Tarixin yaratdığı elə şəxsiyyətlər olur ki, onlar həyat və fəaliyyətləri ilə dövlətin inkişaf yolunu müəyyənləşdirir, mənsub olduğu xalqın, millətin tarixini yazırlar. Belə nadir şəxsiyyətlərdən biri də görkəmli siyasi və dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Ulu öndər titanik fəaliyyəti, dərin zəkası və dövlətçilik sahəsindəki zəngin təcrübəsi ilə dünya səviyyəli nəhəng siyasət adamı kimi məşhurlaşmışdır. Məhz onun adı Azərbaycan xalqının rəmzinə çevrilmiş, keçdiyi şərəfli və mənalı ömür yolu nəsillərə örnək olmuşdur.
Xalqımızın böyük oğlu, görkəmli siyasətçi respublika rəhbərliyinə gəlişi ilə Azərbaycanda milli intibahın, sosial tərəqqinin, mənəvi yüksəlişin əsasını müəyyənləşdirmişdir. 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi respublikamızın tarixində yeni siyasi mərhələnin başlanğıcı olmuşdur. Ulu öndər ali kürsüyə yüksəldiyi ilk gündən bütün varlığı ilə sevdiyi xalqının intibahı və xoşbəxt gələcəyi naminə böyük fədakarlıqlar göstərmişdir. Təsadüfi deyil ki, ümummilli liderimiz çox-çox sonralar respublikamıza rəhbərlik etdiyi həmin illəri xatırlayaraq o zaman hər hansı bir işi görərkən məhz Azərbaycanın bugünkü müstəqilliyini düşündüyünü etiraf etmişdir.
Ümummilli lider Heydər Əliyevin respublikamıza ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illər Azərbaycanın quruculuq salnaməsinin ən zəngin səhifələrini təşkil etmişdir. Həmin illər tariximizə siyasi, iqtisadi, mədəni və mənəvi yüksəliş dövrü kimi daxil olmuşdur. Dövlət həyatının bütün sahələrində misli görünməmiş canlanma baş vermiş, qısa müddət ərzində respublikamız əsrə bərabər inkişaf yolu keçmişdir. Bu mənada azərbaycançılığın ən parlaq səhifələri də elə həmin illərdən etibarən yazılmağa başlanmışdır. Bütövlükdə isə 1969-1982-ci illər Azərbaycanda xalq təsərrüfatının sürətli inkişaf və tərəqqi dövrü kimi tarixə düşmüşdür. Məhz Heydər Əliyevin qətiyyəti sayəsində həmin illərdə Azərbaycan geridə qalmış aqrar respublikadan sürətlə inkişaf edən aqrar-sənaye respublikasına çevrilmişdir. Bununla yanaşı, sənayenin aparıcı istiqamətlərindən sayılan neft və kimya sahələrində əmtəə dövriyyəsi xeyli artmış, respublikamızda iri sənaye müəssisələri tikilib istifadəyə verilmişdir. Məhsuldar qüvvələrin düzgün yerləşdirilməsi, mövcud potensialdan səmərəli istifadə edilməsi nəticəsində Azərbaycanda iqtisadi fəallıq xeyli artmış, respublikamız bir sıra məhsulların istehsalına görə Sovet İttifaqında qabaqcıl yerlərə çıxmışdır. Dahi liderin səyləri nəticəsində Azərbaycan, eyni zamanda, keçmiş İttifaq miqyasında mühüm kənd təsərrüfatı respublikası, qabaqcıl pambıqçılıq və üzümçülük diyarı kimi məşhurlaşmışdır. Sənaye obyektlərinin sayı artırılmış, məhsul istehsalının həcmi yüksəldilmiş, kənd təsərrüfatı sahəsində sürətli inkişaf əldə edilmişdir. Bütün bunlar, heç şübhəsiz, mövcud avtomobil yolları şəbəkəsinin genişləndirilməsi, bərpa edilməsi və yenidən qurulması zərurətini yaratmışdır. Xatırladaq ki, həmin müddətdə respublikada yolların uzunluğunun 1,2 dəfə artması ilə yanaşı, yük gərginliyi 1,5, hərəkətin intensivliyi isə 2 dəfə çoxalmışdır.
1974-cü ildə Azərbaycanda mövcud Şose Yolları Baş İdarəsi əsasında Avtomobil Yolları Tikinti və İstismar Nazirliyi yaradıldı. Yeri gəlmişkən, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk on il ərzində respublikada yolların təmirinə və təminatına ayrılan vəsait 3,5 dəfə, kapital qoyuluşu isə 2,5 dəfə artdı. 1980-ci ilə qədər bütün dövlət əhəmiyyətli yollara asfalt-beton örtüyünün döşənməsinə başlanıldı. Respublikanın yol təsərrüfatında yüksək göstəricilərə nail olmaq üçün yeni sənaye sahələri yaradıldı. Yol texnikasının təmiri ilə məşğul olan təcrübi-eksperimental “Dortexnika” zavodu, Qazax rayonunda karxana çınqılı, yuyulmuş qum istehsal edən Poylu çınqıl zavodu tikilib istifadəyə verildi. Yevlax dəmir-beton tikinti zavodunun uğurlu fəaliyyəti isə yol infrastrukturunun əsaslı şəkildə yenidən qurulmasını, yeni avtomobil yollarının tikintisini sürətlə və keyfiyyətlə aparmağa imkan yaradırdı. Həmin illərdə qəbul olunmuş “Azərbaycan SSR-in avtomobil yollarının tikintisi, təmiri və təminatını yaxşıllaşdırmaq üçün gələcək tədbirlər haqqında” qətnamə respublikamızda avtomobil yolları şəbəkəsinin genişləndirilməsinə, yol infrastrukturunun yenidən qurulmasına imkan yaratdı. Məhz həmin sənədə əsasən, yolların keyfiyyətini Ümumittifaq səviyyəsinə qaldırmaq üçün yol infrastrukturunun inkişafına yönəldilən kapital qoyuluşunun həcmi xeyli artırıldı.
Ötən əsrin sonlarında müstəqilliyini yenidən bərpa edən Azərbaycanın çətin günlərində xalqımız müdrik qərar qəbul edərək yenidən Heydər Əliyevi ali siyasət kürsüsünə dəvət etdi. Azərbaycanı üzləşdiyi siyasi xaosdan, dərin iqtisadi böhrandan xilas etmək kimi son dərəcə çətin və şərəfli missiyanı üzərinə götürən ümummilli lider Bakıya qayıtdı. Ulu öndərin rəhbərliyi ilə həyata keçirilən köklü iqtisadi dəyişikliklər nəticəsində həyatın bütün sahələrində olduğu kimi, yol təsərrüfatının fəaliyyətində də tənəzzülə son qoyuldu. Ümummilli lider bu sahənin ölkə iqtisadiyyatındakı rolunu düzgün dəyərləndirərək islahatların aparılmasını daim diqqətdə saxlayırdı. Məhz Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin əməyi nəticəsində bu sektorun inkişafı məqsədilə struktur dəyişiklikləri aparıldı, 1998-ci il avqustun 5-də Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi təsis edildi, 2003-cü il iyun ayının 23-də isə nazirliyin tabeliyində “Yolnəqliyyatservis” Departamenti yaradıldı. Respublika və yerli əhəmiyyətli avtomobil yolları adıçəkilən departamentin balansına götürüldü, onun tabeliyinə verilən yol istismar idarələrinin fəaliyyəti genişləndirildi. Beləliklə, yol təsərrüfatının inkişafında yeni mərhələ başlandı.
Ümummilli lider Heydər Əliyevin “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir” fikri Azərbaycanın dövlət başçısının yol təsərrüfatının inkişafına nə qədər böyük önəm verdiyini bir daha təsdiqləyir. Avropa Birliyinin dəstəyi ilə həyata keçirilən TRASECA proqramı çərçivəsində Qərb-Şərq nəqliyyat dəhlizinin Azərbaycanın ərazisindən keçməsində ulu öndərin gərgin fəaliyyəti və qətiyyəti əvəzsiz rol oynamışdır. 1998-ci ilin sentyabr ayında Heydər Əliyevin təşəbbüsü ilə tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxaq konfransın məhz Bakıda keçirilməsi də bunun bariz nümunəsidir. Yeri gəlmişkən, 32 ölkənin və 13 beynəlxalq təşkilatın səlahiyyətli nümayəndələrinin iştirak etdikləri konfransda Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsi üzrə beynəlxalq nəqliyyat haqqında çox mühüm sənədin imzalanması əlverişli geosiyasi mövqedə yerləşən Azərbaycanın regionda etibarlı tərəfdaş kimi mövqeyini daha da artırdı. 2001-ci il iyulun 4-də “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanı imzalandı. Məhz həmin fərmana əsasən, ölkəmizdə respublika və yerli əhəmiyyətli avtomobil yollarının təmiri və tikintisinə bilavasitə cavabdehlik daşıyan təşkilatlar və onların üzərinə düşən vəzifələr müəyyənləşdirildi.
Ulu öndər Azərbaycana rəhbərlik etdiyi bir qərinədən artıq dövrdə respublikamızın həyatında, xalqımızın taleyində elə bir əzəmətli rol oynamışdır ki, bu, əsrlər boyu unudulmayacaqdır. İndi müstəqil Azərbaycanda həyatın elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyevin gərgin əməyinin, parlaq zəkasının izləri hiss olunmasın.
Hazırda Azərbaycan özünün sosial-iqtisadi inkişafının yeni yüksəliş dövrünü yaşayır. Ölkə həyatının bütün sahələrində yüksək tərəqqi, sürətli inkişaf nəzərə çarpır. Bu da təsadüfi deyil. Ölkə başçısı cənab İlham Əliyevin son illər həyata keçirdiyi uğurlu islahatlar ölkəmizin iqtisadi yüksəlişində, beynəlxalq müstəvidə siyasi dayaqlarımızın daha da möhkəmlənməsində, ölkədaxili sabitliyin qorunmasında, eləcə də regionların inkişafında müstəsna rol oynamışdır. Bu gün müstəqil Azərbaycan sürətli və dinamik inkişaf yolunda inamla irəliləyərək regionun lider dövlətinə çevrilmiş, həm də dünya miqyasında böyük nüfuz qazanmış, qlobal iqtisadi layihələrin təşəbbüsçüsü və iştirakçısı kimi tanınmış, xüsusən, Avropanın enerji təhlükəsizliyinin təminatçıları sırasında öz yerini tutmuşdur. Ölkə həyatının bütün sahələrini əhatə edən yeniləşmə və müasirləşmə prosesi getdikcə dərinləşir, dövlətin gücünün və qüdrətinin artırılmasına, xalqın rifahının durmadan yüksəldilməsinə xidmət edən quruculuq proqramları böyük uğurla icra edilir. Son on il ərzində Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artmışdır ki, bu da analoqu olmayan inkişaf tempi kimi bütün dünyanın diqqətini cəlb etmişdir.
Azərbaycanın müstəqil dövlət quruculuğunda, ölkənin sosial-iqtisadi inkişafında əldə etdiyi bütün nailiyyətlərin təməlində, heç şübhəsiz, ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş, onun layiqli davamçısı Prezident İlham Əliyevin müasir dövrün reallıqlarına uyğun qətiyyət və ardıcıllıqla gerçəkləşdirdiyi mükəmməl strategiya, uğurlu xarici və daxili siyasət dayanır. Ölkənin sosial-iqtisadi inkişafını şərtləndirən mühüm amillərdən sayılan avtomobil yolları təsərrüfatında baş vermiş köklü dəyişikliklər və misilsiz nailiyyətlər də bu strategiyadan, bu siyasətdən qaynaqlanır. Ulu öndərin inkişaf strategiyasını yeni dövrün çağırışlarına uyğun olaraq uğurla davam etdirən, onu daha zənginləşdirən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində, həyatın bütün sahələri ilə yanaşı, yol təsərrüfatında da sistemli və kompleks tədbirlərin həyata keçirilməsi dinamik xarakter almışdır. Məhz bu sahədə həyata keçirilən genişmiqyaslı tədbirlərin nəticəsidir ki, son illər paytaxt Bakıda, eləcə də regionlarda vəziyyət kökündən dəyişmiş, dövlət başçısının imzaladığı sərəncamlardan irəli gələn vəzifələrin icrası istiqamətində reallaşdırılan tədbirlər sözügedən sahənin yeniləşdirilməsi üçün möhkəm zəmin yaratmışdır.
Hazırda Prezident İlham Əliyev yol təsərrüfatına xüsusi diqqət ayırır, avtomobil yollarının tikintisi və bərpası ilə bağlı sərəncamlar imzalayır. Ölkə Prezidentinin 28 dekabr 2015-ci il tarixli sərəncamı bu baxımdan mühüm əhəmiyyətə malikdir. Həmin sənədə əsasən, ölkənin avtomobil yolları şəbəkəsinin və yol infrastrukturunun bərpası və yenidən qurulması istiqamətində görülən işlərin səmərəliliyinin artırılması, habelə nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi məqsədilə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarıldı. Dövlət başçısının 9 mart 2016-cı il tarixli fərmanı ilə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti adlandırıldı.
Əvvəllki illərlə müqayisədə yol infrastrukturu, demək olar ki, çox dəyişib. Bu sahənin hərtərəfli inkişafı üçün çox böyük işlər görülüb və hazırda da uğurla davam etdirilir. Ölkə başçısı aparılan işlərə xüsusi əhəmiyyət verərək mütəmadi olaraq həyata keçirilən işlərin gedişatı ilə maraqlanır, açılış mərasimlərində şəxsən iştirak edir. Yol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü və sistemli tədbirlərin nəticəsi olaraq avtomobil yollarının tikintisi, yenidən qurulması, təmiri üzrə işlərin həcmi ildən-ilə artır. Elə statistik rəqəmlər də son 12 ildə yol təsərrüfatında müsbət dəyişikliklərin baş verdiyini bir daha təsdiqləyir. Ölkənin ümumi istifadədə olan avtomobil yollarının uzunluğu 2003-cü ildə 18754 kilometr təşkil edirdisə, 2013-cü ildə 19000 kilometrə çatdırılmışdır. Bunun da 17529 kilometri “Azəravtoyol” ASC-nin balansındadır. Son 12 ildə avtomobil yollarının tikintisində və təmirində istifadə olunan 3014 müxtəlif təyinatlı nəqliyyat vasitəsi, yol tikinti maşınları, avadanlıq və qurğular alınmış, ümumi gücü saatda 2240 tondan çox olan 33 asfalt-beton zavodu işə salınmışdır. 2004-2016-cı illərdə respublikada yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yolların uzunluğu 8332 kilometrə çatmış, 222 yeni körpü və yol ötürücüsü tikilmişdir.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən dünya əhəmiyyətli İpək Yolu layihəsinin Azərbaycan ərazisi boyunca Bakıdan Gürcüstan sərhədinədək 513 kilometrlik hissəsində işlər uğurla davam etdirilib. Möhtərəm Prezidentimiz İlham Əliyevin ölkəmizə rəhbərliyə başladığı vaxtdan etibarən sözügedən magistralın texniki vəziyyətinin öyrənilməsi və yenidən qurulması üçün tələb olunan maliyyə mənbələri həll olunub, eyni zamanda, 2-ci texniki dərəcəli, iki hərəkət zolaqlı hissələrinin 1-ci texniki dərəcəli yolun parametrlərinə uyğunlaşdırılması işlərinin çox hissəsi yerinə yetirilib. Artıq magistral yolun 312,5 kilometrlik 2-ci texniki dərəcəli və 209 kilometrlik 1-ci texniki dərəcəli hissələri yenidən qurularaq istifadəyə verilib. Hazırda Hacıqabul–Kürdəmir, Kürdəmir–Ucar–Yevlax hissələrinin əlavə iki hərəkət zolağı tikilməklə yolun 1-ci texniki dərəcəyə çatdırılması istiqamətində işlər davam etdirilir.
Şimal–Cənub avtonəqliyyat dəhlizinin bir hissəsi olan Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu ölkənin yol təsərrüfatı sistemində mühüm yer tutur və hərəkətin intensivliyi ilə seçilir. Uzunluğu 208 kilometr olan magistralın 6-16 kilometrlik hissəsi asfalt-beton, 16-134 kilometrlik hissəsi sement-beton örtüklü olmaqla yenidən qurulmuş, eyni zamanda, Sumqayıt dairəvi, Gəndob–Quba hissələrinin 11-ci və 16-cı kilometrlərində yol qovşaqlarının, Masazır dairəsində yol ötürücüsünün və Dəvəçi çayı üzərində körpünün tikintisi başa çatdırılmışdır. Yolun Gəndob–Rusiya Federasiyası ilə dövlət sərhədi hissəsinin (59,6 kilometr) tikintisi isə davam etdirilir.
Digər strateji əhəmiyyətli arterial avtonəqliyyat dəhlizi olan Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi yolunun 41,6 kilometrlik hissəsi, Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Muğanlıyadək və 115 kilometrlik Muğanlı–Yevlax hissələri, Hacıqabul–Bəhrəmtəpə–Mincivan avtomobil yolunun Hacıqabul–Bulaqlı hissələri istifadəyə verilmişdir.
Bundan əlavə, Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi, Bakı–Ələt–Qazax–Gürcüstan sərhədi avtomobil yollarını əlaqələndirən və tranzit daşımaları üçün müstəsna əhəmiyyət kəsb edən H.Z.Tağıyev qəsəbəsi – Sahil avtomobil yolunun yenidən qurulması üzrə də lazımi işlər görülmüşdür. Uzunluğu 41,4 kilometr olan bu yol respublikanın cənub və qərb istiqamətindən gələn nəqliyyat vasitələrinin Bakı şəhərinə daxil olmadan Bakı–Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 36-cı kilometrinə çıxışını təmin edir və hər iki istiqamətdə məsafəni 100 kilometrədək qısaltmışdır.
Ölkə regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramları təsdiq edilərkən qarşıya qoyulan başlıca hədəflər arasında yol təsərrüfatının bərpası, yenidən qurulması və müasir standartlara çatdırılması xüsusi yer tutmuşdur. Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafı proqramının uğurla yerinə yetirilməsində, ilk növbədə, müasir tələblərə cavab verən yolların mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq demişdir: “Müasir infrastruktur və yol olmadan iqtisadi inkişaf mümkün deyil”. Buna nail olmaq məqsədilə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində yol qurğularının, eləcə də ölkənin bütün regionlarını və yaşayış məntəqələrini birləşdirən avtomobil yollarının yenidən qurulması və tikintisi üzrə irimiqyaslı layihələr həyata keçirilmişdir.
Prezident İlham Əliyev bölgələrə, demək olar ki, bütün səfərləri zamanı respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, hətta ucqar dağ kəndlərinə yeni yolların çəkilməsi ilə bağlı konkret tapşırıqlar verir. Bunun nəticəsi olaraq Biləsuvar-İran sərhədi, Lənkəran-Lerik, Masallı-Yardımlı, Gəncə-Daşkəsən-Xoşbulaq, Quba-İspik-Xınalıq, Şamaxı-Pirqulu, Tovuz-Əlibəyli, Şəmkir-Gədəbəy, İsmayıllı-Qəbələ, Xaldan-Mingəçevir, Ağdaş-Ləki, Quba-Qəçrəş-Qımılqazma, Qusar-Əniğ-Ləzə, Qazaxbəyli-Aşağı Salahlı, Qəbələ-Ağdaş, Oğuz-Qəbələ, Quba-Qusar, Şəki-Qax, Ağstafa-Poylu-Gürcüstan sərhədi, Yevlax-Bərdə və digər avtomobil yolları yenidən qurulmuş, ölkədaxili yol infrastrukturu əhəmiyyətli dərəcədə inkişaf etmişdir. Hazırda regionlar üzrə daxili investisiya hesabına ümumi uzunluğu 381 kilometr təşkil edən avtomobil yollarının və 14 ədəd körpünün tikintisi uğurla davam etdirilir.
Getdikcə müasirləşən, dünyanın ən gözəl şəhərlərindən birinə çevrilən Bakıda nəqliyyatın intensivliyinin artması küçə və yollarda kəskin tıxacların yaranmasına gətirib çıxarırdı. Təbii ki, bu ciddi problem də Prezident İlham Əliyevin diqqətindən yayınmadı. Dövlətimizin başçısı nəqliyyat tıxaclarının ən çox yarandığı yerlərdə vəziyyətlə tanış olduqdan sonra bu sahədə kompleks tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə geniş proqram hazırlanması barədə tapşırıq verdi. Beləliklə, Prezidentin Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi ilə bağlı 2006-2007-ci və 2008-2013-cü illər üzrə Tədbirlər Planının təsdiq edilməsi haqqında sərəncamları qısa müddətdə paytaxtda irimiqyaslı layihələrin həyata keçirilməsinə yol açdı. Dövlətimizin başçısının Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi ilə bağlı müvafiq sərəncamlarına əsasən, yeraltı və yerüstü piyada keçidlərinin tikintisi də geniş vüsət almışdır. Son bir neçə ildə Bakı şəhərindəki mövcud 10 piyada keçidi əsaslı təmir olunmuş, 60-a yaxın yeni yeraltı və yerüstü piyada keçidi inşa edilmişdir. Xüsusi zövqlə və dizaynla inşa edilən keçidlər piyadaların təhlükəsizliyini təmin etməklə yanaşı, memarlıq tərtibatı baxımından da maraq doğurur. Bu istiqamətdə görülən işlər paytaxtın mərkəzi hissəsi ilə yanaşı, Bakının ətraf qəsəbələrini də əhatə edir. Bakı şəhərinin və onun qəsəbələrinin nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə tədbirlər planının, müvafiq dövlət proqramlarının icrası nəticəsində paytaxtın yol infrastrukturundakı problemlərin böyük hissəsi öz həllini tapmışdır. Bu istiqamətdə tədbirlər hazırda da davam etdirilir.
Yeri gəlmişkən, hazırda “Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində xidmət göstərilən yolların, prospekt və küçələrin ümumi uzunluğu 1525 kilometrdir. Təkcə 2015-ci ildə 144,1 kilometr uzunluğunda avtomobil yolu, prospekt və küçə tikilmiş, yenidən qurulmuş, təmir olunmuş, üç ədəd yol ötürücüsü, iki ədəd tunel, doqquz ədəd piyada keçidi istismara verilmişdir. Ümumi uzunluğu 112,1 kilometr təşkil edən 42 adda küçə və prospektdə təqribən 440 min kvadratmetr sahədə əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. Bakı şəhəri ərazisində daxili investisiya hesabına tikintisi davam etdirilən layihələrə Həsən Əliyev küçəsindən Ziya Bünyadov küçəsinə paralel olaraq “Koroğlu” metro stansiyasına qədər yol ( II mərhələ), Ağ şəhərə gedən avtomobil yolları, Bilgəh–Novxanı–Sumqayıt–M4 (18 kilometr) avtomobil yolu (14–42 kilometr hissəsi), Qala–Pirallahı avtomobil yolu, Pirallahı qəsəbəsini sahillə birləşdirən avtomobil körpüsü, Zığ–Hövsan avtomobil yolu və s. aiddir.
Ölkə rəhbəri kənd yollarının yenidən qurulmasını da diqqətdə saxlayır. Son illər Prezident İlham Əliyev kəndlərarası avtomobil yollarının tikintisi ilə əlaqədar 50-dən artıq sərəncam imzalayıb. Kənd yollarının təmiri və bərpası ilə bağlı işlərin yerinə yetirilməsi yol təmir-tikintisi üzrə ixtisaslaşmış və 2016-cı ildən müstəqil qurum kimi fəaliyyət göstərməyə başlayan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilib. Bu, yol inşaatçılarının üzərinə əlavə məsuliyyət qoyur. Yeri gəlmişkən, “Azəravtoyol” ASC “Azərbaycan Respublikası regionlarının 2014–2018-ci illərdə sosial-iqtisadi inkişafı” və “2014–2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı” dövlət proqramlarında avtomobil yollarının tikintisini vaxtında icra etmək, eləcə də işsizliyin aradan qaldırılması istiqamətində ölkə rəhbərinin həyata keçirdiyi layihələrə dəstək olmaq məqsədilə iki mindən artıq vətəndaşı müvafiq işlə təmin edib. Prezidentin yerli istehsalın daha da genişləndirilməsi istiqamətində verdiyi tövsiyə və tapşırıqlarına əsasən, “Azəravtoyol” ASC yolların tikintisi, yenidən qurulması və təmiri zamanı yalnız yerli tikinti materiallarıdan istifadə edir.
Bir sözlə, bütün bunlar onu göstərir ki, zəngin potensiala mailk olan Azərbaycanda yol infrastrukturunun inkişafı dövlətin əsas prioritetlərindən birinə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu daxili siyasəti sayəsində qazanılan nailiyyətlərin sırasında bu sahənin inkişafı önəmli yer tutur. “Azərbaycanda ən müasir nəqliyyat-yol infrastrukturu yaradılacaq”, – deyən ölkə başçısı İlham Əliyev ötən illərdə avtomobil yollarının, yol qurğularının açılışı ilə bağlı çoxsaylı mərasimlərdə iştirakı zamanı bu sahəhin inkişafı üçün öz dəyərli tapşırıq və tövsiyələrini verib. Dövlət başçısının 20 fevral 2008-ci il tarixli sərəncamı ilə fevralın 22-nin Azərbaycan Respublikası avtomobil yolları işçilərinin peşə bayramı günü kimi təsis edilməsi taleyini bu vacib və gərəkli sahəyə bağlamış insanların zəhmətinə verilən dəyərin bariz ifadəsidir. Yol təsərrüfatı işçiləri də ölkə rəhbərinin sonsuz diqqət və qayğısına cavab olaraq ölkəmizin avtomobil yolları şəbəkəsinin genişləndirilməsi istiqamətində mühüm və məqsədyönlü tədbirlərin həyata keçirilməsində bundan sonra da fəal iştirak edəcəklər.
Saleh MƏMMƏDOV,
“Azəravtoyol” ASC-nin sədri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.