini isə elə bu gün ərzində hamı biləcək. (“Xalq qəzeti”nin qurultayda iştirak edən  əməkdaşlarının hazırladığı materiallarla sizi sabah tanış edəcəyik).

Tam əminik ki, bu qurultay özündən əvvəlki ali məclislərimizə nisbətən daha mütəşəkkil, daha möhtəşəm və səmərəli olacaqdır. Bu əminliyimizin təməlində dünyadakı bütün soydaşlarımızın lideri, Azərbaycan Prezidenti İlham Əliyevin ötən qurultaydakı nitqində dilə gətirdiyi nikbin notlar dayanır: “Birinci növbədə qeyd etməliyəm və çox şadam ki, dünyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları artıq tam formalaşıb. Birinci qurultaydan keçən dövrdə, yəni 10 il ərzində böyük işlər görülübdür, təşkilatların sayı artıbdır. Beş il əvvəl 336 diaspor təşkilatımız var idisə, hazırda onların sayı 416-ya çatıbdır. Bu, çox vacibdir. Ancaq eyni zamanda, kəmiyyət bu məsələ ilə əlaqədar, bəlkə də həlledici rol oynamır. Mən çox şadam ki, diaspor təşkilatlarımız keyfiyyət baxımından da güclənir, onların fəaliyyəti daha da məqsədyönlüdür, daha da təsirlidir. Müxtəlif ölkələrdə bizim diaspor təşkilatları tərəfindən keçirilmiş aksiyalar onu göstərir ki, istənilən yerdə təşkilatlarımız öz fikrini, öz etirazını, yaxud da ki, öz dəstəyini göstərə bilərlər. Bu, çox mühüm amildir. Mən çox şadam ki, bu gün dünyada fəaliyyət göstərən diaspor təşkilatları yeni səviyyəyə qalxıbdır. Bu təşkilatlar arasında koordinasiya işlərinin aparılması, əlbəttə ki, onların fəaliyyətini daha da gücləndirir”.

Xaricdə yaşayan soydaşlarımızın gücünün birləşdirilməsi, əməkdaşlıqların genişləndirilməsi, diaspor təşkilatlarımızın lobbi kimi fəaliyyətinin stimullaşdırılması istiqamətində tədbirlər  son zamanlar  daha intensiv şəkildə davam etdirilir.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında