Əsl vətəndaş, tarixi şəxsiyyət və ümummilli lider

Həyat böyük sınaq meydanıdır. Bu fikrin doğruluğu heç kəsdə şübhə yaratmır: istər ayrı-ayrı şəxsiyyətlərin, dövlət xadimlərinin həyatı, ictimai-siyasi fəaliyyəti, istərsə də millətlərin, xalqların keçdiyi yol sınaqlardan ibarətdir. Müəyyən zaman kəsiyində tarixi inkişafın diktə etdiyi ictimai-siyasi şərait hər bir şəxsiyyətin, dövlətin, xalqın nəyə qadir olduğunu ortaya çıxarır, hərənin öz qiymətini verir.

Əsl vətəndaş, tarixi şəxsiyyət və ümummilli lider. Bu üç fenomen keyfiyyətin daşıyıcısı, qüdrətli və böyük insan Heydər Əliyevin Azərbaycan xalqının tarixində oynadığı rol misilsizdir. Yalnız bir yolla - bütöv və tam həqiqətin yolu ilə gedən və ağlasığmaz uğurlar qazanan dahi şəxsiyyətin dövlətçilik fəaliyyəti, əslində, tarixi faktların etirafıdır. Çünki reallıq və həiqiqət böyüklük və qüvvət əlamətidir.

Azərbaycan xalqının ümummilli lideri, dərin zəkası və rəhbərlik etmək istedadı, uzaqgörənliyi və nüfuzu ilə bütün dünyanı heyran qoymuş ulu öndər Heydər Əliyev haqqında keçmiş zamanda danışmaq mümkün deyildir. “Nə qədər Azərbaycan var, mən də varam, mən isə Azərbaycanda əbədi olacağam” — deyə özü haqqında söylədiyi bu fikir bütün zamanlarda öz təsdiqini tapacaqdır. Çünki hazırda həyatımızın hansı sahəsinə üz tutsaq, ulu öndərin böyük xariqələrinin şahidi oluruq.

Qurub-yaratmaq, idarə etmək, milləti gələcəyə aparmaq böyük şəxsiyyətin ali məramı idi. Ümummilli lider yalnız görünən möhtəşəmliklər yaratmırdı. Həm də insanların qəlbində özünün məhəbbətdən yoğrulmuş abidəsini ucaldırdı. Dahi rəhbərin hər kəsi heyrətə gətirən məziyyətlərindən biri də müdrik şəxsiyyətin insan talelərinə işıq saçmaq qüdrəti idi. Kiçikdən böyüyə, gəncdən qocaya, sadə peşə sahibindən vəzifə, ad-san yiyəsi olan insanlara qədər hamı ulu öndərin Azərbaycan tarixindəki qızıl dəst-xəttinə yaxşı bələddir. Kəndli də, şəhər sakini də, Azərbaycanın hüdudlarından kənarda yaşayan hər bir soydaşımız da qəlbində hörmət, ehtiram, qürur, minnətdarlıq, məhəbbət dolu bir duyğu gəzdirir. O ulu insana ümumxalq sevgisi bu təmiz və müqəddəs hisslərdən yaranır.

1969-cu ilin iyul ayının 14-də ulu öndər Heydər Əliyevin ilk dəfə Azərbaycan KP MK-nın birinci katibi seçildiyi dövrdə respublikamızda əhali arasında canlanma, gələcəyə nikbinliklə baxmağa əsas verən sevincli anlar hökm sürməkdə idi. Azərbaycan xalqının bütün zümrələrindən olan insanların bu seçimə ürəkdən sevinməsinin əsas səbəbi onların Azərbaycana rəhbərliyə gəlmiş bu gənc və xarizmatik insana, sözün həqiqi mənasında, inanması, ona ümid çırağı kimi baxması idi. Çox keçmədi ki, milli lider zirvəsinə yüksələrək dünya siyasətçiləri sırasında öncül mövqeyə çıxan dahi Heydər Əliyev fenomeni ona bəslənən ümidləri doğruldaraq, əsl xariqələr yaratmağa başladı.

O vaxtlar Azərbaycan Respublikasının SSRİ-nin tərkibində olmasına baxmayaraq, ulu öndər çəkinmədən, heç nədən və heç kimdən ehtiyat etmədən müstəqil addımlar atır, Azərbaycanın demokratik islahatlar texnologiyasının mühərrikini özünəməxsus bacarıqla işə salırdı. Əksinə, Moskva da onun ideyalarının məhsulu olan yenilikləri, islahatları, Azərbaycanın inkişaf ritmini alqışlamaq məcburiyyətində qalırdı. O dövrdə Moskva mətbuatında dərc olunmuş “Qoy ədalət zəfər çalsın” məqaləsi nəinki keçmiş Sovetlər İttifaqı miqyasında, eləcə də bütün dünyada böyük rezonans doğurmuşdu. Ölkəmizin hüdudlarından kənarda da Azərbaycan və Heydər Əliyev ifadələri birlikdə daha tez-tez səslənirdi. Həmin dövrün tanınmış siyasi xadimləri, filosof-pedaqoqları və alim-professorları öz çıxışlarında Heydər Əliyevdən sitatlar gətirir, onun təcrübəsinin geniş yayılmasını tövsiyə edirdilər.

XX əsrin 70-ci illərinin əvəllərindən etibarən ulu öndərin təşəbbüsü ilə hər il yüzlərlə gənc keçmiş Sovet İttifaqının ən mötəbər ali məktəblərində müxtəlif peşə və ixtisaslar üzrə təhsil almağa göndərilirdi. Bu, gələcəyin kadr hazırlığının təmininə istiqamətlənmiş uzaqgörən siyasətin həyata keçirilməsi demək idi. O, gənclərin təhsilinə, işlə təmininə, hərtərəfli inkişafına, onların dünyagörüşünün, beynəlxalq əlaqələrinin artmasına, dünya gənclərinin intellekt yüksəkliyinə inteqrasiya olunmalarına, yeniliklərdən bəhrələnmələrinə, fiziki və əqli cəhətdən sağlam böyümələrinə xüsusi diqqət yetirirdi.

O, “Gənclər bizim gələcəyimizdir”— dedikdə Azərbaycanın gələcəyinin ağıllı, savadlı, bacarıqlı gənclərin əlində olmasını arzulayırdı. Bilirdi ki, gənclər cəmiyyətin indikatoru, lakmus göstəricisidir. Belə ki, hər bir ölkədəki cəmiyyətin səviyyəsini müəyyənləşdirən əsas qüvvə gənclərdir. Heydər Əliyev deyirdi ki, “dövlətimizin gələcəyi bizim gənclərimizə nəyi və necə öyrətməyimizdən asılıdır”.

Bununla o, XXI əsrin yüksək səviyyəli insanlarını yetişdirir, milli-mənəvi dəyərlərimizin, vətənpərvərlik, azərbaycançılıq  duyğularımızın saflığına, ucalığına, səmimiliyinə çalışırdı. Bu yanaşma tərzi ilə Heydər Əliyev Azərbaycanda yüksək səviyyəli cəmiyyət qura bilən, onu müasir tələbatların bütün atributları ilə beynəlxalq miqyasda təmsil etməyə qadir olan, Vətəni, milləti göz bəbəyi kimi qorumağa, ictimai-milli mənafeyi öz şəxsi mənafeyindən üstün tutmağa hazır olan gənclər ordusunun təməlini qoydu. İndi son dərəcə möhkəm və əzəmətli görünən bu təməl öz möhkəmliyini gələcəkdə daha da artıracaq, Azərbaycana ləyaqətlə xidmət edəcəkdir.

Heydər Əliyevin öz xalqına, millətinə təmənnasız xidmətləri yaddaşlara əbədi həkk olunmuşdur. Onun bu xidmətdə əxlaq qaydalarını daim uca tutması ulu öndərin bitib-tükənməz ideyalarının inandırıcı potensialını daha da artırmışdır. Məhz xalqda olan bu inam böyük şəxsiyyətin  ikinci dəfə hakimiyyətə gəlişinin istinadına çevrilmişdir. Bu qayıdışdan sonra Azərbaycan cəmiyyətində müstəqil dövlətçilik ideyaları fundamental mahiyyət kəsb etməyə başladı.

Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevə yaxşı bəlli idi ki, Ermənistanın təcavüzünə qarşı aparılan qeyri-bərabər döyüşlər davam etdikcə, bir tərəfdən xarici dövlətlərdən hərtərəfli yardım alan Ermənistan vasitəsilə Azərbaycan daha ağır vəziyyətə düşə bilər, digər tərəfdən transmilli neft şirkətlərini Azərbaycana dəvət etmək, onlarla müqavilə bağlamaq və beləliklə, Azərbaycan neftini sərbəst şəkildə təhlükəsiz marşrutla Qərbə ixrac etmək mümkün olmayacaq. Ona görə də, ilk növbədə 1994-cü il mayın 14-də atəşkəsə nail olundu, həmin ilin sentyabr ayının 20-də isə “Əsrin müqaviləsi” imzalandı. Məhz ulu öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində öz geostrateji mövqeyini möhkəmləndirə bildi.

1994-1995-ci illərin hadisələrində Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini faciələrdən və iflasdan xilas etdi. O, ictimai-siyasi sabitliyi təmin etməklə demokratik dövlət modeli konsepsiyasını həyata keçirməyə başladı.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan tarixən sahib olduğu tolerantlıq və multikulturalizm ənənələrini hüquqi və siyasi müstəvidə yenidən bərpa etdi.

Multikulturalizm Azərbaycanda əsrlərdən bəri formalaşan, eyni zamanda, ictimai-bədii, psixoloji-mənəvi müstəvidən kənara çıxmayan dəyərlər toplusu kimi, xüsusilə sovet ideologiyasının hökmranlıq etdiyi illərdə kifayət qədər sistemsiz və spontan mahiyyətə malik idi. Onun sanki bütün vacib özəllikləri mövcud idi. Tolerantlıq və mənəvi potensial, dini loyallıq və milli özünəməxsusluq, psixoloji səbat və bəşəri dəyərlərə açıqlıq Azərbaycan insanını multikultural bir rejimin içinə salmağa hazır idi. Bu və bu kimi xüsusiyyətlər Azərbaycan ədəbi-bədii düşüncə müstəvisində həm tarixən, həm də bu gün kifayət qədər görümlü və təsiredicidir.

Şifahi və yazılı ədəbiyyatımızdan keçən bariz nümunələr uzaq keçmişdən bu günümüzədək multikultural ənənələrin mövcudluğunu aşkar şəkildə sübut edir. Bunun fonunda müasir dövrdə həllini tapası yalnız bir əsas məsələ qalırdı: hüquqi və siyasi müstəvidə multikulturalizmin yerini müəyyən etmək. Bunu isə ulu öndər Heydər Əliyev etdi. O, Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşmış çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırdı. Bu mərhələ siyasi mərhələ idi.

Əslində, ulu öndər Azərbaycan multikulturalizminin siyasi banisi oldu. Heydər Əliyev bununla ilk növbədə multikulturalizm siyasi modelinin assimilyasiya və izolyasiya kimi digər mümkün siyasi modellərdən üstün olduğunu bütün dünyaya nümayiş etdirdi. “Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətəndiririk və qoruyub saxlayacağıq”, – deyən ulu öndər bütün sonrakı siyası fəaliyyətini bu sərvətin əbədi olması istiqamətinə yönəltdi. Heydər Əliyev Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşan çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək, onu keyfiyyətcə yeni mərhələyə qaldırdı.

Ulu öndər haqlı olaraq multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edirdi. O, Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni, dini dəyərlərinin qorunmasını demokratiyanın mühüm prinsipi olan əsas insan hüquq və azadlıqları kontekstində görürdü. Ulu öndərin rəhbərliyi ilə, nəhayət ki, dönüşü olmayan demokratik inkişaf yoluna çıxmış Azərbaycan Respublikası, onun qeyd etdiyi kimi, “dinindən, dilindən, irqindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşlarının eyni hüquqlara malik” olmalarını təmin etməli idi.

Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə  milli  azlıqların ədəbiyyat, mədəniyyət, dil, tarix, adət-ənənələrinin qorunub saxlanmasına, inkişaf etdirilməsinə qanuni zəmin yaradıldı. Azərbaycanın multikultural ənənələrinin dövlət tərəfindən qorunması işində ən vacib olanı ümummilli liderin təşəbbüsü və göstərişi ilə bu məsələnin hüquqi sənədlərdə, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmasıdır. Belə ki, multikulturalizm siyasətinin əsasını təşkil edən tolerantlıq (dözümlülük) prinsipi Azərbaycan Respublikası Konstitusiyasının bir sıra maddələrində aydın şəkildə təsbit edilmişdir. Bununla bağlı “Bərabərlik hüququ” (maddə 25, bənd 3), “Milli mənsubiyyət hüququ” (maddə 44, bəndlər 1, 2), “Ana dilindən istifadə hüququ” (maddə 45, bəndlər 1, 2) və başqa maddələri göstərmək mümkündür.

Bununla da, ulu öndərin hakimiyyətə gəlməsindən  sonra  qəbul edilən  bir çox  qanunlarda  Azərbaycan ərazisində  yaşayan  bütün  milli  azlıqların mədəni kimliyinə təminat verildi. Təbii olaraq, ulu öndər etnik millətçiliyə alternativ kimi, bütövlükdə Azərbaycan xalqının və cəmiyyətinin, eyni zamanda, Azərbaycan dövlətçiliyinin yüksəlişini şərtləndirən və multikulturalizmin əsas mənəvi bazası olan azərbaycançılıq prinsipini milli ideologiya kimi irəli sürdü. O qeyd edirdi ki, etnik millətçilik, nəhayət etibarilə, etnik separatizmə, xalqlar arasında münaqişəyə gətirib çıxarır. Azərbaycançılıq ideologiyası isə dinindən, dilindən, irqindən asılı olmadan, ölkədə yaşayan bütün vətəndaşları birləşdirir.

Ulu öndərin dediyi kimi, həqiqətən də “Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi Vətənidir. Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, kumık da, başqası da — bütünlükdə hamısı azərbaycanlıdır”. Bu sözlər bu gün də son dərəcə əhəmiyyətlidir və belə bir aydın siyasi həqiqəti aktuallaşdırır: biz, yəni Azərbaycanda yaşayan bütün xalqlar məhz bir yerdə, məhz azərbaycanlı olaraq dünya üçün maraq kəsb edə bilərik. Biz ayrı-ayrılıqda heç kim üçün maraqlı deyilik! Ümummilli liderin  Azərbaycanda  milli  azlıqlarla bağlı siyasəti beynəlxalq  qurumlar  tərəfindən də hər  zaman  müsbət qarşılanıb.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasi istiqamət yeni mərhələdə onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla aparılır. Multikulturalizmi Azərbaycan Respublikasının dövlət siyasəti, xalqımızın həyat tərzi kimi dəyərləndirən Prezident İlham Əliyev bu siyasətin həyata keçirilməsində BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verir. O, daim ölkəmizin bu təşkilatlar tərəfindən qəbul edilən milli azlıqların hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı konvensiyalara qoşulmasının vacibliyini qeyd edir. Məhz bu siyasi xəttin nəticəsi kimi Azərbaycan Prezidentinin göstərişi ilə ölkəmizin 26 noyabr 2009-cu il tarixli qanunla “Mədəni özünüifadə formalarının müxtəlifliyinin qorunması və təşviqinə dair” UNESCO Konvensiyasına qoşulmasını göstərmək olar.

Azərbaycan Respublikasının Prezidenti, Heydər Əliyev yolunun davamçısı İlham Əliyevin təşəbbüsü ilə  multikulturalizm dövlət siyasətinin ən önəmli və vacib istiqamətlərindən birinə çevrilib. Artıq paytaxt Bakı qlobal əhəmiyyətli humanitar məsələlərin öz həllini tapdığı məkandır. Təsadüfi deyil ki, dövlətimizin başçısının sərəncamı ilə 2014-cü  il  fevralın 28-də Azərbaycan Respublikasının millətlərarası,  multikulturalizm  və  dini  məsələlər üzrə Dövlət Müşavirliyi Xidməti təsis edilib. Multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanın dünyaya tolerantlıq nümunəsi olaraq daha geniş tanıdılmasının  vacibliyini, eləcə də ayrı-ayrı ölkələrdəki müxtəlif multikultural modellərə xas fəlsəfi, sosial, siyasi və digər aspektlərin Azərbaycan reallığında təhlili və təşviqinin əhəmiyyətini nəzərə  alan  Prezident  İlham  Əliyevin fərmanı ilə 2014-cü il mayın 15-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb.

Azərbaycanın mənəvi-siyasi yüksəlişində son dərəcə vacib məqamlardan biri isə Prezident İlham Əliyevin təşəbbüsü və iştirakı ilə 2011-ci ildən bəri mütəmadi olaraq Bakıda Beynəlxalq Humanitar forumların keçirilməsidir. Artıq ənənəyə çevrilmiş bu forumun son açılışı zamanı etdiyi çıxışında Prezident İlham Əliyev multikulturalizmi “alternativi olmayan, gələcək inkişaf üçün ən məqbul variant” kimi dəyərləndirməklə, təkcə Azərbaycanda deyil, müasir dünyada multikulturalizm meyillərinin gücləndirilməsinin vacibliyini xüsusi olaraq qeyd etmişdir. Dövlət başçısının IV Bakı Beynəlxalq Humanitar Forumunda dediyi kimi, “multikulturalizmin müasir dünyada alternativi yoxdur. Çünki dünya ölkələrinin mütləq əksəriyyəti çoxmillətli ölkələrdir.  Əgər  multikulturalizm iflasa uğrayıbsa, onda bunun alternativi nə ola bilər? Bu da çox aydındır. Bu ayrı-seçkilikdir, irqçilikdir, ksenofobiyadır, islamafobiyadır, antisemitizmdir”.

Dövlət başçısı humanitar problemlərin mühüm əhəmiyyət daşıdığını, bu forumun artıq beynəlxalq əməkdaşlıqda öz müsbət rolunu oynadığını qeyd etmişdir. Bu gün humanitar problemlərin həlli dünya miqyasında mühüm əhəmiyyət daşıyır.

Dünyanın müxtəlif regionlarında baş verən siyasi, ictimai kataklizmlər, üstəgəl ekoloji dəyişikliklərin yaratdığı fəlakətlər nəticəsində insanlar çox böyük faciə və məhrumiyyətlərlə qarşılaşırlar. Bundan başqa, diqqət etdikdə bu kataklizmlərin əsasında milli-dini anlaşılmazlıqların da böyük rol oynadığını aydın görmək olar. Azərbaycan isə bu gün dünyanın ən sabit, multikulturalizmi yaşadan, qoruyan ölkələrindəndir. Azərbaycanda tarixən bütün etnoslar qardaş kimi yaşayıb, milli-dini zəmində qarşıdurma heç bir vaxt baş verməyib və bir vətən üçün çalışıb yaşayıblar. Bu keyfiyyət xalqımızın qədimdən-qədim özünəməxsus dövlətçilik ənənəsini yaşatması və inkişaf etdirməsi ilə bağlıdır və hazırkı qlobalizm prosesində çox pozitiv və nümunəvi bir yaşam təcrübəsidir.

 

Azərbaycanda millətlərarası, dinlərarası münasibətlərin sağlam zəmində qurulması və dövlətin siyasi, iqtisadi və sosial həyatında müsbət nəticələrlə müşayiət olunması bu gün çox xarakterik və artıq dünyada da təsdiq və təqdir olunan bir göstəricidir. Belə ki, hər bir azərbaycanlı ölkəmizdə tarixən yaşayan bu adi insani birgəyaşayış normasını xalqımızın milli-mənəvi dəyərinin ayrılmaz hissəsi sayır, dövlətçilik ənənəmizdə multikulturalizmi təqdir edir. Digər tərəfdən, bu xarakterik keyfiyyət, təbii ki, xalqımızın qədimdən milli eqoizmdən uzaq, bəşəri dəyərlərin daşıyıcısı olduğunun təsdiqidir. Təsadüfi deyil ki, Qarabağ uğrunda döyüşlərdə azərbaycanlılarla yanaşı, digər xalqların da övladları erməni işğalçılarına qarşı qəhrəmanlıqla döyüşmüşlər.

Təbii ki, xalqımızın digər millətləri özündən ayırmaması, tolerantlığı, dözümlülüyü, onlara Azərbaycana həqiqi Vətən məhəbbəti bəxş etmişdir. Bu birlik hazırkı gərgin beynəlxalq şəraitdə dünyaya sivilizasiyalararası dialoq sahəsində münasibətlərə nümunə olacaq bir mesajdır. Azərbaycan dövlətinin bu gün də öz vətəndaşlarına təlqin etdiyi humanizm və multikulturalizm yüksək, müasir dünyamız üçün çox vacib olan bəşəri keyfiyyət olmaqla yanaşı, həm də dünyada və ölkədə sosial-siyasi sabitliyin və iqtisadi inkişafın da ən mühüm amillərindəndir. Bu bəşəri dəyərin mövcudluğu və möhkəmliyi, Azərbaycan xalqının birliyi,  Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin bügünkü sürətli, davamlı və hərtərəfli inkişafında özünü əyani surətdə göstərir.

Ölkəmizin və xalqımızın  sahib  olduğu  multikultural  dəyərlərin, tolerantlıq ənənələrinin beynəlxalq ictimaiyyətə təqdim edilməsində Azərbaycan dövləti ilə yanaşı,  dünyada  maddi  və  qeyri-maddi  irsin  qorunmasında və təbliğində mühüm işlər görən Heydər Əliyev Fondu və onun rəhbəri, ölkənin birinci xanımı Mehriban Əliyevanın da böyük əməyi vardır. Bu  gün  Heydər Əliyev Fondu Azərbaycan multikultural ənənələrinin qorunub saxlanması, təbliği ilə bağlı olduqca əhəmiyyətli  layihələr həyata keçirir. Bu layihələr Azərbaycan multikulturalizminin bir ölkə çərçivəsində qapalı inkişafını deyil, dünyada dinlərin və mədəniyyətlərin müxtəliflikləri şəraitində fəaliyyət göstərməsini reallaşdırır.

Azərbaycanda milli və dini azlıqlarla bağlı aparılan dövlət siyasəti hər zaman  beynəlxalq  qurumlar  tərəfindən yüksək qiymətləndirilib. Ölkəmizin bu sahədə həyata keçirdiyi siyasət və əldə  etdiyi  təcrübə başqa dövlətlər  üçün  də nümunə göstərilir.

Bütün deyilənləri nəzərə alaraq belə qənaətə gələ bilərik ki, Azərbaycan milli dövlətçilik ənənəsinin formalaşması və həyatın bütün sahələrini əhatə edən çoxşaxəli fəaliyyət və əldə olunan uğurlar, milli-mənəvi dəyərlərin təşəkkül tapması, tarixi soy-kökə qayıdış, azərbaycançılıq dünyagörüşünün formalaşması məhz ulu öndər Heydər Əliyevin ideyalarının reallığa çevrilməsinin məntiqi nəticələridir. Ölkəmizin digər sahələrində olduğu kimi Azərbaycanda multikultural dəyərlərin, tolerantlıq ənənələrinin  bütün ağırlıqlarını öz möhkəm çiyinləri üzərinə götürərək onu inkişaf etdirən və gələcək perspektivlərini müəyyənləşdirən dahi Heydər Əliyev dəsti-xətti, Heydər Əliyev qüdrəti öz möhtəşəmliyi ilə kəskin surətdə seçilir və bənzərsizliyi ilə fərqlənir.

Ona görə də müstəqil Azərbaycan Respublikasının memarı olan Heydər Əliyev ideyalarının dəyərli nəticələri Azərbaycanda  multikulturalizmin  sarsılmaz dayağı, ilhamverici qüvvəsidir. Ulu öndərin dünyəvi ideyalarına söykənən siyasət əbədidir, həmişəyaşardır, qaranlıqlara nur çiləyən sönməz mayakdır. Onun Azərbaycanın dayanıqlı və sabit inkişafının təminatına işıq salan ideyaları daim yaşayacaq, var olacaqdır.

Əhliman ƏMİRASLANOV,
Milli Məclisin komitə sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında