Heydər Əliyevin iqtisadi modeli dinamik inkişafın təməlidir

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.

Heydər ƏLİYEV
Ümummilli lider

 


 

Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə (1969–1982-ci illər) respublikamız, sözün əsl mənasında, böyük uğurlar qazanmışdır. Yüksək inkişaf tempi Azərbaycan iqtisadiyyatının bütün sahələrini əhatə etmişdir. Məsələn, ulu öndər ötən əsrin 70-ci illərinin əvvəllərində SSRİ hökuməti qarşısında aqrar sektorun inkişafı, kənd əhalisinin məşğulluğu, güzəranı baxımından taleyüklü məsələlər qaldırmış və onların həllinə nail olmuşdur. Məhz elə buna görə də  1971–1975-ci illərdə 1966–1970-ci illərə nisbətən məhsul istehsalı 34 faiz artmış, bir sıra vacib sahələrdə yüksək göstəricilər əldə edilməsinin möhkəm təməli yaradılmışdır. 1976–1980-ci illərdə respublikamız kənd təsərrüfatı ümumi məhsulunun artımına görə SSRİ-də birinci yerə çıxmışdır.

Ümummilli liderin uzaqgörən və müdrik siyasəti nəticəsində Azərbaycan o zaman Sovet İttifaqında ən qabaqcıl kənd təsərrüfatı, o cümlədən pambıqçılıq və üzümçülük respublikasına çevrilmişdir. Həmin illərdə respublikamızda elektron maşınqayırması, yüngül və yeyinti sənayesi üçün maşın və avadanlıq istehsalı, digər mütərəqqi sənaye sahələri yaradılmışdır. Əgər XIX əsrdən XX əsrin 80-ci illərinədək (təxminən 100 il ərzində) Azərbaycanda 735 böyük sənaye obyekti tikilmişdisə, Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi ilk dövrdə onların sayı 1048-ə çatmışdır. 1971-1985-ci illərdə 581 adda yeni tipli maşın, avadanlıq, aparat və cihaz nümunələri yaradılmışdır. Azərbaycan həmin illərdə neft məhsulları, neft avadanlığı, əlvan metallar, polad borular, sintetik kauçuk, elektrik mühərrikləri, məişət kondisionerləri, mineral gübrələr, xalça və digər istehsal növləri üzrə Sovet İttifaqında aparıcı yerlərdən birini tutmuşdur. Ölkəmizdə buraxılan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunmuşdur. 1969-1982-ci illərdə Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadiyyatın inkişafında əldə olunan uğurlarla yanaşı, elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə də müsbət nəticələr qazanılmışdır.

Burada mühüm bir məqamı da xatırlatmaq yerinə düşər: Azərbaycanın inkişaf tarixinin dinamikası təsdiq edir ki, Heydər Əliyevin 14 iyul 1969-cu ildə hakimiyyətə gəlişindən sonrakı dövr, əslində, respublikamızı müstəqil dövlət quruculuğuna aparan yolun başlanğıcı idi. Ötən əsrin 70-ci illərindən başlanan iqtisadi inkişaf, milli-mədəni dirçəliş, milli ruhun yüksəlişi xalqımızın illərdən bəri qəlbində yaşatdığı dövlətçilik ideyasının milli-azadlıq mübarizəsində əsas hərəkətverici qüvvəyə çevrilməsinə mühüm zəmin yaratdı.

Ulu öndər sonralar o illəri xatırlayarkən bildirmişdir: “70-ci illərdə görülən işlər, yaradılan böyük iqtisadiyyat, sənaye potensialı və neft sənayesi sahəsində görülən işlər Azərbaycan Respublikasının dövlət müstəqilliyinin əsasıdır. Bu gün bəyan etmək istəyirəm ki, o illərdə bu işləri görərkən mən məhz Azərbaycanın gələcəyini, bugünkü müstəqilliyini düşünürdüm. O işləri görərkən mən əmin idim ki, onlar Azərbaycanın sərbəst, müstəqil yaşaması üçün əsas yaradır”.

Ulu öndərimizin ikinci dəfə Azərbaycan rəhbərliyinə gəldiyi dövrdə də respublikamızda sosial-iqtisadi şərait son dərəcə ağır idi. O zaman milli valyutanın zəruri təminat bazası olmadığına görə onun alıcılıq qabiliyyəti kəskin şəkildə aşağı düşdü ki, bu da işsizliyin artması və əhalinin rifahının kəskin surətdə pisləşməsi ilə nəticələndi. 1992–1993-cü illərdə səriştəsiz büdcə-vergi və pul-kredit siyasəti respublikanın real imkanları ilə uzlaşmadığından real və maliyyə sektorlarının iflasına, iqtisadi tənəzzülün daha da dərinləşməsinə gətirib çıxardı. 1992-ci ildə tədavülə buraxılmış milli valyuta - manat tezliklə qiymətdən düşməyə, inflyasiyanın yaranması və sürətlə artması müşahidə olunmağa başladı və 1992-ci ildə inflyasiya səviyyəsi əvvəlki ilə nisbətən 4,9 dəfə artaraq 912,3 faiz təşkil etdi. Büdcə kəsirinin ümumi daxili məhsula nisbəti 1991-ci ildəki 3 faizdən 1994-cü ildə 10 faizə qədər artdı.

Müstəqilliyin ilk illərində ölkə iqtisadiyyatında ÜDM hər il orta hesabla 16,5 faiz azalırdı. Tənəzzül meyli sənayedə xüsusilə kəskin xarakter almış, 1985-ci ilə nisbətən sənaye istehsalının həcmi 1991-ci ildə 10 faiz, 1992-ci ildə 37 faiz, 1993-cü ildə isə 50 faizə qədər aşağı düşmüşdü. Ölkə istehsal potensialının demək olar ki, 2/3-ni itirmişdi. Həmin illərdə xarici ticarət dövriyyəsinin həcmi 42 faiz azalmış, 1994-cü ilədək Azərbaycan iqtisadiyyatına demək olar ki, xarici sərmayə qoyulmamışdı. Ölkə iqtisadiyyatı idarəolunmaz vəziyyətdə idi.

1993-cü ildə Azərbaycan xalqının təkidi ilə yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Bununla da ölkədə ictimai-siyasi sabitlik təmin edildi və iqtisadi həyatda dirçəliş meyilləri yaranmağa başladı. Bunun nəticəsində iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artdı, xalqın güzəranı yaxşılaşmağa başladı, bir sıra əhəmiyyətli nailiyyətlər əldə edildi.  Ən böyük uğur isə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarilə yeni modelin – Heydər Əliyev modelinin yaranması idi.

Ulu öndərin ən çox diqqət yetirdiyi məsələlərdən biri islahatların ardıcıl və sistemli şəkildə həyata keçirilməsi məqsədilə mükəmməl qanunvericilik bazasının yaradılması, onun beynəlxalq tələblərə uyğunlaşdırılması idi. İqtisadiyyatın ayrı-ayrı sahələrini tənzimləyən qanun layihələrini Milli Məclisin müzakirəsinə göndərən Heydər Əliyev onların demokratik prinsiplərlə və aşkarlıq şəraitində müzakirəsini də vacib sayırdı. Bu dövrdə qəbul olunmuş iqtisadi qanunlar Azərbaycanın milli iqtisadi inkişaf modelinin formalaşmasına və iqtisadi islahatların vətəndaşların mənafeyinə uyğun şəkildə həyata keçirilməsinə etibarlı zəmin yaratdı. 1993-2003-cü illərdə qəbul edilmiş qanun və qərarların böyük əksəriyyəti – 975-i məhz ümummilli lider Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında parlamentə təqdim olunmuşdu.

Bu qanunların, normativ-hüquqi sənədlərin başlıca məqsədi müstəqil Azərbaycan dövlətinin iqtisadi əsaslarının möhkəmləndirilməsi, bazar iqtisadiyyatının formalaşdırılması, dövlət idarəetməsinin təkmilləşdirilməsi, vətəndaşların sosial və iqtisadi hüquqlarının daha dolğun təmin edilməsi idi.

Heydər Əliyevin qətiyyətli siyasəti nəticəsində 1994-cü ildən başlayaraq həyata keçirilən uğurlu neft strategiyası, neft gəlirləri əsasında yaradılmış möhkəm maliyyə-iqtisadi baza hesabına qeyri-neft sektorunun dinamik inkişafı və iqtisadiyyatın diversifikasiyası, özəl sektorun inkişafına hərtərəfli dövlət dəstəyi, regionların tarazlı inkişafı, keyfiyyətli insan kapitalının formalaşdırılması, səmərəli beynəlxalq iqtisadi əməkdaşlıq, dünya iqtisadiyyatına inteqrasiya son nəticədə ölkəmizin hər bir vətəndaşının rifahının yüksəldilməsində mühüm rol oynadı.

1994-cü il sentyabrın 20-də dünyanın 8 ölkəsini təmsil edən 11 transmilli neft şirkəti ilə “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanda siyasi sabitliyin yaradılmasının və enerji təhlükəsizliyinin möhkəm təməlini qoydu, dünya iqtisadi sisteminə inteqrasiya üçün əlverişli şərait yaratdı və ölkəyə xarici investisiyaların axını başlandı. Azərbaycan MDB məkanında Qərbin iri neft şirkətləri ilə böyük miqyasda saziş imzalayan ilk dövlət olmaqla Xəzər dənizində beynəlxalq əməkdaşlığın əsasını da qoydu. Heydər Əliyevin neft strategiyasının ən böyük uğuru Azərbaycanın enerji daşıyıcılarını dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsi idi. Vaxtilə bəziləri bu kəmərin reallaşacağına inanmasa da, onu əfsanə adlandırsa da, ulu öndər layihənin uğuruna əmin idi. Bu gün dünya etiraf edir ki, Heydər Əliyev dühası, uzaqgörənliyi, mübarizliyi olmasaydı, Bakı-Tibilisi-Ceyhan da olmazdı.

Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsinə, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşası ilə bağlı sazişin imzalanmasına və beləliklə də ixrac marşrutlarının diversifikasiyasına nail olundu. Bununla yanaşı, Azərbaycan qazının Qərb bazarına ixracının reallaşması üçün ulu öndərin şəxsi təşəbbüsü ilə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşasına başlanıldı.

Ümummilli lider Heydər Əliyevin 1999-cu ildə imzaladığı fərmanla neft yataqlarının xarici şirkətlərlə birgə işlənməsindən əldə edilən mənfəət neftinin satışından daxil olan vəsaitlərin səmərəli idarə olunması, həmin vəsaitlərin prioritet sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsini təmin etmək üçün Dövlət Neft Fondu yaradıldı. Fəaliyyətinin əsasını Heydər Əliyevin “Neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur” fəlsəfəsi təşkil edən Dövlət Neft Fondunun başlıca məramı neft və qaz hasilatından əldə olunan vəsaitlərin səmərəli idarə edilməsi idi. Ulu öndərin müdrik qərarı ilə Dövlət Neft Fondundan ilk vəsait qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldildi. Hazırda beynəlxalq təşkilatlar tərəfindən fondun fəaliyyəti və bu sahədə şəffaflığın təmin edilməsi yüksək qiymətləndirilir.

Bu dövrdə aqrar sektorun bazar prinsipləri əsasında qurulması ilə bağlı islahatların həyata keçirilməsinə başlanıldı. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında MDB-də ilk dəfə olaraq 1995-ci ildən başlanan aqrar islahatların reallaşdırılması, sovxoz və kolxozların ləğv olunması, onlara məxsus torpağın, mal-qaranın və əmlakın  özəlləşdirilməsi kimi tədbirlər nəticəsində kənd təsərrüfatında ciddi struktur dəyişiklikləri baş verdi, keyfiyyətcə fərqli münasibətlər formalaşdı.

Heydər Əliyevin memarı olduğu və uğurla həyata keçirdiyi torpaq islahatı nəticəsində 1350 min hektardan çox torpaq sahəsi əvəzsiz olaraq kəndlilərə paylandı, kolxoz və sovxozların yerində fermer təsərrüfatları yaradıldı. Bütün qeyd olunan tədbirlərin həyata keçirilməsi nəticəsində bu gün  aqrar bölmədə özəl sektorun xüsusi çəkisi, demək olar ki, 100 faizə çatmışdır.

Aqrar sektorda səmərəli təsərrüfatçılığın, sahibkarlığın inkişafının təmin edilməsi məqsədilə kənd təsərrüfatı məhsulları istehsalçılarının əvvəlki vergi borcları silindi və onlar torpaq vergisindən başqa digər vergi ödəmələrindən azad edildi.

Heydər Əliyev ölkənin gələcək iqtisadi inkişafının məhz özəl sektorla bağlı olduğunu vurğulayırdı: “Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur”. Ulu öndərin və onun rəhbərliyi ilə uğurla həyata keçirilən sahibkarlığın inkişafı strategiyası özəl bölmənin inkişafına yönəlmiş tədbirlərin sistemliliyi, dövlət tənzimlənməsinin liberallaşdırılması, dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması ilə xarakterizə edilir. Heydər Əliyevin rəhbərliyi ilə sahibkarlıq infrastrukturunun formalaşdırılması istiqamətində mühüm addımlar atıldı, sahibkarlara maliyyə dəstəyi və zəruri texniki yardım göstərən strukturlar formalaşdı. Sahibkarların vergi yükünün azaldılması istiqamətində mənfəət və əlavə dəyər vergisinin dərəcələri aşağı salındı, kiçik sahibkarlıq subyektlərinə vahid vergi tətbiq edilməyə başlandı.

Özəlləşdirmənin həyata keçirilməsi üçün normativ-hüquqi baza yaradıldı, dövlət mülkiyyətinin özəlləşdirilməsinə dair dövlət proqramları təsdiq edildi. Bu mühüm sənədlərdə xüsusi mülkiyyət və sərbəst rəqabət prinsipləri əsasında öz-özünü tənzimləyən bazar iqtisadiyyatı mühitinin yaradılması, iqtisadiyyatın strukturunun bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq yenidən qurulması, iqtisadiyyata investisiyaların, o cümlədən xarici investisiyaların cəlb edilməsi kimi məsələlər öz əksini tapdı. Dövlət əmlakının özəlləşdirilməsi və torpaq islahatları, qiymətlərin liberallaşdırılması, vergi islahatlarının aparılması, əlverişli biznes mühitinin yaradılması, xarici investisiyanın qorunması, eləcə də bazar infrastrukturunun formalaşdırılması üzrə həyata keçirilən tədbirlər keçid dövrünün başa çatmasında əhəmiyyətli rol oynadı.

Ulu öndər Heydər Əliyev  Azərbaycana rəhbərliyinin ikinci dönəmində   özünəməxsus uzaqgörənliklə mənəvi-pisixoloji baxımdan sağlam, qanunlara söykənən, respublikamızın  gələcək inkişafını təmin edəcək tərzdə sahibkarlar zümrəsini formalaşdırmağa başladı. Bunun üçün, ilk növbədə, sahibkarlığın inkişafını təmin etmək üçün hüquqi baza formalaşdırıldı. Həmçinin sahibkarların dövlət məmurları ilə münasibətləri tənzimləndi, sahibkarlığın inkişafına əngəl törədən maneələr mərhələ-mərhələ aradan qaldırdı. Bir-birinin ardınca mühüm dövlət proqramlarının həyata keçirilməsinə başlanıldı. “Kiçik sahibkarlığa dövlət dəstəyi haqqında” Qanun, “Kiçik və orta sahibkarlığın inkişafı Dövlət Proqramı (1997–2000-ci illər)” qəbul edildi, “Kiçik sahibkarlığa dövlət dəstəyi haqqında” Qanuna əlavələr və dəyişikliklər olundu.

Bu dövrdə qəbul edilən qanun və proqramlar çərçivəsində iqtisadiyyatın və sahibkarlığın tənzimlənməsi sahəsində mühüm tədbirlər reallaşdırıldı, sahibkarlara dövlət maliyyə dəstəyi sistemi formalaşdırıldı. Sahibkarlıq infrastrukturunun qurulması istiqamətində əhəmiyyətli addımlar atıldı. Sahibkarlara məsləhət, informasiya və digər zəruri texniki yardım göstərən strukturlar yaradıldı. Sahibkarlar üçün vergi yükünün azaldılması istiqamətində dövlət səviyyəsində müəyyən tədbirlər görüldü. Mənfəət və əlavə dəyər vergisi dərəcələri, məcburi sığorta haqqı aşağı salındı, kiçik sahibkarlıq subyektlərinin bir qisminə vahid verginin tətbiqinə başlanıldı. Lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı 8 dəfə azaldılaraq 240-dan 30-a endirildi, sahibkarların lisenziya almaq mexanizmi xeyli sadələşdirildi, lisenziyaların müddəti 2 ildən 5 ilədək uzadıldı.

Azərbaycanda sahibkarlara yüksək diqqət və qayğı, onlar üçün yaradılan şərait respublikanın milli inkişaf modelinin mahiyyətindən irəli gəlmişdir. Çünki yeni təsərrüfat münasibətlərinə keçidlə bağlı ilkin təcrübə göstərirdi ki, sahibkarlığın, özəl sektorun tərəqqisinə normal şərait yaratmadan iqtisadi yüksəlişi təmin etmək, əhalinin məşğulluq səviyyəsini artırmaq, infrastrukturu yeniləşdirmək, sosial problemlərin uğurlu həllinə nail olmaq mümkün deyildir. Bunları aydın görən ulu öndər Heydər Əliyevin iqtisadi sahədə həyata keçirdiyi siyasətin əsas hədəflərindən biri də məhz sahibkarlığa hərtərəfli dəstək verilməsi olmuşdur.

Ümummilli liderin rəhbərliyi altında sahibkarlığın inkişafına dövlət nəzarət sisteminin təkmilləşdirilməsinin mühüm rolu danılmazdır. Xatırladaq ki, bu məsələdə ilk addım kimi ölkə Prezidenti tərəfindən 17 iyun 1996-cı il tarixli “İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə” fərmanı göstərmək olar. Məqsəd iqtisadi münasibətlərin səviyyəsinə uyğun müvafiq dövlət nəzarət mexanizmini tətbiq etmək, həmin nəzarətin daha məqbul vasitələrini seçmək, bazar münasibətlərinin inkişafına mənfi təsir göstərəcək halların qarşısını almaq, vətəndaşların və hüquqi şəxslərin qanuni mənafelərini qorumaq idi.

Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi, sahibkarlığın inkişafı, yerli və xarici iş adamlarının fəaliyyətinə əsassız müdaxilələrin qarşının alınması, korrupsiya, rüşvətxorluq və digər vəzifədən sui-istifadə halları ilə mübarizənin genişləndirilməsi məqsədilə ölkə Prezidenti tərəfindən 7 yanvar 1999-cu il tarixli “Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında” fərman imzalanmışdır.

Ümummilli lider Heydər Əliyevin 10 sentyabr 2002-ci il tarixli “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət qayğısı haqqında” və 28 sentyabr 2002-ci il tarixli “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” fərmanlarında isə dövlət qurumları ilə sahibkarlıq subyektləri arasında dərin kök salmış və həllini gözləyən bir sıra ciddi problemlər tam açıqlığı ilə göstərilmiş, onların qarşısının alınması üçün kompleks islahatlar aparılmışdır. Bütün bu tədbirlərin nəticəsi kimi 1996-2003-cü illərdə Azərbaycanın bütün həyati əhəmiyyətli sahələrində dinamik inkişaf və tərəqqi təmin edilmiş, milli sahibkarlar ordusu formalaşmış, ümumi daxili məhsulda özəl sektorun xüsusi çəkisi 1994-cü ildəki 29 faizdən 2014-cü ilin sonuna 80 faizə yüksəlmişdir.

Daha bir mühüm addım isə ulu öndərin 30 aprel 2001-ci il tarixli fərmanı əsasında İqtisadi İnkişaf Nazirliyinin yaradılması ilə sahibkarlığın inkişafına dövlət dəstəyi və onun dövlət tənzimlənməsi tədbirlərinin vahid qurumda birləşdirilməsi olmuşdur.

Sahibkarlığa dövlət maliyyə dəstəyinin hüquqi əsaslarının formalaşdırılması üçün ulu öndər Heydər Əliyevin 27 avqust 2002-ci il tarixli fərmanı ilə Sahibkarlığa Kömək Milli Fondunun Əsasnaməsi təsdiqlənmiş, strukturu formalaşdırılmışdır. Fondun vəzifəsi ölkədə sahibkarlığın inkişafına maliyyə dəstəyi göstərmək, onlara müvəkkil banklar vasitəsilə güzəştli kreditlərin verilməsini təmin etmək, bir sözlə, iş adamlarının səmərəli biznes layihələrinin reallaşmasına yardımçı olmaqdır.

Ümummilli liderin sahibkarlarla keçirdiyi görüşlərdə iş adamlarının üzləşdikləri problemlərin  nədən ibarət olduğunu bilavasitə onların öz dilindən eşitməsi və çatışmazlıqların qısa müddətdə aradan qaldırılması  üçün konkret tapşırıqlar, fərman və sərəncamlar verməsi də özəl sektorun təmsilçilərinə yüksək diqqətin təzahürü olmuşdur.

Ulu öndərin həyata keçirdiyi iqtisadi islahatlar hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla reallaşdırılır. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən islahatların uğurları beynəlxalq ictimaiyyət tərəfindən də təqdir olunur. Prezident İlham Əliyev tərəfindən gerçəkləşdirilən iqtisadi siyasət yeni dövrün tələbinə uyğun daha innovativ inkişaf kursu götürərək Azərbaycana böyük uğurlar qazandırır. Bu strategiyanı xarakterizə edən prinsiplər barədə də qısaca danışmaq istərdim. Bu gün Azərbaycan dünyada nümunəvi inkişaf modelinə malik olan bir ölkə kimi fərqlənir. Davamlı inkişaf sayəsində respublikamız Cənubi Qafqaz regionunun lider dövləti səviyyəsinə yüksəlib və bunun da nəticəsidir ki, bölgədə Azərbaycanın təşəbbüsü və fəal iştirakı olmadan hər hansı layihəni reallaşdırmaq mümkün deyil. Ölkəmiz, eyni zamanda, müntəzəm olaraq qlobal miqyasda yeni-yeni əməkdaşlıq platformaları ilə çıxış edir ki, bunun da nəticəsində respublikamızın beynəlxalq nüfuzu və təsir imkanları əhəmiyyətli dərəcədə artıb. Müstəqil Azərbaycanın nüfuzlu regional və qlobal faktora çevrilməsinin isə obyektiv əsasları var. Belə ki, Azərbaycan müstəqillik tarixində təməli Heydər Əliyev tərəfindən qoyulan və son 13 ildə Prezident İlham Əliyevin uğurla davam etdirdiyi məqsədyönlü siyasət sayəsində ölkənin iqtisadi müstəqilliyinin təmin olunması yolunda inamlı addımlar atılıb. İqtisadi müstəqillik Azərbaycanın çox mühüm perspektivlərə malik ölkə kimi dinamik inkişafını təmin edib.

Bütövlükdə, Azərbaycanın sürətli inkişafı və əldə edilmiş nailiyyətlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi və iqtisadi kursun qanunauyğun nəticəsidir. Bu gün Azərbaycanda xalq-iqtidar birliyi islahatların, daxili və xarici siyasət kursunun səmərəliliyini reallaşdıran əhəmiyyətli strateji faktor kimi çıxış edir. Eyni zamanda, mütəmadi surətdə həyata keçirilən islahatlar mövcud inkişafı sürətləndirməklə yanaşı, yeni inkişaf perspektivlərinin müəyyənləşdirilməsini şərtləndirir. Ölkə iqtisadiyyatının inkişafı üçün mütəmadi surətdə reallaşdırılan praqmatik islahatlar modeli formalaşdırılıb ki, bu, bütövlükdə milli inkişafa təkan verən əhəmiyyətli amil səciyyəsi daşıyır. Eyni zamanda, güclü iqtisadi inkişafa əsaslanan bir sıra tədbirlərin görülməsi Azərbaycanın milli tərəqqisini sürətləndirən, milli gücünü artıran başlıca strateji komponent qismində çıxış edir.

Dövlət başçısının həyata keçirdiyi iqtisadi siyasətin əsas xarakterik xüsusiyyətləri onun sosialyönümlü olması, habelə bütün problemlərin həllində iqtisadi aspektin mövcudluğunun ön plana çəkilməsidir. Dövlət proqramlarının, fərman və sərəncamların icrası ölkədə gedən iqtisadi inkişafın sürətləndirilməsini uğurla təmin edir, tərəqqi prosesində özəl sektorun payı və rolunu davamlı şəkildə artırır.

İqtisadiyyatın bütün sahələrində dövlət öz imkanları hesabına müasir sahibkarlıq subyektlərinin formalaşmasına geniş imkan yaratmış, onların öz potensiallarından səmərəli istifadə etmələri üçün əlverişli mühit formalaşdirmışdır.

Yeri gəlmişkən, burada bir məqamı da diqqətə çatdırmaq istərdim. Bu il yanvarın 26-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda dövlət başcısının qeyd etdiyi kimi, həqiqətən də 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı bütövlükdə tarixi hadisədir və tarixi nailiyyətdir. Bu proqram sahibkarlığın inkişafına böyük dəstək vermişdir. Belə ki, kecən dövr ərzində sahibkarlara güzəştli şərtlərlə 1,7 milyard manat kreditlər ayrılmış,  bu ilin sonunda isə həmin rəqəmin  2 milyard manat təşkil edəcəyi gözlənilir.Qeyd olunan dövlət proqrqmı cərcivəsində  son 12 il ərzində 1 milyon 400 min yeni iş yeri açılmışdır ki, onlardan 1 milyonu daimi iş yerləridir.

Ümumilikdə, ötən il 84 mini daimi olmaqla, 110 min yeni iş yeri açılıb, eyni zamanda, müxtəlif səbəblərdən 40 min iş yeri bağlanıb. Qarşıdakı illərdə məşğulluğun artırılması məqsədilə regionlarda ənənəvi istehsal sahələrinin, o cümlədən pambıqçılığın, tütünçülüyün, eləcə də xalçaçılığın və digər sənətkarlıq növlərinin inkişaf etdirilməsi üçün müvafiq tədbirlər görüləcək.

Son illərdə dövlətin güzəştli kreditləri hesabına 43 müasir quşçuluq və 25 heyvandarlıq kompleksinin, 39 intensiv bağçılıq təsərrüfatının, 53 logistik mərkəzin və 22 taxıl anbarının, 16 meyvə-tərəvəz emalı, 9 süd emalı, 8 ət emalı müəssisəsinin, 28 çörək zavodunun, 46 istixana kompleksinin, 6 yem zavodunun və digər müasir müəssisələrin yaradılması aqrar sektorda dönüşün əldə edilməsinə, ixrac potensialının artmasına, idxaldan asılılığın azalmasına, ümumilikdə ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə səbəb olmuşdur.

Biznes və investisiya mühitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən sistemli tədbirlər bu gün xüsusilə böyük əhəmiyyət kəsb edir. Ötən ilin sonlarında və bu ilin yanvar ayında sahibkarlığın inkişafı ilə bağlı ölkə Prezidentinin imzaladığı mühüm qərarlar biznes mühitinin yaxşılaşdırılması istiqamətində yeni mərhələnin başlanğıcı olmuşdur.   Belə ki, sahibkarlıq subyektlərində yoxlamalar 2 il müddətinə dayandırılmış, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilmiş, lisenziyalar müddətsiz müəyyən olunmuş, dövlət rüsumunun məbləği Bakıda 2 dəfə, regionlarda isə 4 dəfə azaldılmış, lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsinə və “Elektron lisenziya” portalının yaradılmasına başlanılmışdır. 

Bu gün Azərbaycan iqtisadiyyatının böyük hissəsi - 80 faizdən çoxu özəl sektorda formalaşır. Regional inkişaf proqramları ilə yanaşı, “Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı”, “Sahibkarlığa dövlət maliyyə dəstəyinin göstərilməsi sahəsində əlavə tədbirlər haqqında”, “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi qaydalarının təkmilləşdirilməsi haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Azərbaycan Respublikasında azad iqtisadi zonaların yaradılması haqqında”, “Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında”, “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə” və digər  fərman və sərəncamların, qanunların, dövlət proqramlarının icrası sahibkarlığın inkişafına təkan vermiş, qeyri-neft sektorunun inkişafını stimullaşdırmışdır.

Ötən il  Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, “Qoldman Saks” Təşkilatı, Beynəlxalq Maliyyə Korporasiyası, Müstəqil Dövlətlər Birliyinin Statistika Komitəsi və digər qurumların hesabatlarında Azərbaycanda investisiyalar üçün əlverişli biznes mühitinin yaradılması, sahibkarlıq subyektlərinin qeydiyyat prosesinin təkmilləşdirilməsi, əcnəbi sərmayəçilər üçün hökumət tərəfindən əlverişli sərmayə imkanlarının təmin edilməsi, eləcə də digər tədbirlərin intensiv xarakter alması əksini tapmışdır. Ümumdünya İqtisadi Forumunın açıqladığı ənənəvi qlobal rəqabətlilik əmsalında respublikamız əksər MDB və Avropa ölkələrini geridə qoymuşdur.

Ölkə rəhbərliyi səviyyəsində qəbul olunan və ictimai-siyasi, sosial-iqtisadi, humanitar-mədəni həyatın çoxşaxəli spektrini əhatə edən 60-a yaxın konseptual-strateji mahiyyətli sənəd və dövlət proqramları hazırda uğurla icra edilməkdədir. Son illərdə    görülən işlər və nəticələr bu gün deməyə əsas verir ki, Azərbaycan dünyaya özünün uğurlu inkişaf modelini təqdim edə bilmiş və qısa zaman kəsiyində ölkəmizdə, sözün əsl mənasında, inqilabi yeniləşmə və tərəqqiyə nail olunmuşdur.

Elşad ABBASOV,
“Embawood” şirkəti
Müşahidə Şurasının sədri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında