Müasir müstəqil Azərbaycan dövlətinin uğurlarının təminatçısı azərbaycançılıq ideologiyasıdır

Bakı Dövlət Universitetində Respublika Gününə həsr olunmuş tədbir keçirilib

Mayın 26-da Bakı Dövlət Universitetində Respublika Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm xadimləri, ictimaiyyət nümayəndələri, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) təmsilçiləri, KİV rəhbərləri, universitetin professor-müəllim və tələbələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə jurnalistika fakültəsinin nəzdində fəaliyyət göstərən tədris-teleradio studiyasının əsaslı təmirdən sonra açılışı olub.

Mərasimdə iştirak edən Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov böyük ənənələrə, şərəfli tarixə malik jurnalistika fakültəsi studiyasının yenidən qurulmasını yüksək dəyərləndirib və fakültə tələbələrinə yaradılan imkanlardan səmərəli istifadə etməyi tövsiyə edib.

 Yenidən qurulan tədris-teleradio studiyasının istifadəyə verilməsini əlamətdar hadisə adlandıran BDU-nun rektoru, akademik Abel Məhərrəmov məlumat verib ki, 1981-ci ildə yaradılmış studiya Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə əsaslı təmir olunub. Studiyanın texniki imkanları genişlənib, əməkdaşları TRT kanalında təlim-təcrübə keçiblər.

Universitetin əsas binasında davam edən tədbirdə Azərbaycanın Dövlət himni səsləndirilib.

Akademik Abel Məhərrəmov 28 May - Respublika Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Xalq Cümhuriyyətinin çox böyük yadigarları olduğunu xatırladan akademik Abel Məhərrəmov bildirib ki, onlardan biri də Bakı Dövlət Universitetidir. Xalq Cümhuriyyətinin ömrünün çox qısa olmasına baxmayaraq onun övladı olan Bakı Dövlət Universiteti yaşayır və inkişaf edir. Bu gün universitet böyük elm mərkəzi və təhsil ocağıdır. Burada 20 mindən çox tələbə təhsil alır, universitetin nəzdində elmi-tədqiqat institutları, elmi mərkəzlər fəaliyyət göstərir. Rektor qeyd edib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra dövrün ictimai-siyasi prosesləri müstəqilliyimizi təhlükə altına almışdı. Həmin vaxt universitetdə beyin axını yaranmış, təhsilin infrastrukturu pozulmuşdu. Belə bir vaxtda ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanı bir çox təhlükələrdən xilas etdi. Ümummilli liderin hakimiyyəti dövründə Azərbaycan çox böyük nailiyyətlərə imza atıb və həmin siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Artıq Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir. Müstəqilliyi itirməmək üçün gənclik, xüsusən onun avanqard hissəsi olan tələbələr öndə getməli, qlobal düşüncəyə, milli təəssübkeşliyə malik olmalı, mənəvi dəyərləri qorumalıdır.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov diqqəti Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindəki üç məqama - müstəqillik atributlarının yaradılmasına, Bakı şəhərinin azad edilməsi və Azərbaycanın paytaxtına çevrilməsinə, İrəvan xanlığının ermənilərə milli dövlət yaratmaları üçün güzəştə gedilməsi məsələsinə cəlb edib. Bildirib ki, bu məsələlər gələcəkdə diskussiyalar açmağa, elmi-publisistik istiqamətdə araşdırmalara yeni stimul verə bilər.

Professor Əli Həsənov Azərbaycan xalqının müstəqillik yolu, milli inkişafı və dövlət quruculuğu prosesinin bir sıra mühüm daxili və xarici amillərlə şərtləndiyini bildirib. Vurğulayıb ki, mayın 28-i Respublika Günü kimi qeyd edilsə də, bütövlükdə müstəqilliyimizin tarixi kimi o dövrdəki hadisələr təhlil edilir, müəyyən qənaətlər hasil olur. 

Əli Həsənov məruzəsində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, süqutunun səbəbləri, həmin dövrdəki geosiyasi durum, hərbi geostrateji vəziyyət, hökumətin xarici dövlətlərlə münasibəti və digər məsələləri əhatə edib. O, müasir müstəqil Azərbaycan dövlətinin təşəkkülündə və inkişafında ümummilli lider Heydər Əliyevin azərbaycançılıq strategiyasının əhəmiyyətini xüsusilə vurğulayıb. 

Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı dövrün hadisələrini təhlil edən Əli Həsənov diqqətə çatdırıb ki, 1918-ci ilin may ayında Rusiya imperiyasının süqutu bu imperiyaya daxil olan xalqların müstəqillik əldə etməsini şərtləndirdi. Azərbaycan xalqı da öz müstəqil dövlətini qurmaq imkanı əldə etdi. Tərəqqipərvər ziyalılar, ictimai-siyasi xadimlər yaranmış tarixi şəraitdən istifadə edərək Azərbaycanda Xalq Cümhuriyyətini elan etdilər.

“Dağılmış Zaqafqaziya seyminin Cənubi Qafqazdan olan deputatları mayın 28-də, 29-da və 30-da  Batumi şəhərinə toplaşaraq özlərinin müstəqillik haqqında deklarasiyasını bəyan etdilər. Bu prosesə Osmanlı imperiyasını təmsil edən diplomatlar, dövlət xadimləri də qoşulmuşdular. Onların məqsədi ilk növbədə dağılmış Rusiya imperiyasının Cənubi Qafqazda mövqelərini zəiflətmək və regionda Osmanlı imperiyasının maraqlarını qorumaq idi. Lakin onlar, eyni zamanda, imkan düşərsə, ermənilərin Cənubi Qafqazda dövlət yaradaraq Anadoluya, eləcə də Osmanlı imperiyasına ərazi iddialarından əl çəkmələri barədə də fikirləşirdilər”, - deyə Əli Həsənov həmin dövrdə Azərbaycan-Türkiyə münasibətlərinə də toxunub.  

Qeyd edilib ki, Azərbaycan, Ermənistan, Gürcüstan və Türkiyə dairələrinin iştirakı ilə imzalanmış Batumi müqaviləsinin tarixçilərə məlum olan müddəalarından biri də Azərbaycan Xalq Cümhuriyyətinin Aleksandropol quberniyasını (İrəvan xanlığı) ermənilərə öz dövlətini yaratması üçün güzəştə getməsidir. Əvəzində ermənilər Qarabağ bölgəsinə, həmçinin Türkiyəyə qarşı torpaq iddialarından əl çəkməli idilər. Əli Həsənov vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin bu addımı müasir dövrün araşdırıcıları tərəfindən tənqid olunur. Nəzərə almaq lazımdır ki, İrəvan xanlığı əhalisinin 98 faizi Azərbaycan türkləri idi. 

Bakının azad edilərək Azərbaycanın paytaxtı elan olunmasını Xalq Cümhuriyyəti hökumətinin müsbət fəaliyyəti kimi qiymətləndirən professor Əli Həsənov deyib ki, o zaman şəhər Şaumyan başda olmaqla Xalq Deputatları Soveti deyilən bolşevik qurumu tərəfindən ələ keçirilmişdi. 1918-ci ilin mart-aprel aylarında Bakıda azərbaycanlıların kütləvi qırğını törədilmişdi. Lakin Osmanlı imperiyası İrəvan xanlığı ilə bağlı məsələdə Azərbaycana vermədiyi dəstəyi Bakının azad olunmasında ortaya qoydu. Məhz türk əsgərlərinin iştirakı ilə Bakı şəhəri azad edildi. Hökumət Gəncədən Bakıya köçürüldü. Lakin o dövrün nə geosiyasi vəziyyəti, nə iqtisadi durumu, nə də beynəlxalq hüquq Azərbaycan Xalq Cümhuriyyətinin yaşamasına imkan vermədi. Bu dövləti tanıyanlar çox az oldu və onun müstəqilliyinə qarşı yönəlmiş bolşevik qəsdlərinin qarşısına hər hansı etiraz notası səslənmədi. 

Azərbaycan Xalq Cümhuriyyəti qurucularının digər böyük uğuru milli dövlətin əsas təsisatlarını yaratması olub. Ümummilli lider Heydər Əliyev hakimiyyətə gələndən sonra 1993-cü ildə müstəqil Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edilib.

Müasir tariximizin mühüm məqamlarından bəhs edən professor Əli Həsənov deyib: “Azərbaycan xalqı özünün siyasi, iqtisadi, mədəni, intellektual potensialından və SSRİ-nin dağılması ilə əlaqədar yaranan əlverişli tarixi şəraitdən istifadə edərək 1991-ci ildə milli iradəsini ortaya qoydu, dövlət müstəqilliyini bərpa etdi və BMT-nin üzvü olan müstəqil dövlətlər sırasına qoşuldu. Bu hadisə Azərbaycan xalqının ən böyük tarixi nailiyyətidir. Amma müstəqilliyi əldə etmək nə qədər çətin olsa da, onu qoruyub saxlamaq və əbədi etmək daha çətindir. Azərbaycan bu çətin vəzifənin öhdəsindən ümummilli lideri Heydər Əliyevin sayəsində gələ bildi. Ulu öndər müstəqil Azərbaycan dövlətinin konseptual əsaslarını işləyib hazırladı. Bu gün dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaş Azərbaycan dövlətinə bağlılıq hissi ilə yaşayır. Dövlət onun maddi, mənəvi, sosial ehtiyaclarını ödəyən təsisatlar yaradır və bütün vətəndaşlara bərabər hüquqlar verir. Bu, azərbaycançılıq ideologiyasıdır. Məhz bu ideologiya sayəsində müstəqilliyin ilk illərində xalq cəbhəsi hakimiyyətinin naşı siyasəti ucbatından ölkəmizdə yaşayan milli azlıqların dövlətə itmiş etibarını geri qaytarmaq mümkün oldu, etnik qarşıdurmalara və separatçılıq meyillərinə son qoyuldu. Ulu öndərin müəyyənləşdirdiyi digər əsas prinsiplərə cəmiyyətdə mövcud qarşıdurmanı, təbəqələşməni, qruplaşmanı aradan qaldırmaq üçün dövlət təsisatlarının yaradılması və möhkəmləndirilməsi, dövlətin sağlam iqtisadi təməlinin qurulması, sivil beynəlxalq münasibətlərin formalaşması və Azərbaycanın demokratik inkişaf yolu tutması daxildir. Bütün bu prinsiplər ölkəmizin bütün sahələrdə uğurlarının təminatçısıdır”.

Müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında, inkişafında və dünyada tanınmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini diqqətə çatdıran Əli Həsənov qeyd edib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev ulu öndərin siyasi kursunu davam etdirməklə yanaşı, həm də onu yeni şəraitin tələblərinə uyğun surətdə yaradıcılıqla inkişaf etdirir. Hazırda ölkəmiz öz inkişafının keçid dövrünü başa vuraraq bir çox sahələrdə yeni mərhələyə qədəm qoyub.

Azərbaycan bu gün formalaşmış bir dövlətdir. Onun güclü iqtisadiyyatı, qüdrətli ordusu var. Azərbaycan beynəlxalq aləmdə söz və nüfuz sahibinə çevrilib, bir çox dövlətlərlə yaxşı münasibətlər qurub. “Əminəm ki, Bakı Dövlət Universitetinin gələcək məzunları bu dövlətə sahiblik edəcək, burada təhsil alan gənclər bu dövlətin problemlərinin altına öz çiyinlərini verəcəklər. Bu gün bizim əsas problemimiz Dağlıq Qarabağ və işğal altında qalan ərazilərimizdir. Allahın izni, Prezidentimizin qətiyyətli siyasəti və milli ordumuzun gücü ilə torpaqlarımızı işğaldan azad edəcək, Azərbaycan dövlətinin suveren hüquqlarını bütün ərazilərimizdə bərpa edəcəyik”, - deyə Əli Həsənov çıxışını tamamlayıb.

Sonra “M.Teatr Production”un ifasında Üzeyir Hacıbəylinin əsərləri əsasında hazırlanmış “Məsəl, ya...” tamaşası nümayiş etdirilib.

Sonda tədbir iştirakçılarına professor Əli Həsənovun “Azərbaycanın geosiyasəti” kitabı paylanılıb.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında