Heydər Əliyev və müasir Azərbaycan

Böyük dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü təntənə ilə qeyd edildi. Bu zirvədən Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurucusu kimi müstəsna tarixi roluna nəzər yetirmək, fəaliyyətini araşdırmaq həm praktik siyasət, həm də elmi-tarixi və nəzəri baxımdan aktualdır. Yaşadığı dövrdən zaman etibarı ilə uzaqlaşdıqca böyüklüyü daha aydın görünən, Azərbaycanın güclü və müstəqil bir dövlət kimi formalaşması, inkişaf etdirilməsi, xalqımızın isə firavan yaşaması üçün müstəsna xidmətləri olan Heydər Əliyevin müstəqil dövlətçiliyə dair strateji düşüncələrinin və fəaliyyətinin bütün  tərəflərini heç şübhəsiz, bir məqalədə təhlil etmək imkan xaricindədir.

Hər bir dövlət  rəhbəri və siyasi xadim konkret şəraitə uyğun olaraq hərəkət edir və mücərrəd deyil, konkret şəraitdə qərarlar qəbul edir. İkincisi, dövlət rəhbərinə özündən sonra gələn şəxslərlərlə deyil, özündən əvvəlkilərlə müqayisədə qiymət verilir. Çünki dövlət rəhbərləri bir neçə on illər sonra nəyin baş verəcəyini əvvəlcədən görə bilməzlər. Lakin zamandan uca olan, xalqının inkişaf yolunu əvvəlcədən bir neçə on illər sonra üçün müəyyənləşdirən, xalqın tərəqqisində başlıca şərt olan dövlətinin qüdrətlənməsi işinə ömrünü həsr edən, strateji düşüncə sahibi olan dövlət rəhbərləri  də olurlar. Sonrakı bütün tarixi dövrlərdə hakimiyyətə gələnlər xalqı və dövləti daha da güclü etmək üçün məhz onların dövlətçilik irsinə və təcrübəsinə müraciət edir, ibrət alırlar.

 

*  *  *

 

Məlum olduğu kimi, Azərbaycan xalqı 1918-ci ilin may ayında müsəlman dünyasında bir ilkə imza atdı. İlk dəfə olaraq müsəlman Şərqinə respublika məfkurəsini gətirdi, Azərbaycan Cümhuriyyətini, respublika  idarə-üsulunu  qurdu. Bununla eyni zamanda müsəlman xalqlarına müstəmləkəçilikdən qurtulmağın örnəyini göstərdi, onların azadlıq yoluna işıq tutdu. Lakin ömrü uzun olmadı. 1920-ci ilin aprelində Azərbaycan Cümhuriyyəti bolşevik Rusiyasının istilasına məruz  qaldıqdan sonra milli dövlət süquta uğradı və Azərbaycan SSR yaradıldı, müstəqil dövlətçiliyin atributlarının məhv edilməsinə başlandı. XX əsrin 20, 30 və 40-cı illəri sovet dövlət quruculuğu adı altında müstəqil dövlətçiliyin ləğv edilməsi,  təbii sərvətlərinin amansızlıqla talan edilərək daşınıb aparılması, Azərbaycanın mərkəzə daha çox bağlanması, milli ədəbiyyatın, milli  ruhlu ziyalıların məhv edilməsi, amansız təqib və repressiyalar ilə yadda qaldı. Bunlar azmış kimi, Azərbaycan rəhbərliyində təmsil olunan şəxslər arasında uzun illər boyu davam edən intriqalar, mərkəzə şikayət dolu məktubların göndərilməsi respublikaya olan mənfi münasibəti daha da artırırdı.

1969-cu ildə Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanda şərait tədricən dəyişməyə başladı. Fabrik və zavodların tikilməsi və işə salınması nəticəsində yerlərdən gənclərin paytaxta gəlməsi ilə çarizm və sovet dövrlərində yadların köçürülməsi ilə milli simasını itirimiş Bakı şəhərinə ruh gəldi. Xarici tarixçilərin yazdığı kimi, azərbaycanlılar XX əsrdə iki dəfə Bakıda başlarını dik tutaraq gəzmişdilər: birinci dəfə, 1918-ci ilin sentyabr ayında Qafqaz İslam Ordusu tərəfindən şəhər azad edildikdən sonra; ikinci dəfə isə özlərinə inamın artdığı 70-ci illərdə – Heydər Əliyevin hakmiyyəti altında.

Azərbaycanın dövlət müstəqilliyi üçün zəruri olan maddi təməllər sovet sistemi daxilində formalaşmağa başladı. Respublika ərazisinin qorunmasına, əhalinin artımı və inkişafına,  hakimiyyətin  güclü olmasına xüsusi diqqət yetirildi. Azərbaycan ərazisindən qonşu respublikalara  pay verilmədi. Əhalinin sosial-iqtisadi vəziyyəti yaxşılaşdırıldı. Bu, əhalinin demoqrafik inkişafına ciddi təsir etdi.  

Heydər Əliyev digər mühüm tədbirləri də həyata keçirdi. Sovet sistemi şəraitində bir qədər də mərkəzin işarəsi ilə Azərbaycanı daim didib-parçalayan, xalq haqqında mərkəzdə mənfi rəy yaradan intriqalara respublika rəhbəri son qoydu. Hakimiyyətin qanadları arasında  yekdillik yaradıldı. Xalq və hakimiyyət arasında birlik quruldu, milli kadrların yerləşdirilməsinə üstünlük verildi. Güclü hakimiyyət formalaşdırıldı. Bütün ölkədə slavyan xalqların nümayəndələri milli respublikalarda hakimiyyət kürsülərinə daha çox gətirildiyi bir zamanda Heydər Əliyev yerli kadrları hazırlamağa və ətrafına toplamağa başladı. Xarici tədqiqatçıların fikrincə, Heydər Əliyevin qazandığı uğurların səbəblərindən biri məhz yerli milli kadrlara arxalanması idi.

İstiqlal üçün tələb olunan mənəvi amillərin formalaşdırılmasından ötrü mühüm addımlar atıldı. Məlum olduğu kimi, Azərbaycanın istiqlal fikri XIX əsrin sonları – XX əsrin əvvəllərində azərbaycanlı maarifçilərin, şair, yazıçı və alimlərin əsərlərində intişar tapmış və bu, cümhuriyyətin qurulmasında başlıca rollardan birini oynamışdı. Sovet hakimiyyəti qurulduqdan sonra istiqlal məfkurəsini əsər və düşüncələrində daşıdıqları üçün alim, şair, yazıçı və jurnalistlər amansız repressiyalara məruz qalmışdılar. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra həmin şəxslər azad nəzəs  aldılar. Belə şəxsləri Mərkəzin cənginə verməyən Heydər Əliyev bəzən onları yüngülcə tənqid etsə də, az sonra həmin adamlara yüksək fəxri adlar və vəzifələr verərək, qoruyur və toxunulmaz edirdi. O, Azərbaycan dili üzrə tədqiqatların aparılmasını təşviq edir, həmin sahənin görkəmli alimlərinə dövlət mükafatlarını verirdi.Azərbaycan ədəbiyyatının görkəmli xadimlərinin xatirəsini əziz tutur və əbədiləşdirirdi. Sovet dövründə hamının ümumi Vətəni hesab edilən SSRİ-nin bir guşəsindən – uzaq Sibirdən böyük mütəfəkkir Hüseyn Cavidin məzarının Naxçıvana köçürülməsinin dərin mənası var idi. Hüseyn Cavidin məzarının köçürülməsi təkcə tarixi ədəbi irsin  mühafizəsinə göstərilən qayğı deyil, şair, yazıçı, jurnalist və alimlərə qorxmamağa, yazıb yaratmağa bir işarə idi.   Xarici müəlliflərin yazdığı kimi, 70-ci illərdə azərbaycanlı şair və yazıçıların əsərlərindəki müstəqillik və Azərbaycanın hər iki tayının birliyi fikri Mərkəzi Komitənin birinci katibinin kabinetinin pəncərələrindən axaraq, onların düşüncələrinə və əsərlərinə hakim olurdu. Sonralar çıxışlarının birində Heydər Əliyev deyirdi: “Doğrudur, 22 il bundan öncə biz bilmirdik ki, Azərbaycan müstəqil dövlət olacaqdır. Lakin mən o vaxt Azərbaycanın müstəqilliyi fikri ilə yaşayırdım”.

 

*  *  *

 

1982-ci ilin sonlarında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini seçilməsi ilə Heydər Əliyevin həyat və fəaliyyətinin Moskva dövrü başladı. Türk – müsəlman olan Heydər Əliyevin Moskvada rəhbər vəzifələrə gətirilməsi, dünyanı lərzəyə salan Sovet imperiyasını idarə edən şəxslərdən biri olması, bir tərəfdən, dövlət idarəçilik bacarığı, yüksək intellektual səviyyəsi, Əfqanıstana  müdaxilədən sonra müsəlman dünyasında  itirilmiş Kreml rəhbərliyinin sovet nüfuzunu bərpa etmək niyyətləri ilə bağlı idisə, digər tərəfdən isə xarici ölkələrdə nəşr edilmiş əsərlərdə yazıldığı kimi, onun Azərbaycandan uzalqaşdırılması, mərkəzdə daha yaxın nəzarət altında saxlanılması  ilə əlaqədar idi. Mərkəzdə belə hesab edirdilər ki, Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycan müstəqilliyə tam hazırdır, yalnız onun formal elan edilməsi qalır. Bunun qarşısını Heydər Əliyevi vəzifədən uzaqlaşdırmaqla deyil, Moskvada nəzarət altına almaqla saxlamaq mümkün idi. Bütün bunlara görə Heydər Əliyev Moskvada yüksək vəzifələrə gətirildi. Lakin Heydər Əliyevdən sonra hakimiyyətə gələn Azərbaycan rəhbərləri respublikanın gücləndirilməsi xəttini davam etdirə bilmədilər. Azərbaycan geriyə getdi.

Bütün ölkədə ziddiyyətli proseslər gedirdi. SSRİ-də hakimiyyətə gələn Mixail Qorbaçov türk, müsəlman respublikalarının Leonid Brejnev dövründə kifayət qədər irəli getdikləri, dövlət müstəqilliklərini elan etməyə hazır olduqları qənaətində idi. Buna görə də SSRİ rəhbərliyində olan türk dövlət xadimlərinə etimadsızlıq göstərərək, onları vəzifələrindən uzaqlaşdırdı, xalqlarını isə cəzalandırmaq yolunu tutdu. 1987-ci ilin oktyabr ayında Heydər Əliyev vəzifələrindən uzaqlaşdırıldı. Bundan az sonra Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionuna əsassız iddialar irəli sürərək, daxili işlərinə qarışmağa və hərbi müdaxiləyə başladı. Ermənistanda – tarixi torpaqlarında yaşayan azərbaycanlılar qovularaq qaçqına çevrildilər. Azərbaycanlılara məxsus tarix və mədəniyyət abidələri dağıdıldı. Hakimiyyət bütün bunların qarşısını almaq iqtidarında deyildi. Azərbaycan böhrana düşdü. Rəhbərlər bir-birinin ardınca dəyişdi. Lakin vəziyyət düzəlmədi. Respublikada qarışıqlıq yarandı. Dövlət və hökumət strukturları iflic vəziyyətinə düşdü.

 

*  *  *

 

SSRİ rəhbərliyi təcavüzkar Ermənistanı dayandırmaq əvəzinə Azərbaycanı cəzalandırmaq yolunu tutdu. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda tərkibinə ermənilərin səfərbər edildiyi sovet qoşun hissələri dinc əhaliyə qarşı  kütləvi qırğın törətdi. Azərbaycan xalqına qarşı qəddar repressiya aktı olan bu hadisədən sonra Heydər Əliyev Moskvada təhlükəsizliyinin təmin edilməməsinə baxmayaraq, ailə üzvləri ilə birlikdə Azərbaycanın daimi nümayəndəliyinə gəlib, bəyanat verərək, 20 Yanvar qətliamını törədənləri  ittiham etdi, ən ağır məqamda xalqının  yanında oldu və konkret mövqeyini ortaya qoydu. Bu, bir seçim anı idi. Heydər Əliyevin bu addımı onun gələcək siyasi və milli dövlətçilik fəaliyyətində zirvəyə aparan yolun başlanğıcı, yeni şəraitdə ümummilli liderlik üçün ilk addım idi.  Belə bir şəraitdə Moskvada yaşamaq Heydər Əliyevin həyatı üçün təhlükəli idi. 20 Yanvar hadisəsindən sonra  xalq mərkəz ilə yolunun bir olmadığı qənaətinə gəldi. Bu, bir dönüş anı idi. Azərbaycanın dövlət müstəqilliyini elan etməsindəın başqa yolu qalmırdı. Respublika müstəqilliyin bərpasının astanasında idi.

Moskvada yaşamağın mümkün olmadığını görən Heydər Əliyev Azərbaycana gəldi. 1990-cı ildə Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və sədri seçildi. Məhz onun sədrliyi altında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sovet dövrünün atributlarından imtina etdi və Azərbaycanın müstəqil dövlətçilik atributlarının bərpasına başlanıldı. Azərbaycan Cümhuriyyətinin üçrəngli bayrağı ilk dəfə olaraq Naxçıvanda rəsmi olaraq dövlət bayrağı kimi qəbul edildi. Təkcə qəbul edilmədi, eyni zamanda, Azərbaycan rəhbərliyinə də  sovet dövrünün bayrağı, gerbi və himnindən imtina olunması və yeni atributları qəbul etmək tövsiyə edildi. Beləliklə, Naxçıvan Azərbaycan milli dövlətçiliyinin bərpasının və qorunmasının bel sütununa çevrildi. Bir müddət sonra Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi. Bu, heç şübhəsiz, müasir tariximizin ən mühüm hadisələrindən və Heydər Əliyevin tarixi xidmətlərindən biri idi. 

1991-ci ilin dekabr ayında SSRİ dağıldı. Bundan sonra Azərbaycan xalqı və dövlətinin qarşısında əsasən aşağıdakı vəzifələr dururdu: Azərbaycanın dövlət müstəqilliyini tanıtmaq və qorumaq; Ermənistanın təcavüzünə son qoymaq; diktaturadan demokratiyaya, planlı təsərrüfatdan  azad bazar iqtisadiyyatına keçid və s. 

Lakin Azərbaycan rəhbərləri həmin vəzifələri yerinə yetirə bilmədilər. Hakimiyyət ilə xalq arasında uçurum yarandı. Hakimiyyətin qanadları arasında ziddiyyətlər dərinləşdi. Ölkənin daxili və xarici siyasəti  ağır  vəziyyətə düşərək, dalana dirəndi. 1992-ci ildə hakimiyyət dəyişikliyi baş verdi. Lakin yeni hakimiyyət də respublikadakı vəziyyəti düzəldə bilmədi. Yenidən hərc-mərclik yarandı. Ermənistanın işğalının davam etdiyi bir şəraitdə Gəncədəki hərbi hissədə itaətsizlik baş verdi. Qiyamı yatıra bilməyən hakimiyyət ölkədə baş verən proseslər üzərində nəzarəti tamamilə itirdi. Azərbaycanın şimalında və cənubunda xarici düşmən qüvvələr tərəfindən dəstəklənən separatçılıq gücləndi. Ölkə parçalanmaq təhlükəsi qarşısında qaldı. Azərbaycanın dövlət müstəqilliyi üçün təhlükə yarandı. Bu, Azərbaycan xalqının həyatında ağır  günlər idi. Xalqı və dövləti  uçurumdan çıxaran lider, dövlət xadimi yox idi. Yaranmış  belə şəraitdə vəzifədə olanlar bir-birinin ardınca istefa verərək məsuliyyətdən yaxa qurtarmaq yolunu tutdular. Hakimiyyətdə yüksək məqamlarda oturan şəxslərin bir qısmi vəzifələrini “dondurdular”, bəziləri isə qaçıb gizləndilər. Xalq bir suala cavab axtarırdı: Nə etməli? Ölkəni ağır şəraitdən kim çıxara bilərdi? Belə bir  dövlət adamı və tarixi şəxsiyyət var idimi?                                                                                                                   Ən mürəkkəb şəraitdə bu suallara cavab tapıldı. Azərbaycan xalqı dövlətçilik tarixində müstəsna rol oynamış Naxçıvana – Heydər Əliyevə üz tutdu. Xalqda formalaşmış qəti inama görə yalnız Heydər Əliyev Azərbaycan dövlətini dağılmaqdan, xalqı mənəvi-psixoloji böhrandan çıxara, Ermənistanın davam edən işğalını dayandıra, ölkəni fəlakətə salmış xarici siyasət fəaliyyətini yeni əsaslar üzərində qura bilərdi.  Ağır şəraitdə çarəsiz qalan respublika rəhbərliyi xalqın tələbləri əsasında və Konstitusiyaya uyğun olaraq, Heydər Əliyevi Bakıya dəvət etdi. Əvvəlcə parlament sədri seçilən, az sonra isə ölkə prezidentinin  səlahiyyətlərini həyata keçirən Heydər  Əliyevin qarşısında daxili siyasət sahəsində xeyli ağır vəzifələrin həll edilməsi dururdu: ölkəni dağılmaqdan, xaricdən dəstəklənən separatçılıqdan xilas  etmək, milli birliyi bərpa etmək, hakimiyyətin qanadları arasında yekdillik yaratmaq; xalq ilə hakimiyyət arasında uçurumu, inamsızlığı aradan qaldırmaq, iflic olmuş dövlət orqanlarını işlək hala gətirmək və s.

Xarici siyasət sahəsində qarşıda dayanan başlıca vəzifələr dövləti dağılmaqdan qurtarmaq, Ermənistanın davam edən təcavüzünü dayandırmaq, ölkəni fəlakət həddinə gətirmiş bir istiqamətli, savadsız, Azərbaycan xalqı və dövlətinə düşmənlər qazandıran  xarici siyasət xəttindən imtina etmək, ölkə daxilində dövlət quruculuğu üçün əlverişli beynəlxalq şərait yaratmaq və s. idi. Bütün bunları bir dövlət xadiminin həll etməsi xeyli mürəkkəb və çətin iş idi. Çünki Azərbaycan yerləşdiyi coğrafi-siyasi mövqeyi, təbii sərvətləri ilə yüzilliklər imperiya siyasəti təcrübəsi olan böyük dövlətlərin sınaq meydanına, “qurdlar süfrəsi”nə çevrilmişdi.  Lakin Heydər Əliyev bunu bacardı. O, Bakıya gələn kimi yeni bir liderlik keyfiyyətini ortaya qoydu. İtaətsizliyin baş verdiyi Gəncəyə təkbaşına getdi. Xalqın içində oldu, birbaşa ünsiyyət qurdu. Bundan sonra Gəncədə sabitlik tədricən bərqərar olmağa başladı.

Bütün bunlarla yanaşı ölkə qarşısında həlli vacib olan digər məsələlər də dururdu. Ermənistanın hərbi təcavüzü davam edir, Azərbaycan əraziləri bir-birinin ardınca işğal olunurdu. Bu isə ölkənin inkişafına mane olan başlıca amil idi. Azərbaycan ya sonu görünməyən və nəticəsi bilinməyən müharibəni davam etdirməli, ya da hər hansı bir yol ilə atəşkəsə nail olub fasilə qazanmalı, dövləti qurmalı, onu möhkəmləndirməli idi.  Heydər Əliyev atəşkəs yolunu seçdi. Dövlət idarəetməsini iflic halına, xalqı mənəvi-psixoloji böhrana salan, maliyyə və iqtisadi ehtiyatlarını udan  hərbi əməliyyatlar dayandırıldı. Bu, Azərbaycana bir sıra məsələləri həll etməyə imkan verdi və üstünlüklər qazandırdı.

 

*  *  *

 

Heydər Əliyevin bilavasitə qəti iradəsi nəticəsində 1994-cü il 20 sentyabr tarixində “Əsrin müqaviləsi” imzalanaraq həyata keçirilməyə başladı. O, bir-biri ilə didişən, geosiyasi və geoiqtisadi mübarizə aparan dövlətləri Azərbaycanda əməkdaşlığa dəvət etdi, onları ortaq məxrəcə gətirdi. Ərazicə kiçik, əhalisinin sayına görə az olmasına baxmayaraq, Azərbaycan özündən qat-qat böyük olan dövlətləri bir araya gətirdi. Azərbaycan ayırıcı deyil, birləşdirici rol oynadı.

Soruşulur:  ərazisi və əhalisi bir neçə il əvvəlki kimi olan Azərbaycanın dünya siyasətində rolunu artıran, mövqelərini gücləndirən, dünyanın cazibə mərkəzinə çevirən başlıca səbəblər  hansılar idi? Heç şübhəsiz, bu sualın konkret cavabı vardır: Heydər Əliyevin təkcə daxili siyasət məsələlərini, xalqın psixologiyasını deyil, eyni zamanda, dünya işlərini mükəmməl bilməsi, zəkası, uzaqgörənliyi, müdrikliyi, biliyi, bacarığı, qətiyyəti. Bu, Heydər Əliyevin təkcə Azərbaycan xalqı deyil, dünya siyasəti qarşısında nadir xidmətlərindən biri idi.

Heydər Əliyevin qətiyyəti özünü “Əsrin müqaviləsi” imzalandıqdan sonra baş verən dövlət çevrilişi cəhdlərinin qarşısının alınmasında da aydın şəkildə göstərdi. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında baş verən dövlət çevrilişi cəhdləri məhz Heydər Əliyevin yenilməz iradəsi, qətiyyəti, siyasi bacarığı ilə iflasa uğradıldı. Azərbaycan xalqı qanuni hakimiyyəti müdafiə etdi. Qanlı dövlət çevrilişlərinin qarşısının alınmasının Azərbaycan üçün tarixi və ibrətamiz bir tərəfi oldu. Heydər Əliyev qəti şəkildə göstərdi ki, Azərbaycan çevrilişlər üçün sınaq meydanı deyildir, Azərbaycanda güclü dövlət vardır, silahlı yolla  hakimiyyətə gəlmək yolverilməzdir.

Çevrilişlərin qarşısının alınması digər bir mühüm məsələnin həllinə kömək etdi. Məlum olduğu kimi,  o zaman respublikada sabitlik və sabaha ümidlər olmadığından xarici ölkələr və donor təşkilatlar Azərbaycana borc vermirdilər. Dövlət büdcəsində isə vəsait yox idi. Dövlət çevrilişlərinin qarşısı alındıqdan sonra Azərbaycana investisiya axını başlandı. Yeni neft strategiyası ölkənin inkişafı, güclü dövlət qurulması, Azərbaycan xalqının daha yaxşı yaşayışını təmin etmək üçün  açar oldu. Geniş islahatlara başlanıldı. Özəlləşdirmə həyata keçirildi. Azad bazar iqtisadiyyatına keçildi. Ölkənin demokratikləşdirilməsi istiqamətində islahatlar aparıldı. Çoxpartiyalı sistemin əsasları möhkəmləndirilirdi. Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ən başlıcası, Azərbaycanda təməlləri möhkəm olan, güclü dövlətçilik ənənəsinin, dərin dövlətin əsası qoyuldu.

 

*  *  *

 

Azərbaycan Respublikasının Prezidenti ilk xarici səfərini dünya demokratiyasına böyük töhfə vermiş, Azərbaycan Cümhuriyyətinin 1920-ci ildə  de-fakto tanındığı və erməni lobbisinin güclü olduğu  Fransaya etdi. Bununla göstərdi ki, Azərbaycan demokratiya yolu tutub, Avropa ailəsinin üzvüdür,  dövlət müstəqilliyi daimi, əbədi və sarsılmazdır, bu yoldan dönməyəcəkdir, Azərbaycan dövlət, heç bir ölkənin və ölkələr qrupunun deyil, yalnız öz maraqlarının yanındadır, erməni lobbisi və diasporunun fitnələrinə qarşı tutarlı cavab veriləcəkdir. 

Heydər Əliyev Azərbaycanın qonşu dövlətlərlə münasibətlərinin nizama salınması üçün addımlar atdı. İran və Rusiya ilə mehriban qonşuluq münasibətləri tədricən bərqərar edildi. Türkiyə və Gürcüstan ilə strateji müttəfiqlik xətti seçildi. Azərbaycanın mehriban qonşuları, ticarət ortaqları, starteji tərəfdaşları və strateji müttəfiqləri müəyyənləşdirildi.

 

*  *  *

 

2003-cü ilin  payızında ölkədə siyasi hakimiyyətə gələn Prezident İlham Əliyevin fəaliyyəti  əvvəlki illərin davamı olsa da, mahiyyətcə yeni keyfiyyət mərhələsidir. 2003-cü ildən sonrakı dövr Azərbaycan tarixində müasirləşmə ilə səciyyələnir. Tarixi təcrübə göstərir ki, ölkənin çoxlu maliyyə vəsaitləri, təbii sərvətləri ola bilər. Əgər ölkə həmin təbii sərvətləri milli sərvətlərə çevirmirsə, yeni texnologiyaların tətbiqini həyata keçirmirsə, insanlar əməyi yadırğayırlarsa, ölkə digərlərindən geri qalır və çox vaxt da rəqabətə tab gətirmir. Buna dair çoxlu nümunələr gətirmək olar. Məhz Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan müasirləşən, rəqabətə davamlı bir ölkəyə çevrildi. Sovet dövrü başa çatdıqdan sonra yaranmış boşluqda Azərbaycan xalqının əməyi yadırğamasının qarşısı alındı. İlham Əliyev Azərbaycan xalqının minilliklər tarixində Qurucu Prezident adını qazandı. Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistan silahlı qüvvələrinin işğalı altında olmasına baxmayaraq, ölkə tərəqqi etdi, tikinti-quruculuq işləri genişləndirildi. Azərbaycan borc alan ölkədən borc verən ölkəyə çevrildi. Azərbaycan dünyanın enerji təhlükəsizliyində mühüm rol oynamağa başladı. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri Avropanın enerji təhlükəsizliyi sistemində Azərbaycanı başlıca ölkəyə çevirdi. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinin uğurla başa çatması ilə Azərbaycan dünyanın nəqliyyat qovuşağı olan bir ölkəyə çeviləcəkdir. Şimal-Cənub dəhlizinin işə düşməsi ilə isə Azərbaycan Hind okeanına çıxış əldə edəcəkdir.

Hakimiyyətinin ilk 14 ilində İlham Əliyev tariximizdə rast gəlinməyən bir sıra ilklərə imza atdı. O, BMT Baş Məclisində çıxış edən ilk Baş nazirimiz, ruhumuzun şəhəri Təbrizə səfər edən ilk dövlət rəhbərimiz oldu. Sonrakı illərdə Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi. İşğal edilmiş ərazilər istisna olmaqla, Azərbaycan ərazisində xarici hərbi baza və ya obyekt saxlamayan bir ölkəyə çevrildi. Azərbaycan kosmosa ilk  rabitə peykini göndərərək, Kosmos Klubunun üzvü oldu. Tariximizdə ilk dəfə olaraq İlham Əliyev “dövlət canlı orqanizmdir, daim genişlənməlidir” geosiyasi nəzəriyyəsini xarici ölkələrə sərmayələr qoymaqla, geniş əməkdaşlıq yolu ilə gerçəkləşdirdi.  Azərbaycanın 2015-ci ildə birinci Avropa Oyunlarına ev sahibliyi etməsi hər bir azərbaycanlı üçün qürurverici oldu. Azərbaycan standartı yaradıldı. İşğalçı Ermənistanın hərbi təcavüzünə cavab vermək üçün güclü ordu quruldu. 2016-cı ilin aprel ayının əvvəllərində düşmənə endirilən sarsıdcı zərbə bir daha göstərdi ki, Azərbaycan bir qarış torpağını belə düşmənə güzəştə getməyəcəkdir.

Ötən illərin təcrübəsi göstərir ki, Heydər Əliyevin əsasını qoyduğu siyasi xəttdən kənara çıxmaq Azərbaycanda böyük fəlakətlərə gətirər. Bu, həm də qonşu dövlətlər üçün arzuolunmayan proseslərin başlanması olar. Bu siyasətin davam etdirilməsi həm Azərbaycan xalqının, həm qonşu dövlətlərin, həm də bütün demokratik ölkələrin maraqlarına uyğundur.

Musa QASIMLI,
Milli Məclisin deputatı,
professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında