Ermənistan dinc sakinləri atəşə tutmaqla gücsüzlüyünü təsdiqləyir

Erməni terroru davam edir. Aprelin 1-dən etibarən cəbhə xəttinin müxtəlif istiqamətlərindən yaşayış məntəqələrimiz, infrastruktur obyektləri atəşə tutulur. Ermənilər müxtəlif ölçülü minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan atəş açmaqla  dinc əhaliyə ziyan vurmaqda davam edirlər. Nəticədə dinc sakinlər həlak olur, yaralıların sayı artır. Aprelin əvvəlində təxribata layiqli cavab alan rəsmi İrəvan cəbhənin müxtəlif istiqamətlərində dinc sakinləri atəşə tutmaqla ermənilərin gözündə laxlamış etibarını xilas etməyə çalışır.

Böyük alim Albert Eynşteynin belə bir kəlamı var: “Məntiq sizi A məntəqəsindən B məntəqəsinə apara bilər. Təxəyyül isə istənilən yerə...” Aprel məğlubiyyətindən nokdauna düşmüş Ermənistan prezidenti Serj Sarkisyanın məntiqini məhz belə xarakterizə etmək olar. İşğalçı ölkənin başçısı ehtimal edir ki, Azərbaycanın yaşayış məntəqələrini bombalamaqla Dağlıq Qarabağ münaqişəsinin həllində özünə sərf edəcək mühitin formalaşdırılmasına nail ola bilər.

S.Sarkisyan düşünür ki, qoşunların təmas xəttində gərginliyi artırmaqla, Ermənistanda getdikcə qızışan narazılığı səngitməyə və laxlamış etimadını, az da olsa, doğrultmağı bacaracaq. Amma erməni separatçılarının “böyük himayədarı” unudur ki, onun bu təxəyyülü erməni xalqını çox uzaqlara—böyük fəlakətə apara bilər. Bir tərəfdən danışıqlar masasına oturmayacağını deyən, digər tərəfdən danışıqların məzmunundan danışan, hansısa şərtlər irəli sürən forpost dövlətin başçısı elementar məntiqini itirərək, münaqişənin uzanmasına can atır.

Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Ağdam və Bərdə rayonlarına səfəri zamanı hərbi hissənin şəxsi heyətilə görüşündə Ermənistanın destruktiv əməllərinə münasibət bildirmiş, təmas xəttində baş verən son hadisələrdən danışaraq demişdir ki, həmişə Ermənistana beynəlxalq təzyiqlər artan zaman işğalçı dövlət danışıqlar prosesindən yayınmaq üçün atəşkəs rejimini pozur və təxribata əl atır. Hazırda eyni hal müşahidə olunur.

Bu gün hamı bilir ki, Ermənistan rəhbərliyi münaqişənin həlli istiqamətində hansısa irəliləyiş müşahidə edildiyi zaman müxtəlif təxribatlar törətməyə çalışır. – İşğalçı dövlətə qarşı beynəlxalq təzyiqlərin artması ilə əlaqədar danışıqlarda müəyyən irəliləyiş hiss olunduğu bir vaxtda aprelin ilk günlərindən Ermənistan yenidən atəşkəsi pozdu və ordumuz tərəfindən layiqli cavab aldı. Aprelin 5-də Azərbaycan tərəfinin sülhpərvərlik nümayiş etdirərək atəşkəsə razılıq verməsinə baxmayaraq, aprelin 27-dən 28-nə keçən gecə yenidən təmas xəttinə yaxın yaşayış məntəqələrimizin atəşə tutulduğunu qeyd edən Prezident İlham Əliyev xüsusi vurğulamışdır ki, Azərbaycan bu vəziyyətlə heç vaxt barışmayacaq.

Dövlət başçısı hərbçilərlə görüşündə hazırda təmas xəttində üstünlüyün tamamilə Azərbaycan tərəfində olduğunu bildirmiş və döyüş mövqelərimizin daha da möhkəmləndiyini qeyd etmişdir. Ali Baş Komandan dövlətimizin ordu quruculuğu ilə bağlı əvvəlcədən gördüyü hərtərəfli tədbirlərin özünü doğrultduğunu da bildirmişdir. Təxribatlara görə Azərbaycan Ordusundan güclü sillə alan Ermənistan rəhbərliyi də bu həqiqəti anlayır, lakin münaqişənin həlli ilə bağlı aparılan danışıqlarda konstruktivlik nümayiş etdirmək əvəzinə, cəbhənin müxtəlif istiqamətlərində gərginlik törətməklə aprel məğlubiyyətinin acılarını öz vətəndaşlarına unutdurmağa çalışır.

Serj Sarkisyanın münaqişə ilə bağlı danışıqlarda şəxsi mənafelərini güdərək, danışıqlar xətrinə danışıqlara getdiyindən hamı xəbərdardır. Ancaq indi vəziyyət dəyişir və daha status-kvonu saxlamaq çətinləşir. Nokdauna düşmüş ermənilərin prezidenti də ölkədəki vəziyyətə nəzarəti itirmək təhlükəsi ilə üz-üzədir. Onsuz da sosial bazadan korluq çəkən S.Sarkisyan aprelin ilk günlərində Azərbaycan Ordusundan tutarlı cavab alması nəticəsində əhali arasında dəstəyini sürətlə “əridir”. Bu gün Ermənistan ağır siyasi-iqtisadi böhran içərisindədir, minlərlə erməni yaxşı həyat arxasınca xarici ölkələrə üz tutur. Ölkəni tərk etməyə maddi imkanı olmayan ermənilər də S.Sarkisyan və komandasının yaratdığı cinayətkar rejimin ağırlığı altında inildəyirlər. Bir tərəfdən dözülməz yoxsulluq, digər tərəfdən də erməni hərbçilərinin Dağlıq Qarabağda kütləvi şəkildə məhvi çarəsiz vəziyyətə düşmüş Ermənistan vətəndaşlarını S.Sarkisyandan hesabat tələb etməyə sürükləyir.

Azərbaycanın real gücünü hiss etmiş və zərbələrdən əzilmiş  erməni prezident isə aprel məğlubiyyətində “qurbanlıq keçi” axtarışına çıxaraq yüksəkçinli  üç generalı istefaya göndərməklə vətəndaşlarının gözündə bəraət qazanmağa can atdı. Ancaq bu  “qurbanlarının” qəbul olunmadığını anlayan S.Sarkisyan daha irəli gedərək, “böyük müharibə”dən danışmağa və əsgərlərinə Azərbaycanın dinc sakinlərinə atəş açmaq barədə əmr verdi. Ermənistan prezidentinin oyunu aydındır. S.Sarkisyan müharibə ab-havası yaradaraq ölkədə antihökumət əhval-ruhiyyəsini “vətənpərvərlik” məcrasına istiqamətləndirməyə çalışır. Amma mütəxəssislər də əmindirlər ki, S.Sarkisyanın bu oyunu öz başında çatlaya bilər. Çünki atəşkəs rejimini pozmaqla ermənilər münaqişənin sülh yolu ilə nizamlanma variantlarının səmərəlilik ehtimalını azaldırlar. Ermənistan rəhbərliyi gözəl anlayır ki, atəşkəs rejimi genişmiqyaslı hərbi əməliyyatlara çevrilərsə, bu, nəinki separatçı Dağlıq Qarabağ rejiminin axırı olacaq, hətta Ermənistan üçün belə, fəlakətlə yekunlaşacaq.

Ermənistan ordusunda yaranmış acınacaqlı vəziyyəti hamı bilir. Bu günlərdə işğalçı dövlətin Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan özünün “Facebook” səhifəsində etiraf etmişdi ki, orduda yağışdan qorunmaq üçün istifadə edilən çadır-plaş çatışmır. Onun sözlərinə görə, aktiv fəaliyyət zamanı plaş-çadır islanır və növbəti növbətçiliyədək qurumur. Mətbuat katibi, həmçinin etiraf edir ki, bir neçə gündür bu vəsaitin sayının artırılması və ordunun təchizatındakı başqa bu kimi çatışmazlıqların aradan qaldırılması işi ilə məşğuldurlar.

Maraqlıdır, əsgərini elementar geyimlə təchiz etməkdə böyük çətinliklərlə üzləşən ölkə Qafqazın ən güclü ordusuna sahib olan Azərbaycana qarşı necə tab gətirəcək? Son illərdə ordunu yox, polisi gücləndirən S.Sarkisyan bir-iki tank bəxşiş almaqla, yüksək dəqiqliklə hədəfləri məhv edən silahlara malik Azərbaycan ordusuna necə adekvat cavab verəcək?

Ermənilərin özləri də etiraf edirlər ki, rəsmi İrəvan daha çox polisə diqqət ayırır. Düşmən ölkənin “armlur.am” saytında dərc olunmuş materialda yazılır ki, Ermənistanda polis əməkdaşlarının sayı olduğundan qat-qat az göstərilir: “Ermənistanda polislərin sayı əhalinin sayına görə digər ölkələrlə müqayisədə iki dəfə artıqdır. Ölkədə polisin əsas vəzifəsi hazırkı iqtidar əleyhinə aksiyalara imkan verməməkdir”.

Bundan başqa, sayt bildirir ki, Ermənistan hakimiyyəti üçün dövlət sərhədinin qorunması vacib deyil: “Hərbi qulluqçuların acınacaqlı vəziyyətdə olması bunu sübuta yetirir. Hakimiyyət öz maraqlarına cavab verən istiqamətlər üçün vəsait ayırır. Öz postlarının itirilməməsi onlar üçün əsas şərtdir. Hökumət bu məqsədinə çatmaq üçün ”Vova" ləqəbli polis rəisi Vladimir Qasparyanın “polis komandasına” etibar edir. Ermənistan üçün əsas düşmən Azərbaycan deyil, öz daxilindəki erməni vətəndaşlardır. Ən böyük qorxuları erməni vətəndaşların etiraz aksiyalarıdır".

Göründüyü kimi, xarici və daxili siyasətdə iflasa uğrayan rəsmi İrəvan beynəlxalq qaydaları kobud şəkildə pozaraq, aprelin 5-də əldə olunmuş atəş rejiminə əməl etmir, dinc sakinləri hədəfə alır. Təbii ki, mülki əhali yaşamayan işğal olunmuş ərazilərdə yerləşən hərbi mövqelərə cavab zərbələri endirən Azərbaycan erməni təxribatlarının qarşısını alır və münaqişənin dinc yollarla tənzimlənməsinə olan inamını hələ itirmədiyini nümayiş etdirir.

Amma istər daxildə, istərsə xaricdə dəstək axtaran S.Sarksiyan və komandası anlamalıdır ki, haqq uğrunda mübarizə aparan Azərbaycan Ordusu hər zaman işğal olunmuş torpaqları azad etməyə qadir və hazırdır. Bu sadə həqiqəti ermənilər də gözəl bilirlər və rəsmi İrəvan yanlış addımlar atmaqda davam edərsə, Azərbaycan əsgərlərinin gücünü bir daha görmüş olacaqlar.

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında