Azərbaycan Prezidenti cənab İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Ermənistan–Azərbaycan qoşunlarının təmas xəttində yerləşən Tərtər, Ağdam və Bərdə rayonlarına səfəri son günlərin ən diqqətçəkən hadisəsi kimi yadda qaldı.
Dövlətimizin başçısının hərbi hissədə əsgər və zabitlərin xidmət şəraiti, təminatı ilə tanış olması, hərbçilərlə, şəxsi heyətlə, sakinlərlə görüşü bir daha göstərdi ki, cəbhə xəttindəki vəziyyət, əsgərlərimizin şəraiti, təmas xəttində yaşayan əhalinin qayğıları daim diqqət mərkəzində saxlanılır.
Möhtərəm dövlət başçımızın və ölkənin birinci xanımının cəbhə xəttinin yaxınlığında yerləşən Ağdam rayonunun Mahrızlı kəndində sakinlərlə görüşü də düşmənlə üz-üzə mərdliklə dayanan, öz iş-gücündə olan, yurdu tərk etmək fikrinə belə düşməyən bu insanlarda böyük ruh yüksəkliyi yaradıb.
Mahrızlı kənd sakini Çingiz Vəliyevin redaksiyamıza göndərdiyi məktub da bu ovqatla qələmə alınıb. Ç.Vəliyev qeyd edir ki, ermənilərin qrad, top, minaatan və raketlərdən mülki əhalini mütəmadi atəşə tutmaları nəticəsində kənd sakinləri Cahid Əzimov, Teyyub Vəliyev, Elxan Əliyev və Əli Əliyarovun evləri dağılıb, Bəkir Hüseynovun evi yanıb, Məmmədəli İmanov və Nəsib Cabbarov isə yaralanıblar.
Ç. Vəliyev məktubunda diqqətə çatdırır ki, bir neçə gün bundan əvvəl böyük təhlükəyə baxmayaraq, Ali Baş Komandan cənab İlham Əliyev bütün riskləri göz önünə alaraq, təmas xəttində yerləşən yaşayış məntəqələrinə gəldi və insanlarla görüşdü. Azərbaycan Prezidentinin cəbhə bölgəsində Mahrızlı sakinləri ilə söhbət etməsi camaatda qələbəyə inamı daha da artırdı. Dövlətimizin başçısı bu səfəri ilə bir daha göstərdi ki, hər bir vətəndaşın Prezidenti olaraq bütün məsələləri şəxsi nəzarətində saxlayır, bilavasitə yerlərə səfər edərək vəziyyəti qiymətləndirir, lazımi qərarlar qəbul edir, tapşırıqlar verir. Ölkə rəhbəri cəbhə bölgəsində yaşayan insanların problemlərinə həssaslıqla yanaşır, vətəndaşların müdafiəsini gücləndirmək, həyat və iş şəraitini, güzəranını yaxşılaşdırmaq üçün bütün lazımi tədbirləri həyata keçirir.
Məktubda, eyni zamanda, deyilir: “Dövlət başçısına həm də ona görə minnətdarıq ki, cəbhə bölgəsində və Milli Orduda müxtəlif məsul vəzifələrdə çalışan Raqub Məmmədovu Ağdama icra hakimiyyəti başçısı təyib edib. Başçı gecə-gündüz adamlarla bir yerdədir. İnsanların dərd-sərinə, problemlərinə qayğı ilə yanaşır. Bu isə onlara inam, güc verir.
Ç. Vəliyev məktubu belə tamamlayır: “Prezident İlham Əliyev növbəti dəfə öz liderlik, prinsipiallıq və mərdlik nümunəsini bütün cəmiyyətə təqdim etdi. Bu isə o deməkdir ki, Ali Baş Komandanımızın rəhbərliyi altında vuruşan Azərbaycan əsgəri bundan sonra da düşmənə layiqli cavab verəcək, işğal altındakı ərazilərimizin azad olunması, Vətən torpağının müdafiəsi üçün son damla qanına kimi vuruşacaq... Qayğımıza yüksək səviyyədə qaldığı, dar günümüzdə yanımızda olduğu üçün kənd sakinləri adından möhtərəm Prezidentimiz İlham Əliyevə və xanımı Mehriban Əliyevaya dərin təşəkkürümü bildirirəm”.
Redaksiyamızla telefonla əlaqə saxlayan Çəmənli kənd ağsaqqalı Bayram Aslanov isə Azərbaycan Prezidenti cənab İlham Əliyevin, xanımı Mehriban Əliyevanın cəbhə bölgəsinə səfərinin sakinlərdə qələbəyə inamı, orduya güvəni daha da artırdığını dedi. O, bildirdi ki, möhtərəm dövlət başçımızın belə çətin, ağır bir gündə erməni silahı ilə üz-üzə dayanan insanların yanında olması hər bir kənd sakininə böyük sevinc bəxş edib, toxtaqlıq verib. Ermənilərin kəndi artilleriya atəşinə tutmasına, evlərin dağılmasına baxmayaraq, sakinlər bir saat belə olsun, kəndi tərk etməyib. İki həmkəndlimiz qurban getsə də, sarsılmadıq. Əlimiz əkin-biçindən soyumadı. Bax, elə buna görə ordumuza, Prezidentimizə minnətdarıq. Biz Ali Baş Komandan İlham Əliyevin bu səfəri ilə Milli Orduya, qələbəyə inamımız daha da artdı. Hamımız əminik ki, cənab Prezidentin rəhbərliyi ilə torpaqlarımızı işğaldan tezliklə azad edəcəyik...
Bayram Aslanov söhbətində diqqətçəkən bir məqamı da xatırlatdı: “Ermənilərin aprel ayının əvvəlində törətdikləri təxribat Bakıda reallaşan 7-ci Qlobal Forumla eyni vaxtda təsadüf etdi. Beynəlxalq bir tədbirin iştirakçısı olan çoxsaylı qonaqlar da ermənilərin işğalçılıq siyasətinin bir daha şahidi oldular. Halbuki ermənilər həmişə guya xristian dininə və sivilizasiyasına mənsub olmaları səbəbindən təzyiq və təqiblərə məruz qalmalarını iddia edir, bütün xristian dünyasından kömək istəyirlər. Bakıda keçirilən forumun iştirakçıları əminliklə bildilər ki, Azərbaycan işğala məruz qalmış bir ölkədir. Bu işğalın isə hər hansı bir sivilizasiya ilə heç bir əlaqəsi yoxdur”.
Bayram Aslanov söhbətində vurğuladı ki, iyirmi beş ildən çoxdur torpaqlarımızı işğal altında saxlayan düşmənlərimiz bu gün də yeni ərazilər zəbt etməyə cəhd göstərirlər. Hazırda cəbhə bölgəsində baş verən hadisələr bunu bir daha təsdiq edir. Lakin onlar unudurlar ki, qarşılarında 1990-cı illərin əvvəllərində olduğu kimi pərakəndə hərbi dəstələr deyil, peşəkar, ən müasir silahlarla təchiz olunan döyüşkən nizami ordu dayanıb. Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusudur və qarşısına qoyulmuş istənilən vəzifəni icra etmək qüdrətindədir.
Cənab İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir bir ordu yaradılmasına nail olub. Ona görə də cəbhə xəttində erməni silahlılarının bütün təxribat cəhdlərinin qarşısı qətiyyətlə alınır, düşmənə layiqli cavab verilir. Azərbaycan Ordusunun bugünkü durumu, maddi-texniki bazası, müasir silahlarla təminatı, ən əsası şəxsi heyətin döyüş ruhu, mənəvi ovqatı və ordu ilə xalqın monolit birliyi bunu deməyə əsas verir ki, ordumuz işğal altında olan torpaqlarımızı azad etməyə tam hazırdır.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.