Dünyanın ən təhlükəli atom-elektrik stansiyası Qafqazdadır

“Metsamor” AES hər an partlaya biləcək nüvə çəlləyidir

Xalqımız iyirmi beş ildir ki, təcavüzkar Ermənistanın işğalçılıq siyasətinin acı nəticələrini yaşayır. Bu illər ərzində dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmaları haqqında çoxlu sayda  qətnamə və qərarlar qəbul etsələr də, bu günə kimi heç bir təsirli tədbir görülməyib. Beynəlxalq hüququn nörmalarına hörmətsizliyinə dünya birliyi tərəfindən biganəlik işğalçı dövləti daha da həyasızlaşdırıb. Artıq işğalçı Ermənistan Azərbaycanı nüvə silahı ilə təhdidə başlayıb. Ermənilərin bu təhdidi vaxtilə faşistlərin  Böyük Vətən müharibəsinin sonunda dünyanı nüvə silahı ilə  hədələməsini xatırladır. Məğlubiyyətlərini hiss edən faşistlər iddia edirdilər ki, onlar müharibədə bu “sehrli silah”la qalib gələcəklər. İndi Ermənistanın da nüvə silahı ilə təhdidi buna bənzəyir.

Ermənistan rəhbərliyi artıq hiss edir ki, işğalçılıq siyasətinə son qoymağın vaxtı çatıb. Çünki beynəlxalq birlik də təcavüzkar Ermənistanın beynəlxalq hüquq normalarına zidd hərəkətlərini— terrorizm aktlarını, atəşkəsi pozmasını və qonşu dövlətin ərazisini işğal etməsi faktını ört-basdır edə bilmir. Digər tətəfdən, Azərbaycan Milli Ordusunun bu ilin aprel ayının əvvəllərində işğalçı dövlətin silahlı qüvvələrinə ciddi müqavimət göstərməsi, dörd gün ərzində Ermənistan ordusunu darmadağın etməsi, onları 24 il işğal etdikləri Azərbaycan ərazilərinin bir hissəsindən qovub çıxarması Serj Sarkisyan və onun kriminal hakimiyyəti üçün ciddi dərs oldu. Əlləri və ümidləri hər yerdən üzülən Ermənistan rəhbərliyi indi  nüvə silahı ilə təhdidə əl atıb. Özləri də yaxşı bilirlər ki, bu,  beynəlxalq konvensiyaların əksinə getməkdir.

Əslində, Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindəki vəhşilikləri faşistlərdən də qat-qat artıq olub. Azyaşlı uşaqların ata-anasının gözləri qarşısında süngüyə keçirilməsi, hamilə qadınlara qarşı ağlasığmaz vəhşiliklər, tarixi mədəni abidələri, qəbiristanlıqları viranə qoymaları, meyitləri təhqir etmələri insanlığa yaraşmayan hərəkətlərdir. İndi isə nüvə silahına əl atmaq istəmələri  erməni xislətinin, qəddarlığının bariz nümunəsidir.

Artıq beynəlxalq təşkilatlara da bəllidir ki, bu gün  Azərbaycan nüvə terrorizmi və radiasiya riski ilə üz-üzədir. Ermənistanın işğal altında olan Azərbaycan torpaqlarında nüvə tullantılarını basdırması, istifadə müddəti başa çatmış “Metsamor” AES-in radiasiya tullantılarının Araz çayı vasitəsilə Xəzər dənizinə axıdılması  faktları da bunu təsdiqləyir. Bundan əlavə, Ermənistan hərbçiləri tərəfindən işğal altında olan Azərbaycan ərazilərinin qadağan olunan nüvə məhsullarının tranzit daşınmasına çevrilməsi də  ciddi təhlükə yaradır.

Dünya birliyinin beynəlxalq terrorizmlə mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində səylərini artırdığı bir vaxtda, Ermənistanın bəşəriyyət üçün bir nömrəli problemə çevrilən nüvə silahı ilə “oynaması”, Azərbaycan və Türkiyəyə qarşı radiaktiv tərkibli silahdan istifadə etmək təhdidi  beynəlxalq  ictimaiyyəti daha ciddi düşündürməlidir. Çünki bu gün Ermənistandakı “Metsamor” AES dünyanın ən riskli, ən təhlükəli atom-elektrik stansiyası hesab edilir.

Mütəxəssilərin fikrincə, “Metsamor”  AES-də hər hansı bir partlayış baş verərsə, bütün Cənubi Qafqaz, Türkiyə və İranın şimalı, Rusiyanın cənubu istənilən an radioaktiv buludların dövr vurduğu, nüvə hissəciklərinin yayıldığı və bütün canlıların məhv ola biləcəyi məkana çevrilə bilər. Bunu Ermənistan rəsmiləri də bilir. Mənəvi və texniki baxımdan köhnəlib sıradan çıxmış  avadanlıqların  istismar müddəti çoxdan başa çatıb. Bunu nəzərə alan Qərb AES-in fəaliyyətinin dayandırılmasın tələb etsə də, Ermənistan tərəfi buna məhəl qoymayıb.

Ekspertlər hesab edirlər ki, AES-də təhlükəsizlik tədbirləri çox aşağı səviyyədədir. Xatırladaq ki, 1982-ci il oktyabrın 15-də AES-də baş vermiş yanğın yalnız 7 saatdan sonra ciddi səylər göstərildikdən sonra söndürülmüşdür. Həmin vaxtdan indiyə qədər təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə əlaqədar hər hansı bir tədbir görülməmiş və atom-elektrik stansiyasının  müasir təhlükəsizlik avadanlıqları ilə təchiz edilməsi istiqamətində heç bir addım atılmamışdır.  Ona görə də bu gün “Metsamor”  AES təkcə Cənubi Qafqaz üçün yox, bütövlükdə dünya üçün qorxu mənbəyidir.

 Digər təhlükəli cəhət isə, Ermənistan silahlı qüvvələrinin  işğal altında saxladığı Azərbaycan torpaqlarında terrorçu təşkilatlara təlim düşərgəsinin yaradılmasıdır.  Terrorçuluğun yuvası olan, terror təşkilatlaını bütün vasitələrlə dəstəkləyən və onlarla sıx  əməkdaşlıq edən Ermənistan  tərəfi “Metsamor” AES-in imkanlarından istifadə edərək qonşu dövlətləri daim qorxu altında saxlayacaq və yeri gəldikdə isə bundan istifadə edəcəkdir. Bu da kütləvi insan qırğını ilə nəticələnə bilər. Erməni tərəfi isə bunun fərqinə varmır. Çünki erməni vəhşiliyi, erməni qəddarlığı artıq bütün dünyaya bəllidir. Ermənistanın indiki  prezidenti Serj Sarkisyanın rəhbərliyi və təşkilatçılığı ilə həyata keçirilən təkcə  Xocalı soyqırımı bu millətin nə qədər amansız və qəddar olduğunu təsdiqləyir.

“Metsamor” AES Azərbaycan və Gürcüstan sərhədlərinin 120, İran sərhədinin 60, Türkiyə sərhədinin  isə 16 kilometrliyində yerləşir. Təbii ki, bu stansiyanın acı fəsadları həmin ölkələrdə də özünü göstərəcək. Ermənilərin  uran alveri ilə məşğul olmalarını nəzərə alsaq, “Metsamor” Atom Elektrik Stansiyasının ciddi təhlükə mənbəyi olduğu özünü bir daha təsdiqləyir. Ermənilər bütün dünyada, xüsusən də Gürcüstan ərazisindən istifadə etməklə cürbəcür nüvə tullantılarının və maddələrinin qaçaqmalçılığı ilə məşğul olurlar. 1999-cu ildən başlayaraq, bu vaxta qədər  bununla əlaqədar 12 fakt  qeydə alınıb. Ermənistan vətəndaşları Gürcüstan, Ukrayna və digər ölkələrin ərazilərində radioaktiv maddələrin qanunsuz ticarəti ilə məşğul olublar.

Ermənilər bu alverlərini, əsasən, Gürcüstan sərhədindən keçməklə reallaşdırırlar. Çünki bu əraziləri Ermənistan sərhədçiləri qoruyurlar. Ona görə də həmin ərazilərdən sərbəst keçə bilirlər. Ermənilərin həmin sərhədi asanlıqla keçmələrinin əsas səbəblərindən biri də nüvə maddələri qaçaqmalçılığı ilə məşğul olanlara Ermənistan prezidenti Serj Sarkisyanın qardaşı Saşik Sarkisyanın rəhbərlik etməsidir. Ona görə də qaçaqmalçılar Gürcüstanla sərhədi keçərkən  ciddi maneə ilə qarşılaşmırlar.

“Metsamor” AES təhlükə mənbəyi  kimi artıq Gürcüstanda da ciddi narahatlıq yaradıb. Bu barədə kütləvi informasiya vasitələrinə açıqlama verən Gürcüstanın Terror və Siyasi Araşdırmalar Mərkəzinin direktoru, Tbilisi Dövlət Universitetinin müəllimi, politoloq Badri Natçkebiala da həyəcan təbili çalıb və beynəlxalq qurumları atom-elektrik stansiyasının fəaliyyətinin dayandırılmasında hərəkətə keçməyə çağırıb. Politoloq qeyd edib ki, yaxın vaxtlarda  Gürcüstanda “Uran-238” elementini satmaq istəyərkən hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən tutulan altı nəfərdən üçü Ermənistan vətəndaşı olub. Onlardan biri  Ermənistandakı “Metsamor” AES-in işçisi, digəri isə uzun illər Ermənistan xüsusi xidmət orqanlarında çalışıb. Politoloq bildirib ki, Ermənistandakı “Metsamor” AES isə əsl uran mənbəyidir. Nə Azərbaycanda, nə də Gürcüstanda bu qəbildən olan maddələr yoxdur. Politoloq “Metsamor” AES-in bağlanması ilə bağlı Azərbaycan tərəfinin başladığı petisiyanın  çox düzgün addım olduğunu bildirib və Gürcüstan vətəndaşlarını da bu mübarizəyə fəal qoşulmağa çağırıb.

Beynəlxalq qurumların, o cümlədən “MAQATE” Beynəlxalq Atom  Təşkilatının “Metsamor” AES-in böyük təhlükə mənbəyi olduğunu bildikləri halda, Ermənistanın  bu ərköyünlüyünə  hələ də biganə qalmaları təəccüb doğurur.  Axı, bu  AES-in bağlanılması barədə beynəlxalq təşkilatlar qarşısında dəfələrlə məsələ qaldırılıb. Niyə bəs bu təşkilat  İrana qarşı dərhal  sanksiyalar tətbiq etdi, ancaq  Ermənistana qarşı ciddi tədbirlər görmür? Bu gün Ermənistanın Azərbaycanı nüvə silahı ilə təhdid etməsi, həm də dünyaya meydan oxumasıdır.

Təbii ki, “Metsamor” AES  Ermənistana enerji təhlükəsizliyi baxımından deyil, sırf siyasi məqsədlər üçün lazımdır. Məlumdur ki, bu gün Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayır. Milli Ordumuz  həmin ərazilərin azad edilməsinə qadir olduğunu bu il aprelin əvvəlində təsdiqlədi. Bundan bərk qorxuya düşmüş ermənilər indi nüvə təhdidinə əl atıblar. Ancaq bu, vəziyyətdən çıxış yolu deyil. Çünki nüvə silahı təkcə region üçün deyil, bütövlükdə dünya üçün təhlükədir. Ona görə də dünya birliyi, nəhayət ki, Ermənistanın bu ərköyünlüyünün qarşısını almaq üçün ciddi tədbirlərə əl atmalıdır.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında