Heydər Əliyev milli dirçəlişin və Azərbaycan ideologiyasının inkişafının təməli olan ideyanın banisidir

Rusiyada çıxan gündəlik “Novıye izvestiya” qəzetində beynəlxalq mövzularda yazan jurnalist Vladimir Suxoyun Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş “Müasir Azərbaycanın memarı” sərlövhəli məqaləsi dərc olunub. AZƏRTAC həmin məqaləni bəzi ixtisarlarla təqdim edir.

 

*  *  *

 

Heydər Əliyev olmasaydı, müasir Azərbaycan da olmazdı. Məhz onun ölkənin rəhbərliyinə gəlişindən sonra Azərbaycanda iqtisadiyyatın, dövlət quruluşunun və ictimai həyatın əsaslı şəkildə modernləşdirilməsi prosesi başlayıb.

Heydər Əliyev Azərbaycanda hakimiyyətə ölkənin vətəndaş müharibəsi və tam parçalanmaq həddində olduğu çox mürəkkəb

bir dövrdə gəlib. Burada Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda hakimiyyətə hansı şəraitdə qayıtdığını bir daha xatırlatmaq lazımdır. Həmin dövrdə o, doğma yurdu Naxçıvanına gedir. Amma H.Əliyevi əvvəlcə bu muxtar respublikanın parlamentinin başçısı seçirlər, sonra isə ölkəni xilas etməsi üçün Bakıya çağırırlar. Hava limanından gələn yolda minlərlə insan onu gül-çiçəyə qərq edir. Elə düşünməyin ki, bütün bunlar hansısa dövlət xidmətləri tərəfindən təşkil edilmişdi. Həmin dövrdə belə xidmətlər Bakıda sadəcə yox idi. 1993-cü ildə Azərbaycan eyni vaxtda həm Ermənistan ilə müharibənin, həm də vətəndaş müharibəsinin didib-parçaladığı yarımdağılmış vəziyyətdə olan bir ölkə idi.

“O, öz xalqının gücünə arxalanırdı” kimi pafoslu sözlər var. Amma Heydər Əliyev barəsində bu sözlər pafos deyil, faktın sadəcə təsdiqidir. 1993-cü ildə Heydər Əliyev həm elitanın, həm də bütün cəmiyyətin gözündə ən layiqli namizəd idi.

Azərbaycan xalqı əmin olmuşdu ki, milli dövlətçilik parçalanmaq təhlükəsi ilə üz-üzədir. Ən ağır günlər başlayanda xalq israrla mövcud hakimiyyətin dəyişməsini tələb edir və o vaxtdan etibarən öz taleyini yenə də Heydər Əliyevə etibar edir. Xalqının çətin durumda olduğunu hiss edən siyasi xadim

bu dəvəti qəbul edir və Azərbaycanda böyük siyasətə qayıdır.

Xalq Heydər Əliyevin qayıdışını ümid və fərəh hissi ilə qarşılayır. Heydər Əliyev nəinki qısa müddətdə ölkə daxilində münaqişə ocaqlarını söndürməyə müvəffəq olur, həm də Azərbaycanın inkişafının əsas vektorlarının təməlini qoyur.

Müasirlərinin xatirələrinə görə, Heydər Əliyev heç vaxt kabinet işinə üstünlük vermirdi. Neft emalı zavodlarının sexlərində, laboratoriyalarda, limanlarda, tikintilərdə nələr baş verdiyini bilavasitə bilməsi üçün hər yerdə olurdu. Problemlər yarananda səbəblərini özü axtarıb tapır və onları aradan qaldırmaq üçün tədbirlər təklif edirdi.

Heydər Əliyev respublikanın paytaxtına xüsusi diqqət yetirir, qədim memarlığın möhtəşəmliyini müasir urbanizm meyilləri birləşdirməyə çalışırdı. İndi paytaxt Bakını onun müasir rəmzlərindən biri olan Heydər Əliyev Mərkəzi bəzəyir. Bakılıları və paytaxtın qonaqlarını qarşılayıb-yola salan Heydər Əliyev Beynəlxalq Aeroportu şəhərin vizit kartına çevrilib.

Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra əvvəlki hakimiyyətin zamanında müşahidə olunan milli azlıqların hüquqlarının pozulması hallarının qarşısı qətiyyətlə alındı. Heydər Əliyevin böyük xidməti budur ki, o, rusdilli əhalinin Azərbaycandan axınının qarşısını ala bildi və ölkəsinin dünyəvi əsaslarını qurdu. Bu gün Azərbaycan Yaxın və Orta Şərqdə güclənməkdə olan ekstremist meyillərə müqavimət göstərərək, sırf dünyəvi xarici və daxili siyasət yürüdür.

Ölkəsinin bütün daxili problemlərinə baxmayaraq, Heydər Əliyev keçmiş SSRİ respublikaları arasında mehriban qonşuluq münasibətlərinə həmişə böyük əhəmiyyət verirdi. O, dostluğa, qarşılıqlı ehtirama, bərabərhüquqlu qarşılıqlı əməkdaşlığa əsaslanan Rusiya-Azərbaycan münasibətlərinin gələcəyinə, bu münasibətlərin iki ölkənin xalqlarının əsas maraqlarına cavab verən davamlı inkişafına, regionda sülhün və sabitliyin möhkəmlənməsinə həmişə nikbinliklə baxırdı. Belə bir məsələ xüsusi əhəmiyyət kəsb edir ki, Heydər Əliyev Rusiya-Azərbaycan münasibətlərini nəinki qoruyub saxlamağa müvəffəq oldu, həm də bu gün ölkələrimiz arasında dinamik inkişaf edən əməkdaşlığın təməlini qoydu.

Azərbaycan və Rusiya heç vaxt bir-birindən uzaqlaşmağa cəhd göstərməyiblər. Vladimir Putin prezident seçiləndən sonra Heydər Əliyev ilə görüşmək üçün ilk səfərini məhz Azərbaycana edəndən sonra münasibətlərin yaxşılaşması özünü daha qabarıq göstərdi. Bununla da Cənubi Qafqazın ən iri dövlətlərindən biri ilə əməkdaşlığın Rusiya üçün əhəmiyyətli olduğu nümayiş etdirildi.

Heydər Əliyev müstəqil dövlətin lideri kimi ilk növbədə öz ölkəsinin maraqlarını güdürdü. Bununla belə, o, Rusiyanın maraqlarını  həmişə nəzərə alırdı. Heydər Əliyev ilə Vladimir Putin arasındakı qarşılıqlı etimada əsaslanan münasibətlərə siyasətçilər arasında çox nadir hallarda təsadüf edilir. Heydər Əliyev özü danışırdı ki, onların ilk görüşü Kiyevdə yüksək səviyyəli sammitlərin birində baş tutmuşdu. Rəsmi iclas başa çatanda artıq axşam saat 10-a yaxın idi. Buna baxmayaraq, Heydər Əliyev söhbəti çay süfrəsi ətrafında davam etdirmək üçün Vladimir Vladimiroviçi öz iqamətgahına dəvət edir. Təbii ki, Vladimir Vladimiroviç bu dəvəti qəbul edir və onlar az qala səhərə kimi söhbət edirlər.

Sabitliyin təmin olunması Heydər Əliyevin fəaliyyətində ən əhəmiyyətli nailiyyətdir. O, bu məsələdə xalqın ona olan etimadını tam doğruldub. Sabitlik dövlətçiliyin möhkəmlənməsinə şərait yaradır, digər taleyüklü məsələlərin həllinə - istehsalat müəssisələrinin məhsuldarlığının artmasına və intensiv inkişafına, kənd təsərrüfatında dönüşün yaradılmasına, cəmiyyətin iqtisadi baxımından yenidən qurulmasının mühüm mərhələsi kimi özəlləşdirmə proqramının sürətlənməsinə, elmin və təhsilin səviyyəsinin artmasına, Azərbaycanın keçmiş Sovet İttifaqının ən inkişaf etmiş respublikalarından birinə çevrilməsinə əlverişli fon yaradırdı.

 Heydər Əliyev 1994-cü ilin 20 sentyabrını ən yeni tarixə “Əsrin müqaviləsi” kimi yazır. Dünyanın 8 ölkəsindən 13 ən iri neft şirkətinin imzaladığı Xəzər dənizinin dərin qatlarında yerləşən neft yataqlarının işlənməsinə dair bu müqavilə ölkənin perspektivləri üçün çox əhəmiyyətli olan neft strategiyasını işə salır. Neft sənayesi böhrandan çıxır, bu sahəyə iri dövlət vəsaiti cəlb olunur, neft-kimya sahəsinin və neft maşınqayırmasının inkişafı başlayır.

“Əsrin müqaviləsi” sayəsində neft strategiyasında əhəmiyyətli irəliləyiş baş verir. Bu saziş ölkəyə təkcə “dollarlar” deyil, həm də geosiyasi dividentlər gətirir: Azərbaycan addımbaaddım “neft diplomatiyasının mərkəzinə” çevrilir, bu da ölkənin inamla dünya birliyinə daxil olmasına şərait yaradır. Heydər Əliyev neft strategiyası çərçivəsində ölkəyə çox ciddi təhlükə yarada biləcək  Xəzərin statusu problemini də gündəmə gətirir. Xəzərin Azərbaycan sektorundakı yataqların böyük miqyasda işlənməsi barədə dünyanın ən nəhəng neft-qaz korporasiyaları ilə saziş ölkə sənayesinin inkişafında müstəsna rol oynayır.

Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan iqtisadiyyatına təqribən 20 milyard dollar investisiya cəlb olunur. Lakin neft strategiyasının başlıca müsbət məqamı bu idi ki, Heydər Əliyev onun bazasında ABŞ, Rusiya və digər ölkələrlə etibarlı tərəfdaşlıq körpüləri qurur. “Əsrin müqaviləsi” Heydər Əliyev siyasətinin əsas prioritetini müəyyən etmiş ən iri iqtisadi akt kimi tarixə yazılır. “Əsrin müqaviləsi” Azərbaycanın ictimai-siyasi, sosial iqtisadi və mədəni həyatının miqyasının dəyişməsinə gətirib çıxardı: ölkəyə böyük pulların axını sayəsində xalq xaosdan və parçalanmaqdan qurtulmaq və öz mənəvi gücünü möhkəmləndirmək şansı əldə etdi.

1994-cü ilin sonundan (“Əsrin müqaviləsi”ndən sonra) başlayaraq, Heydər Əliyev bütün azimutlar üzrə tarazlaşdırılmış diplomatiya kursu götürdü. Heydər Əliyev Azərbaycanı dünya birliyinin tam dəyərli subyektinə çevirdi. Hazırda ölkə demək olar ki, bütün beynəlxalq təşkilatlarda təmsil olunub, regional və geosiyasi proseslərin çoxunda fəal iştirak edir.

Mühüm olan “Şərq-Qərb” layihəsinin həyata keçməsində Heydər Əliyevin xidmətini xüsusi qeyd etmək lazımdır. 1998-ci ilin sentyabrında Bakıda Heydər Əliyevin təşəbbüsü ilə “Böyük İpək Yolunun bərpası” beynəlxalq forumu keçirildi. Bu forum beynəlxalq tranzit layihəsində Bakıya əsas məntəqə statusu verdi. Onun “İpək Yolu” diplomatiyasında bütün istiqamətlər üzrə (ABŞ, Rusiya, Avropa, Yaponiya) müsbət tərəfdaşlıq yaratmağı və xalqın rifahı naminə praqmatik fayda götürmək üçün Azərbaycanı müxtəlif ölkələrin maraqlarının birləşdiyi zonaya çevirməyini nəzərdə tutan geosiyası kontekst xüsusilə gözə çarpırdı.

Heydər Əliyev milli dirçəliş və Azərbaycan ideologiyasının inkişafının təməli olan ideyanın banisidir. Ölkənin dünyəvi əsaslarını məhz Heydər Əliyev yaradıb. Hazırda Azərbaycan sırf dünyəvi siyasət yeridən, ekstremist meyillərə müqavimət göstərən dövlətlərdən biridir. O, bütün xarici səfərləri çərçivəsində tez-tez bu ölkələrdəki diasporların başçıları ilə görüşürdü. Dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etmişdi. Heydər Əliyev Azərbaycan diasporunun yaradılmasının müəllifidir. Onun “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam!” sözləri bu günə qədər azərbaycanlıların devizidir.

Heydər Əliyevin siyasətdənkənar həyatı da zəngin olub. O, çox sahə ilə maraqlanırdı. Mstislav Rostropoviç və Qalina Vişnevskaya ilə dostluq edirdi. M.Rostropoviç Əliyevin musiqini necə yaxşı bilməsindən çox emosional danışırdı. Çox gözəl videofraqment var: Heydər Əliyev “Gecə patrulu” kinofilmindən mahnını zümzümə edir, (“Hətta quş da vətənsiz yaşamasın gərək”) onu pianoda xanımı Zərifə Əliyeva müşayiət edir.

Heydər Əliyev “Uşaqlıqda kim olmaq istəyib?” sualına gözlənilmədən belə cavab verib: memar. Obrazlı desək, elə memar da olub, amma öz ölkəsinin memarı.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında