Uzun illərdir Azərbaycan, Türkiyə, Gürcüstan, İran və Avropa Birliyinə daxil olan ölkələr dünya ictimaiyyətini xəbərdar edirlər ki, “Metsamor” Atom Elektrik Stansiyası(AES) hər an sıradan çıxa bilər ki, bunun da böyük coğrafi ərazidə yaşayan milyonlarla insanın həyatını təhlükə altına alması qaçılmaz olacaq. Mütəxəssislər qətiyyətlə bildirirlər ki, “Metsamor”AES-in fəal seysmik zonada yerləşməsi və stansiyanın istismar müddətinin başa çatması vəziyyətin kritik olduğunu təsdiqləyir. Lakin ayrı-ayrı dövlətlərin və təşkilatların, eləcə də nüfuzlu alimlərin çağırışlarına məhəl qoymayan Ermənistan rəhbərliyi “barıt çəlləyi”nin üzərində oturmaqda davam edir və sanki heç nə olmamış kimi özünü aparmağa çalışmaqla, regionu ikinci Çernobıl faciəsinə yaxınlaşdırır.
“Metsamor” AES niyə təhlükə mənbəyidir? Cavab sadədir: stansiya 11 ballıq seysmik zonada yerləşir, köhnədir və təhlükəsizlik lazımi səviyyədə qorunmur. Bundan başqa, stansiyanın ətrtafında 5 tektonik qırılma mövcuddur ki, onlardan biri də “Metsamor”dan cəmi 500 metr uzaqda yerləşir. Diqqət yeririn: AES-in birinci blokunun istismara verilməsi 1976-cı ilə təsadüf edir. İkinci blokdan istifadəyə 1980-ci ildə start verilmişdi. Üçüncü və dördüncü blokların istismara verilməsinə 1986-cı il Çernobıl AES-də baş vermiş qəza mane olmuşdu. “Metsamor”un “başına gələnlər” bununla yekunlaşmır. 1988-ci ildə stansiyadan 78 kilometr uzaqlıqda yerləşən Spitak şəhərində qeydə alınmış güclü zəlzələ “Metsamor”un taleyi haqqında yekun qərar qəbul edilməsinə şərait yaratmışdı. Maraqlı məqamlardan biri də budur ki, Spitakda zəlzələ baş verən zaman AES-in yerli personalının praktiki olaraq stansiyanı dərhal tərk etdiyi məlumdur. Operativ və təmir personalının olmamasıyla əlaqədar reaktorun həddən artıq qızma təhlükəsi yaranmışdı. Qəzanın baş verməməsi üçün SSRİ Nazirlər Sovetinin qərarı ilə digər AES-lərdən “Metsamor”a personal göndərmişdilər. Yəni, “qoçaq və mərd” ermənilər stansiyanı tərk etmiş və onları başqa millətlərin nümayəndələri əvəzləmişdilər. Vəziyyətin nəzarətdən çıxacağını anlayan Ermənistan rəhbərliyi 1989-cu il yanvarın 25-də stansiyanın fəaliyyətinin dayandırılması barədə qərar qəbul etmişdi. Belə ki, birinci blokun işi tamamilə dayandırılmış, ikinci blok isə, ümumiyyətlə, “dondurulmuşdu”. Maraqlıdır ki, birinci blokun avadanlığı demontaj edilmiş və sonradan satılmışdı.
Lakin ermənilər 1995-ci ildə “Metsamor”a ikinci “həyat” vermək qərarına gəldilər. Rəsmi İrəvan belə bir addım atılmasını zərurət kimi qələmə verməyə çalışmış, nəqliyyat və enerji blokadasını bahənə gətirərək, fəaliyyəti altı ildir “dondurulmuş” ikinci bloku işə salmışdı. Təbii ki, ermənilərin işğalçı siyasəti Ermənistanın haqlı olaraq nəqliyyat və enerji mühasirəsinə düşməsinə gətirib çıxarmışdı. Qonşularının torpaqlarına göz dikən və etnik təmizləmə siyasəti həyata keçirərək başqalarının ərazilərini zəbt edən ölkənin üzləşəcəyi reallıq məhz belə olmalı idi. Ancaq istənilən halda istismar müddəti bitmiş və həddən artıq təhlükəli zonada yerləşən AES-in işə salınmasını kamikadzelik kimi qiymətləndirmək olar. Qonşularıyla problemləri həll etməklə enerji tələbatını ödəmək əvəzinə rəsmi İrəvan “saat mexanizmli bombanı”-"Metsamor" AES-i işə salmağı doğru addım hesab etdi. Səsləndirilən bütün etirazlara baxmayaraq, Ermənistan rəhbərliyi paytaxt İrəvandan cəmi 30 kilometr məsafədə yerləşən stansiyanı yenidən işə saldı. Hələ bu harasıdır, rəsmi İrəvan yeni reaktor bloku inşa etmək arzusu ilə də yaşayır. Erməni rəsmiləri iddia edirlər ki, yeni blok daha təhlükəsiz olacaq. Amma elə erməni fəalları rəsmilərlə razılaşmadırlarını bildirirlər. EurasiaNet.org saytının 31.08.2013-cü il tarixdə yaydığı materialda Ermənistan Yaşıllar İttifaqının sədri Akop Sanasaryan “Metsamor” AES-də yeni blokun inşasını cinayət adlandırır. Onun sözlərinə görə, atom stansiyanın su və kənd təsərrüfatı sistemlərinin, eləcə də sıx yaşayış məntəqələrinin yaxınlığında, o cümlədən seysmik zonalarda tikilməsi yolverilməzdir. A.Sanasaryan yeni blokun “Metsamor”da tikilməsini bütün normaların pozulması kimi qiymətləndirir və nəticələrinin böyük fəlakət olacağını düşünür.
Təbii ki, Ermənistanın yeni blok inşa etməyə pulu yoxdur. Hesablamara görə, yeni blokun inşası üçün 5-7 milyard dollar lazımdır. Dövlət büdcəsi 4-5 milyard dollar olan Ermənistanın bu qədər vəsaiti iqtisadi böhran şəraitində tapacağı mümkünsüz görünür. İşğalçılıq siyasəti nəticəsində bütün mühüm layihələrdən kənarda qalan və iqtisadi böhranlar içərisində çabalayan Ermənistanın yeni blokun inşası bir tərəfə, zəruri infrastruktur layihələrini reallaşdırmağa belə, pul tapa bilməməsi məlumdur. Bu reallığı rəsmi İrəvana da anlayır, yeni blok və digər qulaq oxşayan vədlər səsləndirməklə köhnə və təhlükəli ikinci blokun istismarını uzatmağa çalışır. Erməni tərəfi bunun üçün müxtəlif “faktlar” da səsləndirməkdən çəkinmir. Ermənilər iddia edirlər ki, “Metsamor” guya 9,5 ballıq zəlzələyə davam gətirə bilər. Ancaq bu gülüş doğuran “fakt”a inanmazdan öncə başqa faktlara toxunmaq lazımdır. Məlumdur ki, 9 ballıq zəlzələ baş verdiyi ərazinin relyefini tamamilə dəyişdirir və dünyada elə bir tikili yoxdur ki, bu qədər güclü zəlzələyə davam gətirə bilsin. Hətta 8 ballıq zəlzələyə belə tab gətirən obyektlərin də sayı çox azdır. 8 ballıq zəlzələdən “xilas” olmaq üçün obyekt zəlzələnin episentrindən kənarda qalmalı və yeraltı təkanlar davamlı olmamalıdır. Amma kim zəmanət verə bilər ki, güclü zəlzələ “Metsamor”dan yan keçəcək? Əlbəttə ki, heç kim belə zəmanətə imza ata bilməz. On görə də, ermənilərin AES məsələsində odla oynamaları gün kimi aydındır. Maraqlıdır ki, “Metsamor”un keçmiş baş direktoru Suren Azatyan müsahibəsində etiraf etmişdi ki, stansiyada radioaktiv maddələrin sızmamasından əmin deyil. Doğrudan da, kim zəmanət verə bilər ki, hazırda “Metsamor” problemsiz işləyir? Axı qapalı obyekt kimi fəaliyyət göstərən bu stansiya barədə çox az məlumat var.
Heç kimə sirr deyil ki, təhlükəsizlik standartlarına əməl etmək çox çətindir. Bunun üçün güclü maliyyə vəsaiti və peşəkar kadr potensialı tələb olunur. Ermənistanın isə nə güclü maliyyəsi, nə də peşəkar kadrları var. Doğrudur, ABŞ və Avropa İttifaqı “Metsamor”un təhlükəsizliyinə vəsait ayırırlar, ancaq qərblilər də etiraf edirlər ki, köhnə sovet tipli “Metsamor”un istismarı həddən artıq təhlükəlidir və stansiyanın fəaliyyəti qısa zamanda dayandırılmalıdır. Çünki stansiyada qəza baş verərsə, ilk növbədə ermənilər, sonra isə region ölkələri ciddi təhlükə ilə üzləşəcəklər. Öz xalqını da təhlükə altına salan Ermənistan rəhbərliyi beynəlxalq narahatlığa saymazyana yanaşır və regionu təhdid etməkdə davam edir. Regional sabitliyə və inteqrasiyaya, eləcə də iqtisadi çiçəklənməyə istiqamətlənən siyasət yürüdən Azərbaycan rəhbərliyi Ermənistanın belə təhlükəyə etinasız yanaşmasını müxtəlif beynəlxalq arenalarda bəyan edir və “Metsamor”un Çernobıl AES-nin taleyini yaşaya biləcəyini ucadan səsləndirir. Dövlət başçısı İlham Əliyevin 2014-cü il martın 25-də Haaqada keçirilən III Nüvə Təhlükəsizliyi Sammitində çıxışında Ermənistanın təxminən 40 il əvvəl tikilmiş və köhnəlmiş Atom Elektrik Stansiyasının yaratdığı təhlükədən danışmış və bildirmişdi ki, bu elektrostansiya bütün region və yaxın qonşular üçün böyük təhdiddir. Azərbaycan Prezidenti xüsusilə vurğulamışdı ki, “Metsamor”da hər hansı qəzanın nəticələri faciəli olacaqdır. Lakin beynəlxalq narahatlığı aradan qaldırmaq və bu elektrostansiyanı bağlamaq əvəzinə, Ermənistan həmin Atom Elektrik Stansiyasının fəaliyyətini 2026-cı ilə qədər davam etdirmək qərarına gəlib, baxmayaraq ki, o, yüksək seysmik zonada yerləşir və köhnəlmiş, olduqca təhlükəli texnologiyaya əsaslanır.
Bir sözlə, Ermənistan beynəlxalq təhlükəsizlik standartlarını qulaq ardına vuraraq, köhnəlmiş “Metsamor” AES-i işlətməkdə davam edir. Region dövlətlərinin tutarlı arqumentlərinin əksinə olaraq, rəsmi İrəvan tarixə qovuşmuş sovet texnologiyaları əsasında inşa edilmiş stansiya ilə bağlı gələcək planlarının olduğunu açıqlayır. Əslində Ermənistanın belə qeyri-adekvat davranışı təəccüb doğurmur. Rəsmi İrəvan uzun illərdir beynəlxalq ictimaiyyətin çağırışlarına məhəl qoymadığını əməllərilə də təsdiqləyir. Azərbaycan torpaqlarını işğal edir, istifadəsi qadağan olunmuş silahları işə salır və destruktiv addımlar atmaqla regional sabitliyə təhdidlər yağdırır.
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi tərəfindən Tərtər rayonunun Əskipara kəndində Ermənistan Silahı Qüvvələri tərəfindən fosfor təyinatlı silahın istifadə olunmasının müəyyən edilməsi rəsmi İrəvanın bu mövqeyini bir daha göz önünə gətirir. Kimyəvi silahdan istifadə etməklə Ermənistan rəhbərliyi beynəlxalq normaları necə çeynədiyini nümayiş etdirir. Qeyd etmək yerinə düşər ki, bu silahdan istifadənin qadağan edilməsi bir necə beynəlxalq sənəddə əksini tapır. İlk beynəlxalq sənəd kimi 1868-ci ildə Sankt-Peterburq deklarasiyasının qəbul edilməsini göstərmək olar. Bundan başqa, 1949-cu il müharibəsi qurbanlarının qorunması haqqında Cenevrə konvensiyaları və 1977-ci ildə onlara qəbul edilmiş əlavə protokollar, “Adi silahların konkret növləri haqqında konvensiyaya” III protokol (1980) (Həddən artıq ziyan vuran hesab edilə bilən və ya qeyri-seçim hərəkətinə malik adi sliahların konkret növlərinin tətbiqinin qadağan edilməsi və ya məhdudiyyət qoyulması barədə konvensiya) var. Göründüyü kimi, beynəlxalq ictimaiyyət istər “Metsamor” AES məsələsində, istərsə də qadağan olunmuş silahlardan istifadə məsələsində Ermənistan rəhbərliyinin təhlükəli addımlarının qarşısını almağa yönəlmiş əməli addımlar atmalıdır. Əks təqdirdə, təkcə Cənubi Qafqaz regionu deyil, Rusiya, Orta Asiya, Xəzər və Qara Dəniz ölkələrinin milyonlarla sakini erməni fitnəkarlığının və məsuliyyətsizliyinin qurbanına çevriləcək.
Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.