Prezident İlham ƏLİYEV: Bütün münaqişələr ölkələrin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

Biz məsələnin sülh yolu ilə, siyasi yollarla öz həllini tapmasını istədiyimizi dəfələrlə bəyan etmişik. İstəyimiz odur ki, məsələ həllini tapsın. Bu gün də biz bəyan edirik ki, danışıqlar prosesinə sadiqik. Ümid edirik ki, bu danışıqlar məsələnin həllinə gətirib çıxaracaq. Məsələnin həlli çox sadədir – erməni silahlı birləşmələri işğal edilmiş torpaqlardan çıxmalıdır, Azərbaycan vətəndaşları öz doğma torpaqlarına qayıtmalıdırlar, ondan sonra regionda sülh və təhlükəsizlik yarana bilər. O ki qaldı xalqların öz müqəddəratını təyin etməsi prinsipinə, bu prinsip ölkələrin ərazi bütövlüyünü pozmamalıdır və Helsinki Yekun Aktında məhz bu ifadələr öz əksini tapır. Bütün münaqişələr ölkələrin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 


 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın xarici siyasətinin prioritet vəzifəsidir. Ölkəmizin siyasi, iqtisadi və digər sahələrdəki qüdrəti artdıqca, Milli Ordumuz daha da gücləndikcə bu münaqişənin həlli bir qədər də yaxınlaşır. Azərbaycanın dünya birliyindəki reytinqinin getdikcə artması bir daha təsdiqləyir ki, artıq beynəlxalq birlik də Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında dövlətimizin başçısının mövqeyini dəstəkləyir. Təbii ki, bütün bunlar uğurlu xarici siyasətin məntiqli yekunudur.

Azərbaycan Prezidenti İlham Əliyevin təkcə bu ilin birinci rübündə xarici ölkələrə həm rəsmi, həm də işgüzar səfərləri zamanı apardığı danışıqlara diqqət yetirsək, bir daha aydın olar ki, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında  həlli qarşıya qoyulan əsas vəzifə olub. Respublikamızın rəhbərinin Davos İqtisadi Forumunda, Münxen Təhlükəsizlik Konfransında, Londonda Suriyaya dəstək konfransında iştirakı zamanı həmçinin Birləşmiş Ərəb Əmirliklərinə, İran İslam Respublikasına, Türkiyəyə, Amerika Birləşmiş Ştatlarına səfərləri zamanı Ermənistanın işğalçılıq siyasəti kəskin pislənilmiş, təcavüzkar ölkənin beynəlxalq hüququn normalarına hörmətsizliyi diqqətə çatdırılmış və ölkəmizin hələ də münaqişənin danışıqlar yolu ilə aradan qaldırılması mövqeyində qaldığı bir daha bəyan edilmişdir.

Göründüyü kimi, dövlət başçısının qısa müddət ərzində xarici ölkələrə səfərlərinin  coğrafiyası çox genişdir. Bu, onu göstərir ki, Azərbaycan fəal və çoxşaxəli xarici siyasət aparır, inkişaf etmiş dövlətlərlə əlaqələrini genişləndirir və münasibətlərini qarşılıqlı hörmət və maraqlar üzərində qurur. Bütün bunlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanın mövqeyini dəstəkləyən dövlətlərin sayının artmasında böyük rol oynayır. Hazırda bütün həmsədr ölkələrin – ABŞ, Rusiya və Fransanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi də uğurlu xarici siyasətin nəticəsidir. Ümumiyyətlə, dünyada Ermənistandan başqa elə bir ölkə yoxdur ki, bizim ərazi bütövlüyümüzü dəstəkləməsin. Dövlətimizin başçısı da dəfələrlə bəyan edib ki, “Azərbaycan öz torpaqlarını müdafiə edir, bizim başqa dövlətin torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verəsi deyilik. Heç vaxt imkan verməyəcəyik ki, Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın”.

Bütün bunlardan sonra, qeyd edək ki, bir neçə gün əvvəl Vyanada ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini təmsil edən ABŞ-ın dövlət katibi Con Kerri, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və Fransa Respublikasının Avropa məsələləri üzrə dövlət katibi Harlem Desirin

də iştirak etdiyi Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında keçirilmiş görüş böyük maraq doğururdu. İki ölkə prezidenti arasında keçirilən sayca 20-ci görüşün yekunlarının ümidverici olacağı bir çox siyasi ekspertlərdə, eləcə də xalqımızda əminlik yaratmışdı. Əlbəttə, bu da səbəbsiz deyildi. Məlum olduğu kimi, bu il aprelin əvvəlində tarixə “4 günlük müharibə” kimi düşmüş hadisədən sonra Ermənistan tərəfi hələ də özünə gələ bilməyib və bəzi məqamları etiraf etməyə başlayıb. Artıq işğalçı ölkənin Müdafiə Nazirliyi də dilə gələrək, Azərbaycan Ordusu qarşısında davam gətirə bilmədiklərini etiraf edib. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovannisyan “Ani” Ermənişünaslıq Mərkəzinə aprel müharibəsi zamanı erməni ordusunun Dağlıq Qarabağda verdiyi  canlı itkilər, işğal etdikləri Azərbaycan ərazilərini əldən vermələri barədə yana-yana  məlumat vermişdir. Bildirmişdir ki, Lələtəpə yüksəkliyi ərazisində erməni tərəfi 7, şimal istiqamətində isə 14 hərbi mövqe  itirib. O, yerli kütləvi informasiya vasitələrinə bu səviyyəli mövqe dəyişiklikləri barədə şərh verməməyi  tövsiyə etmişdir. Onun fikrincə, belə faktlar erməni ordusunu ruhdan salar. Görünür, düşmən ölkənin məsul qurumunun mətbuat katibi unudur ki, artıq Ermənistan prezidenti də “dördgünlük müharibə”də işğal etdikləri Azərbaycan ərazilərinin 800 hektarını əldən verdikləri barədə məlumat yayıb. Əslində, bu itkilər daha çoxdur. Bu barədə elə ermənilərin özləri məlumat yayıblar.

Aprel ayında “dördgünlük müharibə” zamanı erməni tərəfinin verdiyi itkilər barədə “Armenia Today” qəzeti  “Xüsusi Şuşa batalyonunun xilaskar döyüşçüləri İttifaqı” təşkilatının sədri Jirayr Sefilyanın bəyanatını yayıb. Onun sözlərinə görə, təmas xəttinin yalnız şimal-şərq hissəsində itkilər 7 milyon kvadratmetr təşkil edib və bu müddət ərzində itirilmiş mövqelərin dərhal qaytarılmasına dair çağırışlar olsa da, Serj Sarkisyan hakimiyyəti onlara qulaq asmayıb. Çünki Ermənistan prezidenti dərk edib ki, Azərbaycan Ordusunun qarşısında davam gətirmək qeyri-mümkündür. Ona görə də təcili olaraq müharibə dayandırılmasa, vəziyyət bundan da pis olacaq. 

Erməni döyüşçüsü bildirib ki, Sarkisyan rejimi bütün çağırışların cavabında, guya bu mövqelərin strateji əhəmiyyətinin olmadığını və söhbətin cəmi 100-200 metr ərazidən getdiyini qeyd edib. “Bu, həqiqət deyil, belə ki, faktiki itki daha çoxdur”, – deyən Sefilyan əlavə edib ki, hakimiyyət xalqa həqiqəti deməlidir: “Yaxın günlərdə bizə böyük zərbə vurulacaq, 2-5 aprel hadisələri yalnız başlanğıc idi”. 

Bu məlumatların cəbhədə olan erməni döyüşçülərdən gəlməsi, sözsüz ki, Vyana görüşü ərəfəsində Ermənistan prezidenti üçün ciddi bir mesaj idi. Ona görə də həmişə danışıqlarda qeyri-konstruktivlik nümayiş etdirən, beynəlxalq hüquq normalarına açıq şəkildə hörmətsizlik edən Serj Sarkisyan Vyana görüşünə sülh tərəfdarı kimi, münaqişənin nizamalanmasında danışıqlar yolunun sərfəli olması təklifi ilə yollandı. Bəs görəsən işğalçı dövlətin başçısı niyə bu vaxta qədər qeyri-konstuktivlik nümayiş etdirirmiş? Yəqin gözləyirmiş ki, Azərbaycan Ordusu Sarkisyanın rəhbərlik etdiyi erməni silahlı qüvvələrinə ciddi qulaqburması versin və ondan sonra ibrət dərsi götürsünlər.

Bütün hallarda Vyana görüşü bizə lazım idi. Hər şeydən əvvəl ona görə ki, bu görüş cəbhə bölgəsində aprel uğurumuzdan sonra prezidentlərin vasitəçilərin iştirakı ilə ilk görüşü idi. Artıq bütün dünyaya da bəlli oldu ki, Azərbaycanın işğal altında olan ərazilərini azad etmək üçün güclü, qüdrətli ordusu var. Əgər bu ordu cəmi dörd gün ərzində erməni hərbçilərinin də etiraf etdikləri kimi,  7 milyon kvadratmetr ərazini işğaldan azad edə bildisə, deməli, qısa vaxt ərzində bütün ərazilərimizdən düşməni qovub çıxaracaq. Əgər düşmən müqavimət göstərərsə, onları daha ağır itkilər gözləyir. Dünyaya o da bəlli oldu ki, Azərbaycan heç bir nəticəsi olmayan danışıqlardan və ATƏT-in Minsk qrupunun söz yığınağından ibarət olan əhəmiyyətsiz bəyanatlarından bezib və işğal altındakı torpaqları azad etmək əzmindədir. Əlbəttə, Vyana görüşü  bu əhval-ruhiyyənin daşıyıcısına çevrilməli idi. Bunu Ermənistan prezidenti də yaxşı dərk edir. Bütün dünyanın Dağlıq Qarabağda hazırkı status-kvonun qəbuledilməz olması barədə səsləndirdikləri fikirlərin qarşısında Ermənistan prezidentinin ərköyünlük etməsi, işğalçı ordunun cəbhəboyu ərazilərdə təxribatlar törətməsi, mülki əhaliyə ağır artilleriya silahlarından atəş açması, yaşayış evlərini dağıtması dünya birliyinə meydan oxumaq idi. Lakin düşmən layiqli cavab aldıqdan sonra Ermənistan tərəfi sanki yalvara-yalvara sülh tərəfdarı olduğunu bəyan edir. Hətta Ermənistan prezidenti öz hədəflərini də açıq şəkildə bəyan edib: “Bizim hədəfimiz odur ki, həmsədrlər əmin olsunlar – biz nə status-kvonu saxlamaq istəyirik, nə əbədi müharibə”.

Serj Sarkisyanın şəxsən status-kvonu saxlamaq istəməməsini bəyan etməsi artıq bir çox mətləblərdən xəbər verir. Görünür, bundan sonra keçirilən görüşlər imitasiya xarakteri daşımayacaq. Bundan sonrakı danışıqlarda münaqişənin ATƏT-in Minsk qrupu həmsədrlərinin  təklifləri əsasında nizamlanması istiqamətində aradan qaldırılacağına ümid yaranır. Bunu ATƏT-in Vyana görüşündən sonra Minsk qrupu həmsədrlərinin qəbul etdiyi bəyanat da təsdiqləyir. Həmsədrlərin bəyanatından çox Rusiyanın xarici işlər naziri Sergey Lavrovun açıqlamasında diqqəti çəkən bir cümlə də buna əsas verir. Xatırlayırsınızsa, S. Lavrov demişdir: “Çox güman ki, tərəflər arasında vəziyyətin kifayət qədər gərgin olduğunu nəzərə alaraq, münaqişənin nizamlanmasını mərhələli şəkildə həll etmək lazım olacaq”.

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan da  yerli İctimai televiziyanın sualını cavablandırarkən iki ölkə prezidentləri arasında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqların mahiyyətini şərh edib. O deyib ki,  tərəflərin müzakirə etdikləri işçi sənədlər əvvəllər müzakirə edilmiş olanlardır. Tərəqqiyə nail olunmamış sənədlər ATƏT-in Vyanadakı ofisinə saxlanmaq üçün verilir: “Hələ ki saxlanmaq üçün verilməmiş sənəd Kazan sənədidir. Bütün digər şərhlər yersizdir”.

Həmin sənədə əsasən, əvvəlcə tənzimlənmənin əsas prinsipləri imzalanmalı, daha sonra isə Rusiya, ABŞ və Fransanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan sülh sazişi üzərində işə başlamalıdırlar. Bundan sonra Yerevan Dağlıq Qarabağ ətrafındakı rayonlardan işğalçı qoşunlarını çıxarmalıdır. Bu ərazilərə Füzuli, Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər rayonları və Laçının 13 kəndi daxildir. Həmin ərazilərdə təhlükəsizliyin qorunması beynəlxalq sülhməramlı qüvvələrə həvalə olunur. Laçın rayonunda Ermənistanla Qarabağı birləşdirilən dəhliz yaradılır.

Dağlıq Qarabağın hüquqi statusu isə bir neçə ildən sonra referendum yolu ilə müəyyənləşdirilməlidir, bir şərtlə ki, köçkünlər öz yurdlarına qayıtsınlar. Bu sənəddə əsas müddəa isə Bakı və Yerevanın mübahisələrin həlli üçün güc tətbiqindən hüquqi öhdəlik şəklində imtina etmələridir.

Vyana görüşü Azərbaycan üçün müsbət cəhətinə görə yadda qalacaq. Artıq Ermənistan prezidenti bu görüşdən sonra, nəhayət, dərk edib ki, hərbi yolla Azərbaycan Ordusunun qarşısına çıxa bilməyəcək və erməni jurnalistlərinə də verdiyi müsahibəsində “Müharibə həll yolu deyil”, – deyərək bunu təsdiqləyib. O, sanki “dördgünlük müharibədən” qorxuya düşmüş xalqını sakitləşdirmək üçün deyib: “Azərbaycan Prezidenti əmin etdi ki, o, problemin hərb yolu ilə həllini qarşıya məqsəd qoymayıb”.

Görünür, Ermənistan prezidenti hələ də dərk etmirmiş ki, Azərbaycan Prezidenti Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüququn normaları əsasında həll olunması ilə əlaqədar öz mövqeyini dəfələrlə səsləndirib və dünya birliyi də bunu dəstəklədiyini bildirib.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında