Müasir Azərbaycanın yeni dövrün çağırışlarına adekvat cavab verməsində, Qərblə Şərq arasında enerji dialoqunun yaradılmasında və inkişaf etdirilməsində, bəşəriyyətin bir nömrəli prioritetinə çevrilmiş multikultural dəyərlərin gücləndirilməsində və dini tolerentlığın ənənə halı almasında, regional iqtisadi tərəqqinin möhkəmləndirilməsində, o cümlədən strateji əhəmiyyət kəsb edən nəqliyyat-kommunikasiya dəhlizlərinin formalaşdırılmasında oynadığı mühüm rol və nümayiş etdirdiyi əzmkarlıq dünyanın nüfuzlu araşdırma mərkəzləri və dərgiləri tərəfindən də yüksək qiymətləndirilir. Azərbaycanın bütün bu nailiyyətlərinin əldə edilməsində Prezident İlham Əliyevin müstəsna rolunu yüksək dəyərləndirən tanınmış “The Business Year” jurnalı da ölkə başçısını 2015-ci ildə “Dünyada ilin adamı” mükafatına layiq görmüşdür.
Dünyanın müxtəlif bölgələrini – Latın Amerikası, Asiya, Afrika qitələrini əhatə edən geniş coğrafiyada sosial-iqtisadi prosesləri izləyən və işıqlandıran, ətraflı təhlillərlə çıxış edən nüfuzlu şirkət “The Business Year” ayrı-ayrı ölkələrin sosial-iqtisadi durumu və inkişaf meyilləri, biznes və investisiya mühiti, aparıcı şirkətləri və digər sahələr haqqında ildə 20-dən çox xüsusi buraxılış hazırlayır və bütün dünyada yayır. Qeyd etmək lazımdır ki, dünyanın aparıcı biznes dairələri tərəfindən maraqla qarşılanan və işgüzar əlaqələrin inkişafına xidmət etməklə birgə iqtisadi layihələrin reallaşdırılmasına töhfə verən şirkətin xüsusi buraxılışları Azərbaycanı da dəfələrlə əhatə etmişdir. Belə ki, 2011-ci ildən Azərbaycan ilə əməkdaşlığa başlayan “The Business Year” şirkəti ölkəmiz haqqında altı xüsusi buraxılış hazırlamış və oxucularının diqqətinə çatdırmışdır. 7-8 aprel 2013-cü il tarixdə Bakıda keçirilmiş Ümumdünya İqtisadi Forumu barədə dərc edilmiş məqalədə Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının gələcəyi ilə əlaqədar aparılan strateji dialoqun əhəmiyyətinə toxunulmuş və Azərbaycanın bu vacib münasibətlərdə tutduğu konstruktiv mövqe haqqında məlumat verilmişdir. Energetika və təbii ehtiyatlar, sahibkarlıq və insan kapitalı, maliyyələşdirmə və uzunmüddətli sərmayələr, ticarət və təchizat məsələləri ətrafında aparılan müzakirələrin regional əməkdaşlıq baxımından vacibliyinə toxunulan həmin məqalədə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda yüksək iqtisadi göstəricilərin əldə olunduğu və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində uğurlu addımlar atıldığı nəzərə çatdırılmışdır.
Dünya sabitliyi sevir, uzunmüddətli əlaqələrin və davamlı əməkdaşlığın olmasını arzulayır, regional inteqrasiyanın güclənməsinə və inkişafına təkan verən addımları dəstəkləyir, etibarlığı artıran və insanlar arasında münasibətləri daim yaxşılaşdıran layihələri alqışlayır. Azərbaycan sadaladığımız bütün parametrlər üzrə dünyanın siyasi-iqtisadi, humanitar-mədəniyyət xəritəsində pozitiv addımları ilə nüfuz qazanmış və mütərəqqi dövlətlərlə əlaqələrin yaradılmasında və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin formalaşdırılmasında, o cümlədən və milyonlarla insanın həyatını yaxşılaşdıran qlobal nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılmasında nümayiş etdirdiyi mövqeyə görə rəğbət qazanmışdır. Azərbaycan düşünülmüş, tələsik qərarların verilməsinə qarşı olduğunu hər zaman nümayiş etdirmiş ölkədir. Rəsmi Bakının geosiyasi çəkisi böyük olan layihələrin həyata keçirilməsində göstərdiyi sabitlik yüksək qitmətləndirilir, böyük sərmayələrin cəlb olunmasında mühüm əhəmiyyət kəsb edən proqnozlaşdırma kimi amilə hər zaman dəyər verməsi alqışlanmalıdır. Təsadüfi deyil ki, dünyanın enerji nəhənglərindən biri olan bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel sözügedən forumda çıxışında Azərbaycanın bp ilə imzaladığı müqavilələrə heç zaman dəyişiklik etmədiyini açıqlamış və bunu sərmayədarların ehtiyac duyduqları sabitlik kimi qiymətləndirmişdi.
Prezident İlham Əliyev Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi əhəmiyyətli töhfəyə, “Cənub” qaz dəhlizi, “Şahdəniz-2", TANAP və TAP layihələrinin yaradılması və həyata keçirilməsi, mühüm beynəlxalq idman tədbirlərinin, o cümlədən birinci Avropa Oyunlarının nümunəvi təşkilinə və Azərbaycanın çox böyük potensialının dünyada təbliğinə, “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin yaradılması ilə bağlı göstərdiyi səylərə, Azərbaycanı əhəmiyyətli transmilli nəqliyyat layihələrinin mərkəzinə çevirdiyinə, sivilizasiyalar və mədəniyyətlər arasında dialoqun inkişaf etdirilməsinə verdiyi böyük dəstəyə, multikultural dəyərlərin təşviqi ilə bağlı beynəlxalq humanitar tədbirlərin keçirilməsi və regionda sülh və təhlükəsizliyin təmin olunması ilə bağlı digər uğurlu fəaliyyətinə görə jurnalın 2015-ci ildə “Dünyada ilin adamı” mükafatına layiq görülmüşdür. “The Business Year” şikətinin sadaladığı bütün bu nailiyyətlər, addımlar, daha dəqiq desək, Azərbaycanın strateji nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsində oynadığı mühüm rol hamı tərəfindən etiraf edilir. Rəsmi Bakı “Cənub” qaz dəhlizinin tərkib hissəsi olan “Şahdəniz-2”, TANAP və TAP layihələrinin həyata keçirilməsində fəallıq göstərməklə, transmilli layihələrə dəstək verdiyini əyani şəkildə təsdiqləyir. Azərbaycanın “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində göstərdiyi böyük səylər yüksək qiymətləndirir və dəstəklənir. Bu da bir reallıqdır ki, Azərbaycan regional inkişafa təsir göstərəcək qlobal nəqliyyat-tranzit şəbəkəsinin mərkəzinə çevrilir və bütün bunların Prezident İlham Əliyevin yürütdüyü siyasətin nəticəsi olduğu heç kimə sirr deyil.
Bu gün Azərbaycan beynəlxalq humanitar tədbirlərə ev sahibliyi etməklə, dünyada sivilizasiyalar və mədəniyyətlərarası dialoqun inkişafına və multikultural dəyərlərin təşviqinə dəstək göstərməklə də diqqəti cəlb edir.
Sağlam düşüncəli gələcək nəslin formalaşmasında mühüm rol oynayan amillərdən biri də idmandır. Buna görə də, bəşəriyyəti birləşdirən əsas dəyərlərdən biri kimi idmanın müxtəlif növlərinə həsr olunan beynəlxalq tədbirlərin keçirilməsi sıradan bir hadisələr sayıla bilməz. Olimpiya Oyunlarının keçirilmədiyi qitənin qalmamasını dediklərimizə sübut kimi göstərmək olar. Ancaq nə qədər genişmiqyaslı olsa da, Avropa xalqlarını bir arenada birləşdirəcək kütləvi idman tədbiri keçirilməmişdi. Məsələn, 1951-ci ildən bəri Amerika qitəsi ölkələrini əhatə edən Panamerika Oyunları və Asiya ölkələrini birləşdirən Asiya Oyunları keçirilsə də, “köhnə dünya” ölkələrini birləşdirən oyunlar yox idi. Dostluğun və tolerantlığın simvoluna çevrilmiş Avropa Oyunlarını keçirməklə Azərbaycan tarixə öz adını yazdırdı və bu missiyasının uğurlu alınmasında Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın əvəzedilməz rolu oldu. Məhz bu uğurların işığında Azərbaycan liderinin xidmətlərini yüksək qiymətləndirən “The Business Year” şirkəti tərəfindən ölkə başçımızın 2015-ci ildə “İlin adamı” adlandırması təbiidir.
Sivilizasiyalar və mədəniyyətlər arasında dialoqun inkişaf etdirilməsi bu gün də aktuallığını qoruyub saxlayır. Beynəlxalq münasibətlərin fəal üzvü kimi Azərbaycan bu istiqamətdə önəmli addımlar atır və multikultural dəyərlərin yüksək səviyyədə dəstəklənməsinə öz töhfəsini verir. Bu gün aydındır ki, dövlətlər arasında münasibətlərin səviyyəsi xalqlar arasında əlaqələrin xarakterinə birbaşa təsir göstərir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hökumətinin yürütdüyü siyasət sayəsində yaxın-uzaq ölkələrlə yüksək münasibətlərin səviyyəsi və müsbət xarakteri rəsmi Bakının bu məsələdə müsbət nəticələrə nail olduğunu bir daha gözlər önünə gətirir.
Böyük siyasət adamları da Prezident İlham Əliyevə Respublika Günü münasibətilə göndərdikləri təbrik məktublarında bunları xüsusi qeyd edir və rəsmi Bakının mehriban qonşuluq və konstruktiv dialoq qurulmasında mühüm rol oynadığı vurğulanır. Məsələn, ABŞ dövlət katibi Con Kerri məktubunda Birləşmiş Ştatlarla Azərbaycanın Avropada və Avropadan kənarda təhlükəsizlik və inkişaf naminə birgə çalışdığını qeyd etmiş və Azərbaycanın Avropa bazarının enerji ilə təmin olunmasında mühüm rol oynadığını bildirmişdir. Regional enerji şaxələndirilməsi məsələsində Azərbaycanın səylərini tam dəstəklədiklərini deyən cənab Kerri əlavə etmişdir ki, ABŞ zorakı ekstremizmə qarşı mübarizədə Prezident İlham Əliyevlə tərəfdaşlıqlarını və transmilli məsələlərdə sıx əməkdaşlıqlarını yüksək qiymətləndirir. Bunu qlobal güc mərkəzinin Azərbaycanın mühüm məsələlərdə tutduğu mövqeyə və göstərdiyi dəstəyə görə verilən yüksək qiymət kimi dəyərləndirmək olar.
Təbii ki, dünyanın siyasi axarını müəyyənləşdirən güc mərkəzləri ilə münasibətlərini maksimum dərəcədə inkişaf etdirməyə köklənən Azərbaycanın qısa zaman kəsiyində nüfuzlu beynəlxalq təşkilatlarda yüksək səviyyədə təmsil olunması qürurvericidir. Belə ki, 2013-cü ildə BMT Təhlükəsizlik Şurasının üzvü seçilən Azərbaycanın dünyada sülhün və əməkdaşlığın təbliğində fəal iştirak etməsi və dünyada kosmik klubun üzvünə çevrilməsi, o cümlədən Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan nəhəng enerji layihələrinin uğurla reallaşdırılmasına böyük töhfələr verməsi Prezident İlham Əliyevin çoxsaylı uğurlarıdır. Buna görə də, ölkə başçısının “İlin adamı” mükafatına layiq görülməsi Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlərə verilən böyük qiymətdir.
Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.