Güclü dövlət konsepti: Azərbaycan modelinin səmərəliliyi

Son zamanlar mütəxəssislər müstəqil dövlət quruculuğunun uğurlu modeli ilə bağlı tez-tez fikirlər söyləyirlər. Onlar güclü dövlət olmadan demokratik cəmiyyət formalaşdırmağın imkansızlığına vurğu edirlər. Lakin keçən əsrin 90-cı illərində Qərb ideoloqlarının təsiri altında alimlər daha çox liberal dəyərlərin dominantlığından bəhs edirdilər. Həmin çətin mərhələdə ulu öndər Heydər Əliyev Azərbaycan üçün güclü dövlət quruculuğu kursunu müəyyənləşdirdi və həyata keçirməyə başladı. Ötən müddət göstərdi ki, məhz bu model postsovet məkanında ən səmərəli modeldir. Dünyanın tanınmış alimləri də əsərlərində güclü dövlətin zəruriliyini qeyd edirlər. Onların sırasında Frensis Fukuyama və Andrey Sıqankov kimi təfəkkür sahibləri də vardır. Biz müasir alimlərin irəli sürdüyü tezislər müstəvisində Azərbaycanda həyata keçirilən güclü dövlət quruculuğunun bir sıra aspektlərinə nəzər salmaq istərdik.

 

Dövlət quruculuğu: milli təcrübə,
dünya sistemi və “rəngli inqilablar”

 

XX əsrin 90-cı illərində Sovet İttifaqının dağılmasından sonra müstəqillik əldə etmiş ölkələrin hansı dövlət quruculuğu kursunu seçməsi ilə bağlı geniş diskussiyalar başladı. Qərbin təsiri ilə əksər respublikalarda liberal demokratiya ideyaları  xüsusi diqqət mərkəzində idi. Bunun fonunda dövlət quruculuğu daha çox liberal dəyərlərin dominantlığını təmin etməyə istiqamətlənirdi. Bu zaman ölkədə nizam-intizamı, hüququn aliliyini, təhlükəsiz və firavan həyatı təmin edə biləcək dövlət strukturlarının yaradılması məsələsi sanki arxa plana atılırdı. Həmin dövrdə Heydər Əliyev güclü dövlət konsepsiyasını Azərbaycanda reallaşdırmaqla nə qədər uzaqgörən dövlət xadimi olduğunu sübut etdi. Bunu postsovet məkanı ilə yanaşı, dünyanın müxtəlif regionlarında baş verən hadisələr də təsdiqləyir.

Bəli, ulu öndərin keçən əsrin 90-cı illərinin çox qarışıq bir vaxtında seçdiyi yolun doğruluğunu təcrübə təsdiqlədi. 2004-cü ildə Frensis Fukuyama yeni kitabının girişində yazırdı: “Bu kitabda mən göstərirəm ki, güclü dövlət quruculuğu müasir dünyanın ən vacib problemlərindən biridir, çünki dövlətin zəifliyi və dağılması dünyanın ən ciddi problemlərinin mənbəyidir...”.

San-Fransisko Universitetinin siyasi elmlər və beynəlxalq münasibətlər üzrə professoru Andrey Sıqankov isə 2015-ci ildə yazdığı “Güclü dövlət: XXI əsrdə nəzəriyyə və praktika” adlı məqaləsində vurğulayır: “2008-ci ilin ikinci yarısından dünya yeni inkişaf zolağına çıxdı... Yeni keçid dövrünün istiqamətləri və nəticələri hələ aydın deyil... Qeyri-sabitliyin artması tendensiyası əksər dövlətləri yeni çağırışlar qarşısında son dərəcə həssas hala gətirir”.

Professor bunlardan çox maraqlı bir nəticə çıxarır. O, fikirlərinə davam edərək yazır: “Effektiv dövlətin parametrləri və vəzifələrini yenidən müəyyənləşdirmək zərurəti artır. İnkişafa yalnız milli təcrübəyə və ölkənin dünya sistemindəki yerinə uyğun gələn imkanlarını düzgün müəyyənləşdirənlər qabil olacaqlar. Digərləri isə, “rəngli inqilablar” təcrübəsi göstərir ki, dağılacaqlar və ya dağılma ilə zəifliyin sərhədində tarazlığı saxlamağa çalışacaqlar".

Burada alimin bir neçə məqama vurğu etdiyini qeyd etmək istərdik. Birincisi, ümumiyyətlə, dünya boyunca dövlətçiliyə yeni çağırışlar meydana gəlib və onları bütövlükdə təhdidlər kimi xarakterizə etmək olar. İkincisi, bu şəraitdə yalnız:

– milli təcrübə əsasında dövlətin imkanlarını düzgün müəyyənləşdirə bilən;

– ölkənin müasir dünya sistemindəki yerini və rolunu obyektiv qiymətləndirən;

– “rəngli inqilablar”dan uzaq duran ölkələrdə dövlət öz funksiyasını yerinə yetirə biləcək.

Deməli, müstəqilliyinə çatmış ölkələr dövlətçilik aspektində, faktiki olaraq, indi iki düşərgəyə bölünüblər. Onların bir qrupu güclü dövlət quruculuğunu həyata keçirərək sabitliyə və inkişafa nail olublar. Digərləri isə “rəngli inqilablar”ın təsiri altına düşərək xaosla nizamlılığın sərhədində tərəddüd edirlər. İkincilərin müstəqil dövlətçilik kursunun baş tutub-tutmayacağı aydın deyil.

 

Heydər Əliyevin güclü dövlət kursu:
elmi qənaətlərin işığında

 

Bu fikirlərin işığında Azərbaycanın dövlət quruculuğu prosesində məhz birinci qrupda olduğu tam aydın görünür. Hətta cəsarətlə demək olar ki, postsovet məkanında Heydər Əliyevin hazırladığı kurs daha effektlidir.

Rusiya Sovet İttifaqı dağılandan sonra seçdiyi birmənalı qiymətləndirilməyən dövlət quruculuğu yolundan çəkinərək, Azərbaycanda tətbiq olunan güclü dövlət kursuna uyğun xətti seçdi. Və məhz ondan sonra Rusiyada dövlətçilik gücləndi. Konkret desək, müəyyən mənada Moskva Bakıdan nümunə götürdü. Sirr deyil ki, Heydər Əliyevin dövlət quruculuğu konsepsiyasına Kreml dəfələrlə yüksək qiymət verib.

Belə çıxır ki, Qərbin tanınmış alimlərinin belə etiraf etdiyi güclü dövlət konsepti XXI əsrin ən səmərəli modelidir. Heydər Əliyevin hələ 23 il əvvəl hazırlayıb həyata keçirdiyi siyasi  kurs təqdirəlayiqdir. Azərbaycan dövlətinin bu gün əldə etdiyi uğurların təməlində məhz bu məqam dayanır.

Heydər Əliyev lap başlanğıcdan xüsusi qeyd edirdi ki, dünyanın inkişaf etmiş ölkələrinin dövlət quruculuğu təcrübəsi öyrənilməlidir, lakin Azərbaycan üçün bu sahədəki milli təcrübə əsasdır. Ulu öndər milli dövlətçilik tarixini olduqca gözəl bildiyindən onun əsasında dövlət quruculuğunun istiqamətini müəyyənləşdirdi. O cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin təcrübəsini mütləq surətdə nəzərə aldı. Şərqin ilk demokratik respublikasının hansı səbəblərdən uzun müddət yaşaya bilmədiyinin bütün səbəblərini analiz edərək, müasir şəraitə uyğun xətt müəyyənləşdirdi.

Heydər Əliyevin dövlət quruculuğu konsepsiyasının çox mühüm cəhətini milli təcrübə əsasında dövlətin imkanlarının düzgün müəyyənləşdirilməsi təşkil edir. Özü də bunu Azərbaycan, ölkə üçün olduqca qeyri-müəyyən və mürəkkəb olan bir vəziyyətdə də həyata keçirə bilir. Xatırlayaq ki, 90-cı illərin əvvəllərində dünyanın böyük dövlətlərinin ölkəmizə münasibəti, açıq desək, dostcasına deyildi. Onların münasibətini müsbətə doğru dəyişmək üçün diplomatik ustalıqla yanaşı, qlobal sistemin obyektiv gerçəkliklərini də nəzərə almaq lazım idi. Bunun üçün düzgün strateji-siyasi, iqtisadi, hərbi və mədəni addımları ardıcıl atmaq gərək idi. Həmin dövrdə Heydər Əliyev böyük səbir və peşəkarlıqla həm Qərbin böyük dövlətlərinə Azərbaycan həqiqətlərini anladırdı, həm də Rusiyanın dövlətçiliyimizə olan münasibətini pozitiv istiqamətdə dəyişirdi. Bunları reallaşdırmaq üçün Azərbaycanın müstəqil dövlət kimi dünya sistemindəki yeri və rolunu obyektiv qiymətləndirmək lazım idi. Təcrübə göstərdi ki, dünyanın böyük dövlətlərinin liderlərinin belə anlamaqda çətinlik çəkdikləri bu həqiqətləri Heydər Əliyev tədricən sübuta yetirməklə, onların mövqeyini tamamilə dəyişdi. Azərbaycan dövlətçiliyi tarixin sınağından uğurla çıxaraq, bütün çətinliklərə qalib gəldi.

Nəhayət, “rəngli inqilablar”ın yolunu ulu öndər əvvəlcədən kəsmişdi. Bunu Heydər Əliyev sosial-iqtisadi islahatları, enerji siyasətini qətiyyətlə həyata keçirməklə etdi. Eyni zamanda, regionun geosiyasi mənzərəsini dəyişən addımlar da atdı. Sui-qəsdlərə, bir sıra dairələrin təxribatçı əməllərinə sinə gərərək dövləti maraqlara uyğun gələn layihələri reallaşdırdı. Həmin sırada çox mühüm əhəmiyyət kəsb edən məqamlardan biri informasiya təhlükəsizliyinin dövlət quruculuğu fəlsəfəsində yerini və rolunu dəqiq müəyyənləşdirməkdən ibarət idi. Bu, strateji aspektdə olduqca vacib faktordur. Çünki bu sahənin mütəxəssisləri həmişə qeyd edirlər ki, informasiya vasitəsi ilə dövlətləri və cəmiyyətləri dağıtmaq mümkündür. Zatən indi də bu istiqamətdə bir sıra dövlətlərin fəaliyyətini çoxları görür. Təsadüfi deyil ki, Çinin dövlət başçısı Si Szinpin ABŞ-a məhz informasiya sahəsindəki savaşı müzakirə etmək üçün səfər edir. Belə çıxır ki, dünyanın ən güclü dövlətləri üçün belə informasiya təhlükəsizliyi strateji önəm kəsb edir.

Mütəxəssislər bütövlükdə qlobal miqyasda informasiyanın rolunun yüksəlməsini vurğulayırlar. Onlar hesab edirlər ki, müasir mərhələdə informasiya vasitəsi ilə “insanların şüurunu manipulyasiya edirlər”. Yəni, onların psixologiyasına elə təsir edirlər ki, insanlar yalanı həqiqət kimi qəbul edirlər. Bu əsasda vətəndaş hətta öz dövlətinə və millətinə belə qarşı çıxa bilir.

Bu reallıqlar Heydər Əliyevin dövlət quruculuğunda informasiya təhlükəsizliyinin təmininə verdiyi önəmin strateji əhəmiyyətini təsdiqləyir. Azərbaycanda güclü dövlət quruculuğunun həyata keçirilməsi çox doğru seçim idi. Bu əsasda ölkədə demokratiyanı da, vətəndaş cəmiyyətinin formalaşdırılmasını da uğurla başa çatdırmaq mümkündür.

Newtimes.az


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında