Son illər Azərbaycanda məqsədyönlü iqtisadi siyasət, qeyri-neft sahələrinin inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Ölkəmizdə reallaşdırılan uğurlu iqtisadi strategiya nəticəsində bütün maliyyə mənbələri hesabına əsas kapitala iri məbləğdə investisiyalar yönəldilir. Bunun da nəticəsində nəzərdə tutulmuş bütün infrastruktur layihələri, sosial proqramlar vaxtında və müvəffəqiyyətlə icra olunur, quruculuq işləri gündən-günə sürətlənir. Ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, böyük məbləğdə investisiyaların qoyuluşu Azərbaycan iqtisadiyyatına və Azərbaycanın gələcəyinə böyük inamın təzahürüdür.
Azərbaycan investisiyaların cəlb olunması sahəsində uğurlu siyasətini 2015-ci ildə də davam etdirib. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 15 milyard 957 milyon manat vəsait yönəldilib. Ümumi kapital qoyuluşunun 10 milyard 615,5 milyon manatı müəssisə və təşkilatların, 1 milyard 299 milyon manatı bank kreditlərinin, 3 milyard 5 milyon manatı büdcə vəsaitlərinin, 272,3 milyon manatı büdcədənkənar fondların vəsaitlərinin, 573 milyon manatı əhalinin şəxsi vəsaitlərinin, 192,2 milyon manatı isə sair vəsaitlərin payına düşüb. Əsas kapitala yönəldilmiş ümumi vəsaitin 34,7 faizini dövlət, 65,3 faizini isə qeyri-dövlət sektorunun sərmayələri təşkil edib.
Kapital qoyuluşunun strukturunda tikinti-quraşdırma işləri daha üstün çəkiyə malik olub. Belə ki, ötən il tikinti-quraşdırma işlərində istifadə edilmiş vəsaitin həcmi ümumi inşaat işləri üçün xərclənmiş məbləğin 73,5 faizi və ya 11 milyard 722,9 milyon manat təşkil edib. İl ərzində məhsul istehsalı obyektlərinin inşasında 9 milyard 880,6 milyon manat, xidmət sahələri üzrə obyektlərin tikintisində isə 5 milyard 47,6 milyon manatlıq vəsaitdən istifadə olunub. Bundan əlavə, ötən il yaşayış evlərinin tikintisinə 1 milyard 29,7 milyon manat vəsait xərclənib ki, bunun da hesabına ümumi sahəsi 1 milyon 927,2 min kvadratmetr mənzil inşa edilib. Yeri gəlmişkən, tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 66,1 faizini yeni tikinti, yenidənqurma və genişləndirmə, 15,7 faizini əsaslı təmir, 5,3 faizini cari təmir, 12,9 faizini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 84,5 faizi qeyri-dövlət tikinti müəssisələri tərəfindən yerinə yetirilib.
2015-ci ildə əsas kapitala yönəldilmiş vəsaitin 56 faizini daxili, 44 faizini isə xarici mənbələrdən yönəldilmiş vəsaitlər təşkil edib. İqtisadiyyatın ayrı-ayrı sahələri üzrə əsas kapitala yönəldilmiş vəsaitlərin həcminə gəldikdə isə, ilə ərzində kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın inkişafına 382,8 milyon manat vəsait xərclənib ki, bu da əvvəlki illə müqayisədə 3,2 faiz artım deməkdir. Məlum olduğu kimi, son illər Azərbaycanda uğurlu sənayeləşmə siyasəti həyata keçirilir. Elə 2015-ci ildə əsas kapitala yönəldilmiş ümumi vəsaitin 52,6 faizinin (8 milyard 389,9 milyon manat) sənaye sahələrinin inkişafına sərf edilməsi də bunu təsdiqləyir. İl ərzində ölkə sənayesinin mədənçıxarma bölməsinə daha çox (7 milyard 200,3 milyon manat) investisiya yönəldilib. Bundan əlavə, ötən il emal sənayesinə 405,3 milyon manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinə 193,2 milyon manat, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinə isə 591,1 milyon manat xərclənib.
Ötən il və bu ilin birinci rübü ərzində Azərbaycanda neft və qaz hasilatının bir qədər azalması hesabına sənaye istehsalı əvvəlki dövrlərlə müqayisədə aşağı düşsə də, qeyri-neft sənayesi 5 faizdən çox artmışdır. Aprelin 9-da Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə Prezidenti İlham Əliyev bu vacib məqama toxunaraq demişdir: “Qeyri-neft sənayesinin beş faizdən çox artması, əlbəttə, həm göstəricidir, həm də yaxşı ümidlər verir ki, Azərbaycanda qeyri-neft sektoru daha da sürətlə inkişaf edəcək. Qeyri-neft sektoru bu gün Azərbaycan iqtisadiyyatının əsas hissəsini təşkil edir. Biz buna nail olmuşuq və gələcəkdə əlbəttə, çalışmalıyıq ki, qeyri-neft sektoru bizim ixrac strukturumuzda da daha böyük çəkiyə malik olsun”.
Ötən il Azərbaycanın qeyri-neft sektorunun inkişafına sərf edilmiş 8 milyard 796,3 milyon manatlıq vəsaitin 1 milyard 229,2 milyon manatı və ya 7,7 faizi qeyri-neft sənayesi sahələrinin payına düşüb. Hesabat ilində ölkəmizdə neft sənayesinin inkişafına isə 7 milyard 160,7 milyon manat vəsait sərf olunub ki, bu da əsas kapitala yönəldilmiş vəsaitin 23,2 faizi deməkdir. 2015-ci ildə nəqliyyat və anbar təsərrüfatına 2 milyard 192,6 milyon manat, turistlərin yerləşdirilməsi və ictimai iaşəyə 462,5 milyon manat, informasiya və rabitəyə 354,9 milyon manat, təhsilə 308,5 milyon manat, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsinə 132,9 milyon manat, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyətə 425,8 milyon manat, dövlət idarəedilməsi və müdafiə, icbari sosial təminata 640,7 milyon manat, inzibati və yardımçı xidmətlərin göstərilməsinə 121,3 milyon manat, daşınmaz əmlakla əlaqədar əməliyyatlara 63,5 milyon manat, peşə, elmi və texniki fəaliyyətə 25,5 milyon manat, maliyyə və sığorta fəaliyyətinə 19,8 milyon manat vəsait xərclənib. Əsas kapitala yönəldilmiş vəsaitlərin yerdə qalan 64,8 milyon manatı isə digər sahələrdə xidmətlərin göstərilməsinə sərf olunub. Yeri gəlmişkən, 2015-ci ildə ölkəmizdə turistlərin yerləşdirilməsi və ictimai iaşə, eləcə də informasiya və rabitə sahələrinə əvvəlki illə müqayisədə müvafiq olaraq 3,8 və 2,2 dəfə çox vəsait yönəldilib.
Son illər ölkəmizin sosial-iqtisadi həyatında mühüm əhəmiyyətə malik olan yeni obyektlər istifadəyə verilir. Bu baxımdan 2015-ci il də ölkənin ayrı-ayrı şəhər və rayonlarında yeni-yeni obyektlərin açılması ilə əlamətdar olub. Belə ki, il ərzində paytaxtda 110 kilovoltluq “Ağ şəhər-1”, “Həzi Aslanov”, “Kürdəxanı”, “Buzovna-2” və 35 kilovoltluq 11 elektrik yarımstansiyası, Bakı Beynəlxalq Avtovağzal ərazisini dairəvi yolla birləşdirən körpü və Stend Atıcılığı Kompleksinə gedən yol ötən ilin mühüm buraxılış obyektləri kimi diqqəti cəlb edir. Bununla yanaşı, ölkədə həyata keçirilən uğurlu investisiya siyasəti nəticəsində il ərzində Bakıda bir sıra digər vacib infrastruktur obyektləri də inşa edilib. Bakı Olimpiya Stadionu, Su İdmanı Sarayı, Atıcılıq Mərkəzi, Velopark, Avropa Oyunları Parkı, Atletlər və Media kəndləri, Bakı Konqres Mərkəzi, Sabunçu Məhkəmə Kompleksinin yeni binası, “Qafqaz Baku Sport Hotel” və “Bulvar Hotel” mehmanxana kompleksləri, “Dalğa Beach-Aqua Park” ailəvi istirahət mərkəzi, Zirə Mədəniyyət Mərkəzi və s. obyektlər paytaxtın sosial-iqtisadi həyatına mühüm yeniliklər gətirib.
Azərbaycanın maliyyə imkanlarının ilbəil artması regionların sosial-iqtisadi inkişafını bir qədər də sürətləndirir, bölgələrdə yeni infrastruktur layihələri həyata keçirilir. İlin buraxılış obyektlərinin əksəriyyətinin regionların payına düşməsi isə, heç şübhəsiz, Azərbaycanın hərtərəfli inkişafının bariz nümunəsidir. 2015-ci ildə bu proses xeyli intensivləşmiş, bölgələrdə yeni infrastruktur obyektləri inşa olunub. İl ərzində Naxçıvan Muxtar Respublikasında Sənaye Kompleksi, “Günəş” Elektrik Stansiyası, Sumqayıtda beton məmulatları və texniki avadanlıqlar zavodu, Etilen-polietilen zavodunda yeni qurğular, “Alyans Tekstil” tikiş fabriki, Abşeron rayonunda Xırdalan Metal Konstruksiyalar Zavodu, 35 kilovoltluq “Sarıqaya”, “Fatmayı”, “Məhəmmədi” elektrik stansiyaları, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi və Qolf klubu, Göyçay rayonunda su elektrik stansiyası, Qusarda “Park Chalet Shahdag” oteli, Şabran rayonunda “Qalaaltı Otel and SPA” müalicə-istirahət kompleksi, Şəki şəhərində məhkəmə kompleksinin yeni binası, Zaqatala rayonunda Azərbaycan Dövlət Pedaqoji Universitetinin filialı üçün bina tikilərək istifadəyə verilib. Bundan əlavə, il ərzində regionlarda yol infrastrukturunun yeniləşdirilməsi istiqamətində də mühüm tədbirlər həyata keçirilib, bir sıra rayonlarda magistral və kənd yolları əsaslı şəkildə yenidən qurulub.
Məlum olduğu kimi, ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2015-ci il Azərbaycanda “Kənd təsərrüfatı ili” elan olunmuşdur. Dövlətin güzəştli kreditləri hesabına ölkədə 43 müasir quşçuluq və 25 heyvandarlıq kompleksi, 53 logistik mərkəz və 22 taxıl anbarı, 16 meyvə-tərəvəz, 9 süd və 8 ət emalı müəssisəsi, 28 çörək zavodu, 46 istixana kompleksi, 6 yem zavodu və digər müasir müəssisələr yaradılıb. Həmin müəssisələr aqrar sektorda dönüşün əldə olunmasına, ölkənin ixrac potensialının artmasına, idxaldan asılılığın azalmasına, bütövlükdə isə ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə səbəb olub. Bununla yanaşı, il ərzində bütün maliyyə mənbələri hesabına ölkədə 195 çarpayılıq 2 xəstəxana, növbədə 270 nəfəri qəbul etmək imkanına malik 7 poliklinika, ümumi sahəsi 1922,3 min kvadratmetr olan yeni yaşayış evləri, 11222 şagird yerlik 53 ümumtəhsil məktəbi, 2182 yerlik 23 məktəbəqədər təhsil müəssisəsi, 280 yerlik 2 klub və s. obyektlər istifadəyə verilib.
Azərbaycanda həyata keçirilən uğurlu investisiya siyasətinin əsas istiqamətlərindən biri də xarici kapitalın ölkə iqtisadiyyatına cəlb edilməsi ilə bağlıdır. Artıq uzun illərdir ki, ölkəmiz xarici investisiyalar üçün cəlbediciliyi ilə seçilir. Məlum olduğu kimi, müstəqilliyin ilk illərində Azərbaycanda hakimiyyət böhranının mövcudluğu, eləcə də burada hökm sürən qeyri-sabit siyasi vəziyyət xarici investorları ölkəmizə maliyyə vəsaitlərini yatırmaqdan çəkindirirdi. Yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin respublika rəhbərliyinə gəlişi ilə Azərbaycanda siyasi sabitliyi bərqərar etmək mümkün oldu. Bu da xairici iş adamlarında Azərbaycana inamı artırdı, onları ölkəmizin iqtisadiyyatına, xüsusən də neft sənayesinə sərmayə yatırmağa sövq etdi. Nəhayət, 1994-cü ildə Azərbaycan dünyanın tanınmış neft şirkətləri ilə “Əsrin müqaviləsi”ni imzalamaqla öz qapılarını xarici sərmayələr üçün açıq elan etdi. Bu da ölkəmizə xarici sərmayə axınının sürətlənməsinə səbəb oldu. Müqayisə üçün deyək ki, əgər müstəqilliyin əldə edildiyi 1991-ci ildə Azərbaycana cəmi 22 milyon ABŞ dolları həcmində sərmayə yönəldilmişdirsə, 1995-ci ildə bu rəqəm 375,1 milyon ABŞ dollarına, 2003-cü ildə isə 3 milyard 371 milyon manata çatmışdır. Sonrakı illərdə isə Azərbaycanda ümumi kapital qoyuluşunda xarici sərmayələrin həcmi kəskin şəkildə artaraq 2007-ci ildə 7 milyard 781,7 milyon dollar təşkil etmişdir. Bu da ölkəmizdə hökm sürən əlverişli biznes mühitinin məntiqi nəticəsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi öz potensialını təqdim edir.
Əvvəlki illərdə olduğu kimi, 2015-ci ildə də Azərbaycana xarici investisiyaların axını davam edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 7 milyard 20,1 milyon manat vəsait yönəldilib. Xarici sərmayələrin 6 milyard 184,3 milyon manatı (88,1 faizi) Birləşmiş Krallıq, Türkiyə, Yaponiya, Norveç, İsveç, Rusiya, İran, Malayziya və ABŞ sərmayədarlarına məxsus olub. Yeri gəlmişkən, qlobal maliyyə böhranı şəraitində ölkə iqtisadiyyatının dinamik inkişafını təmin etmək, nəzərdə tutulmuş sosial proqramların icrasını həyata keçirmək üçün xarici kapitalın Azərbaycana cəlbi daha çox aktuallıq kəsb edir. Təsadüfi deyil ki, Nazirlər Kabinetinin məlum iclasında 2016-cı ildə qarşıda duran vəzifələrdən söhbət açan Prezident İlham Əliyev demişdir: “Bu il biz xarici investisiyaları Azərbaycana daha böyük həcmdə cəlb etməliyik. Azərbaycan xarici sərmayə üçün çox gözəl ölkədir, xarici sərmayələr qorunur. Düzdür, sərmayələr daha çox neft-qaz sektoruna qoyulur. Ancaq, eyni zamanda, son vaxtlar qeyri-neft sektoruna da xarici sərmayə qoyulması müşahidə olunur. Biz çalışmalıyıq ki, xarici sərmayəni ölkəmizə cəlb edək, xüsusilə qeyri-neft sektoruna. O sahələrə ki, öz növbəsində bu sahələrin inkişafı ixrac potensialımızı gücləndirəcək və idxaldan asılılığımızı azaldacaq. Hesab edirəm ki, kənd təsərrüfatı sektoruna, sənaye sektoruna, xidmət sektoruna xarici sərmayəni cəlb etmək bizim üçün daha da məqbul sayıla bilər və hökumət bu istiqamətdə ciddi iş aparmalıdır”.
Göründüyü kimi, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, neftdən asılılığın azaldılması istiqamətində tədbirlər davam etdirilir. Dünya bazarında neftin əvvəlki illərlə müqayisədə 3-4 dəfə ucuzlaşmasına baxmayaraq, cari ildə ölkəmizdə qeyri-neft sektorunun inkişafı, məqsədli sosial proqramların icrası prioritet vəzifə kimi müəyyənləşdirilib. Azərbaycanda həyata keçirilən uğurlu investisiya siyasəti isə qarşıya qoyulmuş ümumi məqsədlərə çatmağa imkan yaradacaq, qlobal maliyyə böhranının ölkəmizə təsirlərinin azaldılmasına səbəb olacaq. Yeri gəlmişkən, son zamanlar ölkəmizdə investisiyaların təşviqi istiqamətində ciddi addımlar atılır. 2016-cı il yanvar ayının 18-də Prezident İlham Əliyevin “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı fərman da Azərbaycana qoyulacaq sərmayələrin həcminin xeyli dərəcədə artmasına gətirib çıxaracaq. Nazirlər Kabinetinin cari ilin ilk rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, ölkə iqtisadiyyatına, qeyri-neft sektoruna qoyulacaq investisiyalar özlüyündə daha da böyük canlanmaya, yeni iş yerlərinin yaradılmasına gətirib çıxaracaq.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.