Şərqin ilk parlamentli respublikası

Dövlət müstəqilliyi, milli azadlıq bizim ən böyük tarixi nailiyyətimizdir və biz bunu qoruyub saxlayacağıq.

Heydər ƏLİYEV
Ümummilli lider

 


 

1917-ci ildə çar Rusiyasında baş verən fevral burjua-demokratik və oktyabr sosialist inqilablarından sonra 14 fevral 1918-ci ildə Tiflisdə Zaqafqaziya Seymi yaradılır. Lakin Zaqafqaziya Seymi faktiki heç bir iş görə bilmir. Ona görə də

26 may 1918-ci ildə Gürcüstan Zaqafqaziya Seymindən çıxdığını bildirməklə, öz dövlət müstəqilliyini elan edir.

Zaqafqaziya Seyminin süqutundan bir gün sonra, mayın 27-də Azərbaycanın istiqlaliyyətini elan etmək və ilk Azərbaycan hökuməti yaratmaq üçün Seymin bütün müsəlman nümayəndələri Tiflisdə toplaşırlar. 1918-ci il may ayının 28-də Tiflis şəhərində Qafqaz canişininin iqamətgahında doktor Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycanın Milli İslam Şurasının iclası keçirilərək dövlət müstəqilliyinin elan olunması haqqında “İstiqlal bəyannaməsi” qəbul olunur və bitərəf Fətəli xan Xoyski başda olmaqla, Azərbaycan Xalq Cümhuriyyətinin ilk müvəqqəti hökuməti təşkil edilir. Beləliklə, 28 may 1918-ci ildə Şərqdə ilk demokratik dövlət  –  Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yaradılır.

AXC ölkəmiz üçün çox mürəkkəb bir tarixi şəraitdə fəaliyyətə başlayır. Bugünkü Azərbaycan vətəndaşlarının əksəriyyəti hələ də bilmir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması nə səbəbə məhz Tiflisdə elan edilmişdir. O vaxt Bakıda daşnak xislətli bolşevik Stepan Şaumyanın rəhbərliyi ilə ermənilər tərəfindən 1918-ci ilin martında azərbaycanlılara qarşı əsl soyqırımı həyata keçirilmişdi. Bu dövrdə Bakıda, Şamaxıda və Qubada 50 min azərbaycanlı – qoca, uşaq, qadın, xəstə insan süngüdən keçirilərək qətlə yetirilmişdi.

Bu səbəbdən 1918-ci il iyunun 16-da Azərbaycan Milli İslam Şurası və müvəqqəti hökuməti Tiflisdən Gəncəyə köçür.

Qızğın döyüşlər nəticəsində 1918-ci il sentyabrın 15-də Nuru paşanın komandan olduğu  Qafqaz İslam Ordusu tərəfindən Bakı erməni daşnaklarından təmizlənərək azad edilir. Sentyabrın 17-də Fətəli Xan Xoyski hökuməti Gəncədən Bakıya köçür və Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı elan olunur.

Çox təəssüflər olsun ki, Sovetlər dönəmində Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti,  həyata keçirdiyi tədbirlərin öyrənilməsinə faktiki qadağa qoyulmuş, bu azmış kimi, onun fəaliyyətinin, o dövrün hadisələrinin mahiyyəti, saxtakarlığa yol verilərək, qəsdən təhrif olunmuşdur. Təsadüfi deyildir ki, o dövrün ədəbiyyatında “Azərbaycan Milli İslam Şurası” söz birləşməsindən “İslam” sözü çıxarılmışdır.

Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə dair arxiv sənədlərinin təhlilindən aydın olur ki, parlamentin açılışı 1918-ci il dekabrın 3-nə təyin olunsa da, ilk iclas dekabrın 7-də baş tutur. Həmin gün böyük xeyriyyəçi H.Z.Tağıyevin Nikolayev küçəsində (indiki “İstiqlal” küçəsi- İ.A.) yerləşən keçmiş Qız məktəbinin binasında parlamentin birinci iclası təntənəli şəraitdə açılır. Əlimərdan bəy Topçubaşov parlamentin sədri, doktor Həsən bəy Ağayev isə sədrin birinci müavini seçilirlər. Ə.Topçubaşov bu vaxt İstanbulda olduğu üçün iclasa H.Ağayev sədrlik edir. 1919-cu ilin yanvarında Ə.Topçubaşov Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin başçısı təyin olunaraq Parisə getdiyi üçün, o, hətta 1920-ci ilin yanvarında yenidən parlamentin sədri seçilsə də, bu quruma, bir gün də olsun rəhbərlik etməmişdir.

Cəmi 17 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti özünün həyatiliyini və yüksək işgüzarlıq qabiliyyətini sübut etdi. O göstərdi ki, Azərbaycan xalqı, həqiqətən, parlament idarəçiliyi səviyyəsinə yüksəlmişdir. O vaxt Azərbaycan Cümhuriyyəti bütün müsəlman Şərqində yeganə parlamentli respublika idi.

Özünün 17 aylıq fəaliyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 145 iclası keçirilmişdir. İlk iclas 1918-ci il dekabrın 7-də, son iclas isə 1920-ci il aprelin 27-də olmuşdur. Fəaliyyəti dövründə Azərbaycan Cümhuriyyəti parlamentinin müzakirəsinə 270-dən yuxarı qanun layihəsi çıxarılmışdır ki, onlardan da 230-u təsdiq edilmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin 28 may 1918-ci il tarixdə qəbul etdiyi ilk normativ hüquqi akt o zamankı Zaqafqaziya Seyminin Azərbaycandan olan deputatları Həsən bəy Ağayev, Fətəli xan Xoyski, Mehdi bəy Hacınski, Xəlil bəy Xasməmmədov və qeyrilərinin (cəmi 26 nəfər) daxil olduğu Azərbaycan Milli İslam Şurası tərəfindən qəbul edilən Azərbaycanın İstiqlal bəyannaməsi oldu.

Bəyannamədə göstərilirdi ki, bu gündən etibarən Azərbaycan xalqları suveren hüquqlara malikdirlər. Şərqi və Cənubi Zaqafqaziyadan ibarət olan Azərbaycan tam hüquqlu müstəqil dövlətdir.

Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti 9 noyabr 1918-ci il tarixdə milli bayraq haqqında qərar qəbul etmişdir. Həmin qərarla yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan milli  bayrağın təsviri təsdiq olunmuşdur.   

Azərbaycan Xalq Cümhuriyyəti nisbətən qısa müddət yaşamasına baxmayaraq, əhalinin maariflənməsi işinə xüsusi diqqət yetirmişdir.

Dövlət hakimiyyətinin bölgüsü prinsipi baxımından nisbətən yeni yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin Məclisi-Müəssisan ilə (parlament - İ.A.) bağlı normativ hüquqi aktın qəbul edilməsinin xüsusi əhəmiyyəti vardı. Təsadüfi deyildir ki, parlament 21 iyul 1919-cu il tarixdə “Azərbaycan Respublikası Məclisi-Müəssisana  seçki haqqında Əsasnamə” qəbul etmişdi.

Sovet dövründə yazılmış tarix kitablarında, dövlət və hüquq tarixi, ümumiyyətlə, ictimai elmlərə dair ədəbiyyatda Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinin,  o zamankı hadisə və proseslərin mahiyyətinin saxtalaşdırılması və təhrif edilməsi yeganə hal olmamışdır.

Qeyd etmək yerinə düşər ki, yuxarıda göstərdiyimiz təhriflərə indiki ictimai-siyasi durum baxımından qiymət vermək və buna görə sovet dövrünün müəlliflərini qınamaq ədalətsizlik olardı. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinin, həmin dövrdəki hadisə və görülmüş tədbirlərin öyrənilməsi müəlliflərə ya yasaq edilir, yaxud bu hadisə və fəaliyyət barədə obyektiv həqiqətin yazılmasına, təbii ki, kommunist ideologiyası və rejimi imkan vermirdi.    

1920-ci il aprelin 27–28-də RSFSR beynəlxalq hüquq normalarını kobudcasına pozaraq, müharibə elan etmədən öz silahlı qüvvələrini Azərbaycana yeritdi, suveren Azərbaycan Respublikasının ərazisini işğal etdi, qanuni seçilmiş hakimiyyət orqanlarını zorakılıqla devirdi. Başqa sözlə, Azərbaycan zorla sovetləşdirilərək, xalqın çox böyük qurbanlar bahasına qazandığı müstəqilliyinə son qoyuldu.

Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır. O, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilməsə də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynamışdır.

Ona görə də, Azərbaycan Xalq Cümhuriyyəti tarixinin, o cümlədən onun dövlət və hüquq tarixinin dərindən və hərtərəfli öyrənilməsi həmişə aktual olmaqla, xüsusi əhəmiyyət kəsb edir.

Qeydlərimi ümummilli lider Heydər Əliyevin aşağıdakı kəlamı ilə bitirmək istəyirəm: “Müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir”.

İlham ABBASOV,
Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının
baş müəllimi, hüquq üzrə fəlsəfə doktoru,
baş ədliyyə müşaviri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında