Ümummilli lider Heydər Əliyevin müdrik rəhbərliyi, həyata keçirdiyi düşünülmüş, məqsədyönlü tədbirlər hesabına 1969–1982-ci illər Azərbaycanın intibah dövrü kimi tarixə çevrilib.
Bu dövrdə həyata keçirilən tədbirlər məhz ümummilli liderin adı və fəaliyyəti ilə bağlıdır. Ulu öndər son dərəcə təcrübəli dövlət başçısı və yetkin siyasi xadim kimi bir sıra çətin və mürəkkəb vəzifələrin öhdəsindən müvəffəqiyyətlə gəlmək bacarığı nümayiş etdirib. Həmin dövrdə Azərbaycanda bütün sahələrdə ölkəmizin milli mənafelərinin qorunmasına yönəlmiş bir sıra mühüm addımlar atılıb və bu nailiyyətlər o vaxt hakimiyyətdə olan ümummilli liderin rəhbərliyi və prinsipiallığı nəticəsində mümkün olub.
Sovet dövründə ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi zamanda Qarabağa çox böyük diqqət və qayğı göstərib, eləcə də erməni iddiaları hər zaman iflasa uğrayıb. Bu dövrdə erməni millətçiləri imkan düşdükcə Azərbaycan torpaqlarına olan əsassız iddialar irəli sürürdülər. Ancaq Heydər Əliyev Dağlıq Qarabağın tarixini, coğrafiyasını, iqtisadiyyatını, orada yaşayanların düşüncələrini gözəl bilirdi. Hələ onun Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri olarkən erməni millətçilərinin əsassız ərazi iddialarının qarşısı qətiyyətlə alınmışdı.
Heydər Əliyev hələ Azərbaycan rəhbəri seçilməzdən əvvəl ilk dəfə Şuşada 1967-ci ildə olmuşdu. O vaxt Dağlıq Qarabağda olan millətçilər 3 nəfər azərbaycanlını vəhşicəsinə öldürmüşdülər. Həmin məsələni dərindən araşdırmaq üçün Heydər Əliyev 15 gün Dağlıq Qarabağda olmuş, eləcə də Şuşaya getmişdi. Şuşada olarkən 1905-1907-ci, 1918-1920-ci illərdə ermənilərin təcavüzü nəticəsində dağıdılmış və yandırılmış evlərin hələ də bərpa edilmədiyini görmüşdü. O, Şuşa şəhərinin Azərbaycan xalqının böyük bir tarixi abidəsi, incisi kimi bərpa etdirilməsinin zəruriliyi qənaətinə gəlmiş və Bakıya qayıtdıqdan sonra şəhərin belə vəziyyətdə saxlanılmasının mümkünsüzlüyü barədə mülahizələrini Azərbaycan rəhbərlərinə söyləmişdi.
1969-cu ildə Azərbaycana rəhbər seçiləndən sonra ulu öndər Şuşanı abadlaşdırmaq, şəhərin başına gətirilən müsibətlərin izlərini ləğv etmək, dağıdılmış, yandırılmış evləri bərpa etmək, eyni zamanda, tarixi abidələri qoruyub saxlamaq və böyük bir muzeyə çevirmək üçün əhəmiyyətli işlər görmüşdür. 1970-ci illərdə ermənilər Dağlıq Qarabağ məsələsini yenidən ortaya atsalar da, onların bu istəklərinin qarşısı qətiyyətlə alınmışdı. Bu dövrdə Heydər Əliyevin fəaliyyətinin mühüm əhəmiyyət daşıyan istiqamətlərindən biri də Dağlıq Qarabağda milli ruhun oyadılması olmuşdur. Ümummilli lider bu istiqamətdə sistemli və məqsədyönlü şəkildə fəaliyyət göstərirdi. Hər şeydən əvvəl, Qarabağ tarixini, mədəniyyətini, incəsənətini, iqtisadi inkişafını mükəmməl bilən ulu öndər bu məsələyə çox həssaslıqla yanaşırdı. Azərbaycanın qədim mədəniyyət mərkəzi kimi Şuşa şəhərinin tarixi keçmişini yaxşı bilən Heydər Əliyev şəhərə çox böyük qayğı göstərərək onun inkişafına çalışırdı. Eyni zamanda, ümummilli lider Şuşaya adi bir şəhər deyil, zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi baxırdı.
1970-ci illərin ikinci yarısında Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşa şəhərinin inkişaf etdirilməsi məqsədilə bir neçə xüsusi qərar qəbul edilmişdi. Qərarlara uyğun olaraq şəhərin keçmişdə tikilmiş binaları, tarixi abidələri bərpa edilmiş, yeni çoxmərtəbəli yaşayış binaları, böyük mehmanxana kompleksləri, ayrı-ayrı inzibati binalar inşa edilmişdi. Eyni zamanda, Şuşanın statusu qaldırılaraq Ümumittifaq səviyyəli kurort şəhərinə çevrildi. Heç şübhəsiz ki, həmin qərarların yerinə yetirilməsinin çox böyük tarixi əhəmiyyəti var idi. Şəhərdə azərbaycanlılar üçün əlavə iş yerləri açılmış, həyat səviyyəsi yaxşılaşmışdı. Eyni zamanda, ölkənin müxtəlif yerlərindən Şuşaya istirahətə gələnlər Azərbaycanın tarixi, mədəniyyəti və incəsənəti ilə yaxından tanış olurdular. Qeyd etmək lazımdır ki, 1920-ci ildən 1970-ci ilə qədər Şuşada heç vaxt belə genişmiqyaslı tikinti işləri aparılmamışdı. Şəhərdəki “Qala divarları”nın və “Gəncə qapısı”nın bərpasına təkcə 1975-ci ildə 25 min manat (rubl) vəsait xərclənmişdi. Azərbaycanın mədəniyyət, incəsənət və elm xadimlərinin, o cümlədən XIX əsrin görkəmli ədibi Qasım bəy Zakirin məzarı qaydaya salınmışdı.
Ümummilli lider Qarabağın dağlıq və aran hissələrinin təsərrüfat, iqtisadi cəhətdən daha sıx birləşdirilməsinə çalışırdı. Bu, səbəbsiz deyildi. Erməni millətçiləri Dağlıq Qarabağın Azərbaycanın digər rayonları ilə guya iqtisadi və təsərrüfat əlaqələrinin olmadığını, əhalinin ümumi sayında ermənilərin çoxluğunu əsas gətirərək vilayətin Ermənistana birləşdirilməsini tələb edirdilər. Onların bu niyyətlərinin qarşısını almaqda, Yuxarı Qarabağın Aran Qarabağla və digər rayonlarla əlaqəsini daha da sıxlaşdırmaq, strateji əhəmiyyətli kommunikasiyaların sayını artırmaq böyük rol oynaya bilərdi.
1979-cu il yanvarın 12-də “Ağdam–Xankəndi” dəmir yolu ümummilli liderin özünün iştirakı ilə istifadəyə verildi. Dəmir yolu xəttinin işə düşməsi ilə muxtar vilayətin respublikanın digər rayonları ilə iqtisadi cəhətdən daha sıx əlaqəsi yaradıldı. Bu, Heydər Əliyevin Qarabağın dağlıq və aran hissələrinin, Azərbaycanın digər rayonlarının təsərrüfat və iqtisadi cəhətdən daha çox birləşdirilməsi baxımından strateji addımı və böyük tarixi xidməti idi. Dəmir yolu xəttinin açıldığı gün Şuşaya gedən ümummilli lider şəhərdə Azərbaycan xalqının tarixi abidələrinin qorunmasına diqqət və qayğı göstərilməsi barədə xüsusi göstəriş verdi. Ulu öndər, eyni zamanda, Şuşada aparılan tikinti-quruculuq işləri ilə də yaxından maraqlanmış, Azərbaycan poeziyasının klassikləri Molla Pənah Vaqifin və Xurşidbanu Natəvanın yaşayıb yaratdığı yerlərlə tanış olmuşdu. Şuşa rayonunun rəhbərləri ilə keçirdiyi görüşdə ümummilli lider tövsiyə edərək demişdi: “Şuşa abidələr şəhəridir. Diyarın zəngin tarixi ilə bağlı olan hər şeyi qorumaq, qədim tikintiləri bərpa etmək lazımdır”. Heydər Əliyevin bilavasitə səyləri nəticəsində, az sonra Şuşa şəhərini tarix-memarlıq qoruğu elan edən qərar qəbul olundu.
Həmin illərdə Heydər Əliyevin Dağlıq Qarabağa göstərdiyi diqqət və qayğı daha da artmış və quruculuq işləri geniş vüsət almışdı. Belə ki, görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin məzarı üstündə 1980-1981-ci illərdə abidə, məqbərə tikilmiş və 1982-ci il yanvarın 14-də yağan güclü qarın altında, soyuqda ümummilli lider Şuşada şairin məqbərəsini böyük təntənə ilə açmışdı. Onun M.P.Vaqifə bu münasibəti bir tərəfdən milli ədəbiyyata sevgisindən irəli gəlirdisə, digər tərəfdən diyarın tarixini, əhalisinin etnik mənsubiyyətini bir daha göstərməklə bağlı idi. Əslində bu məqbərə, eyni zamanda, gözəl memarlıq abidəsi idi. Heydər Əliyev abidənin tikintisini böyük, əlamətdar hadisə hesab edirdi. Ona görə də açılışa gedərkən yanında elm, mədəniyyət və incəsənət adamlarının böyük bir qrupunu da aparmışdı. Bu addımı ilə ümummilli lider ziyalıları Dağlıq Qarabağa xüsusi diqqət yetirməyə istiqamətləndirir, vilayətə tez-tez səfərə gəlmələrini tövsiyə edirdi.
Ümummilli liderin M.P.Vaqifin məqbərəsinin açılışında söylədiyi nitq onun Dağlıq Qarabağa qayğısının göstəricisi idi. Bununla yanaşı, səfər zamanı Heydər Əliyev Şuşada Poeziya evini açaraq Vaqif poeziya günlərində iştirak etdi. Bununla yanaşı, ulu öndər
Üzeyir bəy Hacıbəyovun və Bülbülün Şuşadakı ev-muzeylərindəki eksponatlarla tanış olmuş və onların qorunmasına dair tövsiyələrini vermişdi. Bu tarixi səfər zamanı Şuşadakı abidələrin bərpa işləri ilə maraqlanan Heydər Əliyev müvafıq göstərişlər verərək işlərin davam etdirilməsinə dair bir sıra təkliflərini də söyləmişdi. Ümummilli liderin, eyni zamanda, Şuşa məscidinə getməsi bir tərəfdən onun dini dəyərlərə olan ehtiramının və dərin bağlılığının göstəricisi idisə, digər tərəfdən azərbaycanlı əhalinin milli və dini dəyərlərə sahib çıxmalarının vacibliyinə olan işarə idi.
Ulu öndər erməni millətçilərinin ona müxtəlif böhtanlar atdığı bir zamanda məscidə getməklə yerli əhaliyə dini inanclarını qorumağı da tövsiyə etmişdi. Ümummilli liderin həmin gün Şuşada şəhər ictimaiyyəti ilə keçirilən görüşləri hər bir şuşalının yaddaşında unudulmaz iz qoymuşdu və bu gün də xatirələrdə yaşayır.
Bununla yanaşı, o dövrdə Heydər Əliyevin göstərişi ilə Dağlıq Qarabağda, xüsusilə Şuşada yaşamış digər elm və mədəniyyət xadimlərinin də xatirəsi əbədiləşdirildi. 1982-ci il avqustun 2-də Şuşada şairə Xurşidbanu Natəvana abidə qoyuldu. Nəticədə məhz ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi illərdə Şuşa şəhərinin və Dağlıq Qarabağın azərbaycanlılar yaşayan digər məntəqələrinin siması əsaslı şəkildə dəyişdi, yeni iş yerləri açıldı, yerli əhalinin milli ruhu daha da yüksəldi. Bundan əlavə, Heydər Əliyevin göstərişi ilə Xankəndidə Pedaqoji İnstitutun açılması və orada Azərbaycan bölməsinin yaradılması azərbaycanlı ziyalıların daimi iş yeri ilə təmin olunması, Qarabağda yeni elmi-mədəni mühitin formalaşmasına, yerli əhalinin ali təhsil almasına və doğma yerlərə daha sıx bağlanmasına əlverişli şərait yaratmışdı.
Ümummilli lider təkcə Yuxarı Qarabağın deyil, bütövlükdə Qarabağın inkişafına diqqət yetirir, bununla da əhalinin həyat səviyyəsini yaxşılaşdırır və özünə inamını gücləndirirdi. Azərbaycan KP MK-nın 1974-cü il avqustun 6-da keçirilən büro iclasında Laçın şəhərinin 50 illiyinin qeyd edilməsi qərara alınmış, 1979-cu il dekabrın 5-də keçirilmiş büro iclasında isə Laçında tarix-diyarşünaslıq muzeyinin yaradılması barədə qərar qəbul edilmişdi. Heydər Əliyevin Dağlıq Qarabağda həyata keçirdiyi genişmiqyaslı quruculuq işləri zamanı orada yaşayan azərbaycanlıların sayının artırılması başlıca yerlərdən birini tuturdu. Tarixi şəxsiyyət ermənilərin əsassız iddialarını rədd edərək Dağlıq Qarabağın milli diyara çevrilməsi üçün qətiyyətli addımlar atmış və bu da vilayətdə demoqrafiya baxımından azərbaycanlıların inkişafına səbəb olmuşdur.
1987-ci il oktyabrın 21-də Heydər Əliyev Sov.İKP MK-nın plenumunda vəzifəsindən istefa verdikdən bir neçə gün sonra M.Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri A.Aqanbekyan Parisdəki “Interkontinental” hotelində verdiyi müsahibəsində DQMV-nin Ermənistana birləşdirilməsinin iqtisadi cəhətdən daha sərfəli olmasını və bu məsələ üzərində xüsusi komissiyanın işlədiyini bəyan edərək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ideyasını irəli sürdü. 1988-ci ildə Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürdü və ölkəmizə qarşı hərbi təcavüzə başladı. Sonrakı illərdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətrafdakı 7 rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi.
1993-cü ilin ikinci yarısından, ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizin beynəlxalq aləmdəki nüfuzu xeyli artdı. İctimai həyatın hərtərəfli demokratikləşdirilməsi sahəsində inamlı addımlar atıldı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə nizama salınması ümummilli lider Heydər Əliyevin xarici siyasət fəaliyyətində mühüm yer tutmuşdur. Eyni zamanda, 1993-cü ildən başlayaraq doğma yurdlarından didərgin salınmış bir milyonadək qaçqın və məcburi köçkünün bütün qayğıları və problemləri Azərbaycan dövlətinin gündəlik fəaliyyətinə çevrilmişdir.
Heydər Əliyev 1996-cı il mayın 6-da Şuşa və Laçın rayonlarının ictimaiyyəti ilə görüşdə Şuşanın, ümumiyyətlə, Qarabağın Azərbaycan üçün müstəsna əhəmiyyətli olduğunu bildirərək demişdir: “...Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir. Bu şəhərdə, onun ətrafında Azərbaycan xalqının bir neçə əsrlik tarixə malik böyük mədəniyyəti, mədəni irsi, qəhrəmanlıq nümunələri yaranıbdır. Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”.
Çox təəssüf ki, bir vaxtlar “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan, bir sıra görkəmli xadimlərin Vətəni, eləcə də Azərbaycanın tarixi mədəniyyət mərkəzi və Qarabağın tacı olan Şuşa şəhəri bu gün Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Şuşanın abidələr şəhəri olduğunu söyləyən ümummilli lider Heydər Əliyev onun Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirərək bildirmişdir ki, “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur”.
Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Ermənistan-Azərbaycan, Daglıq Qarabag münaqişəsinin nizama salınmasına xüsusi diqqət yetirən dövlət başçısı İlham Əliyev bu məsələdə yalnız respublikamızın milli və dövlətçilik maraqlarını daim üstün tutduğunu nümayiş etdirmişdir. Prezident İlham Əliyev bu gün danışıqlar masası üzərində bütün işğal edilmiş Azərbaycan torpaqlarının qaytarılması və məcburi köçkünlərin öz doğma ev-eşiklərinə qayıdışı məsələlərinin mövcudluğunu bildirmişdir. Dövlət başçımızın dəfələrlə “Azərbaycan ərazi bütövlüyü danışıqların mövzusu deyil, olmayıbdır və olmayacaqdır”—fikrini irəli sürməsi ölkəmizin milli mənafelərinin qorunması şərtilə münaqişənin ədalətli şəkildə həll olunacağına olan ümidləri daha da artırıb. Bununla yanaşı, Ermənistanın danışıqlar prosesini süni şəkildə uzatdığını və bu taktikanın heç bir perspektivinin olmadığını söyləyən Azərbaycan Prezidenti İlham Əliyev nə bu gün, nə on il, nə də yüz il sonra Dağlıq Qarabağın müstəqil olmayacağını vurğulayıb. Prezident İlham Əliyev bəyan edib ki, “Dağlıq Qarabağın azərbaycanlı əhalisi oraya, o cümlədən Şuşaya qayıtdıqdan sonra status məsələsi müzakirə oluna bilər. Heç şübhəsiz ki, bütün bunlar Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır”.
Elçin ƏHMƏDOV,
“Azərbaycan Respublikası Dağlıq
Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”
İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri,
Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri,
siyasi elmlər doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.