İyirmi dörd ildən artıqdır ki, Azərbaycanın ərazilərini işğal altında saxlayan, beynəlxalq hüquq normalarına saymazlıq edən Ermənistan indi də Azərbaycanı nüvə silahı ilə təhdid edir. Hazırda bütün dünyanın nüvə silahlarının həcminin azaldılması və bu qorxunc silahın yayılmasının qarşısını almaq, bu kampaniyaya daha çox ölkənin qoşulduğu bir vaxtda işğalçı Ermənistanın nüvə silahı və “çirkli silah”la təhdidə əl atması dünya birliyinə meydan oxumaqdır.
Ermənistanda nüvə silahı olmasa da, atom elektrik stansiyasının tullantılarından hazırlanmış və özlərinin iddia etdikləri kimi, guya “çirkli atom” bombası deyilən bomba istehsal ediblər. Mütəxəssislərin rəyinə görə, ermənilərin bu silahı adi atom silahından fərqlənsə də, onun da güclü radiasiya şüalanması var. Əlbəttə, ermənilər hələ ki, bu silahın onlarda olduğunu birmənalı şəkildə iddia etmirlər. Amma bu silahı hazırlaya biləcəklərini də istisna etmirlər.
Ermənistanın dünyanı lərzəyə salan qorxunc silahdan istifadə etməklə, Azərbaycanı təhdid etməsi beynəlxalq aləmdə dərhal ciddi reaksiya doğurmalı idi. Çünki 2016-cı il martın 31-i və aprelin 1-də Vaşinqtonda IV Nüvə Təhlükəsizliyi Sammitinin keçirilməsi bir daha təsdiqlədi ki, beynəlxalq ictimaiyyət nüvə silahının yayılmasının qarşısını almaq üçün ciddi səy göstərir. Həmin vaxt dünyanın nəzər–diqqətinin ABŞ-a yönəlməsinin də əsas səbəbi məhz bu idi.
İndiki dövrdə bütün dünya üçün ciddi təhlükə yaradan nüvə terrorçuluğunun qarşısının alınmasına həsr olunan bu sammitdə əllidən çox ölkənin dövlət və hökumət başçılarının, müxtəlif beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı bir daha təsdiqlədi ki, dünya birliyi nüvə təhlükəsizliyinin əsas istiqamətlərinin, o cümlədən dünyada təhlükəli nüvə materiallarının sayının azaldılmasının, həmçinin atom elektrik stansiyalarının (AES) ümumi mühafizəsinin gücləndirilməsinin və radioaktiv mənbələrin təhlükəsizliyinə dair beynəlxalq əməkdaşlığın genişləndirilməsinin tərəfdardır.
Sammitin ertəsi gün ABŞ Prezidenti Barak Obama Nüvə Təhlükəsizliyi Sammitinin yekunlarına həsr edilən mətbuat konfransında bir sıra ölkələr kimi, Azərbaycanın da nüvə materiallarının yayılmasının qarşısının alınmasında ciddi tədbirlər gördüyünü diqqətə çatdırmışdır.
Bu gün dünya birliyində çox həyəcanla nüvə silahının və nüvə silahı ilə təhdidetmənin qarşısını almaqdan danışıldığı bir vaxtda Ermənistanın bu saymazlığına biganə qalmaq olmaz. Artıq işğalçı Ermənistanın silahlı qüvvələrinin Azərbaycan ərazisinə kimyəvi tərkibli top mərmisi atdığı aşkarlanıb. Məlum olduğu kimi, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Tərtər rayonunun cəbhəyanı Əskipara kəndi ərazisində Ermənistan ordusunun atdığı partlamamış kimyəvi tərkibli top mərmisi aşkarlanmış və mayın 11-də agentliyin mütəxəssisləri tərəfindən müvafiq təhlükəsizlik qaydalarına riayət edilməklə partladılaraq məhv edilmişdir.
İlkin araşdırma zamanı müəyyən edilib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrinə və mülki əhalisinə qarşı törətdiyi təxribatlar zamanı Tərtər rayonunun cəbhəyanı Əskipara kəndində aşkarlanan partlamamış mərmi hərbi sursat növünə aid, daxilində 3,6 kiloqram P-4 (ağ fosforun kimyəvi kodu) kimyəvi tərkibli olan D-4 (tüstülü mərmi) tipli 122 millimetrlik top mərmisidir. Ermənistan silahlı qüvvələri bu cür kimyəvi tərkibli mərmilərdən istifadə etməklə Ermənistan silahlı qüvvələri 1949-cu il Müharibə Qurbanlarının Qorunması haqqında Cenevrə Konvensiyasını və həmin konvensiyaya 1977-ci ildə qəbul edilmiş əlavə protokolları, “Adi silahların konkret növləri haqqında konvensiya”nın III (1980), eləcə də kimyəvi silahların istehsalı və tətbiqinin qadağan olunmasına dair BMT-nin 30 noyabr 1992-ci il tarixli Konvensiyasının müddəalarını kobud şəkildə pozub.
Beynəlxalq konvensiyalara məhəl qoymayan Ermənistanda əsgər və zabitlər düşdükləri acınacaqlı vəziyyətdən xilas yolunu hərbi xidmətdən imtinada görürlər. Son hadisələr də göstərdi ki, Ermənistan ordusu tənəzzül içərisindədir. Aclıq və səfalət ordunu çökdürüb. Gənclər hərbi xidmətdən açıq şəkildə imtina edirlər. İşğalçı dövlətin nüvə silahı ilə təhdidi erməni hərbçilərini də ciddi narahat edib. Aprelin əvvəlində Azərbaycan Ordusu tərəfindən azad edilmiş
yaşayış məntəqələrinə və yüksəkliklərə baxış keçirilərkən erməni əsgər və zabitlərinin necə dözülməz şəraitdə yaşadıqları üzə çıxdı. Bu şəraitə nəinki insan, heç it də dözə bilməz.
Beynəlxalq humanitar hüquq normalarında təsbit edilmiş qaydalara məhəl qoymayan erməni silahlı bölmələri bu tip mərmilərdən təkcə Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutduqları zaman deyil, həmçinin yaşayış məntəqələrinə və mülki əhaliyə qarşı da istifadə edirlər. Hazırda nüvə enerjisi məsələsində dünya dövlətlərini narahat edən başlıca məsələlərdən biri də ilk növbədə radiasiya təhlükəsinə məruz qalmaq riskindən uzaq olmaqdır. 1986-cı il aprelin 26-da Ukraynanın Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş ağır nəticələrə səbəb olan partlayış, 2011-ci ilin martında Yaponiyada baş vermiş sunami nəticəsində “Fukusima-1” Atom elektrik stansiyasında yaranmış qəzanın acınacaqlı nəticələrini heç kim unutmayıb. Belə qorxunc hadisələr, adətən, istismar vaxtı keçmiş AES-lərdə baş verir. Həmin təhlükə mənbələrindən biri də Ermənistanın istismar müddəti başa çatmış “Metsamor” AES-dir. Bu atom elektrik stansiyası hazırda bütün region üçün ciddi təhlükə mənbəyinə çevrilib.
“Metsamor” AES-in bərbad hala düşməsi ermənilərin özlərini də qorxuya salıb. Vəziyyət o yerə çatıb ki, artıq erməni ekoloqları özləri həyəcan təbili çalmağa başlayıblar. Bu ölkənin “Ekolur” təşkilatı Ermənistanın Səhiyyə və Fövqəladə Hallar nazirliklərinə müraciət edib. Bildirilir ki, “Metsamor” Atom Elektrik Stansiyası ətrafında olan əkin sahələrini sel basıb. Stansiyanın bir neçə kilometrliyində baş verən daşqınlar Atom Elektrik Stansiyasının irriqasiya sistemini tamamilə sıradan çıxarıb. Bu da stansiyanın su tullantıları çıxan borularına təsirsiz ötüşməyib. Stansiyaya baxış keçirən Ermənistanın “Ekolur” təşkilatının işçi qrupunun məlumatına görə, Atom Elektrik Stansiyasının zirzəmiləri su altında qalıb. Daşqın suları tullantıları da zirzəmiyə toplayıb. Ekoloqlar burada it, pişik və hətta toyuqların məhv olduğunu deyiblər. Vəziyyətlə bağlı “Ekolur” Ermənistanın Səhiyyə və Fövqəladə Hallar nazirliklərinə müraciət edib.
Erməni ekoloqları çox yaxşı bilirlər ki, istismar müddəti bitmiş, uzun illərdir heç bir yenilənmə işləri aparılmayan “Metsamor” AES-də qəza baş verəcəyi təqdirdə Ermənistanın özü də daxil olmaqla, geniş coğrafiyada yerləşən bir çox ölkə nüvə qəzasının yaratdığı digər fəsadlarla üz-üzə qalacaqdır. Bu qorxunc məsələ ilə bağlı təkcə erməni ekoloqları yox, uzun illərdir region ölkələri, Avropa İttifaqı və bir çox beynəlxalq təşkilatlar da həyəcan təbili çalır, milyonlarla insanın həyatını təhdid edən bu halın aradan qaldırılması üçün tədbir görülməsini tələb edirlər.
Xatırladaq ki, “Metsamor” AES-dəki reaktorun istifadə müddəti 2001-ci ildə başa çatıb. Azərbaycan və Türkiyə dəfələrlə Beynəlxalq Atom Enerjisi Agentliyinə müraciət edərək “Metsamor” Atom Elektrik Stansiyasının region üçün real təhlükə mənbəyi olduğunu bildiriblər. Lakin hələ də ciddi tədbirlər görülməyib. Beynəlxalq təşkilatlar sanki unudurlar ki, bu AES Cənubi Qafqaz, Yaxın Şərq, Xəzər və Qara dəniz ölkələri üçün ciddi təhlükə mənbəyinə çevrilib.
Göründüyü kimi, işğalçı Ermənistanın vandal aktlarının və beynəlxalq hüquq normalarına saymazlığın acı nəticələrini yaşayan xalqımız hazırda nüvə terrorizmi və radiasiya riski ilə üz-üzədir. Ermənistanın işğal altında olan Azərbaycan torpaqlarında nüvə tullantıları basdırmasının aşkar olunması, “Metsamor” Atom Elektrik Stansiyasının radiasiya tullantılarının Araz çayı vasitəsilə Xəzər dənizinə axıdılması və digər bu kimi faktlar da təsdiqləyir ki, Ermənistan silahlı qüvvələri işğal etdikləri Azərbaycan ərazilərindən qadağan olunmuş nüvə məhsullarının tranzit daşınmasında da istifadə edə bilərlər. Ermənilərin nüvə qaçaqmalçılığı ilə məşğul olması, radioaktiv materialları ölkədən çıxararaq satmaq cəhdlərinə dair çoxsaylı faktlar mövcuddur. Belə materialların İŞİD və Əl-Qaidə kimi terror qruplaşmalarının əlinə düşəcəyi təqdirdə nəyin baş verəcəyini təsəvvür etmək heç də çətin deyil. Prezident İlham Əliyev istismar müddəti başa çatmış “Metsamor” AES-in ciddi təhlükə mənbəyi olması haqında hələ 2012-ci ilin martında Seulda keçirilmiş sammitdə də məsələ qaldırmışdır. Dövlətimizin başçısı demişdir ki, Azərbaycan Ermənistanın 1976-cı ildə fəaliyyətə başlamış və hazırda köhnəlmiş “Metsamor” Atom Elektrik Stansiyasından olduqca narahatdır. “Metsamor” stansiyası bütöv region və yaxınlıqda olan qonşular üçün potensial fəlakət mənbəyidir. “Ermənistanda yerləşən “Metsamor” Atom Elektrik Stansiyasının fəaliyyətinin dayandırılması istiqamətində təkcə Türkiyə deyil, Cənubi Qafqaz regionu ölkələri də fəallıq nümayiş etdirməlidir."
Dövlət başçımızın mövqeyi beynəlxalq aləmdə də dəstəklənmişdir. Türkiyə Böyük Millət Məclisinin deputatı Sinan Oğan bildirib ki, “Metsamor” AES bütün region üçün təhlükə mənbəyidir: “Düzdür, Azərbaycan “Metsamor” Atom Elektrik Stansiyasının fəaliyyətinin dayandırılması istiqamətində müəyyən fəaliyyət göstərir və iştirak etdiyi beynəlxalq toplantılarda bu stansiyanın regiona olan təhlükələri barədə məlumatlar verir. Hesab edirəm ki, eyni addımı Gürcüstan tərəfi də atmalıdır.”
S.Oğan deyib ki, Azərbaycan, Türkiyə və Gürcüstan “Metsamor” AES-in fəaliyyətinin dayandırılmasına nail olmaq üçün müştərək iş aparmalıdır.
Ən son məlumatlara görə, Ermənistan “Metsamor” Atom Elektrik Stansiyasının fəaliyyətini 2026-cı ilədək uzatmaq niyyətindədir və bu barədə hökumət qərar da qəbul edib. İstismar müddəti başa çatmış AES-in yarada biləcəyi təhlükənin qarşısının alınmasının ən sərfəli yolu” onun bağlanmasıdır.
Bütün bu təhdidlərin qarşısının alınmasını və regionun təhlükədən qorunmasını təmin etmək məqsədilə “Stop “Metsamor”!” kampaniyasına başlanılıb. Bu məqsədlə bir qrup bloqqer change.org saytında “Metsamor” AES-in bağlanmasını tələb edən “Stop Metsamor!” petisiyası üzrə imza toplanmasına start verib. Bundan başqa, sosial şəbəkələrdə - Facebook və Twitterdə “Stop “Metsamor!” kampaniyasının xüsusi səhifələri də yaradılıb. Fəallar beynəlxalq ictimaiyyəti “Metsamor” AES-in yaratdığı təhlükəyə biganə qalmamağa və həyata keçirilən kampaniyanı dəstəkləməyə çağırırlar. Bu qorxunc fəlakətin qarşısını almaq üçün ictimaiyyətin bütün nümayəndələrinin petisiyaya qoşulacağına şübhə ola bilməz. Çünki “Metsamor” AES-in Azərbaycan, Türkiyə və İran üçün yaratdığı real təhlükənin ümumi ərazisi mövcud Ermənistandan təxminən iki dəfə böyükdür.
Ermənistan tərəfinin işğal altında saxladığı Azərbaycan torpaqlarında terrorçu təşkilatlara təlim düşərgəsi yaratması beynəlxalq ictimaiyyətə də bəllidir. Kim zəmanət verə bilər ki, daim terrorçuluğu dəstəkləyən, mütəmadi olaraq ayrı-ayrı terror təşkilatları ilə əməkdaşlıq edən Ermənistan “Metsamor” AES-in imkanlarından Azərbaycana və qonşu dövlətlərə qarşı məqsədli istifadə etmək niyyətində deyil? Axı ermənilərin bu çirkin əməllərini təsdiqləyən çoxlu faktlar var. Onlardan bir neçəsini diqqətə çatdırmaq istərdik.
2010-cu il sentyabrın 16-da Tbilisi hava limanında bir üzvü erməni olan cinayətkar qrup saxlanılıb. Saxlanılmış şəxslərin üzərindən 0,0004 kiloqram plutonium (Pu) və 0,00008 kiloqram az zənginləşdirilmiş uran aşkarlanaraq götürülüb. Araşdırma zamanı cinayətkarların radioaktiv materialları satmağı planlaşdırdıqları müəyyən edilib.
2016-cı ilin yanvarında Ermənistan-Gürcüstan sərhədində (Sadaxlı-Baqrataşen nəzarət-buraxılış məntəqəsi) Gürcüstan gömrükçüləri tərəfindən Sezium-137-ni sərhəddən keçirməyə cəhd göstərən üç erməni həbs edilib.
2016-cı ilin aprelində Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən üç Ermənistan vətəndaşı və üç Gürcüstan vətəndaşı 200 qram Uran-238-i satmaq cəhdinə görə həbs edilib. Müəyyən olunub ki, Ermənistandan olan üç nəfər əvvəllər “Metsamor” AES-də işləyiblər. Bu qrup radioaktiv materialı Yaxın Şərq ölkələrinə satmağı planlaşdırırmış.
Belə faktlar istənilən qədərdir. Ona görə də “Metsamor” Atom Elektrik Stansiyasının fəaliyyəti mütləq dayandırılmalı, həmin obyektin bütün əmlakı beynəlxalq komissiyanın nəzarətinə verilməlidir.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.