Hər il ölkəmizdə bayram və əlamətdar günlər ərəfəsində əfv sərəncamlarının imzalanması ənənə halını alıb. Bu, ənənə demokratik dəyər və təsisatların bərqərar olduğu müasir Azərbaycanda daxili siyasət kursunun mühüm istiqamətlərindən birinin demokratik təsisatların təkmilləşdirilməsinin, insan hüquqlarının müdafiə edilməsinin nəticəsidir. Bu il də Azərbaycan parlamenti Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 28 May – Respublika Günü münasibətilə amnistiya aktı barədə qərar qəbul etmişdir.
Heydər Əliyev Fondu öz fəaliyyəti dövründə ümummilli lider Heydər Əliyevin zəngin mənəvi irsini, mərhəmətlik və insanpərvərlik ənənələrini yeni nəsillərə aşılamağı prioritet vəzifə kimi qarşıya qoymuşdur. Fond özünün 12 illik fəaliyyəti ilə həm ölkəmizdə, həm də xaricdə böyük nüfuz və inam qazanmışdır. İnsan hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlər də təsdiqləyir ki, Heydər Əliyev Fondu insanpərvərlik və humanizm ideyalarını rəhbər tutur, qayğı və yardıma ehtiyacı olan insanlara daim kömək etməyə çalışır. Məhz buna görə də Heydər Əliyev Fonduna üz tutan insanlar buraya ümid yeri kimi baxırlar.
Ən çətin məqamlarda Heydər Əliyev Fonduna müraciət edən insanların ümidləri puç olmamış, onların istəkləri yerinə yetirilmişdir. Hətta azadlıqdan məhrum olmuş minlərlə həmvətənimizin ən böyük ümidi olan azadlığa çıxmaq, ailələrinə qovuşmaq və normal həyat tərzini qurmaq istiqamətində də Heydər Əliyev Fondunun və fondun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti böyük ehtiramla qarşılanmışdır.
28 May – Respublika Günü münasibətilə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın qanunvericilik təşəbbüsü ilə çıxış edərək, Amnistiya haqqında qərar layihəsini Milli Məclisə təqdim etməsi təkcə humanizm yolunda atılmış müsbət addım kimi deyil, həm də Azərbaycan tarixinə, insan hüquq və azadlıqlarının qorunmasına göstərdiyi yüksək ehtiramın, diqqət və qayğının göstəricisidir. Heydər Əliyev Fondunun yarandığı vaxtdan bu günə qədər humanizm prinsiplərinin qorunması istiqamətində mühüm addımlar atması beynəlxalq aləmdə də yüksək dəyərləndirilir. Bu fond məhkum edilmiş şəxslər və onların ailə üzvlərinin çoxsaylı müraciətləri ilə əlaqədar aparılan təhlillər, cinayətlərin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və digər zəruri hallar nəzərə alınmaqla, həmin şəxslərə münasibətdə humanizm və mərhəmət prinsiplərinin nümayiş etdirilməsi, xeyirxahlıq və mərhəmətlik missiyası ilə xalqın inam və etibarını qazanıb. Bunu insanların Mehriban xanım Əliyevaya ünvanladıqları çoxsaylı müraciətlər də təsdiqləyir.
Heydər Əliyev Fondu yarandığı vaxtdan bu günə qədər 3 amnistiya aktının qəbul edilməsinin təşəbbüskarı olub. Milli Məclisin 2007-ci il 8 may tarixli qərarı ilə 9877 məhkuma, 2009-cu ildə 17 mart tarixli qərarla 9564 məhkuma, 2013-cü il 7 may tarixli qərarla 10 040 məhkuma şamil edilən amnistiya tətbiq edilib.
Fondun prezidenti Mehriban Əliyeva demişdir ki, Heydər Əliyev ideallarını yaşadan humanizm, mərhəmətlik və insanpərvərlik ənənələrini davam etdirən, insan hüquqlarının və azadlıqlarının təmin edilməsinə xüsusi diqqət yetirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı siyasəti rəhbər tutaraq və amnistiyanın tərbiyəvi əhəmiyyətinə inanaraq, onların islah olunacaqlarına ümid edərək, 28 May – Respublika Günü münasibətilə amnistiyanın elan edilməsini təklif edirəm.
Onu da qeyd edək ki, bu, Heydər Əliyev Fondunun təşəbbüsü ilə elan olunan sayca 4-cü amnistiyadır. Bu gün azadlıqdan məhrum edilmiş minlərlə həmvətənimizin ən böyük ümidi azadlığa çıxmaq, ailələrinə qovuşmaq və normal həyat tərzini qurmaqdır. Fond 10 min nəfəri bu istəyinə qovuşdurmaq istiqamətində daha bir humanist addım atdı.
Müstəqil Azərbaycan dövlətçiliyi tarixində humanizm prinsiplərinin tətbiqinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Əvvəllər unudulmuş əfvetmə institutu 1995-ci ildə bərpa edilmişdir. Bu dəfə tamamilə fərqli şəkildə. Həmin vaxt xidmət etdiyi hərbi hissələri özbaşına tərk etmiş, fərariliyə görə məhkum olunmuş təxminən 1000-ə yaxın hərbçi əfv edilmişdir. Əfv olunan hərbiçilərin fərariliyinin əsasında o dövrdə ordudakı hərc-mərclik, dövlət idarəçiliyindəki naşılıq, ölkədə baş alıb gedən anarxiya – xaos dururdu. Həmin dövrdə amnistiya ilə bağlı xüsusi bir qanunvericilik olmasa da, Heydər Əliyevin Milli Məclisə təqdim etdiyi amnistiya qərarları elə hazırlanmışdı ki, xüsusi ictimai təhlükə kəsb etməyən məhkumlar azadlığa buraxılırdılar.
1995-2003-cü illərdə ümummilli lider Heydər Əliyevin imzaladığı 32 əfv fərmanı ilə üç mindən artıq məhkum azadlığa buraxılmış, həmçinin ulu öndərin təşəbbüsü ilə Milli Məclisin bu dövrdə qəbul etdiyi yeddi “Amnistiya haqqında” qərarı 60 mindən artıq məhkuma şamil edilmişdir. Ümummilli liderin müstəqil Azərbaycana rəhbərlik etdiyi vaxtdan indiyədək ölkəmizdə 61 əfv fərmanı, 10 amnistiya aktı qəbul edilib. Bu, hər şeydən əvvəl, Azərbaycan dövlətinin humanizm prinsiplərinə sadiqliyinin mahiyyətini göstərir.
Heydər Əliyev siyasi xəttinə bütün fəaliyyəti ilə öz sədaqətini nümayiş etdirən Azərbaycan Prezidenti İlham Əliyev də humanizm prinsiplərinə sadiq qaldığını bir-birinin ardınca imzaladığı əfv və amnistiya barədə sərəncamları ilə təsdiqləyir. Bir faktı qeyd edək ki, dövlət başçısının insan hüquq və azadlıqlarının qorunmasını həyata keçirdiyi strategiyanın prioriteti hesab etməsinin nəticəsi olaraq, son 11 ildə 36 minə yaxın məhkum azadlığa buraxılıb.
Azərbaycan demokratik dəyərlərin bərqərar olduğu müasir hüquqi dövlətdir. Demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, dünya birliyinə fəal inteqrasiya müstəqil Azərbaycanın həyata keçirdiyi prioritet vəzifələrdəndir. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən məqsədyönlü və planlı şəkildə həyata keçirilən demokratikləşmə prosesi sosial, hüquqi, siyasi, iqtisadi sahələrlə yanaşı, cəmiyyət həyatının bütün sferalarını əhatə edir. Son 20 ildə 10 amnistiya aktı və 61 əfv sərəncamına uyğun olaraq, 33 min 592 nəfər məhkumun cəzaçəkmə müəssisələrindən azadlığa buraxılması əsası ulu öndər tərəfindən qoyulmuş humanizm prinsiplərinə sadiqliyin bariz nümunəsidir.
İnsan hüquq və azadlıqlarının qorunması ölkəmizdə həyata keçirilən siyasi kursun prioritetini təşkil edir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlanılan insan hüquq və azadlıqlarının qorunması istiqamətində bir-birindən əhəmiyyətli tədbirlərin həyata keçirilməsi ölkəmizin demokratik proseslərin inkişafına xüsusi önəm verdiyini təsdiqləyir. Dövlətimizin başçısının siyasi-strateji kursunun fonunda insan və vətəndaş hüquq və azadlıqlarının təminatının daha da gücləndirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, ictimai-siyasi təsisatların fəaliyyət mexanizminin artırılmasına yardım edən hüquqi islahatların həyata keçirilməsi əsas vəzifələrdən biridir.
Prezident İlham Əliyevin sərəncamı ilə 2006-cı ildə qəbul edilmiş “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət etmişdir. Dövlətimizin başçısının humanizm prinsiplərinin müdafiəsi istiqamətində atdığı daha bir qətiyyətli addım Azərbaycanın demokratiya və insan hüquqları, sosial tərəqqi kimi ümumbəşəri dəyərlərə sadiqliyinin və hüquqi dövlət quruculuğu yolunda inamla irəliləməsinin bariz nümunəsidir. Ölkə rəhbəri bu sərəncamı imzalamaqla bir daha təsdiqlədi ki, dövlətimiz insanların layiqli həyat şəraitinin, rifah səviyyəsinin, cəmiyyətdə özlərini təsdiqetmə imkanlarının artırılması üçün ciddi səylər göstərir və bunu prioritet vəzifə hesab edir.
Ölkə rəhbəri İlham Əliyev əsas insan hüquq və azadlıqlarının qorunmasını daim diqqətdə saxlayaraq, bu istiqamətdə zəruri sərəncamlar imzalamışdır. Dövlət başçısının 18 iyun 2007-ci il tarixli sərəncamına əsasən, hər il iyunun 18-i “Azərbaycanda İnsan Hüquqları Günü” elan edilib. Sərəncamda ulu öndərin 1998-ci il iyunun 18-də Azərbaycanda ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nı təsdiq etdiyi xatırladılır və bildirilir ki, Heydər Əliyev insan hüquqlarının təmin olunmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edib.
Bütün bunlar və Heydər Əliyev Fondunun təşəbbüsü ilə 28 May – Respublika Günü münasibətilə amnistiya aktının qəbul edilməsi ölkəmizdə insan hüquqlarının etibarlı təminatına və demokratikləşməyə xidmət edən strateji siyasi kursun layiqincə davam etdirildiyinin göstəricisidir. Dünyanın insan hüquqları sahəsində ixtisaslaşmış nüfuzlu təşkilatları, ekspert və analitikləri də bu faktları yüksək qiymətləndirir, Prezident İlham Əliyevin insanpərvər və humanist dövlət rəhbəri olduğunu xüsusi olaraq vurğulayırlar. Ardıcıl imzalanan əfv sərəncamları, qəbul olunan amnistiya aktları Azərbaycanın demokratik imicini daha da möhkəmləndirir, dövlətimizin insan hüquqları üzrə ixtisaslaşmış mötəbər beynəlxalq təşkilatlarla, o cümlədən ATƏT, Avropa Şurası və digər nüfuzlu qurumlarla münasibətlərinin intensivləşdirilməsindən xəbər verir. Bu istiqamətdə atılan addımlar Azərbaycanın demokratik və hüquqi dövlət quruculuğu sahəsində uğurlarını şərtləndirən mühüm amillər kimi qiymətləndirilir və ölkəmizdə əsas insan hüquq və azdlıqlarının qorunması nümunə kimi göstərilir.
28 May – Respublika Günü münasibətilə qəbul olunan amnistiya aktı 10 min nəfəri sevindirəcək. Bu mərhəmət aktı sayəsində 3500 nəfər azadlığa qovuşacaq. Əfv olunanların doğmaları, yaxınları, azadlığa qovuşanların özləri, habelə, hüquq müdafiəçiləri və beynəlxalq təşkilatların nümayəndələri tərəfindən respublikamızın rəhbərinin humanizm prinsiplərinə sadiqliyi, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Milli Məclisdə qəbul olunan amnistiya aktı Azərbaycan cəmiyyəti tərəfindən yüksək əhval-ruhiyyə ilə qarşılanıb.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.