Bütün dünya ictimaiyyəti Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıyır və Azərbaycanın ərazi bütövlüyü bu məsələnin həllində əsas rol oynayacaqdır. Bu münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkələrin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Ölkələrin ərazi bütövlüyü ölkələrin razılığı olmadan dəyişdirilə bilməz. Bu, beynəlxalq hüququn əsas baza prinsipləridir və Helsinki Yekun Aktında məhz bu prinsiplər əsas götürülmüşdür.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bu gün dünyada, eləcə də bizim regionda gedən ictimai-siyasi proseslər hadisələrin axarını müsbət məcraya yönəltməkdədir. Bundan başqa, Azərbaycan dövlətinin yeritdiyi xarici siyasət, dövlət başçımızın ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində nümayiş etdirdiyi qətiyyət, xüsusən, aprel ayının əvvəlində Ermənistanın təmas xəttində törətdiyi təxribatların qarşısının alınması zamanı Azərbaycan Silahlı Qüvvələrinin nümayiş etdirdiyi operativlik və çevik reaksiya da Qafqazda marağı olan siyasi dairələri kifayət qədər silkələyib. Siyasi analitiklər yazırlar ki, Serj Sarkisyan və onun ətrafındakılar təmas xəttindəki təxribatlardan əlavə dövlət sərhədlərimiz boyu – Tovuz, Qazax və Şahbuzda atəşkəsi pozmaqla rəsmi Bakını Dağlıq Qarabağ və işğal edilmiş ətraf rayonlarda deyil, bilavasitə Ermənistan dövlətinin ərazisində müharibəyə cəlb etmək istəyirdilər. Məqsəd Azərbaycanın beynəlxalq aləmdəki nüfuzuna xələl gətirmək idi. İstənilən məsələyə səbr və təmkinlə münasibət bildirən Azərbaycan rəhbərliyi nəinki Ermənistanın həmin məkrinin baş tutmasına imkan vermədi, əksinə, danışıqlar prosesindən imtina edən Sarkisyanın həmin stola qaytarılmasına nail oldu.
ATƏT-in Minsk qrupunun üzvü olan vasitəçi ölkələrin rəsmiləri münaqişənin həlli üçün aparılan danışıqlarda iştirakdan imtina etdiyini söyləyən Ermənistan prezidentinə nə dedilər və nələri xatırlatdılarsa, o, dediyi sözün üstündə cəmi bir həftə dayana bildi və etiraf etdi ki, bu danışıqlar hamıdan çox elə Ermənistana lazımdır. Belə bir təmas Ağ ev Administrasiyasının təşəbbüsü ilə mayın 16-da Vyanada keçirildi. Həmin görüş haqqında yayılan rəsmi informasiyada deyilir ki, Vyanada Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin, Ermənistan Respublikasının prezidenti Serj Sarkisyanın, ABŞ-ın dövlət katibi Con Kerrinin, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun, Fransa Respublikasının Avropa məsələləri üzrə dövlət katibi Harlem Desirin, ATƏT-in Minsk qrupunun həmsədrlərinin, ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspişikin iştirakı ilə görüş keçirilib.
Ertəsi gün isə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini təmsil edən ABŞ-ın dövlət katibi Con Kerri, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və Fransa Respublikasının Avropa məsələləri üzrə dövlət katibi Harlem Desir Vyanada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında keçirilmiş görüşün yekunlarına dair birgə bəyanat yaydılar. Sənəddə qeyd edilir ki, prezidentlər atəşkəsə əməl edilməsinə və münaqişənin sülh yolu ilə həllinin nizamlanmasına sadiq olduqlarını vurğulayıblar. Gələcəkdə güc tətbiqi riskini azaltmaq üçün tərəflər arasında qısa zamanda ATƏT-in araşdırıcı mexanizmi üzərində işin başa çatdırılması, eyni zamanda, ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin mövcud ofisinin səlahiyyətlərinin genişləndirilməsi barədə razılıq əldə edilib. Əsas məqamlardan biri də odur ki, bəyanatda Beynəlxalq Qızıl Xaç Komitəsinin himayəsi altında itkin düşmüş şəxslər haqqında məlumatların mübadiləsinin davam etdirilməsi və münaqişənin hərtərəfli həlli üçün növbəti danışıqların iyun ayında keçirilməsinə dair razılıq əldə olunması qeyd edilib. Eləcə də bildirilir ki, prezidentlər gələn ay keçiriləcək danışıqların yerini və vaxtını təyin edəcəklər.
Yuxarıda qeyd etdiyimiz kimi, artıq elə bir zaman yaranıb ki, Qafqazda marağı olan dövlətlər və siyasi dairələr Dağlıq Qarabağ münaqişəsinin mümkün qədər tez həll edilməsinə çalışırlar. Müşahidə edilən məqamlardan da görünür ki, daha heç kəs Ermənistanın nazı ilə oynamaq niyyətində deyil. Elə vasitəçi dövlətlərin təmsilçilərinin son zamanlar nümayiş etdirdikləri fəallıq da belə deməyə əsas verir.
Kütləvi informasiya vasitələri yazırlar ki, mayın 16-da Vyanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşü olub. Görüşdə ABŞ-ın dövlət katibi Con Kerri ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin son dövrlər cəbhə xəttində baş verən hadisələrdən narahatlığını ifadə edib. Bu səbəbdən də həmsədr dövlətlərin Amerika Birləşmiş Ştatlarının təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentləri arasında görüşün keçirilməsi qənaətinə gəldiklərini vurğulayan Con Kerri bu görüşdə bir sıra məsələlərlə bağlı müəyyən razılığın əldə olunmasının vacibliyinə toxunub.
Minsk qrupunun digər həmsədr ölkələrinin təmsilçiləri kimi, ABŞ-ın dövlət katibi də tərəflərin danışıqlar masası arxasına qayıtmalarını, qarşılıqlı etimad tədbirlərinin və anlaşmanın gücləndirilməsini istədiklərini bildirib. Təbii ki, Azərbaycan dövləti danışıqlar prosesinə həmişə sədaqətli olub və münaqişənin sülh yolu ilə həllinə üstünlük verən yeganə tərəf kimi hamının etimadını qazanıb. Elə Vyanada da dövlətimizin başçısı bu məsələlər ətrafında danışıqların davam etdirilməsinə hazır olduğunu vurğulayıb.
Azərbaycan Prezidenti İlham Əliyevin Avstriya paytaxtına işgüzar səfəri çərçivəsində keçirdiyi digər görüşdə də müzakirə edilən əsas məsələlərdən biri məhz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasından yaranan narahatlıqlar idi. Belə ki, mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini ilə görüşü olub. Kütləvi informasiya vasitələri xəbər verirlər ki, görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələrinin hazırkı vəziyyətindən məmnunluq ifadə olunub, eləcə də Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerininin Azərbaycana səfərinin yüksək səviyyədə keçdiyi qeyd edilib və səfərin yaxşı nəticələrinin olduğu bildirilib. Azərbaycan Prezidenti və Avropa İttifaqının ali nümayəndəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. Bu görüşdə də qarşılıqlı anlaşma və etimad tədbirləri nəticəsində atəşkəs rejiminə riayət olunmasının vacibliyi vurğulanıb, bu il aprelin əvvəlində qoşunların təmas xəttində baş vermiş hadisələr müzakirə edilib.
Xatırladaq ki, Azərbaycan Prezidenti istənilən xarici səfərində və ya ölkəmizdə keçirilən beynəlxalq tədbirdə Dağlıq Qarabağ münaqişəsi barədə danışarkən 50 milyonluq bir xalqın liderindən gözlənilən qətiyyəti nümayiş etdirir. Məsələn, ötən il fevral ayının 7-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən “Ukraynadan əlavə - Avropada həll olunmamış münaqişələr’’ mövzulu panel müzakirəsində çıxış edən Azərbaycan Prezidenti demişdi: ”Əgər Ermənistan-Azərbaycan münaqişəsi vaxtında və ədalətlə həll olunsaydı, Ukrayna da bu hadisələrlə qarşılaşmazdı, çünki bu hadisələr bir-birinin güzgüdəki əksi kimidir. Eyni zamanda, keçmiş Sovet məkanındakı digər münaqişələrdən fərqli olaraq, Ermənistan-Azərbaycan münaqişəsi barədə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi mövcuddur. Əlbəttə ki, onların yerinə yetirilməməsi öz qərarlarına qarşı hörmətsizlikdən xəbər verir".
Görünür, beynəlxalq təşkilatlar və dünyanın aparıcı dövlətləri artıq öz qərar və qətnamələrinə hörmətlə yanaşmağın vacibliyini qəbul edirlər. Əlbəttə, onlar öz qərarlarına hörmətlə yanaşacaqlar. Bəs Ermənistan necə, beynəlxalq ictimaiyyətin rəyi ilə razılaşacaqmı? Ermənistan rəhbərliyinin aprel ayında törətdiyi təxribatlardan sonra Serj Sarkisyanın Vyanaya çağırılaraq danışıqlar stoluna otuzdurulması sübut edir ki, artıq rəsmi Yerevan beynəlxalq ictimaiyyətin rəyi ilə razılaşmağa məcbur ediləcək. Çünki bu münaqişənin həll edilməmiş qalması indi artıq heç kimə sərf etmir.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.