Filosoflar belə hesab edirlər ki, cəmiyyət üzərində möhkəm hakimiyyətə söz yox, ancaq ideya malikdir. Çünki yeni milli ideya toplumu səfərbər edir, fəaliyyəti istiqamətləndirən ideoloji müddəalar sistemi yaradır, nəticədə milli birlik yaranır, dövlət isə qüdrətli olur. Spenserə görə, milləti ideya yaradır. Tarixi taledə milli ideya mühüm rol oynayır. Milli ideya milli özünüdərkdən sonra yaranır və çox sadə ifadə olunmalıdır. İdeya nə qədər sadə olarsa, bir o qədər çox kütləyə sahib olar.
Bizə də milli birlik və qüdrətli dövlət lazımdır. Belə bir dövlətin asan başa düşülən milli ideyasını ulu öndər Heydər Əliyevin fəlsəfəsində axtarmaq lazımdır. Bu milli ideyanın ümummilli (yəni, bütün siyasi qüvvələrin və gələcək nəsillərin də qəbul edəcəyi) ideyaya çevrilməsi üçün ictimai-siyasi institutlar Heydər Əliyev fəlsəfəsinə əsaslanaraq öz töhfəsini verməlidirlər.
Qüdrətli dövlət qurmaq üçün əvvəlcə, dövrü düzgün səciyyələndirmək, düşməni (və ya düşmənləri) neytrallaşdırmaq və Qarabağ yarasını sağaltmaq lazımdır. Bu niyyətlə Heydər Əliyevin bəzi fəlsəfi fikirləri ilə tanış olanda görürük ki, milli birlik və qüdrətli dövlət ideyası Heydər Əliyev fəlsəfəsinin əsasında durur.
Ulu öndərin bəzi konseptual fikirləri
Heydər Əliyev fərd-kütlə kontekstində xalqımızla bağlı belə bir fikir söyləmişdir: “Əgər bir azərbaycanlı ilə bir ermənini təkbətək meydana salsan, azərbaycanlı heç vaxt kürəyini yerə verməz. Heç vaxt! Amma millətimizi bu cür qəhrəman etmək bir-iki adamın işi deyildir. Bu, xalqın hamısının birlikdə işidir və xalqa rəhbərlik, başçılıq, sərkərdəlik edən adamların işidir. Xalqımızda bu qüdrət, cürət, qəhrəmanlıq keyfiyyətləri var”.
Bu fəlsəfi baxışın milli özünüdərk üçün əhəmiyyəti çox böyükdür. Bu kəlamda uğurumuz və qüsurumuz bir yerdədir. Fərddə olan qəhrəmanlıq potensialını topluma ötürməyin vacibliyini diqqət mərkəzinə çəkir və bu niyyətlə hamını, xüsusilə, elitar təbəqəni səfərbər olmağa çağırır.
Heydər Əliyev hadisələrin “görünən” yox, “görünməyən” tərəflərini də görmək istəyirdi. Onun “Mənə şirin yalan söyləməyin, mənə acı həqiqəti deyin” fikri geniş yayılmışdır. Üçüncü qüvvənin təsiri altında son yüz ildə yaranmış Azərbaycan - Ermənistan münasibətini belə qiymətləndirmişdi: “Bir həqiqəti də qəbul etmək lazımdır. Həmişə Ermənistan qəsbkarlıq siyasəti yeritmiş, biz isə müdafiə olunmuşuq, bəzən də geri çəkilmişik. İndi də belə mövqe tuturuq”.
Bu kəlama fəlsəfi bucaq altında baxanda acı həqiqətləri görürük. Son yüz ildə Azərbaycan-Ermənistan münasibətinin (və ya münaqişəsinin) subyekti ermənilər olmuşdur. Biz bu prosesin passiv tərəfi sayılmışıq. Nəticədə torpaqlarımız 116 min kvadratkilometrdən 86, 6 min kvadratkilometrə qədər azalmış və bunun da 20 faizi hələ işğal altındadır. Bu tarixi-fəlsəfi müddəa tələb edir ki, proseslərin və hadisələrin inkişaf istiqamətini dəyişmək, onların obyekti yox, subyekti olmaq lazımdır. Heydər Əliyev 1991- ci ilin fevralında Ali Sovetin iclasında söyləmişdir: “Bundan sonra Ermənistan barəsində biz müdafiə mövqeyi deyil, hücum mövqeyi tutmalıyıq və burda deputatların dediyi kimi, verilmiş bütün torpaqların qaytarılması uğrunda mübarizə aparmalıyıq. İndi biz hücuma keçməliyik və mən də bu mübarizəyə hazıram”.
Bu fikirdə iki məqam diqqəti cəlb edir. Birincisi, hadisənin obyektindən çıxıb, subyektə çevrilmək məsləhət bilinir. İkincisi, indiyə qədər itirilmiş bütün torpaqların qaytarılması uğrunda mübarizə aparmalıyıq. Həm birinci, həm də ikinci məqam qüdrətli dövlət olmağımızı şərtləndirir.
Üçüncü subyekt
XX əsrdə torpaqlarımızın itirilməsini Heydər Əliyev “fəlakət” adlandırmışdı. Çağdaş dövrümüzdə dövlətlərarası münasibətdə ikili standartlardan çox söhbət gedir. Sovetlər dönəmində bu düşüncə gündəmdə olmayanda belə, ulu öndər bir dövlət daxilində ikili standartların olmasını sadə dildə ifadə etmişdi: “İyirminci ildən başlayaraq biz vaxtaşırı Azərbaycan torpaqlarını hissə-hissə itiririk. İyirmi ikinci ildən SSRİ-nin tərkibindəyik. SSRİ-nin tərkibinə daxil olan heç bir respublika belə bir fəlakətlə üzləşməyibdir. Heç bir müttəfiq respublika başqa müttəfiq respublika tərəfindən təcavüzə məruz qalmayıbdır”.
Şübhəsiz, həm iqtisadi baxımdan, həm də insan potensialı baxımından Azərbaycandan zəif olan Ermənistana kənardan kömək olmasaydı, o təkbaşına bu üstünlüyü əldə edə bilməzdi. Deməli, erməniləri bu prosesin subyekti edən üçüncü qüvvə var. Sovetlər zamanında bu qüvvəyə rəhbərlik edən keçmiş İttifaq rəhbərliyi və hal-hazırda isə Minsk qrupunun üzvləridir. Rusiya sosialist sisteminin və SSRİ-nin dağılmasına razı oldu, ancaq özünə zərərli mövqeyindən əl çəkmədi. 1994-cü ildə Azərbaycan parlamentinin vitse-spikeri mərhum A.Cəlilovla BDU-ya gəlmiş Rusiya parlamentinin üzvü, IV çağırış Rusiya Dövlət Dumasının vitse-spikeri, Sergey Baburin bildirdi ki, N.Çauşesku ölümqabağı “lənətə gəlsin Qarabağ” sözünü demişdi. Yəni, Çauşeskuya dəyən güllə öz başlanğıcını Qarabağla bağlı erməni ideyasından götürmüşdür. Bu onu göstərir ki, ermənilərin yaratdığı Qarabağ bəlası lokal yox, qlobal bir bəladır. Bu prosesdə Minsk qrupu zərərli (daha açıq desək, ermənipərəst) üçüncü subyekt rolunu oynayır. Bir vaxtlar Minsk qrupunun roluna Heydər Əliyev belə qiymət vermişdir: “Əgər biz bir az da ləngisək, ATƏT-in Minsk qrupu artıq böyük oğlan olacaq, gərək onu evləndirək. Yaxud ola bilər ki, qız olsun, onu ərə verək. Ona görə biz düşünməliyik ki, bu yaşlar nə qədər artacaqdır”.
Ermənilərin məkrli planı
Son yüz ildə başımıza gələn bu faciələri, soyqırımları, saysız-hesabsız terror aktları, böhtanları, törədilən digər əməlləri və hadisələri, nəinki maddi, həm də mənəvi dəyərlərin oğurlanmasını bir yerə yığıb “səbəb-nəticə” kontekstində təhlil edərək ulu öndər onların gizli bir plan əsasında fəaliyyət göstərdikləri qənaətinə gəlmişdi: “Düşmənin Azərbaycanı parçalamaq, dağıtmaq, torpaqlarımızın bir qismini ələ keçirmək planlarının qarşısını almaq üçün, buna sinə gərmək üçün, bu planları pozmaq, Azərbaycanı qorumaq üçün hamının bir məqsədi olmalıdır”.
Deməli, ulu öndər Azərbaycanı zəiflətməyə yönəlmiş belə bir məkrli planın varlığını nəinki qəbul edir, hətta bizi xəbərdar edirdi ki, düşmən Azərbaycanı içəridən dağıtmaq istəyir. Qüdrətli dövlət naminə bu planı pozmaq üçün “hamının bir məqsədi olmalıdır” məsləhətini verir.
Hesab etmək olar ki, gizli erməni planının vacib taktiki müddəası qəsbkarlıq məqamını seçməkdir. Tarixin dönüş nöqtələrində (çar və sovet dövlətinin yıxılması, İkinci Dünya müharibəsinin başlanması) qonşuların başı ictimai-siyasi proseslərə qarışanda, müharibə elan etmədən onların torpağının tutulmasıdır. Bu planı reallaşdırmaq yolunda ölməyə və öldürməyə qadirdilər. Amerika yazıçısı Pol Eldricin bir fikrində deyilir: “İnsan ideya uğrunda ölümə gedə bilər, bir şərtlə ki, onu aydın başa düşməsin”. Deməli, ermənilərin bu planlarının əsasında qəsbkar bir milli ideya durur. Bu, həm də “Dənizdən dənizə dövlət” qurmaq ideyasıdır. Çox güman ki, bu ideyanın müəllifi üçüncü, dördüncü dövlətlərdir. Çünki onlar bu ideyanın reallaşmasına ermənilərdən az çalışmırlar.
Bu ideya bizim cəmiyyət üçün yeni deyil. Biz bunu dəfələrlə eşitmişik. Ancaq bizim qüsurumuz bundan ibarətdir ki, bu fikrin statusu cəmiyyət üçün düzgün dəyərləndirilməyibdir. Biz bunu ciddi, uzun müddətli (200-300 illik) bir erməni planı yox, sərsəm erməni düşüncəsi hesab edərək tarixən səhv mövqe tutmuşuq. Müdriklərin dediyi “əgər düşmənin zəifdirsə, sən onu çox qüdrətli bil” kəlamını diqqətdən qaçırmışıq.
Yeni milli ideya
Müstəqillikdən sonrakı dövrdə bizim üçün ümummilli ideya nə ola bilər? - sualını cavablandırmaq vacibdir. Bu sualın bir düz, min səhv cavabı var. Düz cavabı necə seçək? Ölkə əhalisinin və ondan kənarda yaşayan bütün azərbaycanlıların və həm də gələcək nəsillərin qəbul edəcəyi ümummilli ideya elə olmalıdır ki, o, ermənilərin ümummilli ideyasını neytrallaşdırsın və ondan üstün olsun. İdeyanı güllələyəndə o ölmür, əksinə, daha çox beyinlərə yol tapır və populyarlaşır. İdeyanı öldürmək üçün ondan daha yaxşı ideyanı ortaya qoymaq lazımdır.
Amerikanın Qudzon İnstitutunun əməkdaşı, politoloq Enders Vimbuş Azərbaycanda olanda söyləmişdi: “Əgər siz güclü olsanız, sizin düşməniniz də bunu bilər və öz strategiyasını dəyişər”. Fikrimcə, amerikalı politoloq haqlı fikir söyləmişdir.
Milli ideyaya yol milli birlikdən keçir. Bu niyyətlə də Heydər Əliyev məqsəd birliyinin vacibliyini diqqət mərkəzinə çəkmişdir. Birlik prezident ətrafında olar. Azərbaycan Prezidenti cənab İlham Əliyev isə bu işə öz münasibətini aşkar bəyan etmişdir: “Mən bütün vətəndaşların prezidentiyəm və Azərbaycanda yoxsul adam olmamalıdır”. Bu, artıq güclü dövlətə gedən yolun başlanğıc nöqtəsidir.
Beləliklə, Heydər Əliyevin yuxarıda söylənilən fikirləri işığında ölkəmizin gələcəyinə baxanda hesab etmək olar ki, “qüdrətli dövlət”ideyası bizim üçün ümummilli ideya olmalıdır. Çünki bu həm də son yüz ildə itirilmiş torpaqların qaytarılması arzusu, niyyəti deməkdir. Bu ideya nəinki bu gün yaşayanların, həm də gələcək nəsillərin də qəbul edə biləcəyi ideyadır. Yuxarıda qeyd edildiyi kimi, “milləti ideya yaradır”. Qüdrətli dövlət ideyası, qüdrətli xalq və qüdrətli fərd yarada bilər. Bu ideya bir çox dövlətlərin milli ideyasının əsasını təşkil edir. Bunun üçün dünya dövlətlərinin gerblərinə (rəmzlərinə) baxmaq kifayətdir. Dünya dövlətlərinin çoxunun dövlət rəmzlərində (xüsusi ilə də gerbində) qüdrət və güc simvolları olan tac, şir, pələng, qılınc, əjdaha, qartal və bunun kimi elementlərdən istifadə edirlər. Torpağın ən güclü canlısı şir, səmanınkı isə qartal olduğundan bunlardan daha çox istifadə olunur.
Yaşadığımız informasiya əsri əvvəlki əsrlərdən çox fərqlidir. Fiziki qələbədən fərqli olaraq, informasiya əsrində bir dövlətin başqa dövlət üzərində qələbəsi çox vaxt görünməzdir və qələbənin (və ya məğlubiyyətin) nəticəsi isə 10-20 ildən sonra görünə bilər.
Hal-hazırda ölkəmiz çox sürətlə inkişaf edir. Dörd günlük aprel müharibəsi hərbi uğurlarla yanaşı, milli birliyin də olduğunu göstərdi. Dövlətin qüdrətini aşkar şəkildə dünya dövlətlərinə göstərdi. Məzmun zənginliyi formada, rəmzlərdə öz əksini tapmalıdır. İqtisadi inkişaf milli ruhun inkişafına səbəb olmalıdır.
Şahlar ƏSGƏROV,
YAP İdarə Heyətinin üzvü,
Əməkdar elm xadimi, professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.