Siyasi jurnalistika və multikultural dəyərlər

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 10 yanvar 2016-cı il tarixli iclasında 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etdi. Bu, təsadüfi deyildir. Hazırda bütün dünyada, o cümlədən demokratiyanın beşiyi olan Qərbdə multikultural dəyərlərə ağır zərbə vurulduğu bir şəraitdə Azərbaycanda bu dəyərlər yaşayır, inkişaf edir, dövlət və cəmiyyət tərəfindən dəstəklənir. Bu gün Azərbaycanın multikulturalizm modeli bütün dünyada nümunə hesab olunur.

Multikultural dəyərlər ölkəmizdə milli KİV-lərin, xüsusən siyasi jurnalistikanın inkişafına ciddi təsir göstərir Azərbaycan mətbuatında multikulturalizm modeli yaradır.

Multikulturalizm - mədəni müxtəlifliyin qorunub saxlanması siyasəti, demokratik dövlətin vahid dövlət və cəmiyyətdə müxtəlif mədəniyyətlərin qarşılıqlı əlaqəsinə, dinc yanaşı yaşamasına, tolerantlığa yönəlmiş konsepsiyasıdır. Azərbaycanda multikultural ənənələrin minillik tarixi vardır. XIX əsrdə çarizmin köçürmə siyasəti nəticəsində Azərbaycan müxtəlif xalqların, mədəniyyətlərin, dinlərin məskəninə çevrildi. Bu gün də ölkəmizdə multikultural dəyərlər cəmiyyətimizin həyatının ayrılmaz tərkib hissəsini təşkil edir. Ölkədə müxtəlif xalqların, mədəniyyətlərin və dinlərin sərbəst fəaliyyəti üçün tam şərait yaranmışdır. Azərbaycan cəmiyyətindəki unikal dözümlülük, tolerantlıq, mədəniyyətlərarası dialoq mühiti multikulturalizmin inkişaf modeli kimi dünyanın diqqətini cəlb edir. Azərbaycanın multikulturalizm modelinin humanizm, tolerantlıq prinsiplərinə əsaslanması birmənalı olaraq qəbul edilir.

Kütləvi İnformasiya Vasitələri, o cümlədən siyasi jurnalistika cəmiyyətdə mədəni çoxtərkiblilik mühiti formalaşdıran fenomendir. KİV sahəsində multikultural problemləri tədqiq edən E.Şoxat və R.Stema göstərirlər ki, multikulturalizm Avropa mədəniyyətini inkar etmir, lakin dünyanı Qərbə və qeyri-Qərbə bölən, Avropa dəyərlərinə birtərəfli üstünlük verən avrosentrizmə qarşı çıxır.

Azərbaycanda siyasi jurnalistika müxtəlif mədəniyyətlərə, sivilizasiyalara dözümlü münasibət bəsləyən multikultural dəyərlər təbliğ edir. Tolerant cəmiyyətdə multikulturalizm mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə, müxtəlif xalqları birləşdirən dəyərlər mədəniyyətinin formalaşmasına səbəb olur.

Azərbaycanda iqtidaryönlü mətbuatı və ictimai-siyasi jurnalistikanı təmsil edən “İki sahil”, “Xalq qəzeti”, “Səs”, “Yeni Azərbaycan”, eləcə də “525-ci qəzet”, “Olaylar” və digər qəzetlər multikulturalizmə, multikultural dəyərləri, Avropada multikulturalizmin böhranı və Azərbaycanda multikulturalizm modelini hərtərəfli işıqlandırırlar. Həmin KİV-də dərc olunan məqalələrdən aydın olur ki, multikulturalizmin əsasında müxtəlif millətlərin birgəyaşayışı, bütün vətəndaşların hüquqlarına, qanuna, mədəni, dini, etnik özünəməxsusluğa, bütün dillərə hörmət ideyası durur.

Mənbələrin birində siyasi jurnalistikamızda Avropada multikulturalizmin böhranının səbəbi belə açıqlanır: “Ümumiyyətlə, “Ümumavropa evi” konsepsiyasının mənəvi əsaslarını təşkil edən multikulturalizm ideyasından rəsmi şəkildə imtina edilməsi mahiyyət etibarilə Avropanın immiqrasiya siyasətində fikirlərin toqquşması hallarının artmasına gətirib çıxardı. Multikulturalizmin paradiqmasına uyğun olaraq, mədəni müxtəliflikləri dərk etmək ədalətin əsas şərtidir. Multikulturalizmin təzadı isə nəzəri postulatlarla onların realizasiyasının praktik gerçəklikləri arasındakı uyğunsuzluq nəticəsində yaranır. Multiliulturalizm cəmiyyətin etnomədəni, dini və s. təməllərə söykənən sosial strukturların qarşılıqlı əlaqəsi üzərində qurulmasını nəzərdə tutur. Multikulturalizmin alternativi assimilyasiyadır, etnik-milli xüsusiyyətlərdən könüllü, çox vaxt isə məcburi imtina və süni qəbul edən cəmiyyətin xüsusiyyətlərini mənimsəməkdir".

Artıq qəbul edilib ki, Avropada ənənəvi demokratik dəyərlərin böhranı onun multikultural dəyərlərdən imtina etməsi nəticəsində baş verir.

Azərbaycan alimi Ərəstu Həbibbəylinin Newtimes.az- da çap olunan “Qərb multikulturalizmi böhrandan sonra: yeni çağırışlar və dilemmalar” məqaləsində Avropada multikultural dəyərlərin böhranından və ondan çıxış yollarından, Azərbaycanda multikulturalizmin vəziyyətindən, inkişafından bəhs edilir. Bəşəriyyətin xilas yolu eyni bir məkanda müxtəlif sivilizasiya və mədəniyyət daşıyıcılarının yanaşı yaşamasının qəbul edilməsində, onların həyat tərzlərinin qarşılıqlı zənginləşməsində görülür. Dəyərlərin standartlaşmasına yönəlmiş ideologiya yalnız böhran keçirmir, həm də yaşamaq hüququnu itirir, fikri vurğulanır.

Əslində, Avropa düzgün multikultural siyasət yürütmür və kosmopolit dəyərləri milli-mənəvi xüsuliyyətləri nəzərə almadan stimullaşdırır.

Tarixi təcrübədən irəli gələrək bu gün Azərbaycanda multikulturalizm həyat tərzidir. “Şərq və Qərb, Şimal və Cənubun qovşağında yerləşən Azərbaycanda müxtəlif sivilizasiya və mədəniyyətlər multikulturalizmin əsasını təşkil edir. Çoxmillətli vahid cəmiyyət Azərbaycanda multikulturalizmin uğurlu modelidir. Azərbaycanda multikulturalizmin uğurlarından biri kimi ümumbəşəri və milli dəyərlərin yanaşı mövcudluğunu, həmçinin multikultural dəyərlər sistemi dairəsində olan milli identikliyin müdafiəsidir.

“Səs” qəzetində nəşr olunmuş “Azərbaycan multikulturalizm və tolerantlıq prinsiplərinə sadiqdir” yazısında Azərbaycan multikultural dəyərlərinin ölkədə və dünyadakı əhəmiyyəti göstərilir: “Hazırda dünyada qloballaşmanın yeni təzahürləri dövlətlərin sıx humanitar birliyində özünü göstərir. Məhz bu baxımdan sivilizasiyalararası dialoq, multikulturalizm meyilləri hər il dərinləşir, humanitar forumların keçirilməsi böyük əhəmiyyət kəsb edir. Multikulturalizm ölkələrin qarşılıqlı hörmət və sıx əməkdaşlıq mühitinin yaranmasında vacib bir amilə çevrilib. Azərbaycan multikulturalizmə böyük önəm verir və son  illər ərzində müstəqil ölkə kimi həyata keçirilən siyasətin əsas təməllərindən biri də məhz dünya ölkələri ilə humanitar əməkdaşlığı gücləndirməkdən ibarət olub. Regionda sabitliyin və qarşılıqlı həmrəyliyin, əməkdaşlıq şəbəkəsinin gələcəyi multikulturalizmdən çox asılıdır. Çünki multikulturalizmin alternativi özünütəcriddir. Özünütəcrid isə mənfi fəsadlara yol açan meyil sayıla bilər. Multikulturalizm başqa xalqın nümayəndəsinə hörmət, başqa dinə hörmətdir. Öz dininə hörmət başqa dinə hörmətdən başlayır. Multikulturalizm ayrı-seçkiliyə yol vermir, əksinə, bütün xalqları birləşdirir”.

KİV-nin siyasi texnologiyasından asılı olaraq insanlar arasında dinc birgəyaşayış, dostluq, qarşılıqlı hörmət, bir sözlə multikultural, tolerant mühit və ya əksinə düşmənçilik mühiti yaratmaq olar. Bu baxımdan Azərbaycan siyasi jurnalistikası özünün humanist dəst-xətti ilə fərqlənir. Məsələn, hələ 2011-ci ildə “Səs” qəzetində V.Ömərovun “Azərbaycan vətəndaş cəmiyyətində multikulturalizm” məqaləsində multikulturalizm Qərb fəlsəfi fikrində özünə yer almış mədəniyyətlərin müxtəlifliyi və çoxçalarlığı" kimi səciyyələndirilir. 2012-ci ildə N.Ələddinqızının “Azərbaycan multikulturalizm siyasətini dünya ictimaiyyətinə təqdim edir” yazısında Mehriban xanım Əliyevanın xalqlar arasında anlaşma və dostluğa bəxş etdiyi töhfələrdən bəhs edilir.

“Kaspi” (2012, 6-8 oktyabr) qəzetində T.Məhərrəmovanın “Multikulturalizm - müasir və aktual məsələ”, “Azərbaycan” qəzetində (2012-ci il 6 oktyabr)  “Multikulturalizm və mədəni özünüdərk” mövzusu ətrafında gedən müzakirələr, “Olaylar”da, (2012. 6-8 oktyabr) A.Hüseynlinin “Azərbaycan multikulturalizmin gözəl tarixi nümunəsidir”, R.Aslanovanın “Miqrantlar Avropanı “işğal” etməkdədir" (2011-ci il 22-24 oktyabr, № 181) müsahibəsi, “Xalq qəzeti”ndə “Multikulturalizm: nailiyyətlər və problemlər” mövzusunda maraqlı müzakirələr aparılmışdır" (2011, 12 oktyabr, № 225), E.Nəsirovun “Multikulturalizm ölkələrin həyat tərzinə çevriləcəkmi?” (10 fevral 2016-cı il), N.Ələddinqızının “Dünyanın multikulturalizm, tolerantlıq mərkəzi” (“Səs” 11 yanvar 2016-cı il), “Səs” analitik qrupunun “Azərbaycan multikulturalizm və tolerantlıq prinsiplərinə sadiqdir” (10 fevral 2016-cı il), “İki sahil”də N.Rəhimzadənin “İqtisadi inkişaf modellərinin humanitar aspektləri (2012, 6 oktyabr, № 184), İ.Məmmədlinin “Azərbaycan: dünyaya humanitar cəmiyyət mesajı" (2012, 6 oktyabr), Y.Əliyevanın “Multikulturalizm və mədəni özünüdərk”, Ə.Həbibbəylinin “Multikulturalizm: bəşəri ideya, yaxud Qərb dəyərləri?” (“İki sahil”, 2012, 4 dekabr, № 222), Z.Həbibovanın “Azərbaycandakı multikulturalizm ideya və dəyərlərinin təbliğində Heydər Əliyev Fondunun rolu artır” (“Xalq qəzeti”, 11.02.2016), K.Abdullayevin “Ulu öndər Azərbaycan multikulturalizminin siyasi banisidir" (“Azərbaycan” qəzeti 11 fevral, 2016-cı il № 31 (7175), X.İsmayılqızının “Müasir dövrümüzdə multikulturalizm cəmiyyətin həyat tərzidir” (“İki sahil”, 2012-ci il, 6 oktyabr, № 184), “525-ci qəzet”də R.Sadıqovun “Azərbaycan tolerantlıq və multikulturalizm məkanı kimi dünyaya nümunədir” (2013-cı il, 19 iyul, № 129), S.Mürvətqızının “Tolerantlıq sisteminin əsasında fərdlərin bərabərliyi prinsipi dayanır” (2013, 22 oktyabr, № 192), G.Baxşəliyevanın “Dinlərarası dialoq zəruridir” (2012, 6 oktyabr, № 182) “Palitra”qəzetində “Bu gün Avropada multikulturalizm ciddi böhran keçirir” (30.10.2015), “Eko”da E.Abdulbəyovun “Multikulturalizmin tolerantlığın mühüm aspektidir” (2016, 6 fevral, № 23 (3662), “Xalq cəbhəsi” qəzetində Əli Həsənovun “Azərbaycan multikulturalizm məkanı kimi tanınır” mövzusunda müsahibəsi (2012, 20 noyabr, № 217), Oqtayın “Hüquqi dövlətdə çoxmədəniyyətlilik: Belə cəmiyyətlərdə hər bir etnik, dini və mədəni qrup öz ənələrini yaşatmaq və onları övladlarına ötürmək hüququna malikdir” (2013, 8 fevral, № 24). “Bakı xəbər”də S.Sarıyevanın “Azərbaycanın yeni ifadə forması multikulturalizm humanitar dəst-xətti kimi” (2016-cı il 10 fevral, № 25, (3220), məqalələri öz əksini tapmışdır.

Bu məqalələrdəki multikultural problemləri aşağıdakı kim qruplaşdırmaq olar:

* Multikulturalizmin yaranma tarixi və inkişaf mərhələləri;

* Müasir dövrdə Avropada multikultural dəyərlərin böhranı;

* Multikulturalizmin nəzəri və praktiki aspektlərinə publisistik yanaşmalar;

* İnsanlara multikultural dəyər və ideyaların aşılanması;

* Azərbaycanda multikulturalizmin tarixi;

* Müasir Azərbaycanda multikulturalizmin siyasi banisi (ulu öndər);

* Multikulturalizmin inkişafında ölkə Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rolu;

* Azərbaycan multikulturalizm modelinin spesifik xüsusiyətləri və dünyada qəbul edilməsi;

* Multikulturalizmin azərbaycançılığın humanist ifadəsi kimi araşdırılması;

* Multikulturalizmə dövlət qayğısı, onun ideologiyadan, ideyadan təcrübəyə keçməsi. Multikulturalizmə bütün azərbaycanlıların həyat tərzi kimi yanaşılması, ölkədə bütün xalqlara və dünyada qeyri-azərbaycanlılara hörmət bəslənməsinin təbliğ edilməsi.

Müasir dünyanın mütərəqqi media xadimlərini daim millətçilik və ksenofobiya məsələsi ciddi narahat edir və onlar bütün jurnalistləri bu sosial bəlaya qarşı durmağa çağırırlar. Tədqiqatçı İrina Xalturina “Multikulturalizm nədən başlayır?” məqaləsində millətçilik əhval-ruhiyyəsinin qızışdırılmasında KİV-nin məsuliyyətinə toxunaraq Rusiyanın bəzi kütləvi informasiya vasitələrində açıq-aşkar cinayət törətmiş şəxslərin milli mənşəyini qabardaraq şovinizm təbliğ etdiklərini kəskin tənqid edir: “Həqiqətən, multikultural cənnətə heç kəs ümid edə bilməz, lakin birgə yaşama məsələlərindən heç kəs - nə Rusiya, nə Avropa, nə Yeni Dünya imtina edə bilməz. Onlar iqtisadi ittifaqlar yaratmaqdan, sərhədləri daha da şəffaf etməkdən, mühacirlərdən, qloballaşmadan, informasiya texnologiyasının inkişafından yaxalarını qurtara bilməzlər.

Bu prosesdə KİV, əlbəttə, belə demək olarsa, kənar müşahidəçi, fakt və xəbərlərin sadəcə ötürücüsü mövqeyində dura bilər. Həmçinin belə də demək olar ki, jurnalistika biznesin bir hissəsidir və o, hamının tez və ən yaxşı ala bildiyi məhsulu satır. Lakin axı başqa bir baxış da mövcuddur ki, həqiqi jurnalistika vətəndaş cəmiyyətinin bir hissəsi olan fenomen kimi müxtəlif sosial və milli qüvvələr arasında dialoqu təmin etməyə qabildir". Müəllifin mövqeyi belədir ki, multikultural dəyəri “həqiqi”, peşəkar, obyektiv, demokratik, müstəqil siyasi jurnalistika formalaşdıra bilər.

Digər rus tədqiqatçısı İ.M.Dzyaloşinski “Tolerantlıq və multikulturalizm - KİV-in dəyər yönümləridir” adlı əsərində dünyada baş verən münaqişələrin əsasında demoqrafik, iqtisadi, ekoloji, texnoloji, siyasi, sosiomədəni amillər, müxtəlif xalqların mentalitetində, mədəniyyətində, dinində, təhsilində, etikasındakı fərqlər durur... çoxları cəmiyyəti bürüyən dözümsüzlük epidemiyasına görə jurnalistləri günahlandırırlar. Bəzən bütün mətbuatı, bəzən isə qeyri-dövlət jurnalistikasını günahlandırırlar".

Müəllifin fikrincə, media vasitələri adətən tolerantlıq əhval-ruhiyyəsini kütləvi yaymaq və formalaşdırmaq potensialına malikdirlər. Vaxtilə Rusiya mətbuatında bu kateqoriyaları tolerantlıq və multikulturalizmə ironiya ilə yanaşanlar da olub. Bu gün çap olunan məqalələrdə “multikulturalizm konfessional, etnik mənşəli ziddiyyətlər kimi, sosial, iqtisadi, siyasi, regional maraqların ziddiyyətləri kimi şərh olunur”.

Tədqiqatçı bu gün KİV-in tolernatlığın firmalaşmasında roluna dair bir çox yanaşmaların mövcudluğunu göstərir: “Birinci yanaşma - KİV informasiya, tərbiyəvi və təbliğat fəaliyyətinin fəal subyektidir”.

Bu yanaşma tərəfdarları KİV-ə etimad institutu kimi baxırlar, onun cəmiyyətin idarə olunmasında rolunu görürlər. İkinci yanaşmaya görə KİV həyatda baş verənləri olduğu kimi əks etdirən güzgüdür. Üçüncü yanaşma tərəfdarları KİV-ə biznes kimi baxırlar. Dördüncü yanaşma tərəfdarları belə iddia edirlər ki, KİV-in əsas vəzifəsi müxtəlif sosial qüvvələr arasında dialoqun təşkilidir. KİV tərəflərin müzakirələrini təşkil etməyi bacaran peşəkar moderatordur. KİV tərəflərə razılıq əldə etməyə daima kömək etməlidir. Bu cür yanaşmada iddia var ki, KİV-in tərbiyə, təbliğat, dəyər formalaşdırmaq agenti olmasının vaxtı keçmişdir... Tolerantlıq tərbiyəsi işində sırf maarifçilik, təbliğatçılıq tədbirləri az fayda vermir. Əhalinin müxtəlif qrupları ilə fəal dialoq lazımdır. Müəllif haqlı olaraq KİV-in cəmiyyətdə multikultural və tolerant mühit formalaşdırması üçün onun vətəndaş cəmiyyətinin sıx şəbəkəsinə qovuşmasını tövsiyə edir.

Siyasi jurnalistikanın multikultural dəyər formalaşmasında səmərəli təsiri, həm də onun hakimiyyətdən və biznesdən asılı olmaması, müstəqil olmasıdır. Multikultural dəyərlər formalaşdırmaq üçün siyasi jurnalistika, cəmiyyət, hakimiyyət və jurnalistlərin qarşılıqlı münasibətlər sisteminə yüksək tələblər irəli sürülür:

* peşə etikası kodeksinə riayət edilməsi;

* xüsusi seminarlar, konfranslar, müzakirələr, treninqlər vasitəsilə öz fəaliyyətinə tolerantlıq ruhu və ideyalarının tətbiq  edilməsi;

* jurnalistlərin fəaliyyətlərini tənzim edən qanunvericilik bazasının möhkəmləndirilməsi;

* mübahisəli məqalələrin peşəkar-ekspert qiymətləndirilməsini həyata keçirmək üçün müxtəlif strukturların yaradılması.

Azərbaycan siyasi jurnalistikası multikulturalizmi mədəni plüralizm, liberalizm, azadlıq, bərabərlik və qardaşlıq dəyərlərinin vəhdəti, təcridetmə, assimilyasiyaya, aparteidə qarşı duran fenomen kimi təqdim edir.

Azərbaycan tədqiqatçısı professor İ.Məmmədzadə “Multikulturalizm: qloballaşma dövrünün çağırışı kimi” əsərində göstərir ki, son zamanlar KİV-də çox geniş istifadə edilən multikulturalizm anlayışı bir sıra elmi tədqiqatlar üçün əsas sayılır. Multikulturalizmi “prinsip etibarilə həm nəzəriyyə, həm praktika, həm tarix və nəhayət, həm siyasət hesab edən İ.Məmmədzadə qeyd edir ki, ”bu anlayışın mahiyyəti bir tərəfdən müxtəlif eyniliklərin, digər tərəfdən konkret milli eyniliyin quruluşunda açılır".

Rus tədqiqatçısı L.Morina multikulturalizmi modernlərin cəmi və iki mədəniyyət paradiqmalarının - ənənəvi və modernist paradiqmaların yanaşı mövcudluğu kimi səciyyələndirir. Azərbaycan tədqiqatçısı R.Rzayeva isə multikulturalizmin postmodernlə bağlılığına toxunarkən onun dəyər yönümü ilə üst-üstə düşən postmodernin plüralist mahiyyətinə uyğun gəldiyini qeyd edir.

Siyasi jurnalistika tolerantlıq və multikultural dəyərlərin texnologiyasını mənimsəmə yollarını göstərir. Bunun üçün siyasi jurnalistikanın özü yeni peşə fəaliyyəti vasitələrinə malik olmalı, sosial-siyasi proseslərin bütün iştirakçıları arasında kütləvi dialoqu təmin etməlidir. Dialoq isə tolerantlığın və multikultural dəyərlərin ən yaxşı açarıdır. Bəzi Rusiya KİV-ləri kavkazofobiyadan, intolerentlıqdan, “Qafqaz millətindən olan pis şəxslərdən”, antimultikulturallıqdan yazdıqları halda Azərbaycan siyasi jurnalistikası rus dilinə və ruslara hörmət aşılayır. Hətta Azərbaycanda bəzi mətbuatda, internetdə rus dili əsas dillərdən biri hesab olunur, Azərbaycan cəmiyyətində rus dili dövlət dili olan Azərbaycan dilindən sonra ikinci ünsiyyət vasitəsidir.

Ulu öndər Heydər Əliyevin inkişaf etdirdiyi siyasi jurnalistika və multikultural dəyərlər, tolerantlıq və multikulturalizmin sintezi ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Ulu öndər Azərbaycan müasir multikulturalizminin banisidir. O, multikulturalizm siyasi modelinin assimilyasiya və izolyasiya kimi digər mümkün siyasi modellərdən üstün olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycanın multikultural ənənələrinin dövlət tərəfindən qorunması işində ən vacib olanı ümummilli lider Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə bu məsələnin hüquqi sənədlərdə, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmasıdır. Belə ki, multikulturalizm siyasətinin əsasını təşkil edən tolerantlıq (dözümlülük) prinsipi Azərbaycan Respublikası Konstitusiyasının bir sıra maddələrində aydın şəkildə təsbit edilmişdir. Bununla bağlı “Bərabərlik hüququ”, “Milli mənsubiyyət hüququ”, “Ana dilindən istifadə hüququ” və başqa maddələri göstərmək mümkündür.

Ulu öndər haqlı olaraq multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edirdi. O, Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni, dini dəyərlərinin qorunmasını demokratiyanın mühüm prinsipi olan əsas insan hüquq və azadlıqları kontekstində görürdü.

Ulu öndər multikulturalizmi həm azərbaycançılığın humanist ifadə vasitəsi, həm də onun baza əsası kimi irəli sürdü. Heydər Əliyevin siyasi jurnalistikanın inkişafında oynadığı rolu yüksək qiymətləndirən tədqiqatçı Tahir Məmmədov yazır: “Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövr ərzində KİV-in demokratik dəyərləri və fəaliyyət göstərməsini, həmin təbliğat vasitələrinin siyasi plüralizmin formalaşmasına səmərəli və məqsədyönlü təsirini ən vacib məsələlərdən biri sayırdı... İnformasiya bolluğu şəraitində siyasi mətbuat cəmiyyətdə gedən siyasi proseslərin, aşkarlığın, fikir, söz azadlığının və eləcə də sosial mühitin zənginləşməsinin xüsusi ünsürü kimi nəzərə çarpır, özü də Azərbaycan xalqının milli maraqları çərçivəsində”. Müəllif Heydər Əliyevin siyasi jurnalistika, plüralist demokratiya və multikultural dəyərlərin inkişafında müstəsna rol oynadığını göstərir.

Tədqiqatçı F.Babayev yazır ki, ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasında vahid polietnik millətin Azərbaycan dövlətçiliyinin yaradılmasına dair maraqlarının ümumiliyi, demokratiya... uğrunda mübarizəsi öz əksini tapmışdır. İdeologiya kimi azərbaycançılıq müstəqil Azərbaycanın fəlsəfi-sosial doktrinasının sosiomədəni və etnik geosiyasi cəhətlərini özündə birləşdirir". Müəllif haqlı olaraq ulu öndərin vahid ideya kimi azərbaycançılığın multikulturalizmin təzahür forması kimi həm dünya azərbaycanlılarını, həm də ölkə daxilində milli azlıqları öz ətrafında birləşdirməsində əsas rol oynadığını göstərir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əsası ulu öndər tərəfindən qoyulmuş multikultural ənənələri inkişaf etdirərək multikulturalizmi ölkəmizdə dövlət siyasətinə və həyat tərzinə, Azərbaycanı dünyada tanınmış multikulturalizm mərkəzlərindən birinə çevirdi.

IV Bakı Beynəlxalq Humanitar Forumundakı çıxışında dövlət başçısı İlham Əliyev demişdir: “Multikulturalizm Azərbaycanda həyat tərzidir. Düzdür, bu termin nisbətən yenidir. Ancaq əsrlər boyu Azərbaycanda multimədəniyyətli cəmiyyətlər mövcud olub. Xalqlar arasındakı dostluq və həmrəylik bunun bariz nümunəsidir. Biz bu gün də çalışırıq ki, öz təşəbbüsümüzlə regionda və dünyada gedən proseslərə müsbət təsirimizi göstərək...”

Ölkə başçısı İlham Əliyev tolerantlıq və multikultural dəyərlərin formalaşmasına təsir edən KİV-in fəaliyyətini yüksək qiymətləndirir. “Səs” qəzetinin 20 illiyi münasibətilə təbrikində Azərbaycan Prezidenti 1991-ci ilin yanvarında işıq üzü görmüş qəzetin qısa zamanda əsl müstəqil və demokratik mətbuat nümunəsinə, cəmiyyətdə siyasi plüralizmə böyük ehtiyac duyulduğu həmin illərdə qəzetin müxtəlif ictimai-siyasi dairələrin, sağlam düşüncəli vətənpərvər ziyalıların tribunasına çevrildiyini, dövrün aktual problemlərini cəsarətlə ictimai müzakirəyə çıxardığını, müxtəlif yönlü təqib və təzyiqlərə baxmayaraq öz mübariz mövqeyindən geri çəkilmədiyini göstərərək demişdir: “Yeni şəraitdə Azərbaycanın digər mətbuat orqanları arasında özünəməxsus dəst-xətti və mövqeyi ilə seçilən ”Səs" qəzeti də iş prinsiplərini zamanın tələblərinə uyğun quraraq cəmiyyət həyatının bütün sahələrini, ictimai maraq kəsb edən aktual mövzuları həmişə diqqət mərkəzində saxlamış, milli dövlətçilik ənənələrinin əsl təbliğatçısı olmuş, öz oxucu auditoriyasının informasiya ehtiyacını ödəməyə çalışmışdır. Ümummilli lider Heydər Əliyev mətbuatda plüralizmin formalaşmasına və inkişafına mühüm töhfə vermiş “Səs” qəzetinin fəaliyyətini və cəmiyyət qarşısında xidmətlərini daim yüksək qiymətləndirmişdir".

Bu dərin, dəyərli fikirləri əks etdirən təbrik təkcə “Səs” qəzetinə deyil, o vaxtkı siyasi mübarizələr burulğanından mübariz çıxmış, bu gün Azərbaycan cəmiyyətində tolerant və multikultural mühit formalaşdıran bütün obyektiv, demokratik, müstəqil siyasi jurnalistikamıza ünvanlanmışdır.

Bəhruz QULİYEV
“Səs” qəzetinin baş redaktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında