Ermənistan cəmiyyəti Serj Sarkisyanın psevdopatriot gedişlərinə inanmaq istəmir

Erməni anaları fəryad edir, Ermənistan hakimiyyəti isə Qərbi və Rusiyanı təqsirkar sayır

Qoşunlarımızın işğal olunmuş torpaqlarımızda Ermənistan silahlı qüvvələri ilə təmas xəttində apreldə apardığı hərbi əməliyyatlar nəticəsində düşmən qüvvələri son 20 ildə görünməmiş şəkildə sarsıdıldı. Aprel ayının əvvəllərində Azərbaycan Ordusu düşmən hücumunu nəinki dəf etdi, həm də özü əks-hücuma keçərək bir sıra strateji yüksəklikləri və işğal altında olan yaşayış məntəqələrini nəzarət altına aldı.  Dünyanın bir sıra dövlətlərinin sülh çağırışlarına müsbət cavab verən Azərbaycan dövləti  sülhü müharibədən üstün tutduğunu, qan tökülməsinin tərəfdarı olmadığını göstərərək Ermənistana işğal olunmuş torpaqlardan çıxması üçün daha bir şans verdi.

Ermənistan rəhbəri Azərbaycan Ordusunun gücünü dərk edib qorxuya düşsə də, müharibənin onun üçün daha dəhşətli fəlakətlərə yol açacağını bildi üçün, guya sülh danışıqlarının onlar üçün də vacib olduğunu dilə gətirdi. Lakin sonrakı günlər göstərdi ki, Ermənistan prezidenti öz hakimiyyətinin məğlubiyyətini gizlətmək yolunu seçib və öldürülən çoxlu sayda  erməni əsgərlərini öz xalqından gizlədir. Üstəlik, döyüşlərdə ölmüş erməni əsgərlərinin analarının etirazları, onların cəsədlərinin gizlədilməsi, Sarkisyan iqtidarının illərdir öz xalqının sərvətlərini talayaraq, guya orduya xərcləməsi kimi cəfəng açıqlamalarını da alt-üst etdi. Bununla erməni cəmiyyəti anladı ki, onları qoruyan ordu heç nəyə qadir deyil. Məlum oldu ki, S. Sarkisyan bu illər ərzində onları aldadıb. Azərbaycan Ordusunun bütün parametrlərdə Ermənistan ordusundan dəfələrlə üstünlüyünü  və özgə torpağında erməni əsgərlərinin mənasız yerə ölməsini dərk edən və Sarkisyan iqtidarının yalanını anlayan sadə vətəndaşlar öz iqtidarlarının səriştəsizliyinə etirazlar bildirirlər.

Son günlər Ermənistan cəbhə xəttində yenidən vəziyyəti gərginləşdirmək yolunu seçərək yaşayış məntəqələrimizi artilleriya atəşinə məruz qoymuşdur. Bir neçə dinc sakinimizin qətlə yetirilməsi  və onlarca insanın yaralanması ilə nəticələnən son hadisələr bir daha Sarkisyan hakimiyyətinin öz uğursuzluğunun əvəzini təmas xəttində yaşayan mülki insanlardan çıxmaq yolunu tutduğunu göstərir. Düşmən ordusu dinc sakinlərin yaşadığı əraziləri atəşə tutduqdan sonra Azərbaycan Ordusu düşmənin atəş nöqtələrini yerlə-yeksan etmiş, lakin dinc sakinlərinə xətər yetirməmişdir.

Aprel hadisələri cəmiyyətimizin nə qədər yüksək ruhda olduğunu bir daha göstərdi və hər an ordumuzun yanında olduqlarını, səfərbərlik üçün hazır vəziyyətdə dayandıqlarını  sübut etdi. Son hadisələri şərh edərkən  məşhur fransız sərkərdəsi Napoleon Bonapartın bu fikri yerinə düşür: “Hərbi qüvvələr ölkənin müdafiəsi üçün kifayət deyil, bununla yanaşı, özünü müdafiə edən xalq məğlubedilməzdir.” Bəli, məhz özümüz haqqında illərdir səsləndirdiyimiz fikirlər özünü doğrultdu və xalqımızın nə dərəcədə torpaq həsrəti ilə yaşadığını, erməni özbaşınalığına dözmək fikrində olmadığını təsdiqlədi. Hərbi qüvvələrimizin və  xalqın mənəvi ruhunun,  işğalçılarla barışmazlıq hissinin yüksək səviyyədə olması, ordumuza əlavə stimul idi.

Artıq neçə gündür cəbhə xəttində yenidən fəallaşan düşmən ordusu dinc sakinlərin yaşadıqları kəndləri ağır silahlardan atəşə məruz qoymaqla növbəti dəfə beynəlxalq hüquqa meydan oxuyur və öz barbarlığını nümayiş etdirir. Sarkisyan rejimi cəbhəyanı ərazilərimizdə təxribat törətməklə, Azərbaycanı münaqişəyə cəlb etmək və bununla özləri haqqında növbəti hücuma məruz qalan tərəf imici yaratmağa çalışır və bununla Dağlıq Qarabağ probleminin həllini bir az da yubatmağa cəhd göstərir. Bu hərəkəti ilə o, həm də, döyüş ruhu tamam ölmüş erməni hərbi kontingentini və döyüşməmək, özgə torpağında ölməmək üçün miqrasiya etməyə çalışan erməni cəmiyyətini nəzarətdə saxlamaq məqsədi güdür. Sarkisyan yaxşı anlayır ki, beynəlxalq ictimaiyyətin ona  münasibəti müsbət deyil.  Əcnəbi siyasətçilərin, beynəlxalq qurumların rəhbərliyi onların tərəfində deyil.  Bu rüsvayçılığı ört-basdır etmək üçün status-kvonu saxlamaq hazırda Ermənistan hakimiyyətinə sərf edən ən yaxşı variantdır.

Ermənistan hakimiyyəti hətta daxil olduğu Avrasiya İqtisadi Birliyi (AAİB) tərəfindən də müdafiə olunmadı. Aprelin 8-də Yerevanda keçirilməsi nəzərdə tutulmuş iclas Dağlıq Qarabağda baş verən son hadisələrlə əlaqədar Qazaxıstanın təklifi ilə təxirə salındı. Belə ki, ittifaqa daxil olan ölkələr - Qazaxıstan, Belarus, eləcə də Rusiya Ermənistan paytaxtında yığışmağın Azərbaycan tərəfinə təzyiq kimi qəbul olunacağını səbəb gətirmişdilər. Əlbəttə, bu, Ermənistanda etirazla qarşılanmışdı və erməni hakimiyyəti buna görə İrəvanın ucqar bir yerində N.Nazarbayevin adını daşıyan küçənin adını dəyişdirmişdir.  Ermənistan tərəfinin gülünc addımları bununla bitməmiş,  “Erməni Milli Konqresi” fraksiyasından olan deputat Nikol Paşinyan AAİB-də qalmağa və onun qərarlarını “sabotaj” etməklə təşkilatın işinə mane olmağa çağırmışdı. 

Ermənistanda hakim Respublikaçılar Partiyasından olan deputat Artak Davtyan isə AAİB və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan ölkələrin Qarabağ məsələsində Azərbaycanı dəstəkləməsindən narazılığını bildirmişdi.  Onun sözlərinə görə, Belarus Qarabağda döyüşlər başlayan kimi Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi, Qazaxıstan isə AAİB üzvlərinin Yerevana gəlməsinə mane olmaq üçün əlindən gələni etdi. Erməni deputat strateji tərəfdaş kimi Rusiyadan da gözləntilərinin çox olmasını dilə gətirmişdi. Erməni generallar, hərbi və siyasi ekspertlər Sarkisyanın hərbi uğursuzluğunu bildirməklə yanaşı, onun hakimiyyətinin beynəlxalq arenada da ciddi fiaskoya məruz qaldığını qeyd edirlər. 

Erməni hərbi ekspertlər əminliklə bildirirlər ki, Azərbaycanın Qarabağda hərbi əməliyyatı göstərdi ki, Ermənistanın nə MDB məkanında, nə də Avropada faktiki müttəfiqi var: “Biz həm fiziki, həm də siyasi müstəvidə mühasirədə qalmışıq. Hadisələr əyani şəkildə göstərdi ki, xalqımız hətta bu şəraitdə də bütün dünyaya sərgiləyə bilər ki, böhranlı anda həmişə birləşməyi və gücümüzü nümayiş etdirməyi bacararıq. Ermənistan Avropa Şurasının, AŞPA-nın, KTMT-nin, Avrasiya İqtisadi Birliyinin (AİB) üzvü kimi bu qurumların heç birindən dəstək almadı. Hətta AŞPA sədri Pedro Aqramunt yenidən qızışmış münaqişə xüsusunda təzədən Azərbaycanın ərazi bütövlüyü haqqında açıqlama verdi. Ermənistan hökuməti bunlara uyğun olaraq öz siyasətini kökündən dəyişməlidir. Zaman irəli gedib. Bizim xarici siyasətimiz keçən əsrin 60-cı illərinin səviyyəsində qalıb.”

Artıq erməni tərəfi də anlayır ki, vəziyyət 90-cı illərin vəziyyəti deyil və Azərbaycanla yenidən qarşılaşmaq onlara baha başa gələcək. Sarkisyan isə erməni xalqını bu durumdan nəinki çıxarmaq haqqında düşünür, əksinə vəziyyəti daha da gərginləşdirəcək sərsəm bəyanatlar verir. Erməni qadınlarının etirazı isə günü-gündən artmaqdadır. Erməni cəmiyyəti Sarkisyanın psevdopatriot gedişlərinə inanmaq istəmir. Hətta onun başçılıq etdiyi iqtidarı rüşvətxorluqda, ordunun pulunu mənimsəməkdə günahlandırır, gəncləri isə ölümə göndərdiklərini bildirirlər.

Ermənistanda Respublikaçılar Partiyasından olan deputat Arman Saakyanın təşəbbüsü ilə “Sos Gümrü” proqramı həyata keçirilir. Bu proqram çərçivəsində Dağlıq Qarabağ döyüşlərində həlak olmuş erməni hərbçilərin ailələrinə mənzillər verilir.  Mənzil alacaq ailələr arasında 33 yaşlı polkovnik-leytenant  A.Arakelyanın ailəsi də vardı. Arakelyanın arvadı və iki övladı kiçik, birotaqlı mənzildə yaşayırlar. A.Arakelyan sağ olanda Ermənistan Müdafiə Nazirliyinə dəfələrlə müraciət edərək Gümrü rayon mərkəzində ona mənzil verilməsini istəmişdi. Amma Arakelyanın müraciətləri hər dəfə cavabsız qalmışdı. Apardılar, Dağlıq Qarabağda həlak oldu. Cəbrayıl rayonu istiqamətdəki döyüşlərdə öldürdülər onu. İndisə deyirlər ki, mənzil veririk.

A.Arakelyanın atası Gevorq Arakelyanın dediyinə görə, onlar mənzildən imtina ediblər: “Dəysin onların başlarına! Oğlum Ermənistan ordusunda 16 il xidmət etdi, mənzil ala bilmədi. Daha doğrusu, ona mənzil vermədilər. İndisə elə bil itin qabağına sümük atırlar. Oğlum həlak olub, onun qanını Sarkisyana və onun generallarına haram edirəm! Deputatlar 200 min dollarlıq maşın sürürlər, amma oğlumun ailəsi həmişə yarıac-yarıtox yaşadı. Döyüşdə ölənin xatirəsini belə istəmirlər. Onların pulu, sözləri mənə gərək deyil. Oğlumun məzarı üstündə abidəni özüm qoyacağam. Qoy bu şərəfsizlər pullarını kazinolarda, barlarda, kafelərdə xərcləsinlər”.

O daha sonra bildirib ki, azərbaycanlılar ermənilərin mövqelərini ələ keçirəndən sonra polkovnik Xovik Abramyan onun oğlunu məhz həmin mövqelərə göndərib: “Komandir oğlumu ölümə göndərdi. Xovik Abramyana suallarım var. Tankın akkumulyatorlarını kimə satdın? ZTR-də yanacaq əvəzinə su vardı. Alayın, taborun ərazisində donuzlar gəzirdi. O donuzlar kimindi?! Təbii ki, Xovik Abramyanın”. Öldürülən erməni hərbçinin valideyninin bu fikirləri bir daha erməni ordusunda rüşvətin, talanın baş-alıb getdiyini sübut etməkdədir. Ermənistan rəhbəri isə bundan nəticə çıxarmaq, öz hakimiyyətini qorumaq üçün işğalçılıq siyasətindən əl çəkmək niyyətində deyil. Belə çoxsaylı erməni valideynlərinin etirazlarında öldürülən leytenant Argişti Qaboyanın anasının fikirləri dediklərimizi bir daha təsdiqləyir.

Argiştinin anası Lüsine Qaboyan isə şəxsən Sarkisyanı və onun ətrafını rüşvətxorluqda ittiham edərək soruşmuşdur ki, oğullarımızı niyə ölümə göndərirsiniz?! Yoxsa Qarabağ müharibəsində qalib gəldiyinizi düşünürsünüz?!

Bunlar azmış kimi, Ermənistanın ayrı-ayrı vəzifəli şəxsləri Rusiyaya qarşı da bəyanatlar səsləndirməkdən çəkinmirlər. Onlar Rusiyanı onları dəstəkməməkdə ittiham edirlər.

Ermənistan mətbuatı Rusiya hökumətinin sədri Dmitri Medvedevin Bakıya səfərindən də narazıdır. Rusiya rəsmisi Ermənistana əvvəlcədən nəzərdə tutulmuş səfərini qısaltmaq və ikigünlük səfərin bir gününü Azərbaycana həsr etmək qərarını vermişdi. Erməni KİV-ləri yazır ki, bu, Ermənistan hakimiyyəti üçün təhqirdir. Mətbuat yazır: “Görünür, Rusiya Baş nazirinin Yerevana səfərinin müddətini qısaltmasının və Qazaxıstanın Baş naziri Karim Masimovun Yerevana gəlməkdən imtina etməsinin bir səbəbi var, o da Azərbaycanın xətrinə dəyməməkdir”.

Rusiya İctimai Palatasının üzvü Sergey Markov da cavab verib: “Ermənistanda Rusiyaya qarşı gedən kampaniya “əsl nankorluqdur”. Siyasətçi “facebook” səhifəsində yazıb: “Bu, ləyaqətsizlik və satqınlıqdır”.

Politoloq Andrey Yepifantsev hesab edir ki, Rusiyada Ermənistan cəmiyyətindəki güclü antirusiya əhval-ruhiyyəsinin miqyasını anlamırlar. Onun fikrincə, Ermənistanda hakimiyyəti zəbt etmiş Qarabağ klanı rəhbərlikdə qalmaq üçün Azərbaycan ilə münaqişədən istifadə edir və sülh onların sonu deməkdir. A.Yepifantsev yazır ki, ABŞ-dakı erməni diasporu da parçalanıb. Onlar erməni xalqının mənafeyini güdmürlər. Politoloq yazır: “Google”da Rusiya Ermənistana xəyanət etdi” sözlərini axtarışa versəniz, erməni ictimaiyyətinin Rusiyaya qarşı mənfi fikirləri ilə dolu 300 mindən çox məqalə taparsınız. Bu, erməni xalqı üçün özünüməhv deməkdir...”

Rusiyanın birinci kanalında yayımlanan “Odnako” verilişinin aparıcısı Mixail Leontyev hələ bir neçə il əvvəl yazırdı ki, Ermənistan neçə illərdir iqtisadiyyatın liberallaşdırılmasına və xarici sərmayələrin cəlb olunmasına səy göstərir. Lakin heç bir investisiya bumu gözə görünmür və heç işıq ucu da yoxdur. Hətta ABŞ və Avropada olan güclü diaspor belə Ermənistan iqtisadiyyatının yüksəlişinə kömək edə bilmir və yalnız ermənilərin ölkədən qaçmasını asanlaşdırır.

Bu gün Ermənistanın xaricdən ölkəyə axan ianələrin hesabına yaşamasını və lobbinin dəstəyini qeyd etsək, vəziyyətin bu ölkə üçün həqiqətən kritikləşəcəyinə şübhəmiz yoxdur. Çünki artıq dünya erməni manipulyasiyasına inanmır. ABŞ-da və dünyanın müxtəlif ölkələrində erməni diaspor şəbəkələrinə daxil olan şəxslərin müxtəlif cinayətkar qruplaşmalarda iştirakı təsdiqlənəndən sonra ermənilərə münasibət  mənfiyə doğru xeyli dəyişmişdir.

Bu günlərdə Rusiya yazıçısı və tarixçisi Aleksandr Qoryanin  Moskvada keçirilən Qarabağ hadisələrinə həsr olunmuş mətbuat konfransında Ermənistanın Dağlıq Qarabağda müharibəyə başlamaqla özünün özünə nə qədər ziyan vurduğunu xüsusi qeyd edib. Ermənistanda olarkən sovet dövründən qalmış köhnə avtomobillərin sayının çox olmasından heyrətə gələn rus yazıçısı ölkə əhalisinin sayının dəfələrlə azaldığını, bütöv ailələrin Ermənistandan köçdüyünü müşahidə edib. Tarixçi vurğulayıb ki, hələ sovet dövründə Azərbaycanda olarkən bir çox mühüm vəzifələri ermənilərin tutduğunun şahidi olub. Ermənilər özlərinin yaratdığı  Dağlıq Qarabağ münaqişəsi üzündən çox şey itirdilər.

Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında