Dövlət başçımızın siyasi-diplomatik və sosial-iqtisadi həyatdakı fəaliyyətinə verilən yüksək qiymət haqqında xəbəri eşidəndə Avropanın tanınmış siyasət və dövlət xadimlərindən olan Uinston Çörçillin bir ifadəsi yada düşdü: Xalq və dövlət üçün nələrisə etmək istəyən siyasətçinin, hər şeydən əvvəl, iki dayağı olmalıdır. Birincisi, özünün şəxsi iradəsi, biliyi, bacarığı və qətiyyəti, ikincisi isə insanların ona inamı və xalqın dəstəyi.
Bu iki meyarı indi Azərbaycan liderinin siyasi fəaliyyətinə tətbiq etsək, onda görərik ki, bugünkü Azərbaycan Prezidenti, sözün həqiqi mənasında, xoşbəxt siyasətçilərdən biridir. Çünki onun şəxsi iradəsi, biliyi, bacarığı və qətiyyəti də yüksək səviyyədədir, xalqdan gördüyü dəstək də. Qüdrətli Azərbaycanın formalaşdırılmasının əsasında elə onun liderlik keyfiyyətləri və xalqın inamı, etimadı dayanır.
Prezident İlham Əliyev tərəfindən 2003-cü ilin payızından etibarən həyata keçirilən hərtərəfli islahatlar, daxili və xarici siyasət, ölkəmizin beynəlxalq aləmə inteqrasiyasının sürətləndirilməsi üçün reallaşdırılan tədbirlər, vətəndaş cəmiyyətinin formalaşdırılması, insan hüquq və azadlıqlarının qorunması, tolerantlıq və multikulturalizmin yeni nümunəsinin formalaşdırılması məqsədi ilə atılan addımlar ona nəinki ölkəmizdə və türk dünyasında, eləcə də, bütün dünyada bir liderin, dövlət başçısının əldə edə biləcəyi ən ali səviyyəli nüfuz, reytinq qazandırmışdır.
Ona görə də elə bir il olmur ki, biz dövlət başçımızın hansısa fəxri ada və ya mükafata layiq görüldüyü barədə məlumatlarla tanış olmayaq. Özü də bu xəbərlər dünyanın fərqli qütblərindən, ən müxtəlif dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının və ya yaradıcılıq birliklərinin adından təsis və təqdim olunur. Son zamanlar isə daha çox beynəlxalq miqyaslı şirkət və təşkilatların keçirdikləri rəy sorğularının nəticələri Azərbaycan Prezidentinin hamıdan çox səs qazandığını göstərir. Bu da təsadüfi deyil. Hamı yaxşı görür ki, Prezident İlham Əliyev təkcə öz xalqının və ya dövlətinin maraqları üçün deyil, regionun bütün xalqlarının mənafeyini təmin edən addımlar atır. Məhz ona görə də dövlət başçımızın siyasi-diplomatik fəaliyyəti hamı tərəfindən yüksək qiymətləndirilir. Dünən – mayın 25-də mətbuatda yayılan xəbərdə göstərilir ki, “The Business Year” şirkəti Prezident İlham Əliyevi 2015-ci ildə “Dünyada ilin adamı” seçib.
Xatırladaq ki, “Əsl siyasət konkret, real iş görməkdən ibarətdir”, – deyən İlham Əliyev prezidentlik fəaliyyəti dövründə populist çıxışlardan uzaq, ölçülü-biçili hərəkət etməklə, ölkənin qarşısında duran prioritet vəzifələri dəqiq, düzgün müəyyənləşdirərək, hər bir vətəndaşın maraq və mənafeyinə hesablanan çevik siyasət həyata keçirdi. Paytaxtımızın və regionların sürətli inkişafı, böyük iqtisadi layihələrin gerçəkləşdirilməsi, 1 milyon üç yüz mindən artıq yeni iş yerinin açılması, insanların sosial rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar sayəsində yoxsulluğun səviyyəsi 49 faizdən 5 faizə endirildi.
Statistik materiallarda göstərilir ki, ölkəmiz iqtisadi artım sürətinə görə bir neçə il dünyada birinciliyini saxlayıb. Azərbaycan müstəqil siyasət yürüdən, öz sözü olan, etibarlı tərəfdaş, Cənubi Qafqaz regionunda lider kimi tanınan və qəbul edilən dövlətə çevrilib. Azərbaycanın iştirakı olmadan regionda heç bir beynəlxalq layihə həyata keçirilmir. Yaxın keçmişdə qaz idxalçısı olan, xarici sərmayələrin cəlbinə çalışan ölkə indi Avropanın enerji təhlükəsizliyinə töhfə verən, xaricdə sərmayə qoyan, özünü təmin edən ölkəyə çevrilib. İndi artıq dövlətimiz iri regional layihələrin təkcə iştirakçısı yox, həm də əsas təşəbbüskarı, dünyada gedən siyasi proseslərdə önəmli fikir sahibidir.
Gənc müstəqil Azərbaycan dövləti Avropanın və dünyanın enerji təhlükəsizliyinin qorunmasında özünəməxsus rol oynayır. 2013-cü ilin dekabrında imzalanmış qaz ixracı üzrə “Şahdəniz-2” yekun investisiya layihəsi Prezident İlham Əliyevin ölkəmizə qazandırdığı “XXI əsrin müqaviləsi”nə çevrildi. 2014-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin 20 illiyi mərasimində “Cənub” qaz dəhlizinin təməlinin qoyulması isə bir reallığı gündəmə gətirdi ki, Azərbaycanda hasil olunan qaz Avropa üçün etibarlı yeni mənbədir.
Məhz həmin addımların nəticəsidir ki, bu gün dünyanın nüfuzlu təşkilatları Azərbaycanın mövqeyini nəzərə alır, onunla hesablaşırlar. Ölkəmizin 2011-ci ilin oktyabrında – müstəqil olduğumuz 20 ildə xarici siyasətinin ən böyük uğurlarından birini də məhz həmin nüfuz əsasında qazanmışdıq. Həmin tarixdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə 155 ölkənin səsini qazanaraq, tarixi nailiyyətə imza atan Azərbaycan bu sınaqdan da uğurla çıxdı. O tarixi qələbə respublikamızda yürüdülən siyasətə və ən nəhayət, beynəlxalq birliyin Prezident İlham Əliyevin fəaliyyətinə verdiyi önəmin təzahürünə çevrildi. Bu, dünya ictimaiyyətinin Azərbaycana olan inamını, etimadını göstərdi. Bu, həm də onu sübut etdi ki, 20 il ərzində Azərbaycan müstəqil dövlət, dünyada böyük şöhrətə malik olan ölkə kimi özünü göstərib. Xatırladaq ki, ölkəmiz iki dəfə – 2012-ci ilin mayında və 2013-cü ilin oktyabrında BMT Təhlükəsizlik Şurasına uğurla sədrlik etmişdir.
Prezident İlham Əliyevin 2008-ci il Prezident seçkilərində xalqın mütləq əksəriyyətinin səsini qazanaraq 2-ci dəfə ölkə rəhbəri seçilməsi onun prezidentliyinin ilk dövründə qazandığı hərtərəfli nailiyyətlərin məntiqi nəticəsi, xalqının onun fəaliyyətinə verdiyi qiymət idi. Bu, həm də insanların ölkənin sabit, davamlı inkişaf və tərəqqisinə bəslədiyi ümidin, inamın ifadəsi idi. Xalqımızın 2013-cü il oktyabrın 9-da keçirilən növbəti prezident seçkilərində də İlham Əliyevə səs verməsi isə onun siyasəti ətrafında birləşən xalqın uğuru kimi qəbul edilirdi. Bundan başqa, Yeni Azərbaycan Partiyasının istənilən seçkidə böyük səs çoxluğu ilə qalib gəlməsinin təməlində də Prezident İlham Əliyevin şəxsiyyəti, yüksək reytinqi, vətəndaşların ölkə başçısına olan böyük etimadı, inamı və təbii ki, ölkəmizdə həyata keçirilən siyasətin uğurları dayanır.
İndi artıq təkcə ölkə mətbuatında deyil, eləcə də dünya mətbuatında, özü də tez-tez oxuyuruq ki, xalqına xidməti özünün ən böyük həyat amalına çevirən Prezident İlham Əliyev bu gün ölkəsinin qazandığı hərtərəfli nailiyyətlərin müəllifidir. Çünki bu gün Azərbaycan sürətli inkişafı, qazandığı uğurlarla, həm də bütün dünyanın diqqətindədir. Ölkəmiz bəşəriyyəti düşündürən, narahat edən, bütün xalqların və bütün ölkələrin maraq dairəsində olan mühüm məsələlərin müzakirə olunduğu mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir, həmin tədbirlərin təşkilatçısına çevrilir. Bu gün beynəlxalq ictimaiyyət Azərbaycanı dinlərarası, mədəniyyətlərarası dialoqun mərkəzi, iqtisadi forumların, siyasi konfransların keçirildiyi qabaqcıl ölkə kimi tanımaqdadır.
Ölkəmizdə keçirilən çoxsaylı beynəlxalq tədbirləri sadalamaq istəməsək də, fikrimizi konkret bir faktla əsaslandıraq. Artıq dünyanın idman ölkələrindən birinə çevrilən Azərbaycan tarixdə ilk dəfə keçirilən I Avropa Oyunlarına uğurla ev sahibliyi etmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan cəmi iki il yarım ərzində I Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşdı və 2015-ci il iyunun 12-dən 28-dək keçirilən ilk Avropa Oyunları bənzərsizliyi ilə yadda qaldı, 17 gün müddətində dünyanın gözünü, sözün yaxşı mənasında, Azərbaycana çevirdi. Ölkəmizi dünyanın diqqət mərkəzində saxladı, dövlətimizin qüdrətini, güclü potensialını, ən mürəkkəb vəzifələrin öhdəsindən layiqincə gəlmək bacarığını, Azərbaycan xalqının nəyə qadir olduğunu dünyaya əyani nümayiş etdirdi.
Prezident İlham Əliyevin Azərbaycan xalqı üçün qürur mənbəyinə çevrilən çoxsaylı addımlarından biri də Bakıda Dövlət Bayrağı meydanını yaratması idi. Prezident hər il noyabrın 9-nun Dövlət Bayrağı Günü kimi qeyd olunmasına da qərar vermiş və müstəqilliyimizin rəmzi olan üçrəngli Azərbaycan bayrağı ilə bərabər özünü də xalqının, millətinin gözündə bir daha ucaltmışdır. Bütün bunlar isə xalqın öz rəhbərinə güvənini, etimadını daha da artırır. Bu etimad, həm də ondan xəbər verir ki, xalqımız tezliklə erməni işğalı altında olan torpaqlarımızın düşməndən azad edilməsi sevincini, Qarabağdakı möhtəşəm qələbəmizi də Prezident İlham Əliyevin ətrafında bayram edəcək! Bu il aprelin əvvəlində Ermənistan rəhbərliyinin təmas xəttində törətdiyi hərbi təxribatlar zamanı dövlət başçımızın göstərdiyi qətiyyət və siyasi iradə bir daha sübut etdi ki, şücaətli Azərbaycan əsgəri məhz onun Ali Baş Komandanlığı ilə torpaqlarımızı düşmən tapdağından qısa müddətdə təmizləyə bilər.
İndi artıq ölkəmizin haqq işini dəstəkləyənlər istənilən qədərdir. Çünki Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi və enerji mənbələrinin şaxələndirilməsinə mühüm töhfələr verir. Qlobal transmilli layihələrin həyata keçirilməsində böyük təcrübə toplamış Azərbaycanın ciddi səyləri və liderliyi sayəsində müxtəlif ölkələrin təmsil olunduğu böyük komanda formalaşdırılıb, yuxarıda qeyd etdiyimiz kimi, “XXI əsrin layihəsi” olan “Cənub” qaz dəhlizinin, onun tərkib hissəsi kimi “Şahdəniz-2”, TANAP və TAP layihələrinin reallaşdırılmasına başlanıb və hazırda bu istiqamətdə işlər sürətlə davam etdirilir.
Respublikamız ölkələri, qitələri birləşdirən nəhəng nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsində əhəmiyyətli rol oynayır, “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin yaradılması üçün böyük səylər göstərir. Son illər hava, yol, dəniz və dəmir yolu infrastrukturunu ən müasir standartlara uyğun yenidən qurmaqla, Azərbaycan qarşıdan gələn dövrdə bütün regionun inkişafına xidmət göstərəcək beynəlxalq nəqliyyat-tranzit şəbəkəsinin mərkəzinə çevrilib.
Hamının səmimi şəkildə etiraf etdiyi faktdır ki, qısa müstəqillik tarixinə malik olan Azərbaycanın qazandığı uğurlar hətta dünyanın nəhəng ölkələri üçün nümunə hesab oluna bilər. Bütün bu nailiyyətlər bilavasitə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adı ilə bağlıdır. “The Business Year” şirkəti bütün bunları nəzərə alaraq və Azərbaycan Prezidentinin fəaliyyətini dərindən təhlil edərək İlham Əliyevi 2015-ci ildə “Dünyada ilin adamı” seçib.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.