İnanıram ki, sammitin nəticələri bütün dünyada humanitar böhrandan əziyyət çəkən insanların həyat səviyyəsinin yaxşılaşmasına öz töhfəsini verəcək.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
İstanbul, 23 may 2016-cı il
Biz insanlara yaşamaq və şərəflə həyat sürmək imkanını verməliyik.
Pan Gİ MUN
BMT-nin Baş katibi
İstanbul, 23 may 2016-cı il
İnanırıq ki, 2016-cı ilin baharı türk dünyasının bəşər övladına verdiyi tarixi töhfələrlə yadda qalacaq. Çünki bu il aprelin 25-dən 27-dək Bakıda keçirilmiş BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda da Yer üzündə yüz minlərlə insanın həyatına son qoyan müharibələr, hələ də davam edən qırğınlar, məcburi miqrasiya problemləri ilə yanaşı, əlamətdar hadisələr, sülhə çağırış, birgəyaşayış, insana və insanlığa sevgi dolu şüarlar gündəliyə gətirilmişdi, mayın 23-də İstanbulda keçirilən BMT Dünya Humanitar Sammitində də.
Cəmi iki ay ərzində həm Azərbaycan Prezidenti İlham Əliyev BMT bayrağı altında keçirilən mötəbər beynəlxalq tədbirə sədrlik etdi, həm də Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan. Qısa müddətdə həm Bakı dünyanın ən mütərəqqi düşüncəli insanlarının toplaşdığı ünvana çevrildi, həm də İstanbul. Planetin bütün guşələrini təmsil edən siyasətçilər, parlamentarilər, yaradıcı ziyalılar və mətbuat təmsilçiləri, həm Azərbaycan Respublikasının sülhsevər siyasətinin, demokratik dəyərlərə verdiyi önəmin, humanitar siyasətə ayırdığı diqqətin şahidinə çevrildilər, həm də Türkiyə Cümhuriyyətinin.
Bu da təsadüfi deyil. Çünki indi dünyada bu qəbildən olan tədbirlərə, liderlərin təmasına və aparılacaq müzakirələrə daha çox ehtiyac duyulur. İndi dünyanın elə bir regionu yoxdur ki, orada münaqişə və ya müharibələrdən, terrorçuluq və ya separatçılıqdan, narkoticarət və ya silah qaçaqmalçılığından əziyyət çəkən ölkə tapılmasın. Yəni, hamı bu problemlərdən xilas olmaq üçün beynəlxalq ictimaiyyətin birgə fəaliyyətini gözləyir. Həmin gözləntilərin reallığa çevrilməsi üçün BMT missiyası altında keçirilən tədbirlərin səmərəsi isə daha çox olur. Təbii ki, belə tədbirlərin keçirilməsindən ötrü əsas şərtlərdən biri də hamının ehtiramla yanaşacağı ünvanıın seçilməsidir. Bu prosesə məsul olan BMT rəsmilərinin gəldiyi nəticənin, qəbul etdikləri qərarın əhatəli dəstək qazanması da öz-özlüyündə dünya ictimaiyyətinin Azərbaycanda və Türkiyədə aparılan islahatlara, yeridilən siyasətə və bu ölkələrin beynəlxalq aləmdəki mövqeyinə verilən qiymətdir. Bakıda və İstanbulda keçirilən beynəlxalq tədbirlərin fərqi o idi ki, İstanbul Sammiti ilk dəfə təşkil edilirdi və biz məmnunuq ki, ilk Avropa Oyunlarına Azərbaycanın sahiblik etdiyi kimi, BMT-nin ilk Dünya Humanitar Sammitinə də İstanbul ev sahibliyi etdi. Sammitin əsas hədəfi isə münaqişələrin həllinə və onların baş verməsinin qarşısının alınmasına, humanitar fəlakətlərə yol verilməməsi üçün güclü norma və prinsiplərin bərqərar edilməsinə, fəlakət zonalarındakı insanlara humanitar yardımlar çatdıraraq onların ehtiyaclarının ödənilməsinə, humanitar sahəyə böyük sərmayələrin yatırılmasına yönəlmişdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın da iştirak etdiyi Dünya Humanitar Sammitinin açılış mərasimi də eynilə Bakıda olduğu kimi dünyanın humanitar fəlakət bölgələrində mövcud olan vəziyyəti və həmin ərazilərə yardımların çatdırılmasını əks etdirən təqdimatla davam etdi. Humanitar Sammitin keçirilməsinə verdikləri dəstəyə görə bütün dünya liderlərinə təşəkkürünü bildirən BMT-nin Baş katibi Pan Gİ MUN dörd il əvvəl bu ideyanın yaranmasına səbəb kimi dünyada humanitar böhranın getdikcə dərinləşdiyini yada saldı. BMT rəhbəri qeyd etdi ki, bu böhran hər il dərinləşir və insanların bu sahədəki çətinlikləri daha da artır. Humanitar böhranların səbəbinə çevrilən siyasi sabitsizliyin qarşısının alınmasının və mülki şəxslərin daha çox qorunmasının zəruriliyini qeyd edən baş katib qaçqın probleminin aradan qaldırılmasında yeni forma və ideyaların yaradılmasının vacibliyini vurğuladı. Sammitin tribunasından böhran içərisində olan milyonlarla insanın problemlərinin həllində bütün dövlətlərin və cəmiyyətlərin həmrəy olmağa çağırılması hamı tərəfindən dəstəkləndi. “Biz insanlara yaşamaq və şərəflə həyat sürmək imkanını verməliyik”, – deyən Pan Gi Mun əmin olduğunu bildirdi ki, dünya liderləri bu prosesə güclü dəstək verəcək.
Dünya liderlərinin əksəriyyətinin uzun illər yaddan çıxara bilməyəcəyi arqument və bəyanatlarla çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünyada ehtiyac içində yaşayan milyonlarla insanın problemlərinin həlli baxımından bu sammitin mühüm imkan olduğunu dilə gətirdi. Türk lider qeyd etdi ki, müharibələr, təbii fəlakətlər, iqlim dəyişiklikləri bütün bəşəriyyətin təhlükəsizliyini və gələcəyini ciddi şəkildə təhdid edir. Humanitar problemlərin həllində Türkiyənin fəal rol oynadığını qeyd edən Prezident xatırlatdı ki, onun ölkəsi bu gün dünyanın 140-dan çox ölkəsində humanitar yardım və sosial inkişaf sahəsində müxtəlif layihələr reallaşdırır. Türkiyənin dövlət başçısı qətiyyətlə söylədi ki, hazırda qüvvədə olan qlobal humanitar yardım sistemi dünyadakı problemlərin həlli baxımından səmərəsizdir. Çünki, bu sistemin yükünü sadəcə bəzi ölkələr öz çiynində daşıyır. Odur ki, bütün dünya ölkələri bu məsuliyyəti bərabər şəkildə bölüşməli, liderlər və beynəlxalq ictimaiyyətin nüfuzlu şəxsləri səylərini birləşdirməlidirlər. Bununla yanaşı, Rəcəb Tayyib Ərdoğan sülhyaratma, qlobal sülhə nail olma və digər məsələlərdə Türkiyənin bundan sonra da eyni əzmlə çalışacağını bildirdi və dünya liderlərinin dəstəyini qazandı.
Azərbaycan Prezidenti İlham Əliyev sammitin plenar iclasındakı çıxışı sammitin gündəliyindəki məsələlərlə yanaşı, bugünkü Azərbaycan reallıqlarını da əks etdirirdi: “Biz azərbaycanlılar qaçqınlığın və məcburi köçkünlüyün nə demək olduğunu çox yaxşı bilirik. Artıq 20 ildən çoxdur ki, bir milyondan artıq azərbaycanlı Ermənistanın hərbi təcavüzü və işğalından əziyyət çəkir. Bu təcavüz nəticəsində bizim beynəlxalq səviyyədə tanınmış ərazilərimizin 20 faizi işğal altındadır. Bir milyondan artıq azərbaycanlı qaçqına və məcburi köçkünə çevrilib”.
Ermənistan -Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsas səbəbkarı olan İrəvan rəhbərlərinin azərbaycanlılara qarşı apardığı düşmənçiliyin cəmi bir faktını yada salan Prezident xatırlatdı ki, 1992-ci ilin fevralında törədilmiş Xocalı faciəsi 10-dan artıq ölkə tərəfindən soyqırımı kimi tanınıb. Prezident növbəti dəfə dünya ictimaiyyətinin nümayəndələrinə, bilavasitə hamının başa düşdüyü dildə, yəni ingiliscə çatdırdı ki, Xocalı soyqırımı nəticəsində 613 mülki şəxs qəddarcasına qətlə yetirilib. Onların arasında 106 qadın, 63 uşaq, 70 yaşlı insan olub. Mindən artıq adam itkin düşüb. Ermənistan Azərbaycana qarşı təcavüzkar siyasətini davam etdirir.
Erməni vandallarının son əməlləri barədə danışan dövlət başçımız BMT Baş katibinin də iştirak etdiyi tədbirin tribunasından dedi ki, Ermənistan rəhbərliyi indi artıq əsgərlərə, hərbi obyektlərə deyil, mülki insanlara və sosial obyektlərə atəş açırlar. Özü də ağır və kimyəvi silahlardan: “2016-cı ilin aprelində Ermənistan dinc Azərbaycan vətəndaşlarına qarşı yeni hücum həyata keçirdi. Bu hücum nəticəsində bizim əsgər və zabitlərimiz, o cümlədən 6 mülki şəxs qətlə yetirilib, 30-dan artıq mülki şəxs yaralanıb. Bizim kəndlərimizin atəşə tutulması nəticəsində 500-dən artıq evə ziyan dəyib, 100-dən çox ev tamamilə dağıdılıb və yandırılıb. Ermənistan ordusu mülki şəxslərə qarşı qadağan olunmuş kimyəvi silahdan, xüsusilə ağ fosfor bombalarından istifadə edib”.
Prezident İlham Əliyev BMT missiyası altında, dünyanın ən mötəbər beynəlxalq təşkilatının tam heyətli rəhbərliyinin iştirakı ilə keçirilən tədbirdə bilavasitə bu nüfuzlu qurumun qətnamələrinin icrasız qalmasına etiraz edərkən öz xalqının hüquqlarını və rəhbərlik etdiyi dövlətin ərazi bütövlüyünün bərpasını əsas götürürdü: “Ermənistan BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə məhəl qoymur. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətrafındakı 7 rayonu işğal olunub. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün, hətta bir neçə saat ərzində icra edilir. Bizə gəldikdə isə onlar 20 ildən çoxdur kağız üzərində qalır. Bu, Azərbaycana qarşı ikili standartlar siyasətidir. Ermənistan bu qətnamələrə əməl etməli və ya bu ölkəyə qarşı sanksiya tətbiq olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir”.
Əlbəttə, bütün bunlar Azərbaycanın məcburən sürükləndiyi münaqişənin, Ermənistanın işğalçılıq siyasətinin mahiyyətini dünya ictimaiyyətinə bir daha çatdırmaq məqsədi daşıyırdı. Ancaq Prezident İlham Əliyev həmişə olduğu kimi, bu sammitdə də təkcə Azərbaycanın deyil, bütövlükdə regionun probleminə çevrilmiş məsələlərdən də danışdı: “Bütün region üçün başqa bir təhlükə mənbəyi Ermənistandakı istismar müddəti başa çatmış Metsamor Atom Elektrik Stansiyasıdır. Ermənistanın radioaktiv tullantılardan qanunsuz istifadə etməsinə dair məlumatlar var. Sabiq baş nazir, parlament üzvü və digər Ermənistan rəsmiləri bu ilin aprelində Ermənistanın “çirkli bomba” adlandırılan nüvə silahına malik olduğunu bəyan ediblər. Bu bəyanat müvafiq beynəlxalq təşkilatlar tərəfindən ciddi şəkildə araşdırılmalıdır. Ermənistanın nüvə təhdidi və şantajına son qoyulmalıdır. Azərbaycan səbəbkarı Ermənistan olan humanitar fəlakətin fəsadlarının öhdəsindən gəlmək üçün əlindən gələni edir”.
Kütləvi informasiya vasitələri yazırlar ki, Türkiyə Respublikasının və BMT-nin təşkilatçılığı ilə ilk dəfə keçirilən sammit dünyada baş verən humanitar problemlərin həlli baxımından beynəlxalq ictimaiyyətə mühüm çağırışdır. Sammitdə BMT-nin üzvü olan ölkələrdən 60-dək dövlət və hökumət başçısı, böhranlardan əziyyət çəkən ölkələrin rəsmiləri, beynəlxalq təşkilatların, QHT-nin və özəl sektorun təmsilçiləri olmaqla, ümumilikdə, 5 mindən çox nümayəndə iştirak edirdi. Sammitin tribunasından səsləndirildi ki, hazırda dünyada 130 milyondan çox insanın humanitar yardıma və sosial müdafiəyə ehtiyacı var. Bu isə humanitar yardım üçün xərclərin məbləğini xeyli dərəcədə artırıb. BMT-nin məqsədi bu problemlərin aradan qaldırılması üçün nəzərdə tutulan vəsaitin həcmini 21 milyard dollara çatdırmaqdır.
Xatırladaq ki, BMT-nin Dünya Humanitar Sammitində iştirak etmək üçün İstanbula səfər edən Azərbaycan Prezidenti İlham Əliyev mayın 23-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb. Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin siyasi, iqtisadi və bütün digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilən görüşdə mütəmadi xarakter daşıyan yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin ikitərəfli əlaqələrimizin daha da möhkəmləndirilməsi baxımından önəmi qeyd olunub. İstanbulda keçirilən Dünya Humanitar Sammitinin beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə töhfə verdiyi bildirilib. Əlbəttə, söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər müzakirə edilib və ikitərəfli münasibətlərimizin gələcək inkişafına dair fikir mübadiləsi də aparılıb.
Bir sözlə, Azərbaycan dövləti artıq öz problemlərini istənilən tribunadan, istənilən şəkildə səsləndirmək iqtidarındadır. Çünki bu dövlətə xalqın arzu və istəklərindən çıxış etməyi bacaran Prezident İlham Əliyev rəhbərlik edir.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.