Şuşaya qayıdacağımız gün uzaqda deyil

İyirmi  dörd ildir ki, biz şuşalılar  öz doğma şəhərimizə həsrətik. Vətən,  torpaq itkisi  çox ağırdır.  Bunu bu həsrəti yaşayanlar daha  aydın hiss edərlər.  “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan, bir sıra görkəmli xadimlərin Vətəni, eləcə də Azərbaycanın tarixi mədəniyyət mərkəzi və  Qarabağın tacı olan  Şuşa şəhəri  Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

Şuşanın müdafiəsi uğrunda aparılan döyüşlərdə 195 nəfər soydaşımız şəhid oldu, 165 nəfər yaralandı, 58 nəfər əsir düşdü və girov götürüldü. Erməni vandalları işğal vaxtı minlərlə eksponatın olduğu muzeyləri talan elədilər, yüzlərlə tarix-mədəniyyət abidəsini dağıtdılar, məbədgah və məscidləri təhqirlərə məruz qoydular, çox sayda nadir əlyazma nümunələrini məhv etdilər, təhsil və səhiyyə ocaqlarını xarabazara döndərdilər.

Şuşanın abidələr şəhəri olduğunu söyləyən ümummilli lider Heydər Əliyev onun Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirək  demişdir: “...Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir. Bu şəhərdə, onun ətrafında Azərbaycan xalqının bir neçə əsrlik tarixə malik böyük mədəniyyəti, mədəni irsi, qəhrəmanlıq nümunələri yaranıbdır. Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”.

Ulu öndərin siyasi kursunu uğurla davam etdirən  Azərbaycan Prezidenti İlham  Əliyevin rəhbərliyi altında ölkəmizin dövlət müstəqilliyinin möhkəmləndirilməsi və ərazi bütövlüyünün bərpası istiqamətində həyata keçirilən ardıcıl siyasət artıq öz  bəhrəsini verməkdədir.  İşğal altında olan  torpaqlarımızın   düşmən tapdağından azad olunacağını dövlət başçımız öz  çıxışlarında dəfələrlə  inamla ifadə edib: “Azərbaycan bayrağı Şuşada, Xankəndidə, işğal olunmuş bütün torpaqlarda dalğalanacaqdır. Mən əminəm ki, o gün gələcək. O günü yaxınlaşdırmaq üçün bütün Azərbaycan cəmiyyəti, Azərbaycan vətəndaşları bir nöqtəyə vurmalıdır. Ölkəmizi gücləndirməliyik, ölkəmizi hərtərəfli inkişaf etdirməliyik. Biz tarixi ədaləti bərpa edirik. Bu gün Azərbaycan azaddır, müstəqildir. Müstəqil Azərbaycan öz tarixi keçmişini qorumağa da və gələcəyə inamla baxmağa da qadirdir”.

Şuşa şəhərinin işğalı  yalnız ermənilər tərəfindən xalqımıza qarşı törədilən soyqırımı  deyil,  həm də xalqımızın mədəniyyətinə qarşı  yönəlmiş  cinayətdir. Bu  fikir dəfələrlə beynəlxalq  təşkilatların tribunalarında səsləndirilən  bir faktdır.

Azərbaycan  çox yaxın  zamanlarda öz toprpaqlarını azad edəcək. Ordumuzun  aprelin əvvəllərində  göstərdiyi  şücaət, erməni təxribatının  qarşısının mərdliklə  alınması  biz  şuşalıların da  qələbəyə ümidini artırır. Bu gün  hansı  şuşalını  dindirsən,  cəbhəyə getməyə,  düşmənlə  döyüşə hazır olduğunu bildirəcək. Təkcə  şuşalılar yox,  elə bütün Azərbaycan  bu gün qələbə  əzmi ilə yaşayır.

Təcavüzkar Ermənistan  münaqişənin nizama salınması üçün aparılan danışıqlar prosesində həmişə qeyri-konstruktiv mövqedən çıxış edərək hər dəfə bu prosesi uzatmağa çalışır. Danışıqların gedişi konfedensial səciyyə daşısa da, dövlət başçısı İlham Əliyev danışıqlar masası üzərində bütün işğal edilmiş Azərbaycan torpaqlarının qaytarılması və məcburi köçkünlərin öz doğma ev-eşiklərinə qayıdışı məsələlərinin mövcudluğunu bildirmişdir. Ermənistanın danışıqlar prosesini süni şəkildə uzatdığını və bu taktikanın heç bir perspektivinin olmadığını söyləyən Azərbaycan Prezidenti İlham Əliyev nə bu gün, nə on il, nə də yüz il sonra Dağlıq Qarabağın müstəqil olmayacağını vurğulamışdır.

Elə bu yaxınlarda  Bakıda keçirilən BMT Sıvilizasiyalar Alyansı  7-ci Qlobal Forumunun açılış mərasimində  dövlət başçımız bir daha bu barədə demişdir:  “Ermənistan işğal edilmiş əraziləri tərk etməli və işğala son qoymalıdır. XXI əsrdə hər bir nöqteyi-nəzərdən, istər siyasi, istər hüquqi, istərsə də humanitar baxımdan qonşu dövlətin ərazisinin işğalı və danışıqlar prosesinin əngəllənməsi tamamilə anormal haldır.”

Dövlət başçısı  bəyan etmişdir ki, “Dağlıq Qarabağın azərbaycanlı əhalisi oraya, o cümlədən Şuşaya  qayıtdıqdan sonra  status məsələsi müzakirə oluna bilər. Heç şübhəsiz ki, bütün bunlar Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır”.

Bizim yaşadığımız  Şuşa  qaniçən ermənilər tərəfindən darmadağın edilib. Zəngin mədəniyyət abidələrimizdən isə əsər-əlamət  belə qalmayıb. İşğaldan əvvəl Şuşada 300 tarixi abidə, 550 qədim yaşayış binası, 870 metr uzunluğunda bərpa olunmuş qala divarları vardı. Tarixi abidələrdən 23-ü respublika və dünya miqyaslı abidələrə aid idi. Bunların çoxu XVIII-XIX əsrlərə aiddir. Şuşada hər bir ev, küçə, möhtəşəm qala divarları, məscidlər, minarələr, əzəmətli qəsrlərin qalıqları keçmişimizdən xəbər verirdi. Xalça və Tətbiqi Sənət Muzeyinin Şuşadakı filialı, Üzeyir bəy Hacıbəylinin Şuşadakı ev muzeyinin bir sıra eksponatları çıxarılıb, amma həmin muzeylərin fondu da tam xilas edilməyib. Şuşa şəhərində Natəvanın, Bülbülün, Əbdürrəhim bəy Haqverdiyevin və başqalarının ev muzeyləri, Şəkil qalereyası, Şuşa Diyarşünaslıq Muzeyi tamamilə dağıdılıb. Şuşanın Tarixi Muzeyinin 5 minədək eksponatı, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialının, Dövlət Qarabağ Tarix Muzeyinin 1000-dək əşyası, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin (300-dən çox əşya), vokal sənətimizin əsasını qoymuş böyük müğənni Bülbülün (400-dək əşya), görkəmli musiqiçi və rəssam Mir Mövsüm Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin eksponatları talan edilib.

Ermənilər Üzeyir bəyin və Bülbülün, habelə şair Xurşudbanu Natəvanın heykəllərini Şuşa şəhərindən Ermənistan ərazisinə aparıblar. Bu abidələr bütün əxlaq normalarına, beynəlxalq humanitar prinsiplərə, sivilizasiyaya zidd olaraq vəhşicəsinə güllələnmiş və ağır texnika vasitəsilə zədələnmişdi. Sonradan həmin abidələri çox çətinliklə Bakıya gətirmək mümkün olub.

Şuşa tarixi memarlıq qoruğu mühafizə olunurdu. İşğalçı vandallar Yuxarı və Aşağı Gövhərağa məscidlərini  artıq iyrənc məqsədlərlə  istifadə edirlər.  Köçərli, Mərdinli, cümə məscidlərinin də  aqibəti  elə Gövhərağa məscidləri  kimidir. Daşnaklar Qarabağ xanının vəziri, böyük  şair M.P.Vaqifin türbəsini  də məhv etmişlər, daşınması mümkün olan  maddi-mədəniyyət abidələrini isə Ermənistana  aparmışlar.

Mütəxəssislərin  və ekspertlərin  fikrincə, Azərbaycan xalqının məhv edilmiş qədim, əvəzolunmaz mədəni sərvətləri olan bu abidələrin qiymətini təyin etmək praktiki olaraq mümkün deyildir. Bu qaniçənlər  hətta  bizim  maddi və mənəvi mədəniyyət nümunələrimizə də sahib çıxmaq istəyirlər.

Bu  gün  Şuşanın tarixi və mədəni abidələrinə qarşı edilən amansız təcavüzə  qarşı   dünyanın   nüfuzlu  beynəlxalq  təşkilatları biganə  qalmaqdadır.  İnanırıq ki, Prezident İlham Əliyevin  apardığı  uğurlu   siyasət  bütövlükdə  Dağlıq Qarabağın  və işğal olunmuş ətraf rayonların   qaytarılmasını  təmin edəcək  və   o zaman   Şuşanın  bu möhtəşəm  abidələri   bərpa olunub yenidən Azərbaycan xalqının  mənəvi sərvətinə çevriləcəkdir. O gün isə  uzaqda deyil.

Rəsul İSMAYILOV,
Şuşa Humanitar
Kollecinin direktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında