Liderliyin zirvəsində dayanan şəxsiyyət

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin  əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var. Hazırda bu siyasət davam etdirilir. Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayır və möhkəmlənir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 


 

Hər bir xalqın milli kimliyi onun əsrlər boyu siyasi varislik ənənələri üzərində formalaşan və zənginləşən dövlətçilik irsində dolğun təcəssümünü tapır. Milli dövlətçiliyin qorunması və möhkəmləndirilməsi təkcə tarixi şans və milli iradə nümayişi ilə deyil, həm də lider amili ilə şərtlənir. Minilliklərin sınağından çıxmış təcrübə göstərir ki, fenomenal keyfiyyətlərə, yüksək dövlətçilik və idarəçilik təfəkkürünə malik lideri olmayan xalqlar nəinki dövlət yarada bilməmiş, hətta dünya səhnəsindən tamamilə silinmək təhlükəsi ilə üzləşmişlər.

Belə bir şəraitdə dünyanın böyük iradə sahibinə, yüksək diplomatik bacarığı olan və qətiyyətli qərarlar qəbul edən liderə ehtiyacı daha aydın hiss olunur. Fitri istedadı və xarizmatik keyfiyyətləri ilə ürəkləri fəth edərək zamanın fövqündə dayanmaq, milyonların qəlbində ölməzlik məşəli yandıraraq onlara müstəqillik, azadlıq hissini bütün varlığı ilə yaşatmaq, millətinin iradəsini ifadə etmək xoşbəxtliyi çox az liderlərə nəsib olur. Belə fenomenal liderlər xalqın əsrlər boyu formalaşmış və ümumbəşəri dəyərlərlə çulğalaşmış siyasi dünyagörüşü əsasında özlərinin mükəmməl dövlətçilik konsepsiyasını ortaya qoyurlar. Tanrının bəxş etdiyi belə seçilmiş şəxsiyyətlər xalqlarının əsrlər boyu cilalanmış dövlətçilik təfəkkürü, siyasi dünyagörüşü, milli dəyərləri əsasında optimal dövlət modeli və siyasi varislik ənənələri yaradırlar. Tanrı belə şəxsiyyətlərə həm də xilaskarlıq missiyası verir - zamanın ən sərt sınaqlarından fədakarlıqla çıxmış bu insanlar əsrlər boyu xalqlarının dövlətçilik idealını gerçəkləşdirməyə, müstəqillik və azadlıq ideyalarını reallaşdırmağa nail olurlar. Belə tarixi şəxsiyyətlər unudulmur, əbədi olaraq yaddaşlara həkk olunur, xatirələrdə yaşadılmaqla yanaşı, zəkalarının nuru ilə milyonların həyat yoluna işıq salır. Onlar təkcə mənsub olduqları xalqın deyil, bəşəriyyətin əvəzsiz inciləridir. Sözün həqiqi mənasında, dünyada həyat həmin insanların xidməti hesabına, onların çiyinləri üstündə bərqərar olur. Şərə qarşı mübarizədə insanlığa güc verən bu dahi şəxsiyyətləri yetişdirən millət bəxtiyardır.

Azərbaycanın da dövlətçilik tarixində böyük şəxsiyyətlər, yaşadıqları dövrün reallıqlarını dərk edərək xalqımızın milli maraqlarını ən yüksək səviyyədə qorumağa çalışan dövlət xadimləri olmuşdur. Təbii ki, onların hər biri bu və ya başqa şəkildə Azərbaycan dövlətinin daha da möhkəmlənməsinə, xalqımızın firavan gələcəyinə yönəlmiş xidmətlər göstərmiş və xalqımızın tarixinə əbədi həkk olunmuşlar.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də öz xalqı və milləti qarşısında titanik fəaliyyət göstərən dahi şəxsiyyətlərdəndir. Ulu öndər Heydər Əliyev özünə qədər Azərbaycana rəhbərlik etmiş bir çox siyasi xadimin edə bilmədiyini gerçəkləşdirmiş, işıqlı əməlləri, yorulmaz fəaliyyəti ilə ən yeni tariximizin parlaq səhifələrini yaratmışdır. Ümummilli lider Heydər Əliyev fəaliyyətinin hər bir anında xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etmiş, Azərbaycan torpağının və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mümkün olan hər şeyi, hətta, mən deyərdim ki, çoxlarına əlçatmaz görünən ideya və layihələri gerçəkləşdirmişdir. ABŞ-ın keçmiş prezidenti Teodor Ruzvelt demişdir: “Əsas odur ki, sən öz ölkən uğrunda ölməyə hazır olasan; daha da vacibi odur ki, sən onun üçün yaşamağa hazır olasan”. Qəhrəmanlığın, hünərin ən möhtəşəmi Vətən naminə edildiyindən, dahi rəhbərimiz Heydər Əliyevin bu istiqamətdəki tarixi xidmətləri vətən, dövlət və millət naminə göstərilən bütün fədakarlıqların fövqündə dayanır.

Dünya miqyaslı ictimai-siyasi xadim, ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu praktik şəkildə gerçəkləşdirmiş strateq kimi çağdaş tariximizdə əbədiyaşarlığını təmin etmiş, hələ sağlığında canlı əfsanəyə çevrilmişdir. Xalqımız tarix boyu qazandığı dövlətçilik ənənələrini, milli dəyərləri, nailiyyətləri, ali mənəvi keyfiyyətləri məhz Heydər Əliyev epoxasında təkmilləşdirərək dayanıqlı müstəqil dövlətini qurmuş, millət kimi mövcudluğunu, özünü idarə etmək bacarığını ən yüksək səviyyədə nümayiş etdirmişdir. Böyük mütəfəkkir və filosof Mark Avreli əbəs yerə yazmamışdı ki, hər bir xalqın gerçək potensialı yalnız fenomenal liderlik keyfiyyətlərini öz parlaq şəxsiyyətində yaşadan insanların dövlətçilik fəaliyyətində açıla bilər.

Böyük filosof Platon demişdir ki, ədalət, müdriklik və güclü hakimiyyətin bir yerdə olacağı gün bəşəriyyət xoşbəxtliyə qovuşacaqdır. Müdriklik və ədalət mücəssəməsi olan, dünyanın siyasi arenasında sayılıb-seçilən ulu öndər Heydər Əliyevə tarixdə əbədilik qazandıran ən başlıca amil də məhz onun öz ölkəsində bu üç dəyəri bir araya gətirməyi bacarmasıdır.

Ulu öndər Heydər Əliyev özünün böyük həyatı ilə zamanın çərçivəsinə sığmayan yüksək bəşəri keyfiyyətləri, zəngin mənəvi xüsusiyyətləri, xalqa, Vətənə, insanlığa olan böyük sevgisi ilə xalqımızın qəlbində əbədiyaşarlıq qazanmışdır. Çünki Heydər Əliyev yalnız bir dövləti idarə edən siyasi xadim, rəhbər deyil, o, həm də milyonlarla insanı ülvi ideallar ətrafında səfərbər edən bir dövlət qurucusu, müasir tariximizin memarı idi. Heydər Əliyev bütün kökləri ilə cəmiyyətin mənafe və maraqlarına bağlı olan bir liderə xas xüsusiyyətlərə malik idi. Nəsirəddin Tusinin “Ən yaxşı rəhbər odur ki, ölkədəki bütün insanlar ona inansın, onun ardınca getsin, onun tədbirlərinə şərik olsun, onu özünə ata saysın” fikri ulu öndərimiz Heydər Əliyevə xas olan bəşəri keyfiyyətlərdəndir. Bu bəşəri və xarizmatik keyfiyyətləri ilə ulu öndərimiz Azərbaycan xalqına münasibətdə tarixin onillər boyu onun üzərinə qoyduğu öndərlik missiyasını dərinləşdirmiş, siyasətdə və dövlət idarəçiliyində bütün uğurlara məhz xalqın böyük mənəvi dəstəyi, etimadı sayəsində nail olmuşdur. Heç də təsadüfi deyildir ki, ABŞ-ın “Ceymstaun” Fondunun prezidenti Qlenn Hovard çıxışlarının birində Heydər Əliyevi “Azərbaycanın Corc Vaşinqtonu” adlandırmışdı. Bəllidir ki, Corc Vaşinqton - Amerika dövlətçiliyinin banisi və “Amerika xalqının atası” hesab edilir. Heydər Əliyev də Azərbaycan tarixində eyni rolu oynayıb.

Xalqına arxalanan, amalı xalqına xidmət etmək olan, xalq üçün quran, yaradan insanlar xoşbəxt insanlardır. Onlar millətin taleyini müəyyən etmək məsuliyyətinin nə demək olduğunu dərindən anlayır, bu məsuliyyəti ləyaqətlə daşıyır, həyatda xoşbəxtliyi ancaq gələcək nəsillərin şərəfi, varlığı və firavanlığı üçün çalışmaqda görürlər. Belə insanlar tək-tək olur, bəlkə də yüz ildə bir dəfə dünyaya gəlirlər. Amma onlar taleyin hökmü və millətin qisməti kimi həyatın ən çətin, böhranlı anlarında, xalq “ölüm, ya olum” dilemması qarşısında qalanda meydana atılır və müqəddəs xilaskarlıq missiyasını həyata keçirir, ömürlərini millətə xidmətə həsr edirlər.

Görkəmli dövlət xadimi Heydər Əliyevin dahiyanə siyasəti, böyük cəsarət və qətiyyətlə gördüyü bütün işlər həmişə xalqımıza mənəvi dayaq olmuş, respublikamıza beynəlxalq aləmdə böyük hörmət, nüfuz, şan-şöhrət gətirmiş, dünya xalqlarının məhəbbət və rəğbətini qazandırmışdır. XX əsrin ən fenomenal liderlərindən biri kimi etimad göstərildiyi bütün vəzifələrdə o, özünü beynəlxalq miqyaslı siyasətçi, zəkalı rəhbər kimi göstərmişdir. Heç də təsadüfi deyildir ki, dünyanın böyük siyasətçiləri, dövlət xadimləri, elm və incəsənət korifeyləri ulu öndər Heydər Əliyevi “canlı əfsanə” adlandırırdılar. Məhz buna görədir ki, Heydər Əliyev şəxsiyyətindən, müdrikliyindən xalqımız həmişə qürur duymuş və fərəh hissi keçirmişdir.

Amerika Birləşmiş Ştatlarının sabiq prezidenti Corc Buş Heydər Əliyev haqqında demişdi: “Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur. Azərbaycanın müstəqilliyinin qorunmasında onun şəxsi səyləri həyati əhəmiyyət daşımışdır. Onun mövqeyi və göstərdiyi səylər Azərbaycanın iqtisadi inkişafını möhkəmləndirən böyük həcmli xarici sərmayələrin cəlb olunmasında əsas rol oynamışdır. Bu nailiyyətlər milyonlarla azərbaycanlının həyatını yaxşılaşdırmış və Azərbaycanın iyirmi birinci əsrə müasir dövlət kimi daxil olmasına imkan yaratmışdır”. Böyük Britaniyanın sabiq Baş naziri Toni Bleyer Heydər Əliyevdən danışarkən qeyd etmişdir: “Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər”. ABŞ, Rusiya, Gürcüstan və digər ölkələrin də dövlət başçıları Heydər Əliyevi dahi şəxsiyyət və siyasətçi, böyük dövlət xadimi kimi qiymətləndirmişlər.

Zaman xalqımızın taleyinə müstəqilliklə, ulu öndərin əzmkar fəaliyyətilə yeni həyat keyfiyyəti gətirmişdir. 1991-ci ildə müstəqillik qazanan Azərbaycanın iqtisadi potensialı bir sıra dövlətlərdə qibtə hissi doğururdu. Lakin müstəqilliyin ilk illərində iqtidarda olan səriştəsiz insanların yeritdiyi yarıtmaz siyasət üzündən respublikanın hər bir vətəndaşının arzuladığı hüquqi, demokratik və qüdrətli dövlətin yaradılması, sadəcə xoş bir istək, bir ideya olaraq qalırdı. 1991-1993-cü illərdə Azərbaycanda iqtisadi tənəzzülün güclənməsi, siyasi böhranın dərinləşməsi, cəbhə bölgəsində hərbi uğursuzluqlar və vətəndaş qarşıdurması nəticəsində ölkə parçalanma həddinə çatmışdı, Qanunçuluq, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində acınacaqlı vəziyyət yaranmışdı. Hakimiyyət böhranının yaşandığı və ölkədə anarxiyanın tüğyan etdiyi, ölkənin vətəndaş müharibəsi astanasında və dövlət müstəqilliyinin itirilməsi təhlükəsi qarşısında qaldığı bir zamanda - 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyini iflasdan, fəlakətdən qurtardı, onu xain əllərdən, çevriliş, qiyam cəhdlərindən hifz edərək dövlətçiliyi möhkəmlətdi, dirçəliş və inkişafa doğru yönəltdi, milli varlıq və idrakın, özünüdərkin ali təzahür forması olan müstəqil dövlət ideyasını uğurla gerçəkləşdirdi.

Ölkəmizin iqtisadi müstəqilliyinə nail olunmaqla xalqımızın xoşbəxt gələcəyi üçün bütün təsisatlar yaradılıb, qanunun aliliyinə, insan hüquq və azadlıqlarına real təminat verən vətəndaş cəmiyyəti formalaşdırılıb. Atəşkəs əldə edildikdən sonra xalqımızın ən ağrılı yeri olan Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib. İşğal edilmiş torpaqlarımızı azad etməyə və Azərbaycanın ərazi bütövlüyünü qoruyub saxlamağa qadir olan güclü və nizami ordu - Silahlı Qüvvələr formalaşdırıdı. Ümummilli liderimiz Heydər Əliyevin səyi ilə ordumuzun elmi əsaslarla formalaşması, onun döyüş qabiliyyətinin yüksəldilməsi, torpaqlarımızın müdafiə olunması üçün genişmiqyaslı tədbirlərin həyata keçirilməsi nəticəsində münaqişənin istənilən yolla aradan qaldırılması üçün ilkin şərait yaradılıb.

Azərbaycanın keçdiyi tarixi yola baxış prizmasından alman filosofu İmmanuel Kantın “Sürətlə öz siyasi süqutuna yaxınlaşan xalqın taleyini yalnız dahi şəxs dəyişə bilər” fikrini ümummilli lider Azərbaycan xalqı qarşısındakı tarixi xidmətləri ilə bir daha təsdiqlədi. Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış ölkəmizin iqtisadi inkişaf konsepsiyasının, neft strategiyasının uğurla həyata keçirilməsinin məntiqi nəticəsidir ki, bu gün regionda Azərbaycanın nüfuzlu geostrateji mövqeyi və beynəlxalq aləmdə rolu əhəmiyyətli dərəcədə yüksəlib, ölkəmiz hərtərəfli inkişafı üçün stimul yaradan, günü-gündən xalqımızın maddi rifah halı və həyat səviyyəsini yüksəltməyə imkan verən, daim inkişaf edən və möhkəmlənən çox güclü iqtisadi potensiala malik bir dövlətə çevrildi.

Heydər Əliyevin siyasi uzaqgörənliyinin, misli görünməmiş qətiyyətliliyinin, prinsipiallığının və siyasi iradəsinin məntiqi nəticəsi olaraq 1994-cü ildə “Əsrin müqaviləsi”nin əfsanədən reallığa çevrilməsi ölkə iqtisadiyyatının bütün strateji əhəmiyyətli sahələrinin inkişafına güclü təkan verib. Alfred Nobelin XX əsrin əvvəllərində “burada neft, qan və siyasət çox sıx şəkildə bir-birinə qarışıb”, - deyə xarakterizə etdiyi Azərbaycan artıq XX əsrin sonunda xalqın dahi oğlu Heydər Əliyevin gərgin əməyi, siyasi gedişləri və inkişaf strategiyası nəticəsində qan-qadadan uzaq, sabitliyin və əmin-amanlığın hökm sürdüyü bir ölkəyə çevrilirdi. Gündən-günə artan neft gəlirləri, xarici investisiya axını ölkənin iqtisadi mənzərəsini dəyişdi, Azərbaycanı regionun lider dövlətinə çevirdi. Regionda qlobal enerji layihələrinin təşəbbüskarı və iştirakçısı olan  Azərbaycan hazırda bir sıra dünya və Avropa ölkələrinin “mavi yanacaq”la təminatında mühüm rol oynayır.

Ulu öndərin qanunçuluğa, hüquq qaydalarına, ədalətə bağlı olması onun zəngin mənəviyyatından, demokratizmindən rişələnmişdir. İnsan hüquqlarına dair ilk təkmil nəzəriyyənin banisi, böyük fransız mütəfəkkiri Monteskyö “Qanunların ruhu” əsərində haqlı olaraq yazırdı ki, ədalətlə idarə olunan dövlətdə yaxşı vətəndaş olmaq asandır. Məhz belə bir harmoniya ədalətli cəmiyyət, hüquqi dövlət ideyasını arzulardan həqiqətə çevirir: insanın bir varlıq kimi mövcudluğu, vətəndaş kimi özünütəsdiqi hüquq və azadlıqlarını, vəzifə borcunu, əxlaq məsuliyyətini dərk etdiyi andan başlayır. Ulu öndər Azərbaycanda dövlət-vətəndaş münasibətlərinin hüquq müstəvisində qanunla tənzimləndiyi, bütün insani dəyər və azadlıqların maksimum dərəcədə qorunduğu, humanizm ideyalarının möhkəm təmələ çevrildiyi ədalətli cəmiyyətin yaradılması, demokratik ənənələrin ictimai şüurda möhkəmlənməsi uğrunda misilsiz xidmətlər göstərmişdir. Bütöv, kamil şəxsiyyət kimi Heydər Əliyevin ən nəcib mənəvi keyfiyyətlərindən biri də məhz onun siyasi fəaliyyətinin bütün mərhələlərində sosial ədalət, düzgünlük və humanizm prinsiplərinə riayət etməsi, bu mənəvi-əxlaqi meyarların ictimai şüurda möhkəmlənməsinə çalışması olmuşdur.

Bəşəriyyətin tarixi təkamül prosesi təsdiqləyir ki, yalnız ədalət, müdriklik, humanizm kimi ali dəyərləri öz şəxsiyyətində bir araya gətirməklə kamillik zirvəsinə yüksəlmiş liderlər qanuna söykənən cəmiyyət yaratmaq idealı ilə yaşamış və fəaliyyət göstərmişlər. Heydər Əliyev dühası da gücün siyasətinə qarşı siyasətin gücünü qoyaraq “haqlı adam həmişə güclüdür” düsturunu işə salan belə fövqəl şəxsiyyətlərdən biri kimi çağdaş tariximizdə əbədiyaşarlığını təmin etmişdir. Liberalizmin fərdi hüquq və azadlıqların müstəsna prioritetinə əsaslandığını peşəkar strateq kimi daim nəzərə alan ulu öndərimiz Heydər Əliyev dövlətin maraqlarına xələl gətirmədən hər bir vətəndaşın qanuni hüquqlarının yüksək səviyyədə təmin edildiyi təkmil idarəçilik sisteminin formalaşmasına çalışmışdır.

Ümummilli lider Azərbaycanın perspektiv inkişaf prioritetlərini düzgün müəyyənləşdirərək sivil Qərb dəyərlərinin cəmiyyətdə tam mənimsənilməsinə, demokratik normaların daha möhkəm intişar tapmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatına hər zaman xüsusi diqqət göstərmişdir. Ulu öndər Heydər Əliyevin gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində 1993-cü ilin ikinci yarısından başlayaraq Azərbaycanda cinayətkarlığa qarşı ciddi mübarizə gücləndirilərək qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində ciddi addımlar atıldı. Hüquq-mühafizə orqanlarının fəaliyyəti cinayətkar təzahürlərə, ilk növbədə mütəşəkkil cinayətkarlığa, korrupsiyaya və terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı səfərbər edilib, “cəzanın labüdlüyü” prinsipinin real təmin olunması üçün ən qəti tədbirlər görüldü. Bütün bunlar Azərbaycanda ardıcıl və sistemli surətdə hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinə başlamaq imkanı vermişdir. Məhz ulu öndər Heydər Əliyevin gərgin əməyi nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradılmışdır.

Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri də müstəqil respublikamızın ilk Konstitusiyasının yüksək demokratik meyarlar əsasında hazırlanması və ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi olmuşdur. 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə bərabər, hüquqi-demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun təməlini qoydu. 1993-cü ilin iyun ayından ölkəmizdə ölüm cəzasının icrasına moratorium qoyulmuş, daha sonra ölüm cəzasının tətbiqi məhdudlaşdırılmışdır. 1998-ci il fevralın 10-da Şərqdə ilk dəfə olaraq ölkəmizdə ölüm cəzası ləğv edilmişdir. Fəlsəfi, hüquqi düşüncələrə, dərin elmi təhlilə, dünya təcrübəsinə və reallığa əsaslanan bu tarixi addım humanizm, insanpərvərlik, ədalət, şəxsiyyətə və insan hüquqlarına hörmət kimi yüksək amallarla yaşayan ulu öndərin gələcək nəsillərə misilsiz töhfəsi oldu. Dövlət başçısının 3 fevral 1998-ci il tarixli müraciətində deyilirdi: “Mən cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək ideyalara sadiq qalaraq ölkəmizdə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəlib bu tarixi bəyanatı vermişəm”. Ölüm cəzasının ləğvi Azərbaycanın hüquqi-demokratik dövlət quruculuğu yolunda olmasını bir daha sübut etdi.

Dahi şəxsiyyət Heydər Əliyevi böyük şəxsiyyət və insan kimi xarakterizə edən ən mühüm keyfiyyətlərdən biri də onun yeritdiyi siyasətin yüksək humanizm və insanpərvərlik prinsiplərinə əsaslanmasıdır. Böyük qəlb və zəngin mənəviyyat sahibi kimi Heydər Əliyev günahkarları cəzalandırmağı da, xeyirxahlıq, humanizm, müdriklik göstərərək bağışlamağı, islah etməyi də bacarırdı. Azərbaycan Prezidenti yanında Əfv Komissiyasının yaradılması və əfvetmə institutunun bərpası da qeyd olunanaların bariz nümunəsi kimi xüsusi vurğulanmalıdır. 1995-2003-cü illər ərzində ulu öndər tərəfindən 32 əfv fərmanı imzalanmış, bu fərmanlar 3091 məhkuma şamil edilmişdir. Ulu öndərin qanunvericilik təşəbbüsü əsasında Milli Məclis 1996-2001-ci illərdə amnistiya haqqında 8 qanun imzalamış, 31584 məhkum azadlığa buraxılmış və yaxud onların cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmışdır.

Ümummilli liderin rəhbərliyi dövründə Azərbaycanda məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi, bu kontekstdə insan və vətəndaş hüquq və azadlıqlarının maksimum dərəcədə müdafiəsi üçün çevik mexanizmlərin yaradılması və habelə qanunların aliliyinin təmin olunması həyata keçirilən mütərəqqi islahatların mühüm istiqamətini təşkil etmişdir.

Ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə islahatların hüquqi bazasının yaradılması, insan hüquq və azadlıqlarının qorunması sahəsində mühüm sənədlər qəbul edilmiş, respublikamız müxtəlif beynəlxalq konvensiya və sazişlərə qoşulmuş, qanunvericilik, icra və məhkəmə hakimiyyətinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədi ilə müəyyən tədbirlər həyata keçirilmişdir. Bu tədbirlər sırasında Heydər Əliyevin 21 fevral 1996-cı il tarixli sərəncamı ilə yaradılmış Hüquq İslahatları Komissiyasını xüsusi qeyd etmək lazımdır. Bu komissiya xalqımızın dövlətçilik tarixində yaratdığı ənənələri qorumaqla inkişaf etmiş dövlətlərin hüquq islahatları ilə bağlı təcrübəsindən də bəhrələnmişdir. Komissiyanın 4 may 1996-cı ildə keçirilmiş iclasında ümummilli lider Heydər Əliyev demişdir: “Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının həyata keçirilməsi prosesi hər birimizin əsas vəzifələrindən biridir. Bu baxımdan məhkəmə, hüquq-mühafizə orqanlarının islahatı ilə əlaqədar qanunların hazırlanması, qəbul olunması çox mühüm əhəmiyyət kəsb edir”. Heydər Əliyevin Hüquq İslahatları Komissiyasındakı bu nitqi respublikamızda qanun yaradıcılığı sahəsində həyata keçirilən böyük işlərin proqram sənədi kimi mühüm əhəmiyyətə malikdir.

Hüquqi islahatların davamı olaraq ölkəmizdə digər çoxsaylı müvafiq qanunların, habelə yeni münasibətlərə uyğun Cinayət, Cinayət-Prosessual, Mülki, Mülki-Prosessual, Əmək, İnzibati Xətalar, Cəzaların İcrası və digər məcəllələrin qəbulu respublikamızda bu sahədə atılan addımların qətiyyətini daha da artırdı.

Azərbaycan Respublikası Prokurorluğunun dövlətçiliyin maraqlarına, qanunun aliliyinin insan və vətəndaş hüquqlarının müdafiəsinə xidmət edən sivil və demokratik bir qurum kimi formalaşması, onun fəaliyyətinin hərtərəfli təminatı üçün qanunverici, maddi və sosial bazanın yaradılması ölkəmizdə həyata keçirilən möhtəşəm islahatların, o cümlədən məhkəmə-hüquq islahatlarının memarı - ümummilli lider Heydər Əliyevin böyük qayğı və dəstəyi sayəsində mümkün olmuşdur. Müstəqil respublikamızın Ali Qanununda ilk dəfə olaraq ölkəmizin dövlət quruluşu sistemində prokurorluğun layiqli yerinin müəyyənləşdirilməsi, məhkəmə hakimiyyəti sisteminə daxil olan prokurorluq orqanlarının statusu, təşkili və fəaliyyət prinsipləri, səlahiyyət dairəsi və vəzifələrinin qanunvericilik qaydasında təsbit edilməsi Heydər Əliyevin bilavasitə tapşırıq və göstərişlərinin yerinə yetirilməsi nəticəsində mümkün olmuşdur.

Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında 7 dekabr 1999-cu il tarixdə “Prokurorluq haqqında” qanunun qəbulu qarşıda duran bu və digər vəzifələrin uğurla həyata keçirilməsinə imkan yaratmış, prokurorluq orqanlarının daha da demokratikləşməsini, onların qanunçuluğun və insan hüquqlarının aliliyinin real təminatçısına çevrilməsini təmin etmişdir.

Ümummilli lider Heydər Əliyevin

17 iyul 1998-ci il tarixli sərəncamı ilə hər il oktyabr ayının 1-nin Prokurorluq İşçilərinin Peşə Bayramı kimi qeyd edilməsi isə tarixi ədalətin bərpa olunması ilə yanaşı, hakimiyyət orqanları sırasında xüsusi yeri olan prokurorluğa dövlət qayğısının ifadəsi, ölkəmizdə prokurorluğun roluna rəsmi münasibətin dövlət səviyyəsində təzahürüdür.

Ulu öndər Heydər Əliyevin prokurorluğun fəaliyyətinə yüksək qiymət verməsi, ölkəmizin müstəqilliyinə, dövlətçiliyə sədaqətinə görə təşəkkür etməsi hər birimizin üzərinə daha böyük məsuliyyət qoymuşdur. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun kollektivi də öz fəaliyyətində daim ulu öndərimizin hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu ilə bağlı ali ideyalarını rəhbər tutmaqla, qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərini lazımi səviyyədə həyata keçirməyə, Silahlı Qüvvələrdə və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə qanunçuluğun, hərbi intizamın möhkəmləndirilməsinə çalışır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu sahəsində həyata keçirilən kompleks tədbirlərin nəticəsi olaraq son illərdə ölkədə hərbi cinayətlərin-fərariliyin, hərbi xidmətdən yayınma hallarının və hərbi xidmət əleyhinə olan digər cinayətlərin sayı ildən-ilə kəskin şəkildə azalmışdır.

Azərbaycan xalqı ölkənin gələcək taleyi ilə bağlı həmişə olduğu kimi, yenə də məhz Heydər Əliyev sözünün intizarında idi. Belə bir məqamda ulu öndərin ideyalarını onun cismani yoxluğundan sonra da davam etdirməyə qadir siyasi lideri - cənab İlham Əliyevi böyük əminliklə xalqa təqdim etməsi insanların Azərbaycanın gələcək taleyi ilə bağlı tərəddüdlərinə son qoydu. Ümummilli liderin xalqa tarixi müraciətində möhtərəm Prezidentimiz İlham Əliyev haqqında irəli sürdüyü “Mən ona özüm qədər inanıram” əminliyi və xalqın bu əminliyə söykənən yüksək etimadı böyük yüksəliş və yeni bir inkişaf mərhələsinə yol açdı.

Ulu öndərin müəyyən etdiyi inkişaf konsepsiyasını yüksək dinamizmlə həyata keçirən möhtərəm Prezidentimiz İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətin uğurları sayəsində bu gün Azərbaycanın davamlı tərəqqisi təmin olunmuş, ölkəmizin hərtərəfli inkişafına yönələn bir sıra qətiyyətli addımlar atılmışdır. Azərbaycan dünyanın iqtisadi müstəvisində istehlakçı ölkə statusunu istehsalçı ölkə statusuna dəyişmiş, sosial-iqtisadi inkişaf tempinə görə dünyanın ən öncül dövlətlərindən birinə çevrilmişdir. Möhtərəm Prezidentimizin imzaladığı mühüm dövlət proqramlarının icrası nəticəsində Azərbaycanda bir sıra sosial-iqtisadi problemlər öz həllini tapmış və keçid dövrü uğurla başa çatdırılmışdır. Cənab Prezident İlham Əliyevin qətiyyətli addımları sayəsində Azərbaycan bu gün bütün bəşəriyyəti narahat edən enerji təhlükəsizliyi problemini nəinki tamamilə aradan qaldırmış, eyni zamanda, özünün zəngin enerji ehtiyatları ilə Avropanın enerji təhlükəsizliyinin başlıca təminatçısı olmuşdur. Bütün dünya üçün xüsusi aktuallıq kəsb edən ərzaq təhlükəsizliyi probleminin həlli yönündə də əhəmiyyətli işlər görülmüş, mühüm dövlət proqramlarının icrasına başlanmışdır. Enerji və ərzaq təhlükəsizliyi ilə yanaşı, bu gün ölkəmiz üçün vacib olan nəqliyyat təhlükəsizliyinin təmin edilməsi sahəsində də əsaslı tədbirlər həyata keçirilməkdədir.

Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın xarici siyasətində qazanılan uğurların sırası Prezident İlham Əliyev tərəfindən daha da genişləndirilmiş, geopolitik baxımdan olduqca həssas bölgədə yerləşən ölkəmiz öz mənafelərini balanslaşdırılmış xarici siyasət kursu nəticəsində qoruyaraq regionun ən vacib ölkəsinə çevrilmişdir. Bu gün ölkəmizdə ən müxtəlif sahələr üzrə davam edən inkişaf prosesləri məntiqi ardıcıllıqla bir-birini tamamlayır. Azərbaycanda güclü ordu qurulur, ölkəmizdə informasiyalı cəmiyyətin formalaşması, əldə edilən iqtisadi mənfəətlərin bu gün qloballaşan dünyanın ən qiymətli sərvəti rolunda çıxış edən insan kapitalına çevrilməsi üçün məqsədyönlü addımlar atılır, informasiya texnologiyalarının son nailiyyətləri daha böyük sürətlə Azərbaycanın həyatının ayrılmaz bir hissəsinə çevrilir.

Bütün bunlarla yanaşı, ölkədə aparılan demokratik islahatlar getdikcə daha geniş vüsət alır, insan hüquq və azadlıqlarının təminatı sistemi daha da mükəmməlləşdirilir, Azərbaycanda tolerant bir mühitin mövcudluğuna şərait yaradan əsaslar möhkəmləndirilir, respublikamızda vətəndaş cəmiyyəti formalaşdırılır. Hər bir vətəndaş onunla dövlət arasındakı münasibətlərdə müəyyən edilmiş rol və vəzifələri, mənsub olduğu dövlətin bugününə və gələcəyinə görə daşıdığı məsuliyyəti daha aydın görür, hər addımında buna riayət etməyə çalışır.

Son illərdə prokurorluğun yeni dövrə uyğun fəaliyyətini nizama salan, çoxsaylı normativ-hüquqi aktlar hazırlanaraq icraya yönəldilibdir. Prokurorluq işçilərinin maddi və sosial təminatının yaxşılaşdırılması, müasir üslubda prokurorluq binalarının tikilməsi, digər prokurorluq binalarının əsaslı təmir edilməsi, əməkdaşlar üçün lazımi iş şəraitinin daha da yaxşılaşdırılması xüsusi qeyd edilməlidir.

Ölkəmizin uğurları  beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Dünya  İqtisadi Forumunun  hesabatına əsasən Azərbaycan  son illərdə ardıcıl olaraq  MDB ölkələri arasında  liderliyini qoruyub saxlamışdır.

Müstəqilliyin atributlarından sayılan Silahlı Qüvvələrin  formalaşdırılması, hərbi islahatların  aparılması, bu gün qürur duyduğumuz Azərbaycan Ordusunun qazandığı nailiyyətlər də ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin uğurlarındandır. Cənab İlham Əliyev müdafiə qabiliyyətimizin gücləndirilməsini qarşıya prioritet məsələ kimi qoyub.  Bu gün böyük iftixar hissi ilə  deyə bilərik ki,  Milli Ordumuz dövlətimizin milli təhlükəsizliyini, əhalinin əmin-amanlığını ləyaqətlə qoruyur.

Aprelin 2-dən 5-dək təcavüzkar Ermənistanın silahlı qüvvələri işğal altında saxladıqları ərazini bir qədər də genişləndirməyə ciddi cəhd göstərdi. Silahlı Qüvvələrimizin mövqelərinə doğru irəliləmək üçün müəyyən təxribatlara əl atan təcavüzkar indiyədək saxlanan atəşkəsi ciddi şəkildə pozaraq geniş müharibə təhlükəsi yaratdı. Silahlı Qüvvələrimiz böyük cəsurluq və şücaət göstərərək nəinki öz mövqelərini qoruya bildi, əksinə düşməni öz əvvəlki mövqelərindən də geri oturdaraq bəzi mühüm strateji məntəqələri işğaldan azad etdi. Bu döyüş əməliyyatlarında Azərbaycan hərbçilərinin göstərdiyi şücaət və qəhrəmanlıq ordumuzun torpaqlarımızı azad etməyə qadir olduğunu, yüksək döyüş qabiliyyətini, özlərinin yüksək döyüş ruhunu və vətənpərvərlik mövqelərini, qələbə əzmində olduqlarını əyani nümayiş etdirdi. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun qəhrəmanlığı və xalqın mübarizliyi Azərbaycanın hərbi üstünlüyünü təmin etdi. Mayın 1-də Azərbaycan Prezidenti, Ali Baş  Komandan İlham Əliyev və xanımı Mehriban Əliyevanın Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Ağdam və Bərdə rayonlarına səfərə getməsi həm yerli sakinlərdə, həm də hərbçilərdə böyük ruh yüksəkliyi yaratmışdır.  Dövlət başçımız və xanımı cəbhə xəttindən cəmi 200 metr kənarda yerləşən Azərbaycan ərazilərində olmuş, yerli sakinlərlə, həmçinin hərbçilərlə görüşmüş və vəziyyətlə yerindəcə tanış olmuşlar. Cənab Ali Baş Komandanımızın bu səfəri bir daha təsdiqlədi ki, dövlət başçısı bütün məqamlarda, hətta ən çətin anlarda da təmas xəttində yaşayan insanların və Vətənimizin keşiyində ayıq-sayıq dayanan hərbçilərin yanındadır. Bu səfər bir daha sübut etdi ki, möhtərəm Prezidentimiz hər bir vətəndaşın, xüsusilə, cəbhə bölgəsində yaşayan əhalinin qarşılaşdığı problemlərə həssaslıqla yanaşır, onların rahat və təhlükəsiz yaşamaları üçün bütün imkanlardan istifadə edir. Düşmən tərəfin Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və yaşayış məntəqələrini mütəmadi olaraq atəşə tutduğu bir vaxtda evləri dağıdılmış insanlarla, həmçinin səngələrdə ayıq-sayıq dayanmış hərbçilərlə görüşən Ali Baş Komandanın  həyatını böyük risk qarşısında qoyaraq, cəbhənin ən qaynar nöqtəsinə getməsi və orada görüşlər keçirməsi  dövlətimizin  başçısının məğrur cəsarətinin, həmçinin Yenilməz Sərkərdəlik şücaətinin göstəricisidir. Bu günlərdə xalqımız müasir Azərbaycan dövlətçiliyinin banisi, ulu öndər, dünyanın seçilmiş insanlarından biri - unudulmaz şəxsiyyət Heydər Əliyevin 93 illiyini qeyd edir. Ulu öndərimiz Heydər Əliyevin cismən yoxluğu, ideallarından pöhrələnən uğurları özünün həyatda ikən görə bilməməsi qəlbimizi nə qədər göynətsə də, biz bu nailiyyətlərin hər birində ulu öndərin nurlu simasını görürük, onun varlığını hiss edirik və bu hiss Heydər Əliyevin Azərbaycanın bugünündən şad ruhunu bütün qəlbi ilə duyan hər bir insanın daşımalı olduğu əbədi bir vəzifəni Heydər Əliyev ideyalarına sadiqlik vəzifəsini müəyyənləşdirir. Bu ideyaları layiqincə həyata keçirən möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı nailiyyətlərə töhfə vermək üçün Azərbaycan Respublikası Hərbi Prokurorluğu bundan sonra da ordumuzun qüdrətlənməsi naminə qanunvericilikdə nəzərdə tutulmuş silahlı birləşmələrdə qanunçuluğun möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətini daim artıracaq, insan hüquq və azadlıqlarının pozulmasına, cinayətkarlığa qarşı barışmaz mübariz olmağa, insan amili ilə bağlı hər bir məsələdə həssaslıq göstərməyə çalışacaq, dövlətimizin əbədi yaşaması, səadəti, rifahı naminə üzərinə götürdüyü ali missiyanı Heydər Əliyev ideallarına layiq şəkildə davam etdirəcək, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğu prosesində qanunla üzərinə düşən bütün vəzifələrin icrası istiqamətində səmərəli fəaliyyət göstərəcəkdir.

Xanlar VƏLİYEV,
Azərbaycan Respublikası
Baş prokurorunun müavini,
Azərbaycan Respublikasının hərbi prokuroru,
ədliyyə general-leytenantı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında